• cümə, 29 Mart, 18:59
  • Baku Bakı 14°C

Həkimliklə futbol arasında qalan cərrah – Mən gənc olarkən

22.04.14 11:55 2110
Həkimliklə futbol arasında qalan cərrah – Mən gənc olarkən
Söhbətimiz boyunca idmanla məşğul olmanın üstünlüklərindən danışdı. Deyir ki, onun 76 yaşında belə gümrah, sağlam qalmasında indiyə qədər idmanla məşğul olmasının rolu böyükdür. Gəncləri, xüsusilə qızları idmanla məşğul olmağa səsləyir. Onun fikrincə, yalnız sağlam qızlar sağlam kişiləri dünyaya gətirə bilər. Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Uroloqlar Assosiasiyasının sədri, Beynəlxalq və Avropa Uroloqlar Assosiasiyasının həqiqi üzvü, “Şöhrət” ordenli, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, ictimai xadim Südeyif İmamverdiyevdir.
Onu da qeyd edək ki, S.İmamverdiyev 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk parlamentinin deputatı olub, 2000-ci ildə Milli Məclisə 2-ci dövr yenidən millət vəkili seçilib. Alim cərrahi əməliyyatların təkmilləşdirilməsi istiqamətində böyük işlər görərək urologiya və andrologiyanın müxtəlif sahələrinə həsr olunmuş 13 ixtira və səmərələşdirici təklif verib.
Ailədə 6 həkimdən biri
1938-ci ildə Astara şəhərində müəllim ailəsində anadan olsa da, kökləri Ərdəbilə gedib çıxır. 3 yaşı olanda atası Böyük Vətən Müharibəsinə getdiyindən kiçik yaşlarında ata nəvazişi olmadan, atasını tanımadan böyüyüb. Atası 44 yaşında müharibədən qayıdandan sonra 7 yaşlı Südeyif onu görüb – ancaq sağ əlini müharibə udmuşdu. Buna görə dil-ədəbiyyat müəllimi olan atası sol əli ilə yazmağı öyrənir və uzun müddət Astarada müxtəlif məktəblərin direktoru, Astara rayon qəzetinin baş redaktoru olur. Anası da savadlı qadın olduğundan dövlət işlərində çalışır. Belə bir ailədə böyüyən 8 uşağın hamısı ali təhsil alır, 6-sı müxtəlif sahələrdə həkim olur.
7-ci sinfə qədər “3”lə oxuyur
Orta məktəb illərindən danışan S.İmamverdiyev deyir ki, atası müharibədən sinəsi çoxsaylı medallarla qayıtsa da, zabit ola bilmir. Rus dilini yaxşı bilməməsi ali təhsilli hərbçinin zabit olmasına mane olur. Buna görə də müharibədən qayıdandan sonra oğlu Südeyifi 1-ci sinifdən rus bölməsinə qoyur. Deyir, Sovet hökumətinin rəhbərliyi altında yaşadığımızdan rus dilini bilmək vacibdir. Rus dilində bircə kəlimə də bilməyən Südeyif dərslərində çox əziyyət çəkir. Dili bilmədiyimə görə dərslərini yaxşı qavraya, oxuya bilmir. 4-cü sinifdə isə qərara gəlir ki, Azərbaycan bölməsinə keçsin. Çünki yaşıdlarının “5”, özünün “3” almasını heç cür həzm edə bilmir. Azərbaycan bölməsinin dərsliklərini alır və atası ilə danışır ki, onu rus bölməsindən çıxarıb Azərbaycan bölməsinə qoysun. Amma atası icazə vermir. Buna görə də S.İmamverdiyev rusca oxumağa davam edir. 7-ci sinifdə oxuyarkən onun həyatında dönüş yaranır. Artıq dərslərdə özünü sərbəst hiss etməyə başlayır. Rus dilini tam mənimsədiyinə görə əla oxumağa başlayır. Həmişə “3” alan tələbənin “5” alması sinif yoldaşlarının da, müəllimlərinin də təəccübünə səbəb olur. 7-ci sinifdən etibarən adı artıq əlaçılar sırasında çəkilir. Amma atası evdə oğluna Azərbaycan dili-ədəbiyyatı fənlərini tədris edir. Oğlunun hər iki – Azərbaycan və rus dillərini mükəmməl bilməsini istəyir. Məhz atasının sayəsində müsahibimiz Azərbaycan ədəbiyyatını, klassiklərini çox gözəl bilir.
Məktəbdə oxuyarkən “mister” ləqəbi ilə çağırılan cərrah bunun tarixçəsini də danışdı: “Rayonumuza Rusiyanın müxtəlif şəhərələrindən gələn uşaqlarla ünsiyyətə girərdim. Bundan başqa, evimizin yaxınlığında hərbi hissə vardı. Müxtəlif ölkələrdən olan hərbçilərlə arada futbol oynayardım. Yəni əcnəbi tanışlarım çox idi. Buna görə də məni “mister” deyə çağırardılar”.
Rus dilli məzun ana dilində inşadan “4” alır
Sənədlərini universitetə verərkən S.İmamverdiyev atasının qərarı ilə Azərbaycan dilli bölməsinə getməli olur: “Nə qədər narazılıq etsəm də, atam dedi ki, “gərək iki dili də mükəmməl biləsən, rus dilini bilirsən, indi növbə ana dilinindir. Sənin düşüncələrin ana dili istiqamətində də inkişaf etməlidir”. Mən də çarəsiz razılaşmalı oldum. Ali məktəbə sənədlərimi verəndə rus dili bölməsini qurtarmağıma baxmayaraq, inşadan “4” aldım, o biri fənlərdən də imtahanları rahatlıqla verib indiki Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil oldum”.
Tələbəlik illərində isə iki dil bilməsinin onun gələcək inkişafı üçün yetərli olmadığını düşünən S.İmamverdiyev 4-cü kursdan etibarən kitablar alaraq evdə ingilis dilini öyrənməyə başlayır. İnstitutu bitirəndən sonra isə indiki Azərbaycan Pedaqoji Universitetində iki illik ingilis dili kursuna gedib dil biliklərini daha da təkmilləşdirir. İngilis dilində sərbəst danışdığına görə indi də beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edir. Görkəmli alim indiyə qədər Azərbaycan elmini dünyanın 30-dan çox ölkəsinin mötəbər elmi konfranslarında tanıdıb.
Ya futbol, ya cərrahiyyə
Orta məktəb illərindən idmana meylli olan həmsöhbətimiz futboldan tutmuş üzgüçülüyə qədər idmanın müxtəlif növləri ilə məşğul olur. Deyir, futbolun həyatında yeri bir başqaymış: “Tətillərdə ya Lənkəran, ya da Bakıda qohumlarımızgilə gedirdim. Lənkəranda bibimgildə qalanda həmişə məni komandanın kapitanı seçirdilər. Yaşıdlarım mənə idmançı kimi hörmət edirdilər. 17 yaşımda Astara rayon yığma futbol komandasının üzvü idim. Bu komanda cənub regionunda güclü komandalardan sayılırdı. Tibb Universitetinə daxil olanda da universitetin yığma futbol komandasının üzvü oldum. Məşqçimiz o vaxt məşhur olan Pavel Reyx həm də “Spartak” komandasının məşqçisi idi. Məni “Spartak”a dəvət etdi. Sonra P.Reyxi “Neftçi” komandasına məşqçi kimi gedəndə mənim bu sahədə bacarıqlı olduğumu görüb “Spartak”dan “Neftçi”yə aparmaq istədiyini dedi. O dövrdə məndən 3 kurs yuxarıda oxuyan xalam oğlu Hilal dedi ki, əsas diqqətimi ya gərək futbola, ya da cərrahiyəyə verəm, ikisindən birini seçəm. Bu söhbətdən sonra professional futbolu buraxdım və o vaxtdan bütün həyatımı cərrahiyəyə həsr etdim”.
Müsahibimiz idmanla məşğul olduğuna görə həmişə gümrah, enerjili və sağlam olduğunu deyir: “Tələbəykən ayda heç olmasa 10-15 dəfə cərrahalarla gecə növbəsində olurdum. Cərrhalar artıq məni tanıyırdılar və tələbə olmağıma baxmayaraq, onlara kömək edirdim, marağımı və bacarığımı görüb məni də əməliyyatlara götürürdülər. Həm azərbaycancanca, həm də rusca yaxşı yazdığımdan bütün xəstəlik tarixlərini mənə həvalə edirdilər. Çünki savadlı yazır və heç bir səhvə yol vermirdim. Gecə 4-5-ə kimi əməliyyatda iştirak edir, səhər 9-da dərsdə olurdum. Gecə mənimlə növbədə olan həkimlər səhər gələndə görürdülər ki, mən tam qaydasında dərsdəyəm. Buna görə mənə hörmətləri daha da artırdı”.
S.İmamverdiyev deyir ki, idmanla məşğul olması onu həmişə sağlam saxladığı üçün günü bu gün də idman etməmiş və duşa girməmiş evdən çıxmır. Söhbət boyu dəfələrlə idmanın üstünlüklərindən danışan cərrahın sözlərinə görə, idmanın sayəsində yaxşı rəqs edir. Vals, tanqo, padeqras, podispan, fokstrot kimi Avropa rəqslərini çox asanlıqla öyrənib oynayırmış. Bundan başqa, Azərbaycan xalq rəqslərini də bacarır: “Bunlar hamısı sağlam fiziki faktorlara bağlı olan məsələdir”.
Pivə içə-içə canlı musiqi dinləyirdim

İdmançı həmsöhbətimiz Tibb Universitetinin yataqxanasında da 3 güləşçi tələbə ilə birlikdə qalır: “Otaq yoldaşlarım məni yarışa aparırdılar, yaxşı güləşirdim. Mənim çəkimdə olan tay-tuşlarımın heç biri kürəyimi yerə vura bilmirdi. Deyirdilər, professional güləşlə məşğul olsam, məndən yaxşı güləşçi çıxar. Gimnastika müəllimim öz sahəsi, üzgüçülük müəllimim onun sahəsi ilə məşğul olmağımı məsləhət görürdü”.
Tələbə vaxtı əlinə pul düşəndə kafelərə, restoranlara deyil, operaya, simfonik konsertlərə, baletə getdiyini deyir. Bir də indiki “Torqovıy”da (“Nizami” küçəsi) yerin altında yaxşı caz musiqisi çalınan restorana gedərmiş: “Orada yaxşı truba çalardılar, mən də pivə içə-içə canlı musiqi dinləyirdim. Ümumiyyətlə, tələbəlik illərində hərtətərfli həyat tərzi yaşayırdım”.
“Savadlı, saf müəllimlər korpusuna ehtiyac var”
Tibb Universitetində dərs dediyi tələbələrdən də danışan cərrah deyir ki, ümumiyyətlə, insanların faiz etibarilə 15 faizi güclüdür: “Onlar arasında da ən yaxşıları 4 faizdir. Qalanları sıradan insanlardlır. Başqa cür olması mümkün deyil, Allah insanları belə yaradır. Tələbələri də eyni fazilə güclü və sıradan tələbələrə bölmək olar. Heyifsilənirəm ki, yaxşı müəllimlərimiz çox deyil. Müəllimlər gərək çox yaxşı seçilsin. Uşaqların dünyagörüşünə, onların beyinlərinin oyanmasına müəllim sözünün böyük təsiri var. Bu gün yaxşı – savadlı, saf müəllimlər korpusu yaratmağa ehtiyac var. Tələbə gərək qarşısında danışan müəllimin savadlılığını, yüksək mədəniyyət sahibi olduğunu görsün. Ümumiyyətlə, tələbələrə dərs keçmək, onlarla ünsiyyətdə olmaq mənə müsbət təsir bağışlayır. Gənclərimizdən çox razıyam, onları bağrıma basmağa hazıram”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər