• cümə axşamı, 28 mart, 14:00
  • Baku Bakı 16°C

Hər gün mübarizə aparıram

18.12.17 16:05 7345
Hər gün mübarizə aparıram
Bu il 40 yaşını tamamlayan amerikalı Cesmin Vord Missisipi ştatında anadan olub. Ömrünün böyük bir hissəsini də burada keçirmiş ədib regionun çılğın və hüznlü təbiətindən təsirlənmiş olacaq ki, ədəbiyyata şeirlə gəlib. Onun ədəbi mühitdə yazar kimi qəbul edilməsi çətinliklər hesabına, amma şübhə yeri qoymadan baş tutub. Bu isə təxminən 2010-cu ilə təsadüf edir. Əvvəlcə "Qalanları qoruyun” ("Salvage the bones”), sonra isə "Məhv etdiyimiz adamlar” ("Men we reaped”) romanlarının bestseller siyahılarına başçılıq etməsi, nüfuzlu mükafatlara layiq görülməsi, daha sonra isə esselər toplusu "Bu dəfə atəş”-in ("The fire this time”) ABŞ-da ilin ən çox satılan əsər olması Cesminin şöhrətini artırdı. Bu il isə "Oxuyun, sağ qalanlar, oxuyun” ("Sing, Unburied, Sing”) romanı ilə ikinci dəfə "National Book Awards” mükafatının sahibi oldu. Bu il Vord "Kirkus” araşdırma fondunun da "İlin ən iddialı çıxışı” mükafatını qazandı.
Yazarın müxtəlif dərgilərdə işıq üzü görmüş müsahibələrindən hissələri təqdim edirik:
– "Oxuyun, sağ qalanlar, oxuyun” romanının mərkəzində ailənin uzun müddət məskən saldığı evdən fiziki, real təsvirlər var. Sanki bu sizin gördüyünüz şeylərdir. Sanki romana böyüdüyünüz evin səsini, iyini köçürmüsünüz.
– Məkan faktoru yaradıcılığımda əhəmiyyətli yer tutur. Əgər oxucunun təxəyyülündə qəhrəmanın haradan gəldiyi ilə bağlı aydın bir portret olarsa, o zaman qəhrəmanı, əslində, nəyin motivasiya etdiyini, sərhədlərini, məhdudiyyətlərini daha yaxşı anlaya bilər. Uşaq olanda çox və müxtəlif tipli evlərdə yaşamışam. Valideynlərim durmadan bir yerdən başqa yerə köçürdülər. Sonra 3 ildən çox nənəmin evində, anamın böyüdüyü yerdə yaşadıq. Dörd otaqlı evdə 13 nəfər yaşayırdıq. Və o illər həyatımın ən xoşbəxt, ən qayğısız illəri idi. Sevdiyim hamı hər an ətrafımda idi. Evdə mərkəzi havalandırma sistemi olmadığından qonaq otağında odunla işləyən soba var idi. Odur ki, yanan palıd və şam ağacının qoxusu sanki beynimə, yaddaşıma hopub. Təbii ki, bir evi təsvir edərkən, o masada səs-küyün müşayiəti ilə yeyilən yeməkləri də xatırladım. Nənəm demək olar ki, hər səhər biskvit bişirərdi. Qırmızı lobya və düyü günaşırı menyuda yer alardı. Təbii ki, o qədər adamı doyuzdurmaq, ailənin onsuz da məhdud büdcəsinə zərər vurmamaq üçün ucuz başa gələn yeməklərə üstünlük verilirdi. Oxucuya o real, canlı, həyati görünən də məhz mənim xatirələrimdir.
– Paralel həyatdakı qüvvələr, ruhlar və kabuslar ideyası yeni hekayənizdə böyük rol oynayır. Bütün bunlar şəxsən sizin üçün nə məna ifadə edir? Sevgi ilə bağlandığınız atanın, ananın, nənə-babanın inanclarını bölüşürsünüzmü?
– Valideynlərimin inandığı hər şeyə inanmır, doğru bildikləri yanlışları tərəddüdsüz saf-çürük edirəm. Əgər hansınasa inanıram, inanmaq istəyirəmsə, orada tərəddüddən, şübhədən iz olmamalıdır. Qardaşım 19 yaşında dünyasını dəyişəndə balaca idim. Onun yeni dünyasını xəyal edir, bizim yaşadığımızdan daha yaxşı bir yer canlandırırdım. Bu ölümdən sonra həyat ideyasını "Oxuyun, sağ qalanlar, oxuyun”-a gətirən o yaşın təxəyyülünün qalıqları oldu.
– "Man Booker” mükafatının builki qalibi "Linkoln Bardoda” ("Linkoln in the Bardo”) romanını sizin bu son romanla əlaqələndirənlər var. Orada da paralel həyatda ruhların mübarizəsi ilə qarşılaşırıq.
– Bilirsiniz, olduqca çətin tarixi mərhələdəyik. Özündə ədəbi güc görənlər, ya keçmişi yenidən yazır, ya da gələcəyi nəzmə uyğunlaşdırırlar. Ruhlar haqqında yazmaq dünənin adamlarına söz haqqı verməkdir, hekayələrini danışmaq, demədiklərini demək şəraiti yaratmaqdır. Bəlkə də, ölümlərinin səbəblərini demək istəyirlər, bəlkə də, peşmanlıqlarını dilləndirirlər. Hər iki roman keçmişin peşmanlıqları, günahları ilə əlləşir, müəlliflər bu məchul ağırlığın altından çıxmağa çalışırlar. Mən başqa bir oxşarlıq görmürəm.
– Romanın epiqrafında Eudora Ueltidən bir sitat gətirmisiniz: "Xatirə yaşayan bir şeydir – o, tranzit kimi bir dildən çıxıb danışıldıqca yaşayır”. Bu romanda oxucular "xatirə yaşayan bir şeydir”-i necə anlayırlar?
– "Oxuyun, sağ qalanlar, oxuyun”-da xatirələr Given və Riçinin ruhlarının timsalında canlanır. Onlar canlanır və obrazlarla ünsiyyətə girirlər. Sevdikləri ilə danışır, onların davranışlarına göz qoyurlar.
Niyə bu sitatı çox bəyəndim – ilk səbəb mahiyyət və məna olaraq, romanımla birbaşa səsləşməsidir. Keçmişin bugün üzərində nə kimi təsiri olduğunun açıqlamasıdır. Mənə elə gəlir ki, xatirənin yaşadığını iddia etmək, keçmişin keçmişdə qalmadığını, bu günə diktə etmək iqtidarında olduğunu deməkdir. Mən də romanımda məhz bu ideya ilə qol güləşdirmişəm.
– Gənc nəsli azadlığa səsləyən "qaragüruh”-un nümayəndəsi kimi xatırlanmaqdan narahat deyilsiniz? Yoxsa həqiqətən də sizin kimi yazarların xüsusi qəbul edilməli olduğu qənaətindəsiniz?
– Öz qara ənənələrimi qeyd edirəm. Mədəniyyətin sənət əsərləri hesabına tozlarını, işəyaramayan cəhətlərini üstündən atması prosesini sevirəm. Özüm də belə bir silkələnməyə ehtiyacı olan mədəniyyətin nümayəndəsi kimi doğulmuşam. Afrika diasporasının bütün dünya ilə sağ qalmaq, xilas olmaq, yardım almaq uğrunda mübarizəsi o qitə ilə bir bağlılığım olmamasına baxmayaraq, məni qürurlandırır. Bu qüruru esselərimə də daşıdım. Bunda da bir problem görmürəm. Dünyanın harasında olursa olsun, insanlar bir-birlərinin faciəsinə göz yummamalıdırlar.
Mən yazmaq, özümü yaradıcı şəkildə inkişaf etdirmək üçün yorulmadan, hər gün mübarizə aparıram, işləyirəm. Məşğul olduğum işin nəticəsinin kiminsə inkişafında rol oynayacağını düşünmək məni xoşbəxt edir. Kitablarımın xüsusi çəkisi, gücü, çəkisi olduğunu bilmək, obrazlarımın rəngarəngliyi vərdişdən və mədəniyyətə təsir məqsədindən qidalanır.
– Cari siyasi mühitdə hekayə yazmaq sizin üçün daha da çətinləşməyib ki?
– Cari təzyiqlər məni hələ ki susdurmayıb. Hələ ki, bilmirəm nə vaxtsa susdura biləcəkmi. Əgər nəsə baş versə, bu məni qəzəbləndirə bilər. Qəzəb isə məni daha çox masama, komputerimə, kitablarıma bağlayan duyğudur. Katrina qasırğasından sonra iki il yazmadım. Məni bir də susdurmaq üçün ancaq belə bir fəlakət, səbəbi bizdən asılı olmayan bir şey lazımdır. Əks halda məni hekayələr danışmaqdan heç nə saxlaya bilməz.
– Uşaq ikən optimist idiniz, yoxsa pessimist?
– Pessimist idim və dəyişən bir şey yoxdur. Hamının optimist və ya pessimist olmağı seçmək imkanı var. Elə məncə bu seçim olmalıdır. Dünyanı insanların duyğuları balansda saxlayır. Əgər hamı optimist və ya pessimist olsaydı, daşqınlardan, qasırğalardan daha böyük fəlakətlər yaşanardı. Məni pessimizmə düçar edən həyat şərtləri idi – ağrılar, itki, maddi çətinliklər, inadkar imtinalar, fiziki təzyiq, irəli bir addım atmaq istədikcə bir neçə addım geri düşmək. Optimizm sanki bütün bunlarla mübarizə aparan adamın əzmini sındırırdı. Hər dəfə yenidən başlamaq isə yorucudur.
– Hazırda hansı əsər üzərində işləyirsiniz, harada işləyirsiniz?
– Nyu Orleansda qul ticarətinin qızğın olduğu zamanlarda baş verən bir hekayə üzərində işləyirəm. Dünyanın ən rahat yerində işləyirəm, evimdəki kiçik kitabxanamda, pəncərəyə baxan yazı masamda. Pəncərəm uzun yola açılır, başımı nə zaman yazıdan ayırsam, ağır-ağır yellənən sərvləri seyr edirəm. Bu ağacları beş il əvvəl əkmişdim. Sərvləri də, palıdı da. Dünyanın ən ləng ağacları da olsa, onları seyr etmək çox xoşdur.
– Gələk müsahibəmizin əsas sualına. İradların, ictimai qınağın, yoxsulluğun dərin hiss olunduğu cəmiyyətlərdə narkotik aludəçiliyi ilə mübarizənin yolu nədir?
– Bir problemlə mübarizənin yollarını araşdırmaq üçün onun köklərinə, haradan olduğuna baxmaq lazımdır. Əksər hallarda insanlar diaqnozlaşdırılmamış psixi-ruhi xəstəliklərlə mübarizə apara bilməyəndə, dərmanlara üz tuturlar. Ümid itəndə, uğursuzluq tələsinə düşəndə, günəş sadəcə onun üçün doğmayanda dərmanlar, bu vasitələr yada düşür. Bu gün Amerikada narkotik ticarəti ilə bağlı qapalı qutular, gizli müqavilələr, pərdəarxası görüşlər olduğu hamıya məlumudur. Amerikada müəyyən bir təbəqəni narkotikə, yoxsulluğa, cinsi istismara, sistemli irqçiliyə qurban verməklə sosial təhlükəsizlik şəbəkəsini işlə təmin etmək siyasəti yürüdülür. Narkotiklə bağlı bütün ikili düşüncələrə baxmayaraq, sağlam düşüncəli hər bir amerikalı dərman aludəçiliyinin mənəvi, psixi məğlubiyyət olduğunu dərk edir. Bununla mübarizənin ən təsirli üsulu maariflənməkdir. Amma informasiya mənbəyi ABŞ belə bu işdə zəifdir – ya sistemli, ya da qeyri-iradi şəkildə. Hər halda bunun bir yolu var – amma təəssüf ki, mən ekspert deyiləm.
İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı
banner

Oxşar Xəbərlər