• çərşənbə axşamı, 19 mart, 09:47
  • Baku Bakı 8°C

Hər dəfə səhnəyə çıxanda uşaqlığını xatırlayan sənətçi - Fotolar

22.06.17 12:00 5422
Hər dəfə səhnəyə çıxanda uşaqlığını xatırlayan sənətçi - Fotolar
Türkiyə bu gün serial və kino aləmində dünyaya meydan oxuyan ölkələr sırasında yer almaqdadır. Belə ki, qonşu ölkədə çəkilən filmlər nəinki Türkiyədə, həm də Ərəb ölkələrində, Avropada, İsveçrədə, Rusiyada dublyaj edilərək, nümayiş olunur. Onlardan biri də son zamanlar sevilərək izlənilən "Fazilet hanım və kızları” serialıdır. Serialda baş rola çəkilən, Fazilet xanım obrazını canlandıran Nazan Kesal "Akşam” saytına müsahibə verib. Tanınmış aktrisa həyatı ilə bağlı bir çox məqamlara da aydınlıq gətirib.

- Nazan xanım, ilk olaraq istəyirik ki, keçmişə, gəncliyinizin keçdiyi o qəsəbə həyatına dönək. İndi keçmişdəki o Nazana baxanda necə bir xanım görürsünüz?
- Qəsəbədə doğulmuşam, orada böyümüşəm. Uşaqlığım və gəncliyim Köprübaşı qəsəbəsində keçib. Uşaqlıq, həyatın ən gözəl, ən saf zamanıdır. Biz ailədə 4 uşağıq. Kasıb olmağımıza baxmayaraq, çox xoşbəxt uşaqlıq yaşamışam. Yay aylarımız çox zaman dərə kənarında keçirdi. Hər zaman dərə kənarına gedir, şəlalənin yanında xəyallar qururdum. Öz saçlarını kəsən, xoşbəxt, oyun sevən, tut ağacına çıxıb qarnı ağrıyana qədər tut yeyən Nazanı görürəm. İndi də dərə səsini dinləyirəm, amma "Youtube”dan…

- İndi o yaşdakı Nazana nə demək istərdiniz?
- "Bu həyatı çox istəyirdin və istəyin nail oldun. Afərin sənə. Qurduğun gözəl xəyallar üçün sənə təşəkkür edirəm” - deyib onun sarı saçlarını oxşayardım.

- Bəs gənc qız Nazanın həyatı necə keçib?
- Qəsəbə həyatı bir qədər qəribədir. Nə kənddir, nə şəhər. Buna görə də kiçik dünyalarında sanki sıxılmış insanların yeridir. Qəsəbə normal davranan insanları özündən uzaqlaşdırır. İnsanların üzərinə çox yüklənir, onu yalnızlaşdırır. Mən gənclik yaşlarımda da tək qalmağı sevməmişəm. Çox sərbəst və azadlığı sevən biri idim. Azadlığa olan sevgim üstünlük təşkil edirdi və artıq o qəsəbədə üsyan etməyə başladım. Kişilərə daha çox verilən bu azadlığa heç bir məna verə bilmədim. Çarşı meydanından yanında böyüklərdən biri olmadan keçə bilməzdin. Niyə? "El, aləm nə deyər” qınağına görə. Qəsəbə insanları el-aləm üçün yaşayırlar. Ona görə də mənim içimdəki bu üsyan elə uşaqlığımdan başlamışdı. Uşaqlığım tütün tarlalarında keçib. Ailəm əkinçi idi o illərdə. Nənəm və babam uşaqlığımı daha maraqlı edirdi. Mühafizəkar, mili dəyərlərə bağlı olan, amma övladlarına öz sevgisini əsirgəməyən bir ailədə böyüdüm.

- Yanınızda bir böyük olmadan küçəyə belə çıxmağın yasaq olduğu bir qəsəbədə siz motosiklet sürübsünüz...
- Uşaq vaxtı bir az dəcəl idim. Basqılara boyun əyməzdim. Kişinin qadına olan dünya görüşünü, davranış tərzini heç zaman sevmədim. Velosiped sürməyi, motosikletə minməyi günah hesab edirdilər. Ancaq mən öz qərarımdan daşınmadım. Ailəmi motosikletlə tütün tarlasına mən aparırdım. Bunun nəyi günah sayılmalıdır ki? Belə düşünmək cahillikdir.

- Bəs necə oldu ki, aktrisa oldunuz?
- Hesab edirəm ki, bunu mənim şəxsiyyətim təyin etdi. Hər şeyə nəzarət edən, gördüklərini təkrarlayan, bacarığı olan bir uşaq idim. Uşaqlıqda evcik-evcik oyunlarını oynaya biləcəyim bir ortam idi aktrisalıq. Hər dəfə səhnəyə çıxanda uşaqlığımı xatırlayıram. Özümü daha çox səhnədə oynayarkən sərbəst hiss edirəm.

- Əgər aktrisa kimi özünüzü təsdiq edə bilməsəydiniz, ikinci sənət axtarışınız nə olardı?
- Arxeoloq olmaq istərdim. Keçmiş yaşantılar və geridə buraxdıqlarımız çox marağımı çəkir. Keçmişdən bu günə qədər gəlib çıxmış əsərləri qorumalıyıq.

- Ailəniz sizin aktrisa olmaq istəyinizi biləndə, bunu necə qarşıladı? Aktrisa olduqdan sonra siz evi tərk edəcəkdiniz…
- Böyüdükdən sonra evini kim tərk etmir ki? Zamanı gələndə hər bir qadın öz ata evindən çıxır. Bizim kimi az inkişaf etmiş qapalı cəmiyyətdə aktrisa olmağın qiyməti yoxdur. Bizim ailədə məndən əvvəl iki opera sənətçisi olan dayım var idi. Kişi olmalarına baxmayaraq, onlar da böyüklərin iradlarına məruz qalmışdılar. Hətta, həmin dövrlərdə kişinin musiqi ilə məşğul olmasını "nağaraçımı olacaqsan” şəklində müzakirəyə qoymuşdular. Atam aktrisa olmağım üçün mənə hər bir dəstəyi göstərdi. Atam gəncliyində "Səs” jurnalında dərəcə almış və İzmirdə çəkiləcək bir filmdə mərhum Ekrem Bora ilə oynayacaqmış. Ancaq babam ona icazə verməyib. Atam özünün yaşadığı talesizliyi qızının yaşamasını istəmədi. Onun üçün də o, mənim ən böyük dəstəkçim oldu. Bu gün ailəm mənimlə qürur duyur.

- Fazilet kimi, "varlı kişini tap, həyatın dəyişsin” prinsipi ilə həyata baxdınız?
- Xeyr. Pul insanın tələsidir. Və bu çox təhlükəli tələdir. "Pul bütün qapıları açar” - deyən, Fazilətin dünyasıdır. İnsanların pula böyük həvəsi var. İnsanlarda pula böyük maraq yaradan kapitalist sisteminin, bizdən gözlədiyi bir şey var. Sakit şəkildə istifadəçi olaq.

- Şener Şən və Yavuz Turgula ilə bir filmdə çalışarkən bir neçə dəfə huşunuzu itiribsiniz. O həyəcanınızla bağlı nələr xatırlayırsınız?
- "Kölgə oyunu” mənim çəkildiyim ilk film idi. O zaman İstanbula yeni gəlmişdim. Şanslı insanam. Çünki çəkildiyim ilk filmdə belə Türkiyənin ən çox tanınmış insanları ilə birgə çalışmışam. İdeal bir aktrisaya gələ biləcək ən gözəl təklif idi bu film. Həmin illərdə yeni məzun olmuşdum. Səhnənin nə olduğunu anlamırdım. Film duyğuların və ifadələrin ən kiçik ölçüsünü sevir. Bundan xəbərsiz olan bir aktrisa olaraq filmin ilk günündə 20 dəfə bir səhnəni oynadım. Sonra həyəcanlandım və bacarmayacağım qorxusuna düşdüm. Təzyiqim düşdü və ürəyim getdi. Yavuz Turqul və Şənər Şən bu roldan gözləntilərinin çox olduğunu böyük bir səbirlə danışmışdılar, amma olmadı. Çünki mən öz rolumu teatrın qaydalarına görə əzbərləmişdim və ona uyğun şəkildə oynayırdım. Həmin gün Yavuz bəy çəkilişi ləğv etdi. Mənə "heç bir şey düşünmədən gəl, sabah səndə alınacaq. Sən rolunu çox ciddiyə almış və gözündə çox böyütmüsən. Əgər gərginliyi üzərindən atsan səndə alınacaq” dedi. Sabahısı doğurdan da onun dediyi kimi oldu və çox gözəl bir film alındı. Filmdə yaşadıqlarım həyatımın ilk dərsi idi mənim üçün.

- Oğlan övladına sahibi olmaqla, kişiləri anlaya bildinizmi?
- Kişiləri anlamaq çətin deyil. Böyüsələr də uşaq kimidirlər. Ancaq oğlan anası olmaq çox çətindir. Daha diqqətli və hər zaman şəfqətli olmaq məcburiyyətindəyik. Dünyanı kişilərin idarə etdiyini düşünsək, mərhəmət onların ruhlarını yumşaldar və bəlkə yer üzü ondan sonra yaşanacaq bir yer ola bilər. Sizə ancaq bunu deyə bilərəm.

- Uşağınızı qucağınıza aldığınız ilk an nə hiss etdiniz?
- Oğlumu qucağıma alanda "İndi bu, mənimdirmi” sözləri çıxıb ağzımdan. Oğlum həyatın mənə verdiyi ən böyük hədiyyədir. Oğlum kiçik olanda ona, "sən mənim nəyimsən” sualını vermişdim. "Mən sənin əmanətinəm, ana” cavabını alanda, şok olmuşdum. Hələ dörd yaşında olarkən verdiyi bu cavab mənə çox təsir etdi. Həqiqətən də elədir. Övladlarımız bizim əmanətimizdir. Əmanətlərimizi qorumaq məcburiyyətindəyik.

- Həyat yoldaşınıza ilk görüşdən aşiq olubsunuz. Sizcə eşq illər keçsə də davam edərmi?
- Əgər siz istəsəniz davam edər. Münasibətdə qarşılıqlı heyranlıq, hörmət, sevgi varsa, bunun adı eşqdir.

- Fazilətin tək dərdi qızlarını varlı birinə ərə vermək deyil. Siz Fazilətin bu özəlliyini anlaya bilirsinizmi?
- Fazilət zamanın ruhunu daşıya bilən bir qadındır. Qızlarının taleyinin özünün taleyi kimi olmasını istəmir. O, bunun pulla, maddiyatla həll olacağına inanır. Faziləti anlayıram, amma ona heç bir anlayış göstərmirəm. Fazilət bizim cəmiyyətin təfəkkürüdür. Hər kəs Fazilətin sayəsində özünün pula olan hərisliyi ilə üzləşir.
- Çox pulunuz olsaydı, necə bir həyat yaşamaq istəyərdiniz?
- Yaşayacaq qədər pulum olsun, yetər, artığı məni zəhərləyər. Yaşadığım həyatdan çox məmnunam. Dünyadakı savaşları bitirəcək qədər pulumun olmasını istəyərəm. Kimsənin ölmədiyini xəyal etmək, komfortlu və lüks şəkildə yaşamaqdan daha yaxşıdır.

- İşinizin olmadığı günlərdə nələr edirsiniz?
- Üzməyə gedirəm. Yüngül atletika ilə məşğul oluram, evimin alış-verişini edirəm.

- Bu günə qədər hansısa filmi yarımçıq tərk etdiyiniz olubmu?
- Heç vaxt yaxşı filmdən imtina etməmişəm. Festivaldan izlədiyim bəzi filmlərdən çıxmışdım. Orada rejissorun üslubunu qavraya bilməmişdim.

- Sizi nələr ağladır?
- Uşaqların kədəri.

- Bəs sizi nələr güldürür?
- Gülməyi unutdum desəm... Hər şeyi bildiyini düşünənlərə gülürəm.

- Sizi nələr əsəbiləşdirir?
- Ədalətsizlik və cahillik.
Tərcümə etdi: Xəyalə Rəis

banner

Oxşar Xəbərlər