• çərşənbə, 17 Aprel, 03:01
  • Baku Bakı 14°C

Həm faydalı, həm qazanclı

09.11.16 13:39 1470
Həm faydalı, həm qazanclı
Qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabət qabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan kənd təsərrüfatı sahəsinə olan diqqət və qayğı günü-gündən artmaqdadır. Elə bu qayğının nəticəsidir ki, ölkədə kənd təsərrüfatının müxtəlif sahələri daha da inkişaf edərək ölkənin rəqabətqabiliyyətliliyini artırır.
Kənd təsərrüfatının mühüm sahələrindən biri isə zeytunçuluqdur. Azərbaycanda zeytunçuluğun tarixi elə də qədim deyil. Belə ki, ölkədə zeytunçuluq üzrə ilk təsərrüfat 1949-cu ildə Zığda təşkil edilsə də, sonradan bu sahəyə diqqət bir qədər azalıb. Bəs görəsən hazırda zeytunun tədarükü nə qədərdir? Bu sahədə hansı problemlər var? Ümumiyyətlə, ölkədə yeni zeytun sortları becərilirmi və bu sahənin inkişaf perspektivləri necədir?
Əməkdar kənd təsərrüfatı işçisiÇingiz Fərəcovbu gün zeytuna geniş tələbat olduğunu qeyd etdi: "Azərbaycanda zeytundan keçən əsrin 90-cı illərindən sonra daha çox istifadə edilməyə başlandı. Hələ ötən əsrin 70-80-cı illərinə qədər ölkəmizdə zeytundan istifadə edilmirdi. O vaxtlar zeytunun ölkəyə idxalı da çox az idi. Müstəqillik illərində dünya ölkələri ilə əlaqələrimiz artdıqca, zeytundan daha çox istifadəyə maraq yarandı. Bu gün Azərbaycanda zeytun bağları günü-gündən genişlənməkdədir. Sovet dövründə zeytun bağları təkcə Abşeronda var idi. İndi isə bu bağların sayı artaraq, daha da genişləndirilib. O vaxt Zığ kəndində zeytunçuluq sovxozu var idi ki, ölkədə zeytun yeganə olaraq burada yetişdirilirdi. Həmin zeytunlar Moskvadakı konserv zavodunda emal olunurdu. Zeytun yağından isə ümumiyyətlə istifadə edilmirdi. Keçən əsrin 90-cı illərindən sonra bu sahə inkişaf etdi. Bu gün Azərbaycanda zeytuna geniş tələbat var”.
Ç.Fərəcov deyir ki, indi ayrı-ayrı şəxslər özləri də zeytunu yığaraq ev şəraitində emal edirlər: "Zeytun ağacı ilboyu yaşıl olur. Küçələrdə, prospektlərdə bu ağaclar insana xüsusi estetik zövq verir. Lakin parklarda və küçələrdə olan ağacların məhsulu demək olar ki, yığılmır. Həmin zeytunlar yerə tökülür və xarab olur. Bunun üçün də fikrimcə, xüsusi qurum yaradılmaldır ki, onlar zeytun yığımını geniş təbliğ və tədarükünü təşkil etsinlər. Hətta hesab ediərm ki, ayrı-ayrı vətəndaşlara yığdıqları zeytunun miqdarına görə pul ödənilsə, daha yaxşı olar. Bildiyimiz kimi, zeytunun həm də sağlamlıq üçün böyük faydası var. Orqanizmə faydalı olmaqla yanaşı, o həm də əvəzsiz qida məhsuludur. Respublikamızda zeytun bağları genişləndirilməli və məhsul istehsalı, onun emalı üçün ciddi tədbirlər görülməlidir. Bir çox ölkələrdə, xüsusilə İspaniyada zeytun bağlarının sayı həddindən çoxdur. Bu gün ölkəmizə İspaniyadan və bir çox ölkələrdən zeytun yağı idxal edilir. Halbuki biz həm zeytunun meyvəsinin istehsalını, həm də onun emalını genişləndirə bilərik. Bunun üçün bizim kifayət qədər imkanlarımız var. Bu həm də zeytunun qiymətinə də böyük təsir göstərər. Belə ki, əgər özümüz istehsalı genişləndirsək, qiymətlər daha ucuz olar. Marketlərdə satılan zeytun məhsullarının qiyməti indi çox bahadır. Son zamanlarda isə qiymətlərdə bahalaşma daha da artıb. Əgər özümüz öz məhsulumuzu istehsal etsək, qiymətlər bu qədər baha olmaz. Bir sözlə, zeytun istehsalına diqqət və qayğı artırılmalıdır”.
Sonda ekspert bu məsələyə dövlət qayğısının vacib olduğunu vurğuladı: "Nazirlər Kabineti respublikada zeytun istehsalının artırılması haqqında qərar qəbul edərsə, bu işə böyük təkan vermiş olar. Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycanda bu sahə inkişaf edəcək. Azərbaycanın özünün demək olar ki, zeytun sortları yoxdur. Ölkəyə xaricdən gətirilən tinglər basdırılaraq yerli şəraitə uyğunlaşdırılıb. Lakin zeytunun inkişaf perspektivləri xeyli genişdir. Bu sahədə böyük potensial var. Hesa edirəm ki, zeytunçuluğun daha da inkişaf etməsi üçün hökumətin xüsusi qərarına böyük ehtiyac var. Azərbaycanda əhali bu bitkinin əhəmiyyətini tam olaraq bilmir. Hesab edirəm ki, bu sahədə həm də böyük təbliğata ehtiyac var. Maştağada yerləşən zeytun zavodu əhali arasında bu haqda geniş maarifləndirmə və təbliğat işi aparmalıdır. Küçələrdə tökülüb qalan zeytunu toplayaraq həmin zavoda təhvil verə bilərlər. Bakının ətraf kəndlərində yetişən zeytunlar demək olar ki, zay olur. Çünki məhsulu yığan yoxdur. Həmin zeytunlar keyfiyyətsiz deyil, əksinə, bizim məhsulların tərkibində yağ daha çoxdur. Hesab edirəm ki, bu sahədə müxtəlif işlər görülərsə. müsbət nəticə əldə etmək olar”.
Millət vəkili Vahid Əhmədov deyir ki, bu sahəyə hər zaman xüsusi diqqət ayrılıb: "Zeytunçuluq Azərbaycanda inkişaf etmiş sahələrdən biri olub. Zeytun bağlarının salınması, onlardan istifadə və qulluq məsələləri hər zaman diqqət mərkəzində olub. Müstəqillik illərində bu sahə daha da inkişaf etməyə başladı. Bu gün Azərbaycanda saysız-hesabsız zeytun bağları var. Düzdür, Azərbaycana xaricdən də zeytun idxal olunur. Lakin bununla yanaşı, ölkəmizin həm daxili, həm də xarici bazarı təmin etməyə kifayət qədər imkanı var. Hazırda bu sahəyə diqqət daha da artırılıb. Bununla bağlı müəyyən göstərişlər də verilib. Həmçinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də zeytunçuluğun inkişafı üçün müxtəlif işlər görülüb. Zeytunun yığılması ilə bağlı işlər aparılır. Gələcəkdə bu sahənin daha da inkişaf edəcəyi istisna deyil”.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik Şöbəsinin müdiri İmran Cümşüdov "Kaspi”yə açıqlamasında bildirdi ki, ölkənin təbii iqlim şəraiti zeytunçuluğun sənaye əsasında inkişaf etdirilməsi üçün olduqca əlverişlidir: "Zeytun quru-subtropik iqlim bitkisidir. O, uzunömürlülüyü və quraqlığa davamlılığı ilə digər meyvə ağaclarından seçilir. Azərbycanda Dövlət reyesterinə daxil olan müxtəlif zeytun sortları mövcuddur. Bundan başqa, zeytunun 15-ə qədər selektr sortları var. Bunlara misal olaraq "Azərbaycan”, "Şirin zeytun”, "Buzovna”, "Ağbaba” sortlarını göstərmək olar. Bizim təbii iqlim şəraitimizdə bu bitkini əkib-becərməklə yüksək keyfiyyətli məhsul əldə etmək mümkündür. Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2015-ci ildə 1740 hektar sahədə zeytun əkilib-becərilib. Bu sahələrdən 1066 ton zeytun əldə edilərək kiçik və orta emal müəssisələrinə təhvil verilib. Qeyd edim ki, məhsuldarlıq hər hektara 6,2 sentnerdir. Biz çalışırıq ki, məhsuldarlığı daha da artıraq”.
İ.Cümşüdov bildirdi ki, ölkədə zeytun bağlarına intensiv qulluq etməklə məhsuldarlığı daha da yüksəltmək olar: "Bu sahədə dövlətin də çoxşaxəli xidmətləri mövcuddur. Bu işlə məşğul olanlar səmərəli güzəştlərdən istifadə edərək həm zeytunun məhsuldarlığını qaldıra, həm də respublikada ümumi istehsalın həcmini artıra bilərlər. Bununla həm yerli tələbatı ödəmək, həm də xarici ölkələrə emal məhsullarını ixrac etmək mümkün olar. Bu gün "Azərsun” emal etdiyi zeytunun konservi və yağı müxtəlif ölkələrə ixrac edilir. Amma biz daxili bazarı yerli istehsalla əsasən təmin edə bilmirik. Bunun üçün də ölkəyə müxtəlif ölkələrdən zeytun idxal edilir. Hədəfimiz əkin sahələrini genişləndirmək, məhsuldarlığı yüksəltməklə daxili tələbatı yerli istehsal hesabına ödəməkdir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər