• cümə axşamı, 25 aprel, 18:17
  • Baku Bakı 21°C

Həmişə efirin acıyam Müsahibə

25.05.13 08:37 2443
Həmişə efirin acıyam Müsahibə
“Əvvəllər ad günlərini böyük həyəcanla gözləyirdim. Amma indi istəmirəm, gözləmirəm. Bilirsən ki, yavaş-yavaş yaşın üstünə yaş gəlir, qocalırsan, sabah nə olacaq bilinmir. İnsan cavan olanda heç nəyi vecinə almır – nə xəstəliyi, nə harda yaşamağı, nə də necə dolanmağı. Amma müəyyən yaşa dolandan sonra insan durub bir az gələcəyinə baxır ki, necə olacaq?”- deyən tanınmış telejurnalist, şair, publisist Telli Pənahqızı ilə bir az yaradıcılıq, bir az ovqat ruhlu söhbətimiz doğum gününə təsadüf etdi.
«Orada Telli xanım vardı»
- Siz institutu bitirəndən sonra taleyinizi Azərbaycan Televiziyası ilə bağlamısınız. Uzun illərin yoldaşlığından razısınız?
- Televiziya mənim üçün hər şeydir. İnanın ki, bu gəlişi gözəl sözlər deyil. Mənim vəzifə tutduğum vaxtlar da olub. Amma inanın ki, bütün işlərimin hamısını bir kənarda sahmanlamağa çalışıb, məhz reportajlarımı, verilişlərimi hazırlamışam. Efir mənim üçün hava-su anlamı kimi ola bilər. Mən həmişə efirin acıyam. Efir mənə doğma bir məkandır. Elə bu efirin köməkliyi ilə məni bütün ölkə tanıyır. Bunun üçün mən taleyimə də, işlədiyim yerə də minnətdaram!
- Amma ilk gəldiyiniz vaxtlardakı efirlə bugünkü efir arasında çox fərqlər var...
- Çox şey dəyişib. Son vaxtlar bu qərara gəlmişəm ki, insanlar baxmadığı şeylər barədə daha çox fikir, tənqid söyləməyə çalışırlar. Azərbaycanın teleməkanı xeyli böyüyüb. Həm Bakıda, həm də regionlarda bir neçə telekanal var. Amma inanın ki, onların hamısına normal, Azərbaycansevər, vətənsevər, özünə hörmət edən insan iki-üç dəfə baxır, sonra isə ya Azərbaycan Televiziyasına çevirir, ya da başqa kanallarda verilişlər axtarır. Əgər efirdə xarici kanallar yoxdursa, məsələn, hesab edək ki, yalnız Azərbaycan Televiziyası varsa, heç olmasa ailənin, qonağının yanında utanıb-çəkinmədən baxdığın bir veriliş tapa biləcəksən. Azərbaycan Televiziyasının məkanında hər halda rahat baxa biləcəyin verilişlər var. Azərbaycan tarixini, coğrafiyasını, poeziyasını, ədəbi mühitini, bütün ölkənin keçib gəldiyi ədəbi yolu öyrənmək üçün proqramlarımız var. Məsələn, «Ədəbi abidələr» proqramımız var ki, burada dünyanın ən sanballı, dahi insanları haqqında verilişlər yayımlanır. «Klassik irsimizdən» verilişində bizim də adını ilk dəfə eşitdiyimiz poetik nümunələr səslənir. Həmçinin o nümunələrin müəllifləri haqqında verilişlər verirlər. «Məclisi-üns» 40-45 dəqiqə ərzində ölkənin ədəbi-bədii mühitini yarada, musiqi janrlarından danışa bilir. Bu mənada nəyisə öyrənmək, maariflənmək üçün Azərbaycan Televiziyası var. Bu, tərif deyil, həqiqətdir. Biz ən azı insanlara gözəl Azərbaycan dilində danışmağı təqdim edirik.
- İndi xüsusən yaşlı adamların dilindən: «Əvvəllər televiziya belə deyildi» ifadəsi səslənir. Hər halda telekanalların çoxluğu həm də tərəqqidən xəbər verir. Elə isə bu nostalji nədən yaranır?
- Çünki insanlar həmişə yaxşı şeyin həsrətindədirlər. Bu şoular, ucuz piar yaratmaq cəhdi müəyyən vaxtdan sonra insanın ürəyini vurur. Ailəsini qorumaq cəhdində bulunan hər hansı bir insan bu şoulara baxıb nə götürəcək? Bu gün efirə Azərbaycan dilində danışmayan insanlar doluşub. Mədəniyyət, mərifət yoxdur. Əgər mənim hazırladığım verilişə 10 adam baxıb və 5-i mənə zəng edib «çox sağ ol» deyirsə, bu, mənim üçün çox böyük mükafatdır. Mən əslində bu illər ərzində heç bir şey etməmişəm – adi, sıravi bir jurnalist kimi öz vəzifəmi yerinə yetirmişəm. Ancaq küçəyə çıxıq və yaşlı adamlardan Azərbaycan teleməkanı haqqında soruşaq. İlk növbədə «Orada Telli xanım vardı» deyəcəklər. Telli xanım neyləmişdi orda? Azərbaycan Televiziyasının «Xəbərlər» proqramına bir dəqiqəlik, dəqiqə yarımlıq “Şənbə reportajları” gətirmişdi. Amma orada söz vardı, gözəl bir söz: «Payız gəldi», «Qış gəldi», «Bakıya ilk qar yağdı», «Çiçəklər vardı Şəkidə»… bu cür ifadələr insanların qulağına təbii ki, xoş gəlirdi. Ağır-ağır rəsmi materiallardan sonra birdən Tellinin səsi eşidilirdi. Bu, çox kiçik bir xidmət idi, amma mən bunu edirdim. Mən görüşdüyüm, danışdığım, ünsiyyətdə olduğum, müsahibə aldığım insanların heç birinin daxili dünyasına baş vurub ora girməyə çalışmamışam ki, bunun yaxşı cəhətlərini bilirəm, görüm, pis cəhətləri nədir? Həmişə düşünmüşəm ki, insanların ikinci məni toxunulmazdır, ora daxil olmaq olmaz. Mən çox yerlərə getmişəm, çox insanlarla görüşmüşəm. Daha çox mədəniyyət, incəsənət, ədəbiyyat nümayəndələri ilə ünsiyyətdə olurdum. Ancaq heç vaxt insanların daxili dünyasına qıcıq gətirən nəsə etməmişəm. Mən özümdən danışmıram, ümumiyyətlə, jurnalistikanın qələbəsi budur. «Filankəs-filankəslə oturdu-durdu», «Filankəsin paltarı belədir» - məgər bu, jurnalistikadır? Bu, jurnalistika deyil. Qərb, o cümlədən, Türkiyə bu yolu keçib, indi normal səviyyədə verilişlər, şou-proqramlar təqdim edirlər. Biz isə indi-indi başlamışıq. Amma görün, bizim neçə illik televiziya təcrübəmiz var. Bu, mənim üçün çox ağrılı problemdir. Hərdən deyirəm ki, mənim əlimə cərrah bıçağı verib desinlər ki, get, əməliyyat et. Mən gedə bilərəm? Bu, mənim işim deyil. Jurnalistika isə bizim canımızı qoyduğumuz, ömrümüzü verdiyimiz sahədir. İstəmirəm bu sahəyə sarmaşıqlar dolaşsın.
Bizim reallığımız
- Azərbaycan dilinin inkişafı ilə bağlı Dövlət Proqramında telekanallarda bədii şuraların yaradılması ilə bağlı bənd yer alıb. Sizcə, bu qurumlar telekanallardakı nəzarətsiz vəziyyətə tam nəzarət edə biləcəkmi?
- Sovet dövründə bizim televiziyada bədii şura olub, deyəsən indi də yaradırlar. Ancaq bizdə efirqabağı komissiya fəaliyyət göstərir və mən həmin komissiyanın sədriyəm. Biz bütün verilişlərə baxırıq. Bunu çox adam senzura kimi başa düşür. Ancaq elə deyil. Sadəcə, kadr arxası mətnlərin oxu tərzindən tutmuş insanların geyimi, efirin zövqü və s. məsələlərə nəzarət edirik. Çox vaxt verilişləri qaytarırıq, bəzən yenidən oxutdururuq, hansısa sözü, cümləni dəyişdiririk və s. Bədbəxtlik ondadır ki, bu gün jurnalistika sürücülük kimi bir şey olub. Bəlkə də bənzətmə düz deyil, amma hər yetən bir maşın alıb rulu arxasında oturduğu kimi, biz jurnalistikanı da bu vəziyyətə salmışıq. Fərqi yoxdur, hansı məktəbi və ya hansı texnikumu qurtarırlarsa əllərinə qələm alıb «Mən filan saytda işləyirəm». Biz oxumuşuq, zəhmət çəkmişik, yaza-yaza öyrənmişik. Bəzən bura 5-ci kurs tələbələri gəlir. «Hansı media orqanında çalışırsan?» - deyə soruşanda «Qoy institutu qurtarım, sonra yazaram»- deyə cavab verirlər. Mən elə institutun birinci kursundan Bakıdakı qəzetlərdə çalışırdım. Vaxt olurdu ki, bir gündə iki yazım çıxırdı. Şəxsən mən oxuduğum illər ərzində qəzetlərdən aldığım qonorarla dolanmışam.
- Bu gün internet mediaya çevrilir. Bunun televiziyalar üçün hansısa təhlükəsini hiss edirsiniz?
- Təbii ki, təhlükəsi var. Televiziyaya meyilli yaşlı adamlar və ya sosial şəbəkələrə girməyi bacarmayanlar televiziyaya yenə baxırlar. Bir problemimiz də var ki, biz kitab oxumuruq. Bəzən «filan kitabı internetdən oxumuşam» deyirlər. Ancaq mən fikirləşirəm ki, bir saat müddətində o yazını oxumaq mümkün deyil. Kitabı əlinə alıb oxuyanda, bu, insana ləzzət verir. Ancaq internet yavaş-yavaş bütün bunları üstələyir, yeyir. Bilmirəm, bunun axırı nə olacaq. Amma hər halda bu, bizim reallığımızdır və bununla barışmalıyıq.
İnsanların tale yolu
- Deyirlər, bəstəkar yazdığı ilk mahnını, aktyor oynadığı ilk rolu heç vaxt unutmur. Bu mənada televiziyaya gəldiyiniz zaman hazırladığınız ilk veriliş yaddaşınızda necə qalıb? Ona reaksiya necə oldu?
- İnstitutun 4-cü kursunda oxuyanda tələbə proqramı üçün kiçik bir süjet hazırlamalı və bunun üçün Arif Quliyevdən müsahibə almalı idim. O, mənim proqramım deyildi, mən sadəcə, qonaq kimi dəvət olunmuşdum. Mən özümü televiziyada ilk dəfə onda gördüm.
Amma ilk dəfə televiziyaya işə gələndə mənə Neft Daşları haqqında süjet yazmaq tapşırıldı. O zaman Neft Daşlarına getmək imkanı yox idi. Mənə Neft Daşları ilə bağlı açıqcalar verdilər. Mən o şəkillərə söz yazdım. Həmin süjeti hazırlamağım yadımdadır. Sonradan isə 2-3 dəfə Neft Daşlarına getdim, oraları gördüm...
- Bəs «Bizim nəslin öz xatirələrini söyləməyə auditoriyası yoxdur» gileyiniz nədəndir?
- Yoxdur... Doğurdan yoxdur. Çünki eşidən, dinləyən yoxdur. Məsələn, mən böyük məmnuniyyətlə yaşlı insanlarla dostluq edirdim. Saatlarla onlara qulaq asırdım. Yeri gələndə ortaya bir sual atır, yenidən dinləyirdim. Hər kəsin ömrü, taleyi bir nağıldır. Mən uşaq olanda valideynlərim, nənəm «filankəs vardı, belə oldu, elə oldu» - deyə danışırdı. Ürəyimdə fikirləşirdim ki, nə qəribədir, mən bu adamları tanımıram. İndi fikirləşirəm ki, hər bir ailənin özünün taleyi var. İnsanlar böyüyür, bacılar, qardaşlar hərəsi bir yerə gedir, ailə qururlar, hərənin taleyi bir cür yazılır. Bu mənada insanların tale yolunu öyrənmək mənim üçün maraqlı idi.
- Duyğulu insan olmaq yaxşıdır?
- Bəzən yaxşıdır, bəzən pis... Mən həddən artıq duyğulu insanam. Bəzən görəndə ki, küçədə bir insanın gözü yaşarır bir gün özümə gələ bilmirəm. Oz-özümə deyirəm ki, kaş ki, soruşaydım, bəlkə onun nəyəsə ehtiyacı vardı? Bəlkə mənim ona əl tutmağıma ehtiyacı vardı? Mən sözdən, hərəkətdən sınıram. Telefonu mənim üzümə qapatsalar, bir həftə özümə gələ bilmərəm.
Dünyaya pıçıltı
- Deyirlər, yazıçılıq nəyisə öyrənmək üçün səyahətdir. Bəs şairlik nədir?
- Şairlik də başqalarının duyğularını dilə gətirməkdir. Mən hərdən şeirlərimi paylaşanda və ya kitablarımı kiməsə verəndə hər kəsdən eşitdiyim bu sözlər olur: «Sanki mənim həyatımı yazmısan», «Mənim deyə bilmədiklərimi demisən», «Elə istəyirdim ki, mənim duyğularımı sözə çevirsinlər». Deyirəm ki, bəlkə də mən öz duyğularımı vərəqə köçürmüşəm. Amma o, hamının dərdidir. Şeir yazanda sən öz duyğularını insanlara paylayırsan. Məsələn, çoxları mənə Facebookda yazaraq “bu şeirləri kimə həsr etmisən?” deyə soruşurlar. Deyirəm ki, vallah, heç kimə, konkret adam yoxdur. Bəlkə də mənim öz aləmimdə təsvir etməyə çalışdığım, görmək istədiyim bir obraza, cəmiyyət və s. həsr etmişəm. Şəxsən mənim üçün poeziya Allah-təalanın insan dodaqlarında pıçıltısıdır. Hər kəsin qəlbindəki Allah onun dodaqları ilə sözləri bu dünyaya pıçıldayır.
- Hər hissi, hər duyğunu da sözə çevirmək mümkündürmü?
- O, məndən asılı deyil. Mən sevdiyim insanlar haqqında danışmağı, onları sözə çevirməyi qorxuram. Mən anamı özümdən çox istəmişəm. Bəlkə də hər kəs öz anasını bu qədər istəyir. Anamdan sonra indi də özümə gəlməmişəm. O, hər an, hər saniyə mənim beynimdədir. Ancaq mən onun üçün silsilə nələrsə yaza bilmirəm. Bəlkə də ürəyimdə bir kitablıq söz var, amma yaza bilmirəm. Fikirləşirəm ki, bu söz ona layiq olmayacaq. O, söz ona bəslədiyim sevginin fonunda heç nədir. Mən ürəyimdən yazıram, dildə yaza bilmirəm. Elə bilirəm ki, hər şeiri ürəyimi sıxıram, qanı tökülür və o qanla yazıram. Ağrıya-ağrıya, ağlaya-ağlaya, dərdin özünün ağırlığını duyub yazıram.
- Bəs ad günləri sizin üçün nədir? O günə şeir həsr edirsiniz?
- Yox... Əvvəllər ad günlərini böyük həyəcanla gözləyirdim. Amma indi istəmirəm. Allah nə ömür veribsə-verib. Mən təkcə xəstələnib həkimlərə möhtac olmaqdan qorxuram. Həmişə dua edirəm ki, Allahım, məni özümdən başqa heç kimə möhtac eləmə!
- Belə bir fikir var: “Dünyada bir gündür, o da bu gün».
- Bu günü yaşamaq, yaşamağı bacarmaq xoşbəxtlikdir. Amma biz həmişə düşünürük ki, ən yaxşı şeyi sabaha saxlayaq. Amma düşünmürük ki, bu gün elə bu gündən ibarətdir, sabah olmaya da bilər. Həmişə fikirləşirik ki, böyüdük, institutu qurtardıq, yaxşı işimiz, karyeramız, ailəmiz olsun, sonra isə özümüz üçün yaşayarıq. Amma bəzən görürük ki, həmin gün heç vaxt gəlib çatmır. O gün doğurdan da bugündür. Bu gün yaşamağı bacaranlar üçündür. Mən elə adamlara sözün yaxşı mənasında həsəd aparıram. Bir gün yaşayırlar – bu günlə yaşayırlar.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər