• cümə, 29 Mart, 10:28
  • Baku Bakı 5°C

«Hər bir seçki demokratiya imtahanıdır»

08.10.13 09:38 1744
«Hər bir seçki demokratiya imtahanıdır»
9 oktyabr prezident seçkiləri ilə bağlı daha bir mərhələ arxada qaldı. Namizədlərin qeydə alınması prosesindən sonra onların təbliğat-təşviqat mərhələsi də sona çatdı. Ötən müddət ərzində görülən işlər, seçki prosesinin gedişi, namizədlərə yaradılan şərait, prezident seçkilərində müşahidəçilərin iştirakı, beynəlxalq təşkilatların hesabatlarında yer alan qərəzli məqamlar və sairlə bağlı “Kaspi”nin suallarını Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə cavablandırır.
- Aydın müəllim, seçkilərin növbəti mərhələsinin yekunlarını necə qiymətləndirirsiniz?
- Konstitusiyaya və Seçki Məcəlləsinə uyğun olaraq, ölkəmizdə keçirilən prezident seçkiləri artıq Azərbaycan tarixinə yazılmaqdadır. Ötən müddət ərzində seçki gününün təyin edilməsi, komissiyaların formalaşdırılması, namizədlərin irəli sürülməsi və qeydiyyata alınması, ən əsası isə təbliğat kampaniyasının keçirilməsi hər bir vətəndaşın gözü qarşısında baş verdi. Ümumən götürdükdə, bu mərhələlərin hər birinin demokratik şəkildə keçirildiyini, sona çatdığını qeyd etmək olar. Namizədliyi irəli sürülən 22 nəfərdən 10 nəfəri qeydiyyata alındı. Bundan sonra onlar seçki kampaniyasında fəal iştirak etməyə başladılar. Hazırda da bu fəallıqlarını davam etdirilər. Azərbaycan siyasi sisteminin bütün spektrləri prezidentliyə namizədlər blokunda təmsil olunur. Həm hakim partiyanın, mərkəzçi qüvvələrin, həm də hakimiyyətə qarşı radikal mövqeyi ilə seçilən namizədlər öz mövqelərini açıq şəkildə ictimaiyyətə çatdıra bildilər. Eyni zamanda, mətbuatda təbliğatın aparılması, ayrı-ayrı görüşlərin keçirilməsi, kütləvi aksiyaların təşkil edilməsi də seçki təbliğatının əsas kampanentlərindən idi. Beləliklə ayın 9-u seçki gününə qədər seçicilər namizədlər barədə kifayət qədər məlumat əldə edə bildilər. Bu səbəbdən hesab edirəm ki, ayın 9-da demokratik, şəffaf seçki keçiriləcəkdir.
- Yeni Azərbaycan Partiyası öz namizədinin təbliğat-təşviqat kampanisyasını hansı səviyyədə keçirdi?
- Yeni Azərbaycan Partiyası bu seçkilərə ötən dəfəki seçkilərdən dərhal sonra başlayıb. Yəni, 2008-ci ildə prezident seçkilərinin yekunları oldu, müsbət nəticə ümumiləşdirildi. Haradasa buraxılan nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görüldü. Ona görə də budəfəki seçkilərə Yeni Azərbaycan Partiyasının daha çox hazırlıqlı olduğu göz önündə idi. Bu ilin əvvəlindən partiya daxilində seçkiyə hazırlıqla bağlı mütəmadi olaraq tədbirlər, seminarlar, konfranslar keçirilirdi. Həm seçki komissiyalarına Yeni Azərbaycan Partiyasından ayrılan adamlarla iş aparıldı, həm də müşahidəçi korpusu formalaşdırıldı. Eyni zamanda hər bir Yeni Azərbaycan Partiyası üzvünün seçici kimi öz borcunu yerinə yetirməsi məsələsi də daim gündəmdə saxlanıldı. Seçki təbliğatı günlərində isə hər bir rayon təşkilatı gün ərzində 4-5 tədbir keçirirdi. Bu tədbirlər həm kiçik yaşayış massivlərində, həm də böyük yaşayış məntəqələrində baş tuturdu. Azərbaycanda seçki hüququ olan vətəndaşlarının böyük bir hissəsi Yeni Azərbaycan Partiyasının seçkiqabağı tədbirlərində iştirak edə bildilər. Həmçinin plakatların asılması, əvvəlcədən ayrılmış müvafiq yerlərə yapışdırılması, vətəndaşlara namizədlərlə bağlı bukletlərin paylanması da diqqətdə olan məsələlərdən idi. Yerlərdən gələn informasiyalar göstərir ki, Yeni Azərbaycan Partiyası bu təbliğat kampaniyasında daha fəal və geniş iştirak edib.
- Sizin də qeyd etdiyiniz kimi, seçki təbliğatının əsas kompanentlərindən biri kütləvi aksiyaların keçirilməsidir. Belə aksiyalar, eyni zamanda insanların sərbəst toplaşma azadlığının təmin edilməsi sayılır. Bu baxımdan, prezidentliyə namizədlərin keçirdiyi görüş-mitinqlər barədə qənaətiniz necədir?
- Seçicilərlə görüş, kütləvi aksiya və mitinqlərin keçirilməsi təbliğat kampaniyasının vacib elementidir. Qanunla nəzərdə tutulan, icazə verilən bütün formalarda seçicilərlə görüşlərin keçirilməsi üçün şərait yaradılıb. Həm açıq havada kütləvi aksiyalar, həm da qapalı yerlərdə belə görüşlər keçirilib. Eyni zamanda təbliğatçıların həm mənzilləri gəzərək, həm də ictimai yerlərdə bukletlər paylaması halları da olub. Bakı şəhərinin mərkəzi ünvanlarından birində, Yasamal rayonu İnşaatçılar metrosunun yaxınlığındakı «Məhsul» stadionunda, bölgələrdə namizədlərin seçicilərlə bir neçə dəfə görüş-mitinqləri keçirilib. Hər bir namizəd özünün məqbul bildiyi formada təbliğat kampaniyasını keçirib. Ümumən şikayətlər olmayıb. Edilən şikayətlərin isə bir hissəsi təsdiqini tapmayıb, bir hissəsi də xırda qanun pozuntuları olub ki, bu da seçki prosesinə ciddi təsir edəcək səviyyədə deyildi.
- Seçkilər ölkədəki demokratiyanın göstəricisi sayılır. Sizcə, prezident seçkilərinin indiyə qədər olan sınaq mərhələsindən Azərbaycan necə çıxdı?
- Hər bir seçki demokratiya imtahanıdır. Bu, həm demokratik ənənələri olan ölkələr üçün, həm də demokratiyaya yeni keçən ölkələrə aiddir. Azərbaycan hazırda bu demokratiya imtahanını uğurla verir. Özü də bu məsələdə istisna olmayacaq. Azərbaycan sübut etdi ki, hakimiyyəti demokratik yolla formalaşdırmaq imkanına malikdir. Bunun üçün müvafiq şərait yaradıb. Azərbaycan sübut etdi ki, demokratiyadan başqa seçimi yoxdur. Eyni zamanda hər bir Azərbaycan vətəndaşı da bu demokratiya prosesinə öz töhfəsini verə bildi.
- Bu günə qədər ölkədə keçirilən seçki prosesini həm yerli, həm də beynəlxalq müşahidəçilər izləyiblər. Bəs, bu dəfə necə, müşahidəçilər kifayət qədər çox olacaqmı?
- Son məlumatlara görə, seçkiləri izləmək üçün dünyanın 80 ölkəsindən Azərbaycanda müşahidəçilər olacaq. Bunlar müxtəlif beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin parlamentinin, mərkəzi seçki komissiyalarının nümayəndələridir. Azərbaycanın bütün 125 dairəsi üzrə müşahidəçilər olacaq. Bundan başqa, 10 minlərlə yerli müşahidəçilər var ki, onlardan bir qismi bütün ölkə üzrə, bir qismi isə konkret dairə və məntəqələr üzrə müşahidə apara biləcəklər. Müşahidə sistemi elə qurulub ki, əvvəldən sona kimi bütün mərhələləri müşahidəçilər izləyə biləcək, qiymətləndirməyi bacaracaqlar. Bu baxımdan hər hansı problem olmayacaq.
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası prezident seçkilərinin ötən dövrü ilə bağlı iki dəfə aralıq hesabatı yayıb. Hesabatda əks olunan fikirləri necə dəyərləndirirsiniz?
- Bu hesabatlarda seçki prosesi ilə bağlı müsbət məqamlar müəyyən dərəcədə əks olundu. Lakin təəssüf ki, bununla belə, indiki prezident seçkilərinə xas olmayan məsələlər də orada Azərbaycan adına yazılmağa cəhd edilirdi. Fikrimcə, bu, ya məlumatsızlıqdan, yaxud da birtərəfli qaydada yalnız müxalifətin verdiyi məlumat əsasında hesabatın formalaşmasından irəli gəlir. Bununla belə, Yeni Azərbaycan Partiyası bir neçə dəfə öz mövqeyini ortaya qoydu, hesabatdakı qüsurlu məqamlara etirazını bildirdi. Hesab edirik ki, hesabat obyektiv, qərəzsiz və bütün namizədlərə eyni dərəcədə yanaşma mövqeyini ortaya qoymalıdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər