• cümə, 29 Mart, 13:58
  • Baku Bakı 14°C

Həmsədrlərin mövqeyi birmənalı qarşılanmır

27.10.16 09:47 1569
Həmsədrlərin mövqeyi birmənalı qarşılanmır
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriu (Fransa) vəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik oktyabrın 23-25-də regiona səfərlərinin yekununa dair bəyanat yayıblar. Bəyanatda bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri, Ermənistanın yeni təyin olunmuş müdafiə naziri və Dağlıq Qarabağın "de-fakto” hakimiyyəti ilə görüşlər keçiriblər. Səfərin məqsədi bu ilin aprel ayında baş verən toqquşmadan sonra vəziyyəti müzakirə etmək, habelə danışıqlar prosesində mövqeləri dəqiqləşdirmək olub. Həmsədrlər qeyd ediblər ki, atəşkəs rejimi haqqında razılaşmaya əməl edilməsi danışıqların davam etdirilməsi üçün çox vacibdir. Bundan başqa, vasitəçilər Vyana və Sankt-Peterburqda qəbul olunmuş qərarların tam həyata keçirilməsinin zəruriliyini vurğulayıblar. Vasitəçilər davamlı sülh naminə danışıqların irəliləməsi üçün işgüzar təklifləri də müzakirə ediblər. Prezidentlər isə nizamlanma prosesinin irəliyə aparılması ilə bağlı öz mövqelərini bildiriblər. Bundan əlavə, həmsədrlərinATƏTXarici İşlər Nazirləri Şurasının bu ilin dekabrında Hamburqda keçiriləcək toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşərək, ilk imkandaca prezidentlərin görüşünün təşkil olunması məsələsini müzakirə edəcəkləri bildirilir.

Onu da deyək ki, Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik keçirdiyi mətbuat konfransında "Azərbaycan prezidentiİlham ƏliyevDağlıq Qarabağın statusu ilə bağlı müzakirələrə başlayıb və biz bunu alqışlayırıq” deyib. Bildirib ki, əgər Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması məsələsi müzakirə olunursa, eyni zamanda status məsələsi də müzakirə olunmalıdır: "Münaqişənin hərtərəfli həlli barədə tez-tez danışılır. Biz anlamalıyıq ki, bütün elementlər müzakirə olunmalıdır. Biz hər hansı bir mövzunu seçib, onu ümumi kontekstdən kənar müzakirə edə bilmərik. Buraya qaçqın və məcburi köçkün məsələsi, sülhməramlı qüvvələrin mandatı məsələsi daxildir. Bunlar hamısı paket müzakirələrdir”.

Yayılan bəyanatı ekspertlərlə müzakirə edib bundan sonrakı gedişat haqda proqnozlarını öyrəndik. Təəssüf ki, deyilənlər nikbinliklə qarşılanmır və mövqelərdə ölkəmizə qarşı yenidən qərəzli münasibət hiss olunduğu bildirilir.

Millət vəkili Elşən Musayev "Kaspi”yə açıqlamasında dedi ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı ənənəvi ritorikaya hesablanıb: "Onlar heç şübhəsiz, regionda vəziyyətin bu cür sabit qalmasından narazı deyillər. Çünki təyinatları, məramları kompromis, barışdırıcı mövqe sərgiləmək, sülhü təmin etməkdir. Paralel olaraq vurğulayım ki, haqqında danışdığımız bəyanatda sətiraltı eyhamlar da az deyil. Diqqət edin, təcrübəli Uorlik status məsələsinə xüsusən toxunur və Azərbaycan tərəfinin status müzakirələrə başlamağa hazır olduğunu bildirir. Məsələnin məğzi isə bundan ibarətdir ki, Dağlıq Qarabağın statusu ilə bağlı ortalıqda mübhəm deyə bir şey yoxdur. Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirib ki, bütün müzakirələr yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası kontekstində aparıla bilər”.

Millət vəkili onu da qeyd etdi ki, Azərbaycanın mövqeyinə xüsusi həssaslıqla yanaşılmalıdır. Çünki Ermənistan işğalçı tərəfdir, torpaqları zəbt olunan isə Azərbaycandır: "Üstəlik, aprel döyüşlərindən sonra Azərbaycan ordusunun şücaəti və mövcud iqtidarın prinsipial mövqeyi, müharibəyə hazır olduğunu faktiki şəkildə göstərməsi ondan xəbər verir ki, ölkəmiz heç bir zaman öz tutduğu ədalətli mövqeyindən bir addım da olsun, geri çəkilməyəcək. Elə bu səbəbdən də, son zamanlar beynəlxalq dairələrin müharibə ilə bağlı narahatlığı artıb. Minsk qrupunun da əvvəlki dövrlərdən daha fərqli olaraq, mövzuya həssas və ehtiyatla yanaşması bu səbəbdəndir”.

Politoloq Elxan Şahinoğlu da ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin dedikləri barədə xoş fikirdə deyil: "O, İrəvanda keçirdiyi mətbuat konfransında sensasiyaya səbəb olacaq açıqlama verib. Amerikalı diplomat deyib ki, "Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrə başlayıb və biz bunu alqışlayırıq”. Ermənilərin qulağına xoş olan bu xəbərə aydınlıq gətirilməlidir. Azərbaycan prezidentinin statusla bağlı son fikri Rusiyanın "Sputnik” agentliyinə verilən müsahibəsində əks olunub. Həmin müsahibədə İlham Əliyev Dağlıq Qarabağa yalnız muxtar respublika statusunun verilə biləcəyini deyib. Ceyms Uorlik İrəvanda erməni separatçılarını sevindirəcək daha bir fikir söyləyib. Deyib ki, "əminəm ki, Anjey Kaspşikin missiyasının genişlənməsi doğru istiqamətdə vacib addım olacaq”. ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasının genişlənməsi atəşkəsin uzunömürlü olması və beləcə işğalın davamının uzanması deməkdir ki, bu, Azərbaycanın maraqlarına cavab vermir”.

Politoloq C.Uorlikin İrəvanda dediyi bircə açıqlama ilə razılaşmağın mümkün olduğunu düşünür: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı hələlik müəyyənləşməyib”. Çünki görüş ilin sonuna qədər ümumiyyətlə baş tutmaya bilər. Ceyms Uorlikdən əvvəlki amerikalı həmsədr Metyu Brayza da Bakıda bir söz, İrəvanda isə fərqli söz deyərdi və hər dəfə də etiraz edərdi ki, Ermənistandakı açıqlamalarını təhrif ediblər. Əgər Uorlikin də açıqlamasını erməni saytları dezinformasiya məqsədilə təhrif ediblərsə, amerikalı həmsədrin dediklərinə aydınlıq gətirməsi vacibdir. Çünki Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılması rəsmiləşdirilmədən Azərbaycan rəsmiləri həmsədrlər və qarşı tərəflə status məsələsini müzakirə etməyəcək. Yox, əgər Uorlik İrəvandakı açıqlamasının arxasında duracaqsa, ya məsələyə Prezident Administrasiyasının mətbuat xidməti, ya da XİN-nin mətbuat xidməti qarışmalıdır”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər