• çərşənbə, 24 Aprel, 11:36
  • Baku Bakı 13°C

Həm kürdlər, həm də katalonlar aldadıldılar

31.10.17 11:30 1817
Həm kürdlər, həm də katalonlar aldadıldılar
Bir neçə gün əvvəl İraqın Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani istefa verib. Onun istefası barədə məktubu muxtariyyət parlamentinin qapalı toplantısında oxunub. M. Bərzani noyabrın 1-də başa çatan səlahiyyət müddətinin uzadılmasını qəbul etməyəcəyini vurğulayıb. Bununla da 2015-ci ildən İraqın Kürd Muxtariyyətinin rəhbəri postunu tutan və iki dəfə səlahiyyət müddəti uzadılan M.Bərzaninin istefası rəsmiləşib.

Bundan sonra müxtariyyətin başçısı vəzifəsini müvəqqəti olaraq Bərzaninin qardaşı oğlu və muxtariyyətin baş naziri Neçrivan Barzani icra edəcək. Əyalətə yeni başçı seçilənədək qərarları muxtariyyətin parlamenti və ya Ədalət Şurası qəbul edəcək. N.Barzani isə həmin qərarların icrası ilə məşğul olacaq.

Muxtariyyət parlamentinin qərarına əsasən, İraqın Şimalındakı Yerli İdarəetmənin Başçılıq Rəyasət Heyəti də ləğv olunub.

Məlum olduğu kimi, kürd muxtariyyətində vəziyyət heç də sabit deyil və yerli hökumət daxilində narazıların sayı durmadan artır. Belə olan halda M.Bərzaninin istefasından sonra bölgədəki vəziyyət sabitləşəcək, yoxsa daha da gərginləşəcək?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Oğuz” Müstəqil Araşdırmaçılar Mərkəzinin rəhbəri, analitik Vüqar Zifəroğlu bildirdi ki, M.Bərzaninin istefası müəyyən mənada kürd muxtar idarəetməsinin yumşaq ötürülməsidir: "Yəni, əslində vəziyyətin yumşaldılmasından söhbət gedir. Yeni gələn komanda isə əslində heç də yeni deyil. Burada da Bərzaninin yaxın ətrafı və digər namizədlər var. Rəhbərliyə gələn komandanın başlıca məqsədi Türkiyə ilə münasibətlərin normallaşması olacaq. Çünki bu, Kürd Muxtariyyəti üçün son dərəcə vacibdir. Onların neft ixracı məhz Türkiyə vasitəsilə həyata keçirilib. Eləcə də iqtisadi yatırımlar və sair Türkiyə vasitəsilə reallaşdırılırdı. Hesab edirəm ki, yenidən Türkiyə ilə münasibətlərin qurulması ön planda olacaq. Bundan başqa, rəsmi Bağdadla münasibətlərin normal məcraya yönəldilməsi məsələsi də muxtariyyətin yeni rəhbərliyinin qarşısında duran məsələlərdəndir”.

V.Zifəroğlunun sözlərinə görə, "Kürdüstan” adlı dövlətin elan edilməsi indiki zamanda mümkün deyildi: "Çünki buna xarici və daxili faktorlar imkan vermir. Xarici faktorlar dedikdə, Yaxın Şərqdə baş verən geosiyasi prosesləri, daxili faktorda isə, konkret regional dövlətlərin məsələyə münasibətini nəzərdə tuturam. Qeyd olunan faktorlar yeni dövlətin yaranmasını mümkün etmirdi. Referendum sadəcə bir oyun idi və bu oyunda Bərzani uduzdu. İndiki məqamda muxtariyyət üçün Bağdadla, İranla və eləcə də Türkiyə ilə münasibətlərin normallaşması son dərəcə vacibdir. Çünki bu olmasa, muxtariyyət öz nüfuzunu itirəcək, həm də daxildə narazılıqlar güclənəcək. Bir sıra kürd tayfaları var ki, onlar ümumiyyətlə referendum qərarının və bu oyuna getməyin əleyhinə idilər”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Bərzani istədiyi nəticəni əldə etmədiyi üçün istefa verdi: "Əslində referendum etməklə çox böyük riskə getdi. Bərzani düşünürdü ki, Amerika və ya İsrail onu qoruya biləcək. Elə sonuncu çıxışında da Amerikanı ittiham etdi. O düşünürdü ki, ABŞ dəstək verəcək, amma bu, baş vermədi və məcbur olub vəzifəsindən istefa verdi. Çox maraqlıdır ki, ona qarşı olan müxalifət də güclənib. Türkiyənin xarici işlər naziri Çavuşoğlunun da maraqlı açıqlaması oldu ki, əslində Şimali İraqdakı kürdlərin müstəqillik və referendumla bağlı vahid fikri yox idi və müəyyən bir hissə buna etiraz edirdi. İndi isə etiraz edənlərin səsi güclənib. Çünki şimali İraqın vəziyyəti ağırlaşıb, sərhədlər bağlanıb, iqtisadi çətinliklər yaranıb və bununla yanaşı, Kərkük kimi bir şəhəri itiriblər. Ona görə də Bərzani bu məsuliyyəti bölüşməmək üçün vəzifəsindən istefa verdi. Yox, əgər müstəqillik ona divident gətirsəydi, problemlər olmasaydı, Amerika dəstək versəydi, inanmıram ki, vəzifədən gedərdi”.

E.Şahinoğlu əlavə etdi ki, kürdlər arasında müxtəlif qruplaşmalar var və onlar arasında silahlı toqquşmalar ola bilər: "Əvvəllər Bərzaniyə bağlı qruplarla Təlabaniyə bağlı birləşmələr savaşırdılar və demək olar ki, şimali İraqda vətəndaş müharibəsi gedirdi, daha sonra barışdılar. Son hadisələrdən sonra Təlabani tərəfdarları Bərzani dəstəkçiləri ilə tərs düşüblər. Ona görə də mümkündür ki, bölgədəki liderlik uğrunda mübarizədə çox kəskin toqquşmaların şahidi olaq”.

Politoloqun fikrincə, referendumun nəticələri indiki halda dondurulub: "Bununla bağlı Türkiyə və İranın tələblərinin nədən ibarət olması maraqlıdır. Referendumun dondurulması indiki vəziyyət üçün keçərlidir, amma ola bilsin 10-15 ildən sonra münasib zaman yetişən kimi yenidən müstəqilliklərini elan etsinlər. Çünki həmin sənəddə nəticələrin hansı vaxtı əhatə etməsi göstərilmir. Ona görə də bu məsələ hələ qaranlıq qalır. Fikrimcə, son hadisələrdə elə bir zərbə aldılar ki, yaxın illər ərzində müstəqillik haqqında düşünmələri alınmayacaq. Elə katalonları da eyni vəziyyət gözləyir. Belə demək olar ki, həm kürdlər, həm də katalonlar aldadıldılar”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər