• cümə, 29 Mart, 13:57
  • Baku Bakı 14°C

Hər bir mətn öz dövrü ilə istər-istəməz adekvatdır

21.08.15 10:25 1899
Hər bir mətn öz dövrü ilə istər-istəməz adekvatdır
Ələmdar Cabbarlı 1980-ci ildə anadan olub. 1997-2003-cü illərdə Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili alıb. 2006-2008-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspirantı olub. 2012-ci ildə “Səməd Vurğunun obrazlar sistemi” mövzusunda filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Azərbaycanım mənim”, “Özümlə bir ətək daş gəzdirirəm”, “...Və bir gün”, “Yaşasan çoxdu bu ömür”, “Kəlbəcərsiz 19 il...”, “Günahı olan qorxmasın...” kitablarının müəllifidir.
-Şeirlərinin bugünkü dünyanın gerçəkliyi ilə adekvatlığı nə dərəcədədir və səncə şeirlərinin ünvanı kimlərdir?
-Əslində hər bir şeir, mətn öz dövrü ilə istər-istəməz adekvatdır. Necə ki, hər şair, yazar doğulduğu təbiətin, mühitin övladıdır, eləcə də şeir də yarandığı dövrün məhsuludur və ona uyğundur. Amma baxır, sən o gerçəkliyi hansı tərəfdən görürsən və sənin aləmində adekvat yanaşma nədir. Bəziləri üçün bu, dövrün nəbzini tutmaq anlamındadır. Yəni, dövran sənin nəbzini tutmursa, sən onun nəbzini tut. Bəziləri üçünsə bu, dövrə, zamana, onun diqtə etdiyi gerçəkliklərə etiraz, bəzən hətta üsyan anlamındadır. Bu, Nizaminin dövründə belə idi, Nəsiminin də, Axundovun da və 30-cu illərdəki repressiya dönəmində də. Heç uzağa getməyək, yazarlardan təzə həyatın diktəsi ilə yazmağı tələb edən 30-40-cı illərdə bu axına qoşulanlar da var idi – hansı ki, onlar əsərlərində minillik poeziyamızın özünəməxsus intonasiyasını, obrazlar sistemini, düşüncə tərzini inkar edir, eyni zamanda xalqın yüzillərlə hörmət etdiyi, malik olduğu dini inancları ələ salırdılar, köhnəlik kimi qəbul edirdilər. Onlar üçün adekvatlıq bu idi. Bəziləri bu müddətdə sanki gözləmə mövqeyində idilər və əsasən lirik və təbiət şeirləri yazırdılar. Amma elə repressiya illərində onlara qarşı əsas ittiham bu oldu ki, siz yeni quruluşu təbliğ etmirsiniz. Bunlar üçün də dünyanın, zamanın gerçəkliyi bu idi. Amma bütün bunlarla yanaşı, öz dünyagörüşlərinə görə, dövrün ifrat tərənnümçülərindən və eləcə də gözləmə mövqeyi tutanlardan kəskin fərqlənən, əsərlərini, obrazlar sistemini milli ədəbiyyatımızın ovqatına uyğun kökləyən şair və yazıçılar da var idi. Onlar üçün əsas olan hər hansı quruluş və onun qondarma obrazları deyil, ədəbiyyatın qanunauyğunluqlarından meydana gələn mövzular və obrazlar idi. Onlar üçün ədəbiyyatın əsas predmeti insan, eyni zamanda bu insanın xoşbəxt gələcəyi üçün lazım olan sevgi, məhəbbət, gözəllik daha öndə idi. Bu dünyagörüşü onların əsərlərində özünü büruzə verməyə bilmirdi. Yeni quruluş onların dövranı deyildi, zaman bu ədiblərin əleyhinə işləmişdi və onların dedikləri deyil, çərxi-fələyin dedikləri olmuşdu. Məsələn, Əhməd Cavad: “Bən deyən yox, fələk deyən oldusa” yazırdı. Məncə, əsl ədəbiyyat, dünyanın gerçəkliklərinə adekvat münasibət bu idi və elə yaşayan da həmin ədəbiyyat oldu. Bu mənada, mən də şeirlərimi çağdaş dünyanın gerçəkliklərinə hardasa adekvat hesab edirəm. Qaldı ki, bu şeirlər kimin üçündür, onların ünvanı kimdir, mənə elə gəlir ki, bu əsərlərdə canlılıq varsa, təbiilik varsa, yəni kim özünü, həyat tərzini, hiss və duyğularını, gələnəklərini orda görürsə, bu şeirlər məhz onun üçündür. Yoxsa, sən ərşdən-kürşdən yaz, özünü savadlı göstərmək üçün qəliz sözlərdən istifadə elə, moltanı dilində yaz – bu şeirlərin onu yazandan başqa heç bir ünvanı ola bilməz.
-Bu gün Azərbaycan şeirinin poetik imkanı dünya şeiri kontekstində hara qədərdir? Poeziyamız hansı məqamlarda axsıyır, hansı məqamlarda irəli gedib?
-Azərbaycan şeirinin poetik imkanı məncə çox genişdir. Bunu ilk növbədə şeirimizin, milli ədəbiyyatımızın söykəndiyi qaynaqlara, folklor motivlərinə, mifoloji dünyagörüşümüzün, düşüncə tərzimizin zənginliyinə əsaslanıb deyirəm. Ədəbiyyatımızın çox möhkəm təməllərinə güvənib deyirəm. Axsamaqla bağlı problemlər də çoxdur, burada tərcümə və digər problemlər var. Amma narahatlıq doğuran əsas məqam odur ki, bu təməllərdən uzaq düşmüşük, keçmişimizi, folklorumuzu, mifologiyamızı lağa qoyub, ələ salıb başqa qəliblər əsasında ədəbiyyat yaratmaq istəyi, tendensiyası, bəlkə də dəbi də demək olar, çox güclənib. Bu zaman isə biz özümüz olmuruq, üstdə aldadıcı, parıltılı nələrsə görünür, amma alt qatında biz yoxuq. Səməd Vurğunun öz dövründə meydana çıxan bu kimi əsərlərə bağlı maraqlı bir fikri var. Deyir elə yazıçılar var idi ki, həmişə Avropa-Avropa deyirdilər. Amma, onların əsərləri özlərindən tez öldülər. Avropaya da, dünyaya da çıxmalıyıq, bu mütləqdir, amma özümüz kimi çıxmalıyıq, onda onlar üçün daha maraqlı görünəcəyik. Əslində elə Səməd Vurğun da bir zaman bu cür şeirlər yazırdı. Amma görürsünüz də, axırda hansı fikrə gəlib. Və elə Vurğunun da yaşayan şeirləri bir zamanlar hətta “ölən şeirlərim” adlandırdığı - gözəllərin vəsfinə, Dilican dərəsinə, vətənimizin əzəmətli dağlarına, axar çaylarına, bərəkətli çöllərinə həsr olunmuş şeirləri oldu. Bu, bir daha sübut edir ki, ədəbiyyatda millilik hər zaman qalib gəlir.
-Deyirsən ki, ədəbiyyatda millilik qalib gəlir. Səncə Tolstoy, Dostoyevski yaradıcılığının bu qədər sevilməsinin səbəbi millilikdir?
-Onların əsərlərini də bəşəridir deyib, millikdən kənarda saymaq olmaz, onlar da öz milli ədəbiyyatlarının təməlləri üzərində yaranıbdır. Bu əsərlərdə də ilk növbədə rus cəmiyyəti, düşüncəsi, həyat tərzi əksini tapıb. Yəni kök ordandır. Yazıçının ustalığı da odur ki, buna bəşəri mahiyyət verə bilib.
- Bəziləri deyir ki, şeir necə daxilində yaranırsa, elə də yazılmalıdır, bəzilərisə redaktənin, əlavə işləmənin xeyrindən danışırlar. Sən bu iki yoldan hansını seçmisən və niyə?
-Məncə şeir birnəfəsə yazılmalıdır. Bilirsən, şeir ruh işidir, ovqat məsələsidir. O, yarandığı anın məhsuludur, sonrakı redaktə üzdə, burunda aparılan kosmetik əməliyyat kimidir. Gözəl görünür, amma təbii deyil. Elə yazmaq lazımdır ki, sonra sonra üzərində çox da işləməyəsən, xüsusilə bu poeziyaya aiddir. Seyran Səxavətin bu yaxınlarda çoxcildliyi çıxdı, adətən biz öyrəşmişik ki, “Seçilmiş əsərlər” olsun, amma o adını qoydu “Seçilməmiş əsərlər”. Səbəbini soruşanda isə dedi ki, qardaş, elə yaz seçmə də. Mən də belə düşünürəm.
-Şeirlərində vətən nisgili duyulur. Belə şeirlərin çoxdur, bu mövzu yeknəsəkliyinə aparmır ki səni?
-Bizim ədəbiyyatımızda bu nisgil həmişə olub, əvvəl Təbriz nisgili var idi, indi də var, indi Qarabağ, Şuşa, Kəlbəcər nisgili var. Məncə bu, olmalıdır, yəni olmaya bilməz və düşünmürəm ki, bu, yeknəsəkliyə aparır. Bu da elə dünyanın, zamanın gerçəkliyinə adekvatlıqdır da. Sənin bu boyda dərdin var, amma ondan yazmırsan, güldən-bülbüldən yazırsan, ya da “işıqlıdır lampaları kolxozun” stilində yazırsan. Əslində yeknəsəklik budur.
-Səninçün şeirin meyarı nədir? Necə və nələrdən yazanda ürəyin rahatlıq tapa bilir?
-Ürəyindən keçənləri yazanda ürəyin rahatlıq tapa bilər. Səməd Vurğunun bir şeiri var. Deyir: Şairim, könlünün duyduğunu yaz, Odur bu dünyada ən böyük əsər. Yəni belə olanda həm əsərin yaxşı alınır, həm də dediyin kimi, ürək rahatlıq tapır. Faciə odur ki, müxtəlif səbəblərdən düşündüyünü yaza bilmirsən. Şükür olsun ki, mənim başıma hələ belə bir faciə gəlməyib.
-Düşündüyünü yaza bilməməyin faciəsini nədə görürsən, yaxud sənin yazdıqların sənin reallığının bütün gerçəkliyini əks etdirə bilirmi?
-Düşündüyünü yaza bilməmək, yaxud da yazıb ortaya çıxara bilməmək həqiqətən də faciədir. Bu aqibəti bizim sovet dövrü yazıçıları, xüsusilə də 30-40-cı illərdə yaşayıblar. Şair, yazıçı özü də istəmədən müəyyən qadağaları, tabuları nəzərə almaq zorunda idi. Əsərini sosialist realizmi deyilən metodun prinsiplərinə uyğunlaşdırmalı idi. Bu prinsiplər ortaya çıxanda isə ədəbiyyatın prinsipləri arxa plana keçirdi və beləliklə də yazıçı düşündüyünü yaza bilmirdi, ən yaxşı halda isə yazıb atırdı sandığa. Bu da dediyim kimi faciədir, özünü ifadə azadlığının olmamasıdır. İctimai məzmunlu əsərlər bir yana dursun, gərək şair sevgilisini də təbii yox, yəni bulaq başında, dağ başında deyil, traktorun, kombaynın yanında, tütün sahəsində təsvir edəydi. Məsələn, “Hər axşam tarladan qayıdanda biz...” janrında. Hər axşam tarladan qayıdan adamda can qalar ki, kimisə vəsf etsin? Qaldı ki, mənim yazdıqlarımın mənim reallığımı bütün gerçəkliyi ilə əks etdirməsinə, düşünürəm ki, bu belədir. Əslində, geniş mənada mənim, sənin reallığın yoxdur, dünyanın bir reallığı var, həqiqət birdir, yazıçının da borcu odur ki, o həqiqəti yazsın. Və düşünməsin ki, bu kimin xoşuna gələcək, ya gəlməyəcək. Əgər yazıçı bunu düşünüb əlinə qələm alırsa, o əsəri heç yazmasa yaxşıdır.
- Səncə, biz poeziyanı ruh aləmi ilə, ilhamla çox əlaqələndirməklə bir az sirli, eyni zamanda, “fırıldaqçılıq üçün açıq” sahəyə çevirmirik ki – o mənada ki, özünü vergili adlandıranların sayı bilinmir.
-Mənim fikrimcə – bu, əslində əksəriyyətin fikridir – şairlik İlahi vergidir. Yəni, İlahinin verdiyi sənətdir. Şairlik yeganə peşədir ki “Qurani-Kərim”də onun surəsi var. “Şüəra” surəsi. Və orda Allah özü şairləri fərqləndirib. Var Allahın verdiyi ilhamla yazan şairlər, bir də var şeytanın vəsvəsəsi ilə yazan şairlər. Bu, indi də belədir, yəqin həmişə də belə olacaq. Bu, İlahinin qoyduğu bir bölgüdür. Amma seçim öz əlimizdədir, yəni Allahın və ya şeytanın tərəfində olmağı özümüz seçirik. Şairlik İlahi bir sənətdir, ruh aləmi ilə, ilhamla bağlıdır. Kimsə inersiya ilə, kimisə yamsılamaqla yaza bilər, amma bu şeir olmaz. İndi belələri də çoxdur.
- Şairlər ictimai hadisələrə daha tez reaksiya verir, daim üstü açıq naqil kimi olurlar. Bir sıra şeirlərində ictimai mövqeyin görünür. Səncə, şairin ictimai mövqeyinin olması nəyi dəyişir və yaradıcılıqda özünü necə göstərir?
-Şairin ictimai mövqeyi mütləq olmalıdır. Bu mövqe hətta stüasiyadan asılı olaraq, ictimai rəyi də dəyişə bilir. Bunun orijinal örnəklərini meydan hərəkatında biz gördük – Bəxtiyar Vahabzadə, Xəlil Rza, Sabir Rüstəmxanlı nümunəsində. Çünki xalq şairə daha çox inanır. Baxmayaraq ki, “şair sözü əlbəttə yalandır...”
-Bu gün ədəbiyyat və ictimai rəy arasında uçurum yaranıb. Sən bunun səbəbini nədə görürsən?
-Bəli, belə bir uçurum var, bunun da səbəbi oxucunun o əsərdə özünü görməməsidir. Sən çox da dağdan-daşdan, ordan-burdan yaz, bu şərt deyil, şərt odur ki, o əsərdə, o səhnədə oxucu özünü görsün. Yazıçı Hidayətin “Məhəbbət yaşayır hələ” pyesinin əvvəlində müəllifin maraqlı bir qeydi var. Deyir ki, bu əsərdə janr axtarma, axtarmadan qabağına çıxsa, onun dalınca çox düşmə. Mən özüm bu pyesi dramatik əsərmi hesab edirəm, faciəmi, komediyamı? Bu barədə düşünməmişəm. Əsas olan bu deyil, əsas odur ki, tamaşaçını inandıra biləsən ki, pyesdəki qəhrəmanlar uydurma deyil. Mən də bu yanaşmanı qəbul edirəm. Yəni oxucu özünü, öz taleyini, gündəlik həyatını bu əsərlərdə, bugünkü ədəbiyyatda nə qədər çox görəcəksə, bu uçurum da aradan qalxacaqdır, yox əksinə olacaqsa, uçurum daha da dərinləşəcək.
Fərid Hüseyn
banner

Oxşar Xəbərlər