• cümə axşamı, 18 aprel, 19:37
  • Baku Bakı 21°C

"Həmin material gec yanan idi" - Binəqədidəki yanğının məhkəməsindən

27.10.16 17:54 1184
"Həmin material gec yanan idi" - Binəqədidəki yanğının məhkəməsindən
Binəqədi rayonunda 16 mərtəbəli binada baş verniş dəhşətli yanğınla bağlı həbs olunan "Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirən prosesdə zərərçəkmiş şəxs qismindən Ağasəlim Cəfərov ifadə verib. O, ifadəsində deyib ki, hadisə vaxtı Bakıda deyildim: "Qardaşım zəng etdi və binanın yandığını bildirdi. Mən Bakıya gələndə yanğın söndürülmüşdü. Evim yanmışdı, mənə ziyan dəymişdi. Dəymiş ziyanı dövlət ödəyib, heç kimdən şikayətim yoxdur ".

Prosesdə şahid qismində Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici qrupunun əməkdaşı Elçin Əbilov qeyd edib ki, hadisə baş verən günü yanğınla bağlı həyəcan siqnalı alıblar: "Biz ora çatanda hamı təlaş içində idi. Rəislərimiz planlaşdırma elədilər. Birinci qalxdım ki, tüstüdən içəri girmək olmur. Əleyhqazımı geyinib içəri girdim. 3-4 mərtəbə qalxdım. Üzlüklərinin şüşələri çox qalın idi. Biz həmin üzlüklərin şüşələrini sındırırdıq ki, binanın içində olan tüstü çıxsın. Həmin vaxt şüşə əlimi kəsdi. Aşağı düşdüm əlimə tikiş qoydular. Hadisə vaxtı alov bütün binanı bürümüşdü. Binanın ehtiyat çıxışı yoxuydu. Təxliyyəni tez həyata keçirmək üçün şərait yoxuydu".

Prosesdə şahid vəkillərin suallarını cavablandırıb. Məhkəmədə təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova ilə Əfqan Hacıyev arasında mübahisə düşüb. Hakim vəkilin şou göstərdiyini deyib. Vəkil bildirib ki, onlar şou göstərən vəkillərdən deyil: "Prosesi tez bazar keçirmək istəyirsiniz. Bizim müdafiə hüququmuzu pozursunuz".

FHN-nin digər əməkdaşı Anar Hacıyev bildirib ki, tüstülənmə güclü olduğu üçün onlar da maskadan istifadə ediblər: "Orada qapıları sındırmışıq, sakinləri xilas etmişik. Xilasetmə işini 14.00-da başa çatdırdıq".

Digər FHN əməkdaşı Asif Əhmədov bildirib ki, hadisə olan günü o təzə işə başlayıb: "Mən həmin yanğınsöndürəni xilas etdim. Binanın 3 və 4-cü mərtəbələrinə qədər qalxmışam. Daha sonra binanın həyətində çəpərlənmədə dayanmışam. "

Prosesdə Dadaşov adına Elmi-Tədqiqat və Layihə- Konstruktor İnşaat Materialları İnstitutunun beton işləri üzrə mütəxxəs Azər Xanlarov ifadə verib. O, ifadəsində qeyd edib ki, 2011-ci ildə Poliüretan materiallarının tərkibinin yoxlanılması üçün müraciət olunub: "Həmin materialların keyfiyyəti ilə bağlı yoxlama aparılıb və sertifikat verilib. Yoxlama zamanı həmin materialın çətin yanan materiallara aid olması müəyyən edilib. Biz ilkin verilən məhsullara görə belə rəy vermişik, sonrakı materiallardan xəbərimiz olmayıb. Bu materialları açıq havada yoxlamaq imkanımız olmayıb. Yalnız bufer yoxlaması aparılıb və rəy verilib".

Məhkəmədə şahid qismində Zaur Əliyev, İlqar Vəliyev, Şahin Kərimov və Vüsal Tağıyev ifadə veriblər.

Məhkəmə prosesi oktyabrın 31-ə təyin edilib.

Qeyd edək ki, keçən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan "poliuretan” məmulatını istehsal edən "QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, "Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, "poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən "Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, "poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.
banner

Oxşar Xəbərlər