• cümə, 29 Mart, 10:53
  • Baku Bakı 5°C

“Həmişə xəyal etmişəm” – Uğur hekayəsi

05.08.14 11:24 2747
“Həmişə xəyal etmişəm” – Uğur hekayəsi
Deyir ki, gənclik mübarizə, enerji, çətinliklərdən yaxşı mənada baş çıxarmaq deməkdir. Buna görə də qəti surətdə yorulmaq, ruhdan düşmək olmaz. Gənclik illərində maksimum şəkildə öz kapitalını yığmaq və düzgün istiqamətdə inkişaf etdirmək lazımdır. Müsahibimiz Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü, 2011-ci ildə ictimai fəallığına görə “İlin gənci” adına layiq görülən Şahin İsmayılovdur. Ş.İsmayılov ingilis, rus, fransız və alman dillərini bilir.
- 23 yaşınızdan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədrisiniz. Necə oldu ki, bu yaşda belə bir uğura imza atdınız?
- Sədr seçilənə təhsil aldığım Dillər Universitetində Tələbə Gənclər Təşkilatının sədri vəzifəsində çalışırdım. O vaxtkı sədrlər bir araya gələrək belə bir qərar verdik ki, bəlkə işimizi bir arada koordinə etsək, birləşsək, ümumilikdə tələbə gənclər təşkilatlarının işi daha yaxşı səviyyədə təşkil oluna bilər. 2009-cu ildən prosesi həyata keçirməyə başladıq və proses dövlət tərəfindən, Gənclər və İdman Nazirliyi tərəfindən dəstək aldı. 2009-cu ilin noyabrında qurultay keçirildi. Prezident Adminstrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev, rektorlar, prorektorlar da qurultayda iştirak edirdi. Qurultayın demək olar, yekdil qərarı əsasında mən yeni yaranan qurumun sədri seçildim. 23 yaşda Azərbaycanın ən böyük təşkilatına rəhbərlik etmək, işlərini sıfırdan qurub ərsəyə gətirmək o qədər də asan deyildi. Mənim üçün yeni iş imkanı yarandı, ətrafım dəyişdi, əlaqələrim genişləndi, həm də məsuliyyətim kifayət qədər artdı. Qeyd edim ki, ittifaq yeni yarananda elə olurdu, 16-17 saat, bəzən 3-4 gün ofisdə qalıb işləyirdik. Çətinliklərimiz çox olsa da, bundan zövq alırdıq. Hazırda ittifaq 109 təşkilatı öz ətrafında birləşdirir.
- Deyəsən, orta məktbdən ictimai fəal şagird olmusunuz. Sizə stimul verən nə idi?
- Orta məktəbdə dəcəl olmaqla yanaşı, dərslərimi kifayət qədər yaxşı oxuyumuşam. Aşağı siniflərdən həmişə fərqlənməyə çalışmışam. 4-cü sinifdən sinif nümayəndəsi olmuşam. Sinifə yeni müəllim gələndə çalışırdım ki, yaxşı mənada onun diqqətini cəlb edəm. 3 məktəb dəyişmişəm. Hər təzə məktəbin öz çətinlikləri vardı və hər məktəbdə qısa vaxt ərzində fərqlənməyə və müəllimlərin yaddaşında yaxşı şəkildə qalmağa cəhd edirdim. 5-ci sinifdən Məktəb Şagird Komitəsinə qoşuldum, 10-cu sinifdə sözügedən komitənin sədr müavini, 11-ci sinifdə sədri seçildim. 5-ci sinifdə sinif yoldaşlarımdan biri şuluqluq etmişdi. Sinif nümayəndəsi kimi sabah valideyni gəlməyəcəyi təqdirdə onu sinifə buraxmayacağımı dedim. Mən bunu bəlkə də uşaq düşüncəsi ilə etmişdim. Sabahısı gördük ki, sinif yoldaşım valideyni ilə birlikdə gəlib. Sinif rəhbərim gülə-gülə dedi ki, mən valideynləri çağırıram gəlmir, sən çağıran kimi gəlirlər. Həmişə dərslərimlə paralel ictimai işlərlə də məşğul olmağa çalışırdım. Tədbirlərdə aparıcı kimi iştirak edir, müxtəlif fənn olimpiadalarına qatılırdım. Riyaziyyat fənnindən Bakı şəhəri üzrə 3-cü, tarixdən ölkə üzrə 2-ci yeri tutmuşdum. Çalışırdım rayon üzrə keçirilən tədbirlərə də qatılım, ətrafım məni tanısın. Bir şeyi etiraf edim, həmişə xəyal edirdim ki, televiziya ekranından gördüyüm maraqlı adamlarla söhbət edəcəyəm, onlarla fikir mübadiləsi aparacağam, məni də nə vaxtsa televizorda göstərəcəklər, ofisim, kabinetim, qarşımda çoxlu telefon olacaq. Yəni həmişə bunları xəyal etmişəm və düşünürəm ki, xəyal etmək çox yaxşı şeydir. Hər zaman insan xəyal etməlidir. Xəyal etmək o demək deyil ki, sən xəyalpərəstsən. O xəyalın arxasına real bilikləri yığanda, xəyallar sənə gerçəklik kimi yaxın ola bilir. Şənbə-bazar günləri digər yaşıdlarımdan fərqli olaraq istirahət etmirdim, atamın yanında gedib ona kömək etməyi xoşlayırdım. Maksimum çalışırdım hərtərəfli biliklərim olsun.
- Həm Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, həm də Gənclər Fondu Müşahidə Şurasının üzvüsünüz. 3 işi bir arada çatdırmaq çətin deyil ki?
- Hər ikisinə də cənab prezidentin sərəncamına əsasən təyin olunmuşam. Bu işlər mənim üçün böyük təcrübə və məsuliyyətdir. Işlər çoxdur, amma gənclik enerji, təşəbbüskarlıq deməkdir və məncə, nə vaxtsa işlərin çoxluğundan, çatdırmadığımdan şikayətlənsəm, o deməkdir ki, artıq enerjim və təşəbbüskarlığım tükənib, yaxud da növbəti yaş mərhələsi ərəfəsindəyəm. Amma mənim şikayətim yoxdur. Işlərin çoxluğundan stimul alıram, burada keçirdiyimiz vaxtdan təkcə mən yox, bütün komandamız zövq alırıq. Taki iş həmişə çox olsun və bu iş bizə əlavə işləmək stimulu versin.
-Azərbaycanda keçirilən onlarla beynəlxalq və yerli tədbirlərin təşkilatçılarından biri olmusunuz. Bu qədər tədbirin təşkilatçılığı sizə tapşırılıbsa, demək, yaxşı təşkilatçısınız. Təşkilatçılığı ailənizdəmi öyrənmisiniz, ya orta məktəbdə?
- Məncə, bu, həm də ailədən gələn bir şeydir. Həmişə atam məni çətinliklərlə sınamağı xoşlayırdı. Işləri mənə hərtərəfli öyrətməyə çalışır və nəticəni tələb edirdi. Orta məktəbin də təşkilatçılığımın formalaşmasında böyük rolu var. Məktəb vaxtı tədbirlər təşkil edirdik. Bu tədbirlər universitet vaxtı daha da böyüdü. Universitetdə 1-ci kursdan patokumuzda bayram şənliklərinin təşkilinə başladım. Sonra bu, universitet səviyyəsində tədbirlərin təşkilinə gətirib çıxardı. Tədricən püxtələşib Tələbə Gənclər Təşkilatına gəldim. Eyni zamanda 3-cü kursdan universitet YAP-ın ilk ərazi təşkilatının sədr müavini kimi fəaliyyət göstərdim. Ictimai iş yaxı mənada bir xəstəlikdir. Sən bu gün bir tədbir keçirirsən, oradan heç bir gəlirin olmur, amma tədbirin sonunda sənə rəhbərlik tərəfindən “əhsən” sözü deyilirsə, yaxud müəyyən tədbirlərdə akt-zalındakı insanların ayaq üstə əl çalması artıq sənin növbəti tədbirləri daha yaxşı keçirməyinə stimul verir.
- Sizcə, hər bir gənc təşkilatçı ola bilərmi?
- Gəncləri bir neçə qrupa bölmək olar: təşəbbüskar, icraçı və təşkilatçı. Hamı çalışa bilər ki, təşkilatçı olsun, amma bu, hamıda yaxşı alına bilməz. Çalışmaq lazım deyil ki, bu üç xüsusiyyətin hamısı az-az da olsa, səndə birləşsin. Biri üzrə ən yaxşı oldun, kifayətdir.
- Tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması və fəallığının artırılması istiqamətində 2011-ci ildə bir qrup gənclə birlikdə ölkə prezidenti ilə görüşdünüz. Hazırda Azərbaycan tələbələrinin hansı problemləri var?
- Bu gün tələbələrin ilk növbədə yataqxana problemi var və hökumət bunu aradan qaldırmaq üçün işlər görür. Eyni zamanda fərdiləşmiş şəkildə təhlil etsək, imkansız tələbələrin təhsil haqqı ilə bağlı problemləri olur. Bundan başqa, bəzi müəllimlər tərəfindən subyektiv yanaşma səbəbindən müəlim-tələbə münasibətlərində müəyyən çətinliklər yaranır. Amma ümumilikdə götürsək, bu gün istər Azərbaycan tələbəsinin təqaüd, istər maddi-texniki təminatı baxımından qısa vaxtda böyük irəliləyişlər əldə edilib. Avropa standartlarına uyğun yeni təhsil müəssisələri yaradılıb.
- Fəal bir gənc kimi, tələbələrin fəallığı size qane edirmi?
- Tələbələrin əksəriyyəti düşünür ki, təhsillərini başa vurduqdan sonra rahat iş tapacaqlar. Bu, bir az qeyri-realdır. Tələbə təbii ki, yaxşı təhsil almalı, yaxşı oxumalıdır. Amma tələbə yaxşı oxumaqla bərabər, ictimai sahəni unutmamalıdır. Bu gün ictimai işlə məşğul olan gənc 4 ildən sonra özünü əmək bazarına kifayət qədər hazırlaya bilər, dünyagörüşü artar, ətrafını yığar, karyerası üçün kifayət qədər böyük imkanlar əldə edə bilər. Tələbələrə üz tutub demək istərdim ki, ictimai sahəni unutmasınlar, təşəbbüskar olsunlar, heç vaxt yorulmasınlar və ruhdan düşməsinlər. 1, 2, 3 bağlı qapıdan sonra mütləq hansısa qapı onların üzünə açılacaq. Düşünürəm ki, gənclik gün ərzində maksimum 3-4 saat yatmalıdır. Çünki insan gələcəyinin əsasını gənclik dövründə qurur. Insanın ətrafı da məhz gənclik illərində formalaşır. 30-35 yaşdan sonra onun ətrafının formalaşması bir az çətindir.
- Ailəlisiniz və bir övladınız var. Adətən Azərbaycan şəraitində qadınlar ailə qurandan sonra deyirlər ki, artıq karyerasına son qoyuldu. Bəs ailə kişilərin karyera pilləsində irəliləməsinə yardım edir, yoxsa, geri çəkir?
- Öncə onu deyim ki, qadınların təhsil alması daha vacib məsələdir. Çünki kişi sabahısı fəhlə işləyib ailəsinə çörək apara bilər. Bəs təhsilsiz qadın nə edəcək, gələcəyi bilmək olmur. Mənim şəxsi həyatıma gəldikdə, ailə qurduqdan sonra iş rejimimdə qlobal fərq görmədim. Ancaq ailəli adamın işə münasibəti yaxşı mənada dəyişir. Çünki daha məsuliyyətli olursan, artıq səndə müəyyən dəyərlər formalaşır. Bu, işə yaxşı təsir göstərir.
- Bir az da gələcək planlarınızdan danışaq. Gələcəkdə özünüzü harada görürsünüz?
- Söhbətimizin başlanğıcında xəyaldan danışdım. Təbii ki, gələcək karyeram üçün müəyyən xəyallarım, planlarım var və hazırda onun üzərində çalışıram. Doktoranturada təhsilimi davam etdirirəm. Düşünürəm ki, təhsil hər zaman lazımdır. Gələcəkdə də karyeramı ictimai sektorla bağlamaq istəyərəm.
- Ənənəvi sualımız: sizcə, karyera pilləsində uğur qazanmaq üçün nə etmək lazımdır?
- Daim təşəbbüskar olmaq, öz üzərində işləmək lazımdır. Qəti surətdə yorulmaq, ruhdan düşmək olmaz. Gənclik mübarizə, enerji, çətinliklərdən yaxşı mənada baş çıxarmaq deməkdir. Gənclik illərində maksimum şəkildə öz kapitalını yığmaq və düzgün istiqamətdə inkişaf etdirmək lazımdır.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər