• cümə axşamı, 25 aprel, 23:04
  • Baku Bakı 21°C

Həmişə özünüz oldunuz

24.01.17 14:00 2127
Həmişə özünüz oldunuz
Hörmətli Cahangir müəllim!
Bəlkə də bu məktubdan çox bir etirafdır. Bilirəm ki, düşüncələrim sizdən dərs almış bütün tələbələrin ürəyincə olacaq. İllərin sınaqları, təzadları, müxtəlif məqamlar, dəyişən və dəyişməyən münasibətlər - yaşadığımız bu ağlı-qaralı həyatın özü bütün gizlinləri ilə bir güzgüdür. Onun həqiqətindən uzun müddət yayınmaq mümkün olsa da, əbədi deyil. Əslində, Cahangir müəllim, sizin mənə avtoqrafla göndərdiyiniz kitabınız barəsində ürək sözlərimi qələmə almaq istəyirdim. Sizə olan rəğbətim, hörmətim həmişə şifahi şəkildə bildirilib. Böyük məhəbbət və qürurla söyləmişəm ki, baxın, hansı tələbə müəlliminə "dədə”, müəllimi də ona "nənə” deyir? Sizin sadəliyiniz, mehribanlığınız, səmimiyyətiniz həmişə tələbələrinizlə aranızda bu cür mənəvi körpünü qura bilib. Bu qış ömrünüzün 75-ci pilləsinə qədəm qoyursunuz. Elə bu səbəbdən də kitaba keçməzdən əvvəl sizin şəxsiyyətinizlə bağlı illərlə ürəyimdə mürgüləyən bəzi fikirləri qələmə almaq istədim.
Ötən əsrin 70-ci illərində Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində sözün həqiqi mənasında ideal müəllimlər dərs deyirdilər. Düzlük, saflıq, müqəddəslik havasının içində idik. Sovet dövrü idi. Quruluşun öz qayda-qanunu var idi. Amma müəllimlərimiz bizi savadlı, dünyagörüşlü, əsl vətəndaş və milli ruhda yetişdirmək üçün əllərindən gələni əsirgəmirdilər. Bilirəm ki, onların adlarını çəkməsəm, məndən inciyərsiniz: Əzizə Cəfərzadə, Mir Cəlal, Qulu Xəlilov, Nəsir İmanquliyev, Famil Mehdi, Tofiq Rüstəmov, Şamil Qurbanov, Şirməmməd Hüseynov... Jurnalistika fakültəsi bizim üçün bir Kəbə eviydi. Biz müəllimlərimizi sevirdik, inanırdıq, müəllimlərimiz də bizə öz doğmaları kimi yanaşırdılar. Qiymət kəsmək, tələbəni incitmək, ondan nəsə ummaq - bu cür mənfi hallar fakültəmizin kollektivindən çox uzaq idi. Hətta təqaüd ala bilməyən tələbə barəsində də onun özünün xəbəri olmadan xeyirxahlıqlar edilirdi. Onda siz çox gənc idiniz. Bəlkə tələbələr arasında yaşıdlarınız da var idi. Amma həmişə sadəliyiniz, həssaslığınız ilə seçilirdiniz. Siz bütün tələbələrin doğması idiniz. Dərdimizdən-sərimizdən xəbər tutardınız.
İllər keçdi. Fakültəmizin təkcə binası deyil, o müəllimlərin əksəriyyəti öz dünyasını, müəyyən abı-hava da sanki "iqlim”ini dəyişdi. İçimdəki narahatlıq mənə əzab verirdi. Mən əvvəlki fakültəmizi görmək istəyirdim. Doğrudur, indi də orada xətrini çox istədiyim, elmi və pedaqoji fəaliyyətini təqdir etdiyim alicənab insanlar, eləcədə fədakar müəllimlər, yaxın dostlarım çalışırlar. İnciməsinlər məndən, məhz o havanı ala bilmirdim. Cahangir müəllim, nolar mənim fikirlərimi təqdir edin. Səmimiyyətimə də inanın, çünki ömrüm boyu çalışmışam ki, həqiqəti deyim, ya da bu mümkün deyilsə, susmuşam. İndi susmaq istəmədim. Sizə necə güvəndiyimi bilirsiniz. Fakültəmizin əvvəlki çağlarını görmək istəyirəm. Bu naxışları vurmaq çətin deyil ki, sizə? "Alim olmaq asandır, insan olmaq çətin” belə deyib müdriklər. Qoy ikisi də çətinləşsin. Amma onları birləşdirən meyarlar, ənənələr və nəhayət, qüdrətli idarəetmə var olsun. Umduğum budur! Ətrafınızdakı dəyərli insanlar sizə kömək edərlər!
Siz 1968-ci ildən - məhz fakültəmizi bitirən gündən bu ünvanda çalışırsınız. Kimin kim olduğu bəllidir. Sizin köhnə tələbələriniz arasında necə böyük hörmət və məhəbbətiniz var, mən bunu yaxşı bilirəm. İndiki nəslin xətrinə dəyməsin. Mən hələ də o dövrün ovqatındayam. Əlbəttə, siz bütün zamanlarda öz mərdliyinizi saxlaya bildiniz. Qəlbiniz yaxşılıq və nəcib hisslərlə doludur. Həmişə özünüz oldunuz! Dəyişmədiniz. Şöhrət sizə yaxınlaşdı, siz onun ardınca getmədiniz. Siz bütün tələbələrin məhəbbətini qazandınız. Tale elə gətirdi ki, çalışdığım telekanalda sizinlə bir neçə dəfə həmmüsahib oldum. Bu yaşımda yenə də sizdən öyrənməkdən zövq aldım. Mənin ömürlük müəllimim! Mərd insan həmişə dayaq olur, mayaklıq edir. Xəyanətdən, mənfi aura yaratmaqdan uzaqda dayanır. Elə bu məziyyətlərinizə görədir ki, dara düşəndə də yenə sizi axtarırıq. "Cahangir müəllimə deyərik” fikri artıq həmkarlarım arasında bir çıxış yoluna çevrilib. Adınız çəkilən kimi çöhrələrdə işıq yanır. Çünki siz etibarlı və xeyirxah insansınız.
Sizə belə məktub yazdığım üçün, məni qınamayın. Ad gününüz ərəfəsində mənin də təbrikim belə alındı. İstədim ki, biləsiniz, biz sizi çox sevir və qürur duyuruq. İndi isə tələbənizin sizin kitabınız barəsindəki fikirlərilə tanış olun. Qiymətiniz maraqlıdır. Məni əlaçılıqdan salmayacaqsınız ki? Yəqin ki, təqaüdümü "Kaspi” verməli olacaq.
Biləsiniz ki, "Dünya sözə qalacaq” adlı kitabınıza yazdığınız avtoqraf əslində jurnalistlik fəaliyyətimə verdiyiniz qiymət kimi məni çox kövrəltdi: "Azərbaycan ədəbi-ictimai mühitinin yüksək qiymətləndirdiyi, insanlığı, peşəkarlığı ilə hər kəsin məhəbbətini qazanmış, müqəddəs fakültəmizi bitirməsindən qurur duyduğum Flora xanıma-ən böyük arzu və diləklərlə-müəllifdən- müəllimindən!” Sözün insan qəlbində yaratdığı ən dərin sevinc və fərəh hisslərindən biri də məhz öz böyüyündən, müdrik sandığı insandan belə dəyəri duymaqdır. Ürəyinizə və qələminizə sağlıq! Söz insanın içinin ətri və xarakterinin göstəricisidir. Bəzən insanlar xoş söz deməyə də belə xəsislik edirlər. Siz bütün mənalarda səxavətli və alicənabsınız. Sizdən öyrəniləsi nümunələr çoxdur. Məktəb belə yaranır.
1977-ci ildən - universiteti bitirəndən mətbuatdayam. Düz 40 ildir ki, əlimdə qələm adidən aliyə - çoxundan yazmışam. Amma həmişə sizin - əziz müəllimlərim haqqında söz deyəndə istər-istəməz həyəcan keçirmişəm. Bu gün də belədir. Həmişə bu ruhdakı yazılarımı müəllimlərim qarşısında bir hesabat və imtahan sanmışam. Böyük həvəslə kitabınızı oxudum. 27 ədəbi tənqidi məqaləniz - elmi publisistik əsəriniz milli düşüncəmizin müasir əks-sədası təsirini bağışladı. Kitaba ön söz yazmış filologiya elmləri doktoru, professor Nəsir Əhmədlinin fikirləri ürəyimdən xəbər verdi: "Cahangir Məmmədlinin ən adi yazılarında da bədii sözün işartısı var. Onun üçün ən yaxşı bədii əsər ədəbi aləmdə bir hadisədir və o, həmin hadisəyə mütləq reaksiya verir. Bu kitabda Cahangir Məmmədlinin hadisə hesab etdiyi əsərlərə rəyləri toplanıb.” Bu məqamda sizin bizə verdiyiniz bir tövsiyəni də xatırladım: "Bədii ədəbiyyata yaxın olmayan adamın öz üslubu olmur”. Həyat-qələmlə uzun illər bağrıbadaş olmağım da sübut etdi ki, siz haqlısınız. Bilirsinizmi, Cahangir müəllim, siz sözün səsini eşidən, yerini bilən, qüdrətini duyan və üstəlik də onun xiridarı olan alim pedaqoqsunuz. Bu səbəbdən də yazılarınızın şah damarı elə sizin səmimiyyətinizdir. "Sənətkarın estetik ideallar sistemi” adlı yazınız sizin də müəlliminiz olmuş yazıçı Mir Cəlalın iki cildliyi ("Mir Cəlal həyatı, mühiti, ədəbi, elmi və pedaqoji fəaliyyəti”-2014. "Nurlar” nəşriyyatı.) barəsindədir. Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatının bünövrəsini qoyanlardan biridir. Mir Cəlal həm də çoxumuzun ən unudulmaz, sevimli müəllimi olmuşdur. Yaradıcılığı və pedaqoji fəaliyyətilə oxucularını, tələbələrini-millətini həmişə kamilləşdirmık istəyi ilə yaşayan və bu missiyanı ləyaqətlə yerinə yetirməyi bacaran Mir Cəlalın ömür yolundakı məziyyətlərini bir daha göz önündə canlandırırsınız. "Bu böyük yazıçıdan, müəllimdən və alimdən öyrənmişik, öyrənirik və öyrənəcəyik” deyirsiniz. Cahangir müəllim, bax haqq budur, söz budur! Yeni nəslə tapşırıq da elə budur!
Xalq yazıçıları Anar və Elçinin yaradıcılıqları və onların barəsində yazılanlarla bağlı qələmə aldığınız ədəbi-tənqidi məqalələrdə də siz bədii sözün qüdrətini ustalıqla təqdim edərək zamanın ucalığında dayanan ədiblərimizə bəslədiyiniz ehtiramınızı, sevginizi gənclərə aşılıya bilirsiniz. Ümumiyyətlə, məhz sizi oxuyanı düşündürürsünüz. Ədəbi-tənqidi məqalənin bədii əsər kimi maraqla bir nəfəsə oxunması müəllifin məharətidir. Bu sizin qələminizin gücüdür.
Kitabda mənim çox sevdiyim, şəxsiyyətinə böyük rəğbətim olan Sona Vəliyevanın yaradıcılığı ilə bağlı dörd məqalə oxudum. Ayrı-ayrı vaxtlarda mətbuatda da diqqətimi çəkən bu yazılarda Sona xanımın yaradıcı portreti mükəmməl alınıb. Sözlə bu missiyanı ustalıqla yerinə yetirmək həm xanım yazarın istedadını, həm də müəllifin sözə verdiyi dəyərin önəmliliyini şərtləndirir. Sona Vəliyevanı "Yollara yağan yağışın poetik ovqatı”nda zərif duyğulu bir şair, "İşığa gedən yolun roman taleyi”ndə milli ruhlu yazıçı, "Şəxsiyyətin və yaradıcılığın uyarlıq məqamı”nda fədakar tədqiqatçı , "Klassikaya yeni qayıdış” da isə vətən sevdalı yaradıcı şəxsiyyət kimi görürük. Ayrı-ayrı adlarda və vaxtlarda yazılsa da bu ədəbi-tənqidi məqalələrin bir sarı simi var: Vətənə, xalqa bağlılıq, günün aktual problemlərini görməyi bacarmaq, ədəbi istedad və sonu görünməyən zəhmət.
Vaqif Səmədoğlu, Şirməmməd Hüseynov, Yavuz Axundlu, İsa Həbibbəyli, Rəşad Məcid, Afaq Məsud, Aqil Abbas, Bəhruz Axundov, Əli Əmirli, Natəvan Dəmirçioğlu, Zərdüşt Şəfizadə və digərlərinin yaradıcılığı barəsində yazdığınız məqalələrdə də estetik ideyalarınıza sadiq qalmısınız. Siz böyük rəğbətlə qəhrəmanlarınızın vətəndaşlığından, ziyalı mövqeyindən, şərəfli ömür yollarından danışır, onların hər birini örnək kimi təqdim edirsiniz. Sevdirməyi bacarırsınız, elə bu da sizin mənəviyyatınızın güzgüsüdür. Dəyişməz xarakterə, dəyanətə və iradəyə sahibsiniz. Sanmayın ki, illər sizi qocaldıb. Zəhmətiniz, səmimiyyətiniz, elminiz, ətrafa olan münasibətiniz sizi ucaldıb. Üzünü görmədiyiniz qələm sahibinin qəzetdə şeirlərini oxuyub təsirlənirsiniz , onun barəsində mətbuatda çıxış edirsiniz, xoş sözlər söyləyirsiniz, uğur olsun deyirsiniz. Gənc qələm sahiblərinin boynuna elə haqq qoyursunuz ki, onların yaxşı yazmaqdan başqa əlacları olmur. Nə gözəl üsuldur. Tərif bəzən tənqidin missiyasını elə məharətlə yerinə yetirir ki... Buna işıq ucu tapmaq deyirlər. Bu seçimi, bu böyüklüyü də hər kəs bacarmaz. Zəmanətləriniz də həmişə özünü doğruldur. Tələbəniz Ulusay Akif barəsində yazdığınız "Qadın şeirə sığmaz, qadın şeirin özüdür” ədəbi münasibətinizi yuxalmış ürəklə qarşıladım. Bir ovuc bulaq suyunu xatırladan şeirlərə həssaslıqla yanaşmanız, qiymətləndirməniz sizin söz xiridarlığınızdan və gənc istedadlara olan qayğınızdan xəbər verir. Bir də siz bu gənc şairi elə məsuliyyətə çəkirsiniz ki, pis yazmağa, tələskənliyə haqqı yoxdur. İşartı görmək özü də bir istedad və böyüklükdür. Sizin verdiyiniz məsləhətlərin, hətta tənqidin özündə də ədəbiyyatın, şerin tələblərinin çox incəliklə ifadə olunması da inama, gələcəkdə daha yaxşı olacaq ideyasına söykənir. Əlbəttə, bütün məqamlarda istedadın var olmasının fərqinə varırsınız. Siz səhvləri bağışlamağı bacararsınız, amma günahı əfv etməzsiniz. Mən yanlış düşünmürəm ki, əziz müəllimim?!
Bu kitabda mənim üçün maraq kəsb edən bir məsələ də var. Bütün ömrü boyu sözlə işləyən, onun minbir rəngini əzbər bilən, illərlə tələbələrinə öyrədən Cahangir Məmmədli öz kitabının adını cavan bir şairin əlyazma şəkilində oxuduğu şerlərindən təsirlənərək onun misralarından seçir? Eyni başlıqlı yazını oxudum və sizi başa düşməyə çalışdım. Bu da gəncləri tanıtmağın bir yoludur. Əgər Ələmdar Cabbarlının şeirləri sizi bu qədər valeh edibsə, demək, ədəbiyyatımıza, şeirimizə çox istedadlı bir şair gəlib. Stolumun üstündə qalaqlanmış şeir kitablarını son vaxtlar çox ehtiyatla vərəqləyirəm. Zəif şeirlər məni onlara yaxın düşməkdən uzaq salıb. Məhz yazınızdan sonra oxudum və sizə minnətdaram, Cahangir Məmmədli! Ürəyim parçalandı:
Vətən həsrətiylə, yurd həsrətiylə
Gözümdən tökülən yaşım göynəyir.
O eli, obanı xatırladıqca
Yaddaşım od tutur, huşum göynəyir.
Mən indi bildim ki, sizi düşündürən nə imiş? Bu ovqatdan sonra əllərim sözümə baxmadı, dayandım. Sizinlə müxtəlif tədbirlərdə, fakültəmizdə tez-tez görüşürük, telefonla danışırıq. Bilirsinizmi, indi nə arzulayıram? Növbəti yaşınızı Qarabağda- Ağdamda qeyd edək! Aparıcı da icazə versəniz, mən olum. Bilmirəm, bu sözüm yerinə düşdümü?
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər