• cümə axşamı, 25 aprel, 02:30
  • Baku Bakı 19°C

Hər bir Azərbaycan vətəndaşının Prezidenti

23.04.20 10:08 404
Hər bir Azərbaycan vətəndaşının Prezidenti
Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. Prezidentin saytına istinadla həmin məktublardan bir qismini təqdim edirik.
Müqəddəs və təqdir olunan əməl
Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri, Xəzər Rayon Ağsaqqallar Şurasının üzvü, tarix elmləri doktoru, professor Təvəkkül Səlimov: "Əziz Prezidentimiz. Vətənimizin birbaşa adınız və fəaliyyətiniz ilə bağlı olan şanlı tarixi illəri ərzində Azərbaycan xalqının möhtəşəm yüksəlişi və inkişafı Sizin üçün həmişə başlıca amal və müqəddəs bir vəzifə olub. Bu gün zaman bəşəriyyəti və onun bir parçası olan Azərbaycan xalqını koronavirus xəstəliyi ilə sınağa çəkərkən bizim hər birimiz bir daha bu həqiqətin şahidi oluruq. Bütün dini kitablarda günahsız bir insanı ölümdən qurtarmaq müqəddəs və təqdir olunan əməl sayılır. Dünyada tüğyan edən koronavirus xəstəliyi ilə əlaqədar atdığınız addımlar, o cümlədən xəstəliyə qarşı mübarizə tədbirləri ilə bağlı dəstək fondunun yaradılması, mövcud tibb müəssisələrinin qısa müddətdə beynəlxalq standartlara uyğunlaşdırılması, tezliklə modul tipli müasir xəstəxanaların istifadəyə veriləcəyi, müasir tibbi avadanlıq və ləvazimatların alınması, fədakar və qəhrəman səhiyyə işçilərinin əməkhaqlarının artırılması, pandemiya ilə əlaqədar işə gedə bilməyən əməkdaşların əməkhaqlarının saxlanılması, ölkə üzrə imkansız ailə və şəxslərə yardımların göstərilməsi, sahibkarlara dövlət dəstəyinin verilməsi, əhalinin sağlamlığının qorunması üçün karantin rejiminin tətbiqi, xüsusən də Sizin müntəzəm olaraq xalqa müraciət və çağırışlarınız insanlar tərəfindən çox böyük rəğbət, əsl humanizm nümunəsi kimi qarşılanır. Bütün bunlar çətin zamanlarda sosial həmrəyliyin cəmiyyət üçün nə qədər böyük əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Bütün bunlar Sizin 2003-cü ildə prezident seçkiləri ərəfəsində söylədiyiniz "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” sözlərinizin tam mənası ilə sübutudur. Möhtərəm Prezidentimiz, biz – Xəzər rayonunun ziyalıları, habelə rayonumuzun qədirbilən və Siz çox sevən sakinləri həmişə olduğu kimi, bu çətin günlərdə də Azərbaycanımız yolunda atdığınız bütün addımları rəğbətlə qarşılayır, xəlqi mahiyyət daşıyan bu işlərdə Sizləri dəstəkləyirik. Hər şeyə görə minnətdarıq. Var olun, sağ olun”.
Hər bir vətəndaş Sizə inanır və güvənir
İsmayıllı rayonu, Basqal qəsəbə sakini Nərgiz Əsədli: "Hörmətli cənab Prezident. Sizə bu ölkənin gənc vətəndaşı olaraq təşəkkür dolu məktubumu çatdırmaq istəyirəm. Bütün dünyanın birlikdə mübarizə apardığı bu gizli düşmənlə qarşı-qarşıya qaldığımız bir zamanda xalqımızın yanında olduğunuz üçün şəxsən öz adımdan Sizə böyük minnətdarlıq hisslərimi bildirirəm. Sizin uğurlu tədbirləriniz nəticəsində xalqımız bu çətinliyi də geridə qoyacaq. Əminliklə bildirirəm ki, hər bir vətəndaş Sizə inanır, güvənir və Sizi öz yanında hiss edir. Biz birlikdə güclüyük və Sizinlə güclüyük. Yaxşı ki, bizim rəhbərimiz Sizsiniz. Hər zaman "İlhamla irəli”yə addımlamağa hazırıq. Uca Yaradan Sizi, ailənizi və xalqımızı qorusun. Sağ olun”.
Xalqa olan dərin məhəbbət
Şabran rayon sakini, şair-publisist Zakir Bayramlı: "Hörmətli cənab Prezident. Sizin rəhbərliyiniz və təşkilatçılığınızla respublikamızda koronavirusla bağlı xüsusi karantin rejimi üzrə görülən tədbirləri alqışlayırıq. Sizin Sərəncamlarınız və verdiyiniz xüsusi tapşırıqlar əsasında vaxtında qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə bu qorxulu və dəhşətli pandemiyanın yayılması tempini xeyli aşağı salmaq mümkün olmuşdur. Karantin müddətində əhalinin normal yaşamasının və sosial rifahının təmin edilməsi üçün operativ və təxirəsalınmaz işlər həyata keçirilmişdir. Bütün bunlar Sizin baş verəcək hadisələri qabaqcadan görmək bacarığınızdan, çətin və qorxulu situasiyaları qiymətləndirmək səriştənizdən, siyasi çevikliyinizdən və xalqa olan dərin məhəbbətinizdən irəli gəlir. Bütün sanitar-gigenik tədbirlərin görülməsini, insanların hərəkətinin məhdudlaşdırılmasını, cərimələrin tətbiqini və s. respublikamızda koronavirusdan qorunmağın yeganə yolu kimi dəyərləndiririk. Var gücünüzlə, qəlbən respublika əhalisinin qorxunc bəladan qurtulmasına çalışdığınıza görə, hörmətli Prezident, Sizə öz minnətdarlığımızı bildiririk”.
Virusun qarşısını almaq məqsədi
Şəki sakini, "Tərəqqi" medalına layiq görülmüş Zəminə Rəsulova: "Möhtərəm cənab Prezident. Sizə və Mehriban xanım Əliyevaya həm öz adımdan, həm də bütün Şəki sakinləri adından dərin minnətdarlığımı bildirirəm. Bu gün bütün dünya məlum dəhşətli pandemiya ilə mübarizə aparır. Hər gün müxtəlif ölkələrdə bu pandemiya səbəbi ilə minlərlə ölüm qeydə alınır. Azərbaycanda məhz Sizin uzaqgörən siyasətiniz sayəsində hələ heç bir yoluxma halı qeydə alınmamış bu virusun qarşısını almaq məqsədi ilə yüksək təhlükəsizlik tədbirləri görüldü, xüsusi karantin rejimi tətbiq edildi. Məhz Sizin və Mehriban xanımın sayəsində bu gün Azərbaycanda bu virusa yoluxma və ölüm sayı, şükürlər olsun ki, çox azdır. Möhtərəm Prezident, Siz xalqın rifahını, sağlamlığını qorumaq məqsədi ilə müxtəlif göstərişlər verdiniz. Bütün bunlara görə biz Sizə minnətdarıq. Sizə və ailənizə möhkəm cansağlığı arzu edirəm”.
Çətin günlərdə xalqa dəstək
Bakı şəhəri Nizami rayon sakinləri Roza Səmədova, Elnur Qəniyev, Vahid Quliyev və Musa Həsənlinin birgə məktubundan: "Əziz Prezidentimiz. Koronavirusla mübarizədə xalqımızı qorumaq üçün gördüyünüz səmərəli qabaqlayıcı tədbirləri alqışlayır, Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyirik. Çox sağ olun ki, bu çətin günlərdə xalqa dəstək olursunuz. Aztəminatlı ailələrə 190 manat birdəfəlik ödəmənin verilməsi ilə əlaqədar yeni sosial paketin təsdiq edilməsi təqdirəlayiqdir. Siz bununla bir çox işsiz ailənin evində ocağın alovlanmasına, qazanın qaynamasına, bir sözlə, onların xoş güzəranına səbəb oldunuz. Sizə və ailənizə daim xoş günlər, evinizə bol ruzi-bərəkət arzulayırıq. Ulu Tanrı Sizi daim var eləsin, cənab Prezident”.
Təhlükəsizlik və yaşayış səviyyəsi
Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Naxışnərgiz kənd sakini Qəzənfər Qurbanov: "Hörmətli cənab Prezident. Sizin sayənizdə xalqımızın təhlükəsizliyi və yaşayış səviyyəsi yüksək səviyyədədir. Hansı bəla gəlsə də, xalqımız yenə də Sizin sayənizdə rahat günlərini yaşayır. Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı əvvəlcədən qəbul etdiyiniz qərarlara görə itkilərimiz başqa ölkələrlə müqayisədə dəfələrlə azdır. Ölkəmizdə bu sahədə əldə olunan müsbət nəticələrinə görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə təşəkkürümü bildirirəm”.
Müdrik və uğurlu siyasət
Bakı şəhəri, Səbail rayon sakini Əli Hümbətov: "Hörmətli cənab Prezident. Bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşiblər. Sizin müdrik və uğurlu siyasətiniz nəticəsində atılmış addımlar və görülmüş qabaqlayıcı tədbirlər sayəsində COVID-19-un ölkəmizdə geniş yayılmasının qarşısı alındı. Möhtərəm cənab Prezident, işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi və yaşı 65-dən yuxarı şəxslərə evdə xidmət göstərilməsi bir daha nümayiş etdirdi ki, sosial müdafiəyə ehtiyacı olan şəxslər dövlətin himayəsindədirlər. Ümid edirik ki, bütün dünyanı cənginə alan xəstəlikdən tezliklə qurtulacağıq. Bir vətəndaş olaraq hamımız karantin qaydalarına, qoyulmuş qadağalara sonadək riayət etməliyik. Çünki yalnız bu yolla öz sağlamlığımızı qoruya bilərik. Cənab Prezident, Sizə dərin ehtiramımızı qəbul etməyinizi xahiş edirik”.
Hazırladı: Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər