• çərşənbə, 24 Aprel, 05:50
  • Baku Bakı 14°C

Həm ixrac, həm də istehsal üçün əlverişli mühit

27.07.17 11:00 2155
Həm ixrac, həm də istehsal üçün əlverişli mühit
Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb. Belə ki, sərəncama əsasən, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Hacıqabul rayonunda Sənaye Məhəlləsi yaradılması nəzərdə tutulur. Sözügedən sərəncamla, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Hacıqabul Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılması planlaşdırılıb. Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsi məsələsi isə "Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunub. Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə bağlı müvafiq torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulması, eləcə də iştirakçıların fəaliyyətinin dəstəklənməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlərin görülməsi haqda İqtisadiyyat Nazirliyinə müvafiq tapşırıqlar verilib. Sərəncama əsasən, Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə 4,0 (dörd) milyon manat ayrılıb.

Ölkəmizdə getdikcə sənaye məhəllələrinin yaradılması ənənəsi daha da inkişaf edir. Bəs görəsən belə sənaye mərkəzləri hansı perspektivləri vəd edir? Ümumiyyətlə, layihənin əhəmiyyəti nədir?

Millət vəkli Vahid Əhmədov deyir ki, prezidentin imzaladığı strateji yol xəritələrində bu kimi məsələlər qeyd olunub: "Orada qeyd olunan 11 sahədən biri də məhz sənaye məhəllələrinin yaradılması məsələsidir. Azərbaycanda sənaye məhəllələrinin və sənaye parklarının yaradılmasına artıq bir neçə ildir ki, start verilib. Belə ki, artıq Sumqayıtda, Mingəçevirdə, Novxanıda, Neftçalada belə sənaye məhəllələri yaradılıb. Hesab edirəm ki, mövcud iqtisadi şərtlər daxilində belə məhəllələrin yaradılması bizim üçün xeyli faydalıdır. Çünki yeni iş yerləri açılır və əhalinin məşğulluğu təmin edilir. Digər tərəfdən, bu, həm də qeyri-neft sektorunun inkişafı baxımından önəmlidir. Düzdür, bu məhəllələrin ölkəmizə böyük gəlirlər gətirəcəyini deyə bilmərəm, amma ümumilikdə iqtisadiyyatımızın inkişafına böyük təkan verəcək və yaxın perspektivdə bu məhəllələrin xeyli faydalı olacağını düşünürəm. Hər bir sənaye müəssisəsi tikilməzdən əvvəl onun proyekti hazırlanır. Sözügedən sənaye məhəlləsinin də artıq proyekti hazırdır və buna İqtisadiyyat Nazirliyinin investisiya şirkəti rəhbərlik edir. Belə məhəllələrin yaradılması prosesi iqtisadi inkişafa təkan vermək baxımından faydalıdır. Lakin düşünürəm ki, gələcəkdə iri sənaye sahələrinə daha çox diqqət edilməlidir. Çünki metallurgiya, emal sənayesi, neft və maşınqayırma kimi sahələr daha çox gəlirli sahələrdəndir və bizim bunun üçün kifayət qədər geniş imkanlarımız var”.
İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, belə məhəllələrin yaradılmasında əsas məqsəd Azərbaycanın müxtəlif yerlərində həm ixrac, həm də istehsal üçün əlverişli şərait yaratmaq və eyni zamanda investisiya prosesinin istiqamətləndirməkdir: "Sənaye məhəllələrinin əsas mahiyyəti sahibkarlar üçün uyğun şəraitin yaradılmasıdır. Mühüm olan ərazinin ayrılması, infrastrukturun formalaşdırılması, kommunikasiyanın təmin edilməsi və digər məsələlərin həllidir. Sənaye mərkəzləri həm də regionlarda müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarların daha asan və daha az xərclə fəaliyyət göstərməsinə şərait yaradır. Ümumilikdə isə sənaye məhəllələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə və daha çox, kiçik və orta sahibkarların fəaliyyətinə üstünlük verilir. Kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eyni zamanda, investisiya prosesinin təşviqinə də gətirib çıxarır. Belə ki, bu mərkəzlər müəyyən iş adamlarında yeni ideyaların ortaya çıxmasına və yaxud böyük investisiya yatırımlarına əlavə stimul yaradır. Bütün bu məqamlar son nəticədə istehsalın və əlavə dəyərin, yeni iş yerlərinin yaradılmasına gətirib çıxarır ki, qeyd etdiyim məqamlar da dövlətin marağında olan məsələlərdəndir. Hazırda bununla bağlı iki bölgədə artıq layihələr icra olunur. Lakin faktiki olaraq effektivliyin aydın şəkildə qiymətləndirilməsi 2019-2020-ci illərdə olacaq. Əsas məsələ qanunvericiliyin tələblərinin yerinə yetirilməsi ilə bağlı aidiyyəti qurumların öz öhdəliklərini tam olaraq yerinə yetirməsi məsələsidir. Ümumilikdə isə deyə bilərəm ki, bu tip sənaye məhəllələri sahibkarlar üçün əlverişli mühitdir”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər