• cümə axşamı, 25 aprel, 21:29
  • Baku Bakı 21°C

Hər bir azərbaycanlının prezidenti - Fotolar

24.12.16 00:01 2060
Hər bir azərbaycanlının prezidenti - Fotolar
"İlham Əliyev sadəliyinə görə başqa şagirdlərdən fərqlənmirdi. Hələ uşaq yaşlarından yoldaşları ilə ünsiyyət yaradırdı ki, onlar atası Heydər Əliyevin respublikanın birinci şəxsi olduğunu hiss etməsinlər. O, dərsdə, tənəffüslərdə özünü son dərəcə intizamlı aparırdı. Nümunəvi əxlaqı, təvazökarlığı, özünə qarşı tələbkarlığı ilə hamının rəğbətini qazanmışdı. O, həmçinin sadə, səliqəli və zövqlü geyimi ilə diqqəti cəlb edirdi. Uca qaməti, sağlam cüssəli bədəni də onu yaşıdlarından fərqləndirirdi. O vaxt orta məktəbdə şagirdlərə əxlaqdan da qiymət yazılırdı. İlham əxlaqdan həmişə «nümunəvi» qiymət alırdı. O, ata-anasının nüfuzundan istifadə edərək nə başqalarına himayədarlıq, nə də ərköyünlük edirdi”. Bakı şəhərindəki 6 saylı məktəbin veteran müəllimi Emma Kazımovanın vaxtilə dərs dediyi, hazırda isə dövlətimizin başçısı olan İham Əliyev haqqında "Kaspi” qəzetinə söylədiyi bu fikirləri bü gün onun prezidenti olduğu hər bir azərbaycanlı ürəklə təsdiqləyir. Uşaqlıqdan aldığı təlim-tərbiyə, təhsil, boya-başa çatdığı mühit İlham Əliyevin gələcəkdə təcrübəli siyasətçi kimi formalaşmasında, regionda və dünyada nüfuzlu liderlərdən birinə çevrilməsində rol oynadı.
Dekabrın 24-də prezidentimiz 55 yaşını qeyd edir. Dünya liderləri bu münasibətlə dövlət başçımıza təbrik məktubları ünvanlayır, müasir Azərbaycanın uğurlu tərəqqisi, cəmiyyətin sürətli inkişafı və ölkəmizin nüfuzunun beynəlxalq arenada möhkəmlənməsinə yönələn siyasətində prezidentimizə xoş arzularını bildirirlər. Ölkə başçımızı Azərbaycanın sosial-iqtisadi inkişafı üçün mühüm işlər görən təcrübəli və uzaqgörən dövlət xadimi kimi dəyərləndirən liderlər Azərbaycanı strateji tərəfdaşlığın, müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin prinsipial tərəfdarı kimi tanıdıqlarını önə çəkirlər. Dünya ölkələri ilə əməkdaşlıqda, münasibətlərin qarşılıqlı etimad və anlaşma prinsipləri əsasında səmərəli şəkildə inkişafında dövlətimizin apardığı səylər öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəninsuverenliyi və ərazi bütövlüyünün bərpası üçün mühüm və uzaqgörən addımlar atılır. Aparılan uğurlu siyasət nəticəsində ölkəmizin dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınmasına nail olduğunu bildirən prezident bizim Ermənistandan başqa heç bir ölkə ilə problemimizin olmadığını həmişə qeyd edir. Azərbaycanın xarici siyasətində dünya birliyinə inteqrasiyası, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən, beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi siyasətində ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən prezident İlham Əliyev ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində mühüm nailiyyətlərə imza atıb. Bu günAzərbaycanın xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi, respublikamızın dünyamiqyasında nüfuzunu xeyliartırıb, həmçinin ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsinə rəvac verib.
İqtisadi islahatlardan idmana qədər
Prezident ölkənin inkişafı üçün iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək məqsədilə iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlilini və yeni iqtisadi inkişaf strategiyasının hazırlanmasını əsas məqsəd kimi müəyyənləşdirib. "2016-cı il dərin iqtisadi islahatlar ilidir. İslahatlar dərinləşir, biznes mühiti yaxşılaşır”- deyən prezident qeyri-neft sektorunun daha sürətli inkişafını islahatlarda əsas məqsəd elan edib. İqtisadi islahatlar kursunun əsas hədəflərini müəyyənləşdirən ölkə başçısı biznes mühitinin yaxşılaşdırılması üçün sahibkarlara daha da böyük dəstək veriləcəyini, xarici sərmayəni daha geniş həcmdə cəlb etmək üçün hüquqi baza, şəffaf iqtisadi-maliyyə sisteminin təkmilləşdiriləcəyini, investisiyaların təşviqi, bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılmasını, manatın məzənnəsinin sabitləşdirilməsi istiqamətində tədbirlərin davamlı olacağını, kənd təsərrüfatının inkişafına yönələn səylərin artırılacağını, məhsulların ixracının sürətləndiriləcəyini, bölgələrdə istifadəsiz qalan torpaqların səmərəli istifadəsinin təmin ediləcəyini qeyd edib. İslahatlar çərçivəsində həmçinin on minlərlə ailənin maraqlarına cavab verəcək sosial mənzil layihəsinin hazırlanıb icraya yönəldilməsinin tezləşdiriləcəyi, əhalinin məşğulluq probleminin həllinə töhfə verəcək kompleks tədbirlər proqramının tezliklə yekunlaşacağı, müxtəlif istiqamətlər üzrə hazırlanan nəqliyyat dəhlizləri layihələrinin tam işə düşməsi və tranzit daşımalarının səmərəli həyata keçirilməsi üçün dövlət tərəfindən təşəbbüslərin daha da artırılacağı prioritet hesab edilib.

Ölkə başçısının rəhbərliyi ilə idmanın inkişafı sahəsində də məqsədyönlü şəkildə kompleks tədbirlər görülür. Belə ki, Azərbaycanda idman siyasəti ilə bağlı birmənalı mövqe nümayiş etdirilir. Həm idmançılar beynəlxalq yarışlarda bizi sevindirirlər, həm də ən müasir idman infrastrukturu yaradılıb və dünyanın ən mötəbər idman yarışları Azərbaycanda keçirilir: "On il, iyirmi il bundan əvvəl bunu təsəvvür etmək mümkün deyildi. Əgər bu barədə kimsə nə isə desəydi, onu heç kim ciddi qəbul etməzdi. Ancaq bu gün bu, reallıqdır. Bu reallıqları biz yaradırıq. Azərbaycan dövləti və Azərbaycan xalqı yaradır ki, idman daha da sürətlə inkişaf etsin”-deyən prezident idmanın inkişafının hər bir ölkənin ümumi inkişafının göstəricisi olduğu fikrindədir: "Əgər beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında medal qazanan idmançıların vətəndaşlığına nəzər salsanız, görərsiniz ki, inkişaf etmiş ölkələrin idmançıları daha çox medal qazanırlar. Biz də inkişaf etmiş ölkə olmaq istəyirik, bu yolla gedirik və əminəm ki, biz buna da nail olacağıq”.
Aprel döyüşləri göstərdi ki...
Ön cəbhədə yağı düşmənlə üz-üzə qalan, torpaqlarımıza göz dikən düşməni daim məhv etməyə hazır olan əsgər və zabitlərimiz işğal altında olan yurd yerlərimizi azad etmək üçün hər an Silahlı Qüvvələrin Ali Baş Komandanının -İlham Əliyevin əmrini gözləyirlər. Prezident tez-tez cəbhə bölgələrində olur, o ərazilərdə yaşayan insanlarla görüşür, daim onların yanında olduğunu bildirir. Təsadüfi deyil ki, ölkə başçısı ötən il ad gününü məhz cəbhə bölgəsində, Vətənin keşiyində duran əsgər və zabitlərlə bir yerdə keçirdi. Ermənistanla müharibə şəraitində yaşayan xalqımızın döyüş və vətənpərvərlik ruhunun yüksək olması, ordu quruculuğunda böyük nailiyyətlərə imza atılması, kimliyindən asılı olmayaraq hər bir vətəndaşımızın torpaqlarımızın azad olunması uğrunda döyüşməyə hazır olması Azərbaycan cəmiyyətinin tam şəkildə prezidenti dəstəkləməsinin təzahürüdür. Aprel döyüşləri vaxtı Lələtəpə yüksəkliyinin düşməndən azad olunması hadisəsinə münasibət bildirən ölkə başçısı "Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan vətəndaşları vətənpərvər vətəndaşlardır. Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar”- deyərək, xalqı ilə qürur duyduğunu fəxarət hissi ilə qeyd etdi. Aprel döyüşlərini "şanlı qələbəmiz” adlandıran prezident Azərbaycan Ordusunun öz gücünü göstərdiyini bir daha vurğuladı: "Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda,Dağlıq Qarabağda da elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır”. Ermənistanın siyasi rəhbərliyinin işğalçılıq hərəkətlərinin onları uçuruma apardıqlarını qeyd edən dövlət başçımız öz ərazi bütövlüyümüzü bərpa edəcəyimizi qətiyyətlə bildirir: "Biz haqq yolundayıq. Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

Azərbaycan artıq Qarabağ məsələsində siyasi müstəvidə də böyük üstünlük əldə edib. Uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycanın haqlı olması dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən birmənalı olaraq qəbul edilir. Artıq bu üstünlük Ermənistanda da etiraf edilir. Təsadüfi deyil ki, aprel döyüşlərindən sonra Ermənistanın dövlət kimi siyasi fəaliyyəti tam iflasa uğrayıb.
Siyasətimizin mərkəzində - Azərbaycan vətəndaşı
İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovulan bir milyondan artıq qaçqın və məcburi köçkünün prezidentidir. Dövlət başçısı bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq və məşğulluğunu artırmaq üçün müntəzəm olaraq ciddi tədbirlər görülməsi üçün sərəncamlar imzalayır, fərmanlar verir. Bu istiqamətdə qəbul edilən proqramların icrası uğurla davam etdirilir. Soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində son illər əhəmiyyətli tədbirlər görülür: "Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusilə işğaldan əziyyət çəkən vətəndaşlarına böyük diqqətlə yanaşır, qayğı göstərir. Bu, bir daha Azərbaycan dövlətinin siyasətini əks etdirir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Məcburi köçkünlər uzun illərdir ki, işğaldan əziyyət çəkir. Təbii ki, köçkünlər üçün ilk növbədə, yaşayış yerləri inşa edilməli idi və edilir. Eyni zamanda, onların məşğulluğu ilə bağlı çox ciddi addımlar atılır. Hələ ki, görüləsi işlər çoxdur”- deyə prezident qaçqın və məcburi köçkünlərlə görüşdə bildirir. Dövlət başçısı qaçqın və köçkünlərimizin bir gün dədə baba torpaqlarına qayıdacağını əminliklə bildirməklə, Azərbaycan xalqı və dövlətinin torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulayır. Azərbaycan xalqının iradəsinə, gücünə arxalanmağı vurğulayan dövlət başçısı bu məqsədlə iqtisadiyyatımızı və ordumuzu gücləndirməyin vacibliyini bildirməklə yanaşı "Biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq”- deyə səslənir.
Azərbaycana gəlin
Prezident İlham Əliyev bütün dünyada yaşayan milyonlarla azərbaycanlının prezidentidir. Artıq ölkəmizdə keçirilməsi ənənəyə çevrilən Dünya Azərbaycanlılarının qurultaylarında prezident soydaşlarımızı hər dəfə birliyə çağırır: "Mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq”.Dövlət başçısı xaricdə yaşayan azərbaycanlıların həyatı, taleyi, işləri ilə daim maraqlanaraq onların olduqları ölkələrdə rahat yaşamaları, yaxşı mövqe tutmaları, yaxşı imkanlara sahib olmaları və eyni zamanda, öz doğma Vətənlərinə xidmət etmələri üçün dəstək olmağa çalışır: "Biz həmişə xaricdə yaşayan azərbaycanlıların həyatı, taleyi, işləri ilə maraqlanırıq. Çalışırıq ki, onlara öz dəstəyimizi verək. İstəyirik ki, onlar olduqları ölkələrdə rahat yaşasınlar, yaxşı mövqe tutsunlar, onların yaxşı imkanları olsun və eyni zamanda, öz doğma Vətəninə də xidmət etsinlər”. Prezident xüsusən bu il verdiyi sərəncam və fərmanlarla xaricdə yaşayan iş adamlarını ölkəmizə sərmayə qoymağa çağırır: "Sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir. Bu gün sərmayə qoyuluşu problemləri, həmçinin bazarlarla bağlıdır. Çünki dünyada, yaşadığımız bölgədə, Yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir. Yeni qarşıdurma, münaqişə ocaqları yaranır, sabitlik pozulur. Sabitlik olmayan yerdə investisiya da olmayacaqdır. Azərbaycanda sabitlik var. Biz bunu mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında və bəyanatlarında görürük. Bu sabitliyin təminatçısı, qarantı Azərbaycan xalqıdır. Bu, gözəl biznes imkanları üçün də gözəl şərait yaradır. Ona görə bir daha demək istəyirəm və xüsusilə böyük maliyyə imkanlarına malik olan azərbaycanlı iş adamlarına müraciət etmək istəyirəm: Azərbaycana sərmayə qoyun. Sərmayələr Azərbaycan dövləti, o cümlədən qəbul edilmiş qanunlar tərəfindən layiqincə qorunur”.
Hamımızın dostu
Prezident İlham Əliyev ölkəmizin böyük müəllim və tibb işçiləri ordusunun, neftçilərin, uşaqların, nəhayət biz jurnalistlərin... dostudur. Özünün dediyi kimi, hər bir azərbaycanlının prezidentidir.

Ölkə başçımıza Azərbaycanın gələcək inkişafı, müstəqilliyimizin qorunması, əmin-amanlığı, xalqımızın tərəqqisi istiqamətində göstərdiyi fəaliyyətdə uğurlar arzulayırıq!
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər