Hər dəfə səhnəyə çıxanda uşaqlığını xatırlayan sənətçi - Fotolar
Türkiyə
bu gün serial və kino aləmində dünyaya meydan oxuyan ölkələr sırasında yer
almaqdadır. Belə ki, qonşu ölkədə çəkilən filmlər nəinki Türkiyədə, həm də Ərəb
ölkələrində, Avropada, İsveçrədə, Rusiyada dublyaj edilərək, nümayiş olunur.
Onlardan biri də son zamanlar sevilərək izlənilən "Fazilet hanım və kızları”
serialıdır. Serialda baş rola çəkilən, Fazilet xanım obrazını canlandıran Nazan
Kesal "Akşam” saytına müsahibə verib.
Tanınmış aktrisa həyatı ilə bağlı bir çox məqamlara da aydınlıq gətirib.
- Nazan xanım, ilk olaraq istəyirik ki, keçmişə, gəncliyinizin
keçdiyi o qəsəbə həyatına dönək. İndi keçmişdəki o Nazana baxanda necə bir
xanım görürsünüz?
- Qəsəbədə
doğulmuşam, orada böyümüşəm. Uşaqlığım və gəncliyim Köprübaşı qəsəbəsində
keçib. Uşaqlıq, həyatın ən gözəl, ən saf zamanıdır. Biz ailədə 4 uşağıq. Kasıb
olmağımıza baxmayaraq, çox xoşbəxt uşaqlıq yaşamışam. Yay aylarımız çox zaman dərə kənarında keçirdi. Hər zaman dərə
kənarına gedir, şəlalənin yanında xəyallar qururdum. Öz saçlarını kəsən, xoşbəxt,
oyun sevən, tut ağacına çıxıb qarnı ağrıyana qədər tut yeyən Nazanı görürəm.
İndi də dərə səsini dinləyirəm, amma "Youtube”dan…
- İndi o yaşdakı Nazana nə demək istərdiniz?
- "Bu həyatı
çox istəyirdin və istəyin nail oldun. Afərin sənə. Qurduğun gözəl xəyallar üçün
sənə təşəkkür edirəm” - deyib onun sarı saçlarını oxşayardım.
- Bəs gənc qız Nazanın həyatı necə keçib?
- Qəsəbə
həyatı bir qədər qəribədir. Nə kənddir, nə şəhər. Buna görə də kiçik
dünyalarında sanki sıxılmış insanların yeridir. Qəsəbə normal davranan
insanları özündən uzaqlaşdırır. İnsanların üzərinə çox yüklənir, onu
yalnızlaşdırır. Mən gənclik yaşlarımda da tək qalmağı sevməmişəm. Çox sərbəst və
azadlığı sevən biri idim. Azadlığa olan sevgim üstünlük təşkil edirdi və artıq
o qəsəbədə üsyan etməyə başladım. Kişilərə daha çox verilən bu azadlığa heç bir
məna verə bilmədim. Çarşı meydanından yanında böyüklərdən biri olmadan keçə
bilməzdin. Niyə? "El, aləm nə deyər” qınağına görə. Qəsəbə insanları el-aləm
üçün yaşayırlar. Ona görə də mənim içimdəki bu üsyan elə uşaqlığımdan
başlamışdı. Uşaqlığım tütün tarlalarında keçib. Ailəm əkinçi idi o illərdə. Nənəm
və babam uşaqlığımı daha maraqlı edirdi. Mühafizəkar, mili dəyərlərə bağlı
olan, amma övladlarına öz sevgisini əsirgəməyən bir ailədə böyüdüm.
- Yanınızda bir böyük olmadan küçəyə belə çıxmağın
yasaq olduğu bir qəsəbədə siz motosiklet sürübsünüz...
- Uşaq
vaxtı bir az dəcəl idim. Basqılara boyun əyməzdim. Kişinin qadına olan dünya
görüşünü, davranış tərzini heç zaman
sevmədim. Velosiped sürməyi, motosikletə minməyi günah hesab edirdilər. Ancaq mən
öz qərarımdan daşınmadım. Ailəmi motosikletlə tütün tarlasına mən aparırdım. Bunun
nəyi günah sayılmalıdır ki? Belə düşünmək cahillikdir.
- Bəs necə oldu ki, aktrisa oldunuz?
- Hesab
edirəm ki, bunu mənim şəxsiyyətim təyin etdi. Hər şeyə nəzarət edən, gördüklərini
təkrarlayan, bacarığı olan bir uşaq idim. Uşaqlıqda evcik-evcik oyunlarını
oynaya biləcəyim bir ortam idi aktrisalıq. Hər dəfə səhnəyə çıxanda uşaqlığımı
xatırlayıram. Özümü daha çox səhnədə oynayarkən sərbəst hiss edirəm.
- Əgər aktrisa kimi özünüzü təsdiq edə bilməsəydiniz,
ikinci sənət axtarışınız nə olardı?
-
Arxeoloq olmaq istərdim. Keçmiş yaşantılar və geridə buraxdıqlarımız çox
marağımı çəkir. Keçmişdən bu günə qədər gəlib çıxmış əsərləri qorumalıyıq.
- Ailəniz sizin aktrisa olmaq istəyinizi biləndə,
bunu necə qarşıladı? Aktrisa olduqdan sonra siz
evi tərk edəcəkdiniz…
-
Böyüdükdən sonra evini kim tərk etmir ki? Zamanı gələndə hər bir qadın öz ata
evindən çıxır. Bizim kimi az inkişaf etmiş qapalı cəmiyyətdə aktrisa olmağın qiyməti
yoxdur. Bizim ailədə məndən əvvəl iki opera sənətçisi olan dayım var idi. Kişi
olmalarına baxmayaraq, onlar da böyüklərin iradlarına məruz qalmışdılar. Hətta,
həmin dövrlərdə kişinin musiqi ilə məşğul olmasını "nağaraçımı olacaqsan” şəklində
müzakirəyə qoymuşdular. Atam aktrisa olmağım üçün mənə hər bir dəstəyi göstərdi.
Atam gəncliyində "Səs” jurnalında dərəcə almış və İzmirdə çəkiləcək bir filmdə
mərhum Ekrem Bora ilə oynayacaqmış. Ancaq babam ona icazə verməyib. Atam özünün
yaşadığı talesizliyi qızının yaşamasını istəmədi. Onun üçün də o, mənim ən böyük
dəstəkçim oldu. Bu gün ailəm mənimlə qürur duyur.
- Fazilet kimi, "varlı kişini tap, həyatın dəyişsin”
prinsipi ilə həyata baxdınız?
- Xeyr.
Pul insanın tələsidir. Və bu çox təhlükəli tələdir. "Pul bütün qapıları açar” -
deyən, Fazilətin dünyasıdır. İnsanların pula böyük həvəsi var. İnsanlarda pula
böyük maraq yaradan kapitalist sisteminin, bizdən gözlədiyi bir şey var. Sakit
şəkildə istifadəçi olaq.
- Şener Şən və Yavuz Turgula ilə bir filmdə
çalışarkən bir neçə dəfə huşunuzu itiribsiniz.
O həyəcanınızla bağlı nələr xatırlayırsınız?
- "Kölgə
oyunu” mənim çəkildiyim ilk film idi. O zaman İstanbula yeni gəlmişdim. Şanslı
insanam. Çünki çəkildiyim ilk filmdə belə Türkiyənin ən çox tanınmış insanları
ilə birgə çalışmışam. İdeal bir aktrisaya gələ biləcək ən gözəl təklif idi bu
film. Həmin illərdə yeni məzun olmuşdum. Səhnənin nə olduğunu anlamırdım. Film
duyğuların və ifadələrin ən kiçik ölçüsünü sevir. Bundan xəbərsiz olan bir
aktrisa olaraq filmin ilk günündə 20 dəfə bir səhnəni oynadım. Sonra həyəcanlandım
və bacarmayacağım qorxusuna düşdüm. Təzyiqim düşdü və ürəyim getdi. Yavuz
Turqul və Şənər Şən bu roldan gözləntilərinin çox olduğunu böyük bir səbirlə
danışmışdılar, amma olmadı. Çünki mən öz rolumu teatrın qaydalarına görə əzbərləmişdim
və ona uyğun şəkildə oynayırdım. Həmin gün Yavuz bəy çəkilişi ləğv etdi. Mənə
"heç bir şey düşünmədən gəl, sabah səndə alınacaq. Sən rolunu çox ciddiyə almış
və gözündə çox böyütmüsən. Əgər gərginliyi üzərindən atsan səndə alınacaq” dedi. Sabahısı doğurdan da onun dediyi kimi
oldu və çox gözəl bir film alındı. Filmdə yaşadıqlarım həyatımın ilk dərsi idi
mənim üçün.
- Oğlan övladına sahibi olmaqla, kişiləri
anlaya bildinizmi?
- Kişiləri
anlamaq çətin deyil. Böyüsələr də uşaq kimidirlər. Ancaq oğlan anası olmaq çox
çətindir. Daha diqqətli və hər zaman şəfqətli olmaq məcburiyyətindəyik. Dünyanı
kişilərin idarə etdiyini düşünsək, mərhəmət onların ruhlarını yumşaldar və bəlkə
yer üzü ondan sonra yaşanacaq bir yer ola bilər. Sizə ancaq bunu deyə bilərəm.
- Uşağınızı qucağınıza aldığınız ilk an nə hiss
etdiniz?
- Oğlumu
qucağıma alanda "İndi bu, mənimdirmi” sözləri çıxıb ağzımdan. Oğlum həyatın mənə
verdiyi ən böyük hədiyyədir. Oğlum kiçik olanda ona, "sən mənim nəyimsən”
sualını vermişdim. "Mən sənin əmanətinəm,
ana” cavabını alanda, şok olmuşdum. Hələ dörd yaşında olarkən verdiyi bu cavab
mənə çox təsir etdi. Həqiqətən də elədir. Övladlarımız bizim əmanətimizdir. Əmanətlərimizi
qorumaq məcburiyyətindəyik.
- Həyat yoldaşınıza ilk görüşdən aşiq olubsunuz. Sizcə
eşq illər keçsə də davam edərmi?
- Əgər
siz istəsəniz davam edər. Münasibətdə qarşılıqlı heyranlıq, hörmət, sevgi varsa,
bunun adı eşqdir.
- Fazilətin tək dərdi qızlarını varlı birinə ərə
vermək deyil. Siz Fazilətin bu özəlliyini anlaya bilirsinizmi?
- Fazilət
zamanın ruhunu daşıya bilən bir qadındır. Qızlarının taleyinin özünün taleyi kimi
olmasını istəmir. O, bunun pulla, maddiyatla həll olacağına inanır. Faziləti
anlayıram, amma ona heç bir anlayış göstərmirəm. Fazilət bizim cəmiyyətin təfəkkürüdür.
Hər kəs Fazilətin sayəsində özünün pula olan hərisliyi ilə üzləşir.
- Çox pulunuz olsaydı, necə bir həyat yaşamaq istəyərdiniz?
-
Yaşayacaq qədər pulum olsun, yetər, artığı məni zəhərləyər. Yaşadığım həyatdan
çox məmnunam. Dünyadakı savaşları bitirəcək
qədər pulumun olmasını istəyərəm. Kimsənin ölmədiyini xəyal etmək, komfortlu və
lüks şəkildə yaşamaqdan daha yaxşıdır.
- İşinizin olmadığı günlərdə nələr edirsiniz?
- Üzməyə
gedirəm. Yüngül atletika ilə məşğul oluram, evimin alış-verişini edirəm.
- Bu günə qədər hansısa filmi yarımçıq tərk
etdiyiniz olubmu?
- Heç
vaxt yaxşı filmdən imtina etməmişəm. Festivaldan izlədiyim bəzi filmlərdən
çıxmışdım. Orada rejissorun üslubunu qavraya bilməmişdim.
- Sizi nələr ağladır?
- Uşaqların
kədəri.
- Bəs sizi nələr güldürür?
- Gülməyi
unutdum desəm... Hər şeyi bildiyini düşünənlərə gülürəm.
- Sizi nələr əsəbiləşdirir?
- Ədalətsizlik
və cahillik.
Tərcümə
etdi: Xəyalə Rəis