• cümə axşamı, 18 aprel, 09:12
  • Baku Bakı 12°C

Hər bir vətəndaş karantin rejiminin qaydalarına riayət etməlidir

04.07.20 09:00 468
Hər bir vətəndaş karantin rejiminin qaydalarına riayət etməlidir
Bu gün bəşəriyyəti cənginə alan koronavirus pandemiyası çox təhlükəli bəlaya çevrilib. İndi bütün dünya bu bəladan əziyyət çəkir. Dövlətimiz pandemiyaya qarşı mübarizədə olduqca önəmli tədbirlər həyata keçirir. Ölkəmizdə virusun yayılmasının qarşısını almaq üçün mühüm işlər görülüb və bu iş davam etdirilir.
Bu sözləriAZƏRTAC-a müsahibəsində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı deyib.
Akademik qeyd edib ki, respublikamızda ciddi karantin rejimi tətbiq olunur, modul tipli tibb müəssisələri qurulub, tibbi maska istehsal edən müəssisələr yaradılıb. Bütün bunlar vətəndaşlarımızın sağlamlığının qorunması məqsədinə xidmət edir. Pandemiyanın yayılmasının qarşısını almaq üçün təkcə dövlət deyil, hər bir vətəndaş qətiyyətlə mübarizə aparmalıdır. Bu sahədə bir nəfərin məsuliyyətsizliyi, səhlənkarlığı, yüzlərlə, minlərlə insanı təhlükəli xəstəliyə düçar edə bilər. Ona görə də hamı karantin qaydalarına çox ciddi riayət etməlidir. Tibbi maska taxmaq, sosial məsafə gözləmək, gigiyenik qaydalara riayət etmək hazırkı şəraitdə virusdan qorunmağın yeganə yoludur. Bununla biz həm özümüzü, həm ailəmizi, həm də xalqımızı epidemiyadan qoruya bilərik.
Alim vurğulayıb ki, bu il Milli Azərbaycan Tarixi Muzeyinin 100 yaşı tamam olur. Yubileyin qeyd edilməsi barədə dövlətimizin başçısının Sərəncamı da var. Lakin məlum səbəblərdən bəzi tədbirlərimiz təxirə salındı. Amma biz fəaliyyətimizi onlayn davam etdiririk. Vəziyyətin gərginliyini başa düşür və indiki durumda yeganə xilas yolunu Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməkdə görürük.
Pandemiyaya qarşı mübarizədə vətəndaşları həmrəy olmağa çağıran akademik Nailə Vəlixanlı deyib: "Düşünürəm ki, hər bir kəs özünü təcrid etməyi bacarsa, yoluxma halı tezliklə aradan qalxar, hamımız əvvəlki xoşbəxt, firavan həyatımıza qayıdarıq. Gəlin, koronavirus infeksiyasına qarşı mübarizədə birləşək, özümüzü, xalqımızı və dövlətimizi qoruyaq”.
banner

Oxşar Xəbərlər