AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Həmin elmi ünsiyyətin təsirindən hələ də ayılmamışam”

“Həmin elmi ünsiyyətin təsirindən hələ də ayılmamışam”

Müsahibə
25 Fevral 2020, 10:00 4165
Surxay Əkbərov: "Sadəcə nəzəri  elmi bilgilərin olması, tədqiqatlar aparmaq üçün yetərli deyil”
 
Bir  neçə gün əvvəl İstanbuldakı Yildiz Teknik Universitetinin professoru Surxay Əkbərov AMEA Geologiya və Geofizika İnstitutunda keçirilmiş Ümumrespublika Elmi seminarında maraqlı məruzə ilə çıxış etdi. Həmkarları onun məruzəsini maraqla qarşıladılar. Surxay müəllim çoxsaylı sualları özünəməxsus təmkin və səriştə ilə cavablandırdı. Fürsətdən yararlanıb "Kaspi” qəzeti üçün Surxay Əkbərovdan müsahibə aldıq. 
 
Təqdimat: Surxay  Əkbərov 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsini mexanika ixtisası üzrə bitirib. 1976-1993-cü illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda işləyib. O, 1981-ci ildə namizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1993-cü ildən professor, 2001-ci ildən AMEA-nın müxbir üzvüdür. Əsas elmi nəticələri bircins olmayan kəsilməz mühitlərin statikası, dinamikası və dözüm­lülüyünə aiddir. Əyri struktura malik kompozit materiallar mexanikasının əsasını qoymuş, bu sahədə dünya miqyasında aparılan başlanğıc və əsas tədqiqatların, eləcə də "Kluwer Academic Publishers” (Hollandiya) nəşriyyatında 2000-ci ildə çapdan çıxmış "Mechanics of curved composites” (A.N.Guz ilə birlikdə), "Springer”(Almaniya) nəşriyyatında 2013 və 2015-ci illərdə çap edilmiş "Stability loss and Buckling Delamination: Three-Dimensional Linearized Approach for Elastic and Viscoelastic Composites”, "Dynamics of Pre-Strained Bi-Material Elastic Systems: Linearized Three-Dimensional Apptoach” adlı monoqrafiyaların müəllifidir. 2001-ci ildən "İnternational Applied Mechanics (2016-cı ilə qədər) və 2006-cı ildən "Mechanics of Composit Materials” beynəlxalq jurnalları redaksiya heyətinin üzvüdür.  İSİ əhatəsindəki beynəlxalq elmi jurnallarda 221 məqaləsi dərc edilib. 3 elmlər doktoru, 30 elmlər namizədi yetişdirib. 
 
 
- Surxay müəllim, 26 ildir İstanbulda işləyirsiniz  və  bildiyimə görə, Vətənə də tez-tez gəlirsiz. Bakıda olanda həmkarlarınızla elmi əlaqələriniz hansı səviyyədə olur?
-   Bəli, İstanbuldakı Yildiz Texnik Universitetində professor kimi işlədiyim 26 ildir. Bu müddət ərzində heç zaman Respublikamızın elmi ictimaiyyəti ilə əlaqələrimi kəsməmişəm. İllik məzuniyyətlərimdə, bayram tətillərində, Bakıdakı konfranslarda iştirakla bağlı və s. hallarda doğma şəhərimizdə oluram. Ezamiyyətə gəldiyimdə elmi seminarlarda, konfranslarda məruzələr edirəm. Bu görüşlər həmişə təcrübə, informasiya mübadiləsi xarakteri daşıyır, üstəgəl, müştərək problemlər barədə müzakirələr.

- Səhv etmirəmsə, Bakıda sizin elmi rəhbərliyinizlə yetişən alimlər də var...
- Elədir. İstanbula işləməyə getdiyim gündən indiyə kimi  Respublikamızda elmi rəhbərliyim və məsləhətçiliyimlə üç fizika-riyaziyyat elmləri doktorluğu dissertasiyası, yeddi  fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib. 

- Elmi işləriniz hansı istiqamət üzrədir?
-  Əsasən deformasiya olunan bərk cisimlər mexanikasına aiddir və elmi əlaqələr AMEA-nın Riyaziyyat və Mexanika, Geologiya və Geofizika İnstitutları və BDU-nun mexanika-riyaziyyat fakültəsinin əməkdaşları ilə olub. Fərəhlə deyə bilərəm ki, bu elmi ünsiyyət  hazırda da davam edir. Düşünürəm ki, bu əlaqələr ölkəmizin elmi ictimaiyyəti üçün faydasız deyil. 

- Əlbəttə, şübhəsiz ki, faydalıdır. Üstəlik ,AMEA Geologiya və Geofizika İnstitutunda keçirilmiş Ümumrespublika Elmi seminarında elmi məruzəniz də maraq doğurub.
- Bu il yanvarın 24-də  Geologiya və Geofizika İnstitutunda keçirilmiş Ümumrespublika Elmi seminarında iki məruzədən birini  mən etdim, digər məruzəçi istedadlı alim, AMEA-nın həqiqi üzvü  Hətəm Quliyev idi. Bu seminar institutun direktoru, akademik Akif Əlizadənin təşəbbüsü ilə təşkil olunmuşdu. Mənim məruzəm (Layihə 5/3, 2015: Azərbaycan Milli Elmlər Akademiyasının "Geomexanikanın fənlərarası problemlərinin tədqiqi ilə bağlı nəzəri və təcrübi tədqiqatlar kompleksi") çərçivəsində əldə edilən elmi nəticələrə, yəni  Yer kürəsinin məcburi rəqslərinin riyazi modelini quraraq, bu rəqs tezliklərinin nəzəri olaraq təyin edilməsinə aid idi. Seminarda AMEA Rəyasət Heyəti adından birinci vitse-prezident İbrahim Quliyev iştirak edirdi. Tədbirə respublikanın bir çox universitetlərinin professor-müəllim heyətindən, AMEA-nın elmi-tədqiqat institutlarından da nümayəndələr qatılmışdı. Böyük  seminar zalında boş yer qalmamışdı. Ümumrespublika elmi seminarı akademik  Akif Əlizadə aparırdı. Həmin elmi ünsiyyətin təsirindən hələ də ayılmamışam. Seminar iştirakçılarının etdiyim məruzənin mövzusu ilə bağlı  ardı-arası kəsilməyən sualları və əlavə çıxışlardakı müzakirələr elmdən zövq alan alim üçün çox sevindirici hal sayılmalıdır. Bütün bunlar həmkarlarımın apardığımız elmi tədqiqatlara və əldə etdiyimiz nəticələrə  yüksək maraqlarını göstərdi.

- Seminarda Yer kürəsi barədə mülahizələriniz də maraqla qarşılanıb. Yer planetinin  kürə şəklində olması alimlərin mütləq qənaətidirmi?  
- Yerin kürə şəklində olduğu hələ səyyah Magellan zamanından bilinən bir faktdır. Amma bu kürənin qütblərdən batıq olduğunu isə Nyuton nəzəri olaraq tapmış və səyyahlar bunu birbaşa ölçmələr edərək təsdiqləyiblər. Müasir dövrümüzdə yer forması birbaşa kosmosdan müşahidə edilə bildiyindən, bu formanın kürəyə yaxın və bəzi hallarda daha mürəkkəb olduğu öyrənilib. Beləliklə, tədqiqatçılar arasında yerin forması ilə bağlı anlaşılmazlıq və ya "qarşıdurma” yoxdur. Ancaq yerin daxili strukturu haqqında hər 20-30 ildə bir yenilik əldə olunur və bu yeniliklər Yer kürəsində yayılan sonik (səs) dalğalarının ölçmələri, bu ölçmələrdən əldə edilən nəticələrin incələnməsi ilə əldə edilir. Yer kürəsinin daxili strukturu ilə bilavasitə əlaqədar olan məsələlərdən biri də zəlzələlərdir. Başqa sözlə, zəlzələlər zamanı yerin məxsusi rəqslərinin tezliyinin və formasının ölçülməsi, bunlarla yerin strukturunun daha dəqiq təyin edilməsi mümkündür. Bizim tədqiqatlar da məhz bu mövzu ilə əlaqədardır. Yerin məlum olan strukturlar quruluşu çərçivəsində, onun məxsusi rəqslərinin tezliyinin və formasının nəzəri olaraq təyin edilməsi və zəlzələlər zamanı müşahidə edilən uyğun nəticələrlə qarşılaşdırılmasına aiddir. Qeyd edim ki, bu fikir yeni deyil - keçən yüzilliyin 70-ci illərindən mövcuddur, amma indiyə kimi bu sahədə sistemli bir tədqiqat aparılmayıb. Bu mənada bizim tədqiqatlar sözügedən sahədə ilk təşəbbüsdür. 

- Mexanika, şübhəsiz ki, elmin maraqlı sahələrindəndir. Bəs bu istiqamətdə inkişaf nədən asılıdır? 
- Müasir texnikanın bütün sahələrinin inkişaf edib indiki səviyyəyə çatmasının fundamental elmi əsası mexanika, xüsusilə də deformasiya olunan bərk cisimlər mexanikasıdır. Bu elmin inkişafı yeni materialların (kompozit və nano-kompozitlərin) əmələ gəlməsi və tətbiq edilməsinin, yeni və sürətlə hərəkət edən təyyarələrin, raketlərin, yeraltı və yerüstü qatarların, minik avtomobillərinin istehsalının,  təməl elmi əsaslarının yaradılmasının çox böyük hissəsi mexanika və deformasiya olunan bərk cisimlər mexanikasına aiddir. Bu söylədiklərim trivial bir fakt olsa da, burada bir daha qeyd etməyi uyğun görürəm. Şəxsən mənim tədqiqatlarım, əsasən, kompozit və nanokompozit materiallar və onlardan hazırlanmış struktur elementlərin mexanikasına aiddir. Bu sahədə əldə edə bildiyim nəticələr "Springer” nəşriyyatında 2000-ci ildə (Ukrayna Elmlər Akademiyasının akademiki A.N.Guz ilə birlikdə),   2013 və 2015-ci illərdə çap edilmiş 3 monoqrafiyamda verilib. 

      - Elmi tədqiqat işində alimin uğurunu şərtləndirən nədir?
     - Alimin uğurunu şərtləndirən cəhətlərdən əsası tədqiqat mövzusunun müasirliyi və yeniliyidir. Həmçinin  tədqiqatçının apardığı  sahədə lazımi bilgilər sisteminə sahib olmasıdır, müasir kompüterlərdən, hesablama alqoritmlərindən və proqramlaşma dillərindən istifadə edə bilməsidir. Ən önəmlisi isə tədqiqatçılıq istedadının olmasıdır. Bu elə bir şeydir ki, insanı, bilinməyənlərin bilməsinə yönəldir və onu daxilən bu işə məcbur edir. Lap səmimi desəm, əgər insanda bu istedad yetərlidirsə,  o, gec-tez  tədqiqatçı olur və yeni elmi nəticələr əldə edir. Elmi bilgisi olan çox adam tanıyıram ki, diqqətəlayiq heç bir elmi nəticəsi yoxdur. Deməli, sadəcə nəzəri  elmi bilgilərin olması, tədqiqatlar aparmaq üçün yetərli deyil. Eynən ədəbiyyat nəzəriyyəsini yaxşı bilən, çox sayda şeir əzbərləmiş insanın şair ola bilmədiyi kimi. Bu günlərdə verdiyim seminarlara olan diqqətdən, mənə yönəlmiş  elmi suallardan Azərbaycanda elmi tədqiqatlara olan marağın artdığını gördüm. Mənimlə birlikdə və Respublikamızda çalışan alimlərimizin tədqiqat işlərinin nəticələri  artıq nüfuzlu beynəlxalq elmi jurnallarda dərc edilir ki, bu da qürurverici haldır. Düşünürəm ki, gələcəkdə universitetlərimizin və elmi-tədqiqat institutlarımızın maddi-texniki bazaları zənginləşdikcə, ölkəmizdə elmin inkişafı daha böyük vüsət alacaq. 

      - Surxay müəllim,  Vətənə dönməli olsanız, harada işləmək ürəyinizcə olar?
      - Axı mən Vətənimdən heç ayrılmamışam da. Ürəyim həmişə buradadır. Əlbəttə, Bakıya dönüb burada çalışmaq istərdim. Amma hazırda İstanbulda davam edən bir çox elmi layihələrim var, onları sona  çatdırdıqdan sonra bu barədə ciddi düşünəcəyəm. 1993-cü ilin dekabr ayında İstanbuldan mənə dəvət gələndə (onda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda şöbə müdiri, texnika elmləri doktoru, professor idim) istəyirdim ki, kaş bir rəsmi şəxs gəlib mənə "getmə, qal, sənə burada da ehtiyac var” desin.  Təəssüf ki, belə olmadı.  Amma indi Bakıya gələndə ürəkaçan çox şeylər görürəm. Bu da məni, Türkiyə ləhcəsilə desək, çox-çox mutlu edir. 

Müsahibəni götürdü: Şirməmməd Nəzərli