• cümə, 29 Mart, 12:16
  • Baku Bakı 14°C

“Həmişə tunelin sonundakı işığı görür və ona doğru gedirəm” – Uğur hekayəsi

17.02.14 11:19 7215
“Həmişə tunelin sonundakı işığı görür və ona doğru gedirəm” – Uğur hekayəsi
Rubrikamızın budəfəki qonağı “British Council”da proqramlar departamentinin direktoru Nigar Baimovadır. Nigar xanımla karyerasının, həmçinin ailə ilə karyeranı bir arada apara bilməsinin sirlərindən danışdıq...
- Nigar xanım, magistratura təhsilinizi xaricdə almısınız. Necə oldu ki, təhsil almaq üçün xaricə üz tutdunuz?

- Azərbaycan Dillər Universitetini ingilis dili müəllimi ixtisası üzrə bitirdim. Sonra Britaniya Hökuməti Xarici İşlər Nazirliyinin Çivninq Təqaüd proqramı elan etdiyini eşitdim. Özümü sınamaq istədim, təqaüd proqramını qazandım və Böyük Britaniyanın Reading Universitetində təhsildə planlaşdırma və idarəetmə ixtisası üzrə magistratura təhsili aldım. Universiteti fərqlənmə diplomu ilə bitirdim. Qeyd edim ki, o vaxt hələ xaricdə təhsil dəb deyildi. Qohumlarımızın bəziləri narazılıq edirdi ki, 20 yaşlı gənc qızı xaricə tək göndərmək olmaz. Amma valideynlərim qohumlarımızın narazılığına baxmayaraq məni təhsil arxasınca Britaniyaya göndərdilər.
- Xaricdə təhsil almaq sizə nə verdi?

- Mən xaricdə yalnız akademik biliklər almadım, dünya görüşüm artdı, fərqli mədəniyyətlərlə tanış oldum, dost qazandım, yalnız özümə güvənərək yaşamağı öyrəndim. Düşünürəm ki, xaricdə yaşamaq çox maraqlı və faydalı bir təcrübədir. Gənclərimizə məsləhət görərdim ki, qarşılarına xaricdə təhsil almaq şansı çıxarsa, mütləq istifadə etsinlər. Çünki bu, onların həyatlarına müsbət dəyişikliyə səbəb olacaq, fərqli düşünmək qabiliyyətlərini inkişaf etdirəcək.
- İlk işinizə harada başladınız?

- Mən riyaziyyatçı ailəsində böyümüşəm. Valideynlərimin ikisi də riyaziyyatçı olub. Ailədə iki uşaq olmuşuq – qardaşım və mən. Uşaqlıqdan valideynlərimiz bizim inkişafımızı təhsildə görüb və bu gün mən məhz aldığım təhsilə görə irəli gedə bilirəm. İnsan təhsil almalı, təhsilin bazasında təcrübə qazanmalı və rəqabətdə başqalarından üstün olmaqla irəli getməlidir. 18 yaşından işləyirəm. Valideynlərim, xüsusən anam deyirdi ki, sənət sahibi olub işləməli, heç kimdən asılı olmamalıyam. Buna görə də universitetə daxil olan kimi “İnternews” şirkətinin jurnalistlər üçün keçirdiyi təlim proqramlarında tərcüməçi kimi işləməyə başladım. Sonra qəzetdə verilən elan əsasında sənədlərimi Böyük Britaniya Səfirliyinə verdim, müsabiqədən keçdim və 19 yaşımda 3-cü kurs tələbəsi olaraq Səfirlikdə işə düzəldim. Universiteti bitirənə kimi səfirlikdə çalışdım, sonra Böyük Britaniyaya təhsil almağa getdim. Qayıdanda Böyük Britaniyanın Azərbaycanda gerçəkləşdirdiyi Britaniya Noy Xay Fondunda 2 ilə yaxın işlədim. 23 yaşımda məni British Councila Proqlamlar Meneceri vəzifəsinə dəvət etdilər.
- Deyəsən, özünüzü həm də müəllim kimi sınamısınız?

- British Councilda işlədiyim vaxt 2001-2003-cü illərdə Qərb Universitetində müəllim işləmişəm. Gündüzləri British Councilda işləyir, axşam 6-dan sonra Qərb Universitetində magistratura pilləsində təhsil alan tələbələrə ingilis dilli, tətbiqi linqvistika, gender və cəmiyyət, biznes ingilis dili fənlərindən dərs deyirdim. Baxmayaraq ki, dərslərim işdən sonra idi, auditoriyaya girəndə bütün yorğunluğum çıxırdı, tələbələrlə işləməkdən zövq alırdım. Qərb universitetində topladığım təcrübənin nəticəsi olaraq Amerikanın Dövlət Departamentinin proqramının qalibi oldum. Proqramın məğzi Amerikada universitetlərinin birində gender departamentində araşdırma layihəsini həyata keçirmək idi. Xoşbəxt təsadüf nəticəsində eyni ildə həyat yoldaşım ABŞ-da magistratura dərəcəsi üzrə təhsil almaq üçün Amerika hökumətinin proqramının qalibi oldu və təhsil almaq üçün sözügedən ölkəyə birlikdə yollandıq. 2004-cü ildə Bakıya döndük və ABŞ Sülh Korpusu Təşkilatı məni Təhsil proqramının meneceri kimi işə qəbul etdi. 2008-ci ildə isə British Council məni yenidən işə dəvət etdi və o vaxtdan burada çalışıram.
- Azərbaycandan kənarda işləmək şansınız olubmu? Çünki British Council 110 ölkədə fəaliyyət göstərir və yəqin ki, istədiyiniz ölkədə sözügedən şirkətdə çalışmaq imkanınız var.

- Dəfələrlə bizim imkanımız olub ki, ailəlikcə ya İngiltərə, ya da Amerikaya köçək. Lakin hesab edirəm ki, bugünkü Azərbaycan peşəkar kimi öz yerini tapmaq və potensialını reallaşdırmaq üçün ideal bir məkandır. Ölkəmiz gündən-günə inkişaf edir, pozitiv dəyişikliklərə imza atır və mən də bu prosesin bir iştirakçısı olmaq istəyirəm. Hazırkı iş yerim Azərbaycan üçün çox işlər görməkdə mənə böyük imkanlar yaradır. Hiss edəndə ki, həyata keçirdiyimiz layihələrdən Azərbaycan gəncləri, müəllimlər, elm, təhsil və mədəniyyət sahəsində çalışan insanlar bəhrələnir, bu, məni daha da həvəsləndirir. Mən özümü Azərbaycansız təsəvvür edə bilmirəm.
- Dünyada tanınan böyük bir şirkətin Azərbaycanda həyata keçirdiyi bütün proqramlara rəhbərlik edirsiniz. Uğurlu karyeraya imza atan bir gənc kimi necə düşünürsünüz, karyera qurmaq üçün nə lazımdır?

- İlk öncə fəal olmaq lazımdır. Hazırda gənclərin inkişafı üçün hər cür şərait yaradılıb. Dövlət proqramı xətti ilə hər il yüzlərlə gənclər xaricdə təhsil almağa göndərilir, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu gənclərlə xeyli iş görür, qrant proqramları həyata keçirir. Yaxşı olar ki, gənclər onlar üçün yaradılan şəraitdən istifadə etsinlər. Seminarlarda, təlimlərdə, konfranslarda iştirak etsin, fəal gəncləri sıralarında görmək istəyən gənclər təşkilatlarına qoşulsunlar. Həyatda hər şey asan olmur, çətinliklərdən qorxmasınlar. Özləri üçün yol cızıb o yolla da hərəkət etsinlər. Qeyd edim ki, mən heç vaxt təhsil almağı dayandırmamışam. Baxmayaraq ki, hazırda iki uşağım var və çox enerji və vaxt sərf edilməsini tələb edən işim var, fransız dilini öyrənirəm. Düşünürəm ki, insan daim üzərində işləməlidir və yeni biliklərin əldə edilməsini heç zaman dayandırmamalıdır. Elə bir dünyada yaşayırıq, informasiya axını və dəyişikliklər tempi o qədər sürətlidir ki, gərək həyatla ayaqlaşaq.
- Çiyinlərinizdə məsuliyyətiniz böyükdür, ailə ilə işi necə çatdırırsınız?

- Kömək olmasaydı, çatdırmaq çox çətin olardı. Bu işdə mənə anam və uşaqların dayəsi kömək edir. Bəzən deyəndə ki, ailə ilə iş tutmur, həmişə özümü misal göstərirəm, deyirəm ki, bu, mümkündür. Elə olur ki, işdən gec çıxıram, hərdən şənbə günləri də çalışmalı oluram, tez-tez xaricə işgüzar səfərə gedirəm, bəzən hətta ayda 2 dəfə səfərim olur. Həyat yoldaşım da rəhbər vəzifədə çalışdığı üçün işə çox vaxt sərf edir. Lakin həyat yoldaşım və mən daim uşaqlarımızla vaxt keçirməyə, onların dərsləri ilə maraqlanmağa vaxt ayırırıq. Həyat yoldaşımla hətta qısa müddətə xaricə məzuniyyətə gedərkən bəzən uşaqlarımızı özümüzlə aparırıq ki, onlarla maksimum çox vaxt keçirək.
- Dediyiniz kimi, tez-tez səfərlərdə olursunuz. İşə çox vaxt ayırmağınıza həyat yoldaşınız narazılığını bildirmir ki?

- Həyat yoldaşım özü təbiətcə lider tipli insan olduğu üçün özünə güvənən və uğur qazanan insanları xoşlayır. Bu səbəbdən daim mənim peşəkar inkişafıma dəstək olur və nailiyyətlərimlə qürur duyur. Ümumiyyətlə, cütlüklərin eyni düşüncəyə malik olması çox vacibdir. Buna görə hələ ailə həyatı qurmayan gənclərimizə məsləhət görərdim ki, ailə qurarkən çox diqqətli olsunlar. Eyni düşüncəyə, dəyərlərə, oxşar dünyagörüşünə malik insanla həyat qursunlar.
- Övladlarınız necə, sizi işinizə qısqanmırlar ki?

- Qısqanmırlar. Çünki uşaqlarım gözlərini açandan görüblər ki, ata da, ana da onlar üçün işləyir. İşlə əlaqədar heç analıq məzuniyyətində də çox vaxt keçirməmişəm. Bu, uşaqlar üçün də yaxşı nümunədir. Uşaqların da düşüncələri bu istiqamətdə inkişaf edir, bilirlər ki, həyatda nəyəsə nail olmaq və istədikləri kimi həyat qurmaq ücün oxumaq və işləmək lazımdır. Mən də, yoldaşım da elə bir ailədə böyümüşük ki, hər iki valideynlərimiz çalışıb. Buna görə mənim işləməyim ailəmizdə təbii qarşılanır. Oğlum 4-cü, qızım 1-ci sinifdə oxuyur. Ailə üzvlərim bilirlər ki, mənim işim xoşbəxt olmağım üçün vacib amildir. Əgər mənim işim mənə sevinc gətirirsə, o aura, o pozitivlik ailə üzvlərimə də keçir.
- Yəqin övladlarınızı da özünüz kimi zəhmətkeş böyüdürsünüz...

- Övladlarım şahmat, üzgüçülük, rəssamlıq, rəqs, musiqi, ingilis dili kurslarına gedirlər. Uşaqlar bütün günü müxtəlif məşğələlərdə olduqlarından, demək olar ki, evə hamımız bir yerdə yığışırıq. Bu mənada uşaqlarım da indidən zəhmətə alışırlar. Hesab edirəm ki, uşaq həmişə oxumalıdır. Amma bunun üçün balacalara nümunə olmaq lazımdır. Əgər ata-ana evdə kitab oxuyursa, uşaqlarda da mütləq kitaba, oxumağa həvəs yaranacaq. Onlar görəndə ki, anaları əlində dəftər-qələm fransız dilini öyrənir, təbii ki, onlar da belə olacaq. Ailədə ən vacibi harmoniya olmalı, hər şey bir-birini tamamlamalıdır. Ola bilər ki, hansısa ana bütün günü evdə otura bilər, ancaq evdə harmoniya olmaya bilər.
- Sizcə, ana evdə oturub övladlarının tərbiyəsi ilə məşğul olmalıdır, ya işləməsi daha vacibdir?

- Təbii ki, heç bir dayə uşaqlara anadan yaxşı baxa bilməz. Ancaq evdə oturması üçün qadının öz istəyi olmalıdır. Ananı məcbur etmək olmaz ki, “sən evdə oturub uşaqlara baxmalısan”. Bəzən görürsən ki, ana 7 il Tibb Universitetində oxuyur və həkim olmağa can atır, ailə quranda həyat yoldaşının ailəsi deyir ki, işləməyəcəksən. O xanım həmin ailədə xoşbəxt olacaqmı? Xoşbəxt olmayacaqsa, həyat yoldaşını, övladlarını necə xoşbəxt edə bilər? Bir sözlə, düşünürəm ki, qadının işləyib işləməməsi barədə qərar onun iştirakı ilə verilməlidir.
- Nigar xanım, 10 ildən sonra özünüzü harada təsəvvür edirsiniz?

- Hələlik işimi dəyişmək fikrim yoxdur. Daha yüksək vəzifələrə təkliflər olur. Amma güclü və peşəkar komandamız var və işimdən zövq alıram. Hər səhər yuxudan durub həvəslə işə gedirəmsə, demək, yerimdəyəm. “British Council”un yaratdığı şərait məni qane edir. Ancaq onu da deyim ki, təhsillə bağlı işlər məni çox maraqlandırır. Ölkədə hazırda təhsil sahəsində maraqlı dəyişikliklər baş verir. Özümü təhsil sektorunda görürəm. İstərdim ki, təhsillə bağlı böyük layihələr həyata keçirim. “British Council”da belə layihələr gerçəkləşdiririk, amma daha da böyük layihələrə rəhbərlik etmək istərdim və zənnimcə uğurla öhdəsində gələ bilərəm.
- Yəqin çətinlikləriniz də, problemləriniz də olur. Bu zaman nə edirsiniz?

- Çətinliklər olanda mən bəzən özümü qara tuneldə təsəvvür edirəm. Amma mən həmişə tunelin sonundakı işığı görür və işığa doğru gedirəm. O tunelin uzunluğu, rənginin qara olmasını fikirləşməməyə çalışıram. Beynimdə ancaq işığa doğru getməkdir. Həmişə başa düşürəm ki, həyatda çətinliklər də, problemlər də, çətin insanlar da, pis əməllər də olur, sadəcə pozitiv olmaq lazımdır. Əgər pozitivsənsə, dəyərlərin düzgündürsə, istənilən problemi həll edə bilərsən.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər