• cümə axşamı, 25 aprel, 05:14
  • Baku Bakı 19°C

“Həkimi döyməklə ölən dirilmir”

15.09.17 10:45 703
“Həkimi döyməklə ölən dirilmir”
Tibb işçilərinin, xüsusilə də təcili tibbi yardım işçilərinin statuslarının və hüquqlarının artırılması təklif olunur. Bu təşəbbüslə çıxış edən Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, bununla bağlı parlamentin payız sessiyasında məsələ qaldırmaq niyyətindədir. Deputat hesab edir ki, bir çox hallarda təcili tibbi yardım həkimlərini, tibb bacılarını döyür, təhqir edir, onlara xəsarətlər yetirirlər: "Əslində, təcili tibbi yardım işçilərinin statusu polis işçilərinin statusuna bərabərləşdirilməlidir. Polis işçisinə əl qaldırmaq, onu təhqir etmək, vəzifəsinin icrasına ziyan verəcək, əngəl törədəcək hərəkət etmək ağır cəza ilə cəzalandırılır, tibb işçilərinə qarşı da belə hərəkətlərə görə ağır cəza verilməlidir. Ağır xəstə olanda təcili yardım çağırırlar. Müəyyən hallarda təcili yardım ünvana yetişdikdə xəstə artıq dünyasını dəyişir. Bəzən təcili yardım özündən asılı olmayan səbəbdən ünvana gecikir. Bunların hamısının həllinin hüquqi, sivil yolu var”.
M.Quliyev hesab edir ki, tibb işçilərinin, xüsusilə təcili yardım işçilərinin evə çağırış zamanı təhqir olunması, peşələrinə əngəl törədilməsi, döyülməsi hallarının ciddi şəkildə cəzalandırılması ilə bağlı İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişiklik edilməlidir.
Bəs görəsən belə bir dəyişikliyə ehtiyac varmı? Sanksiyanın ağırlaşdırılması nələri dəyişəcək?
Həkim-terapevt Məlahət Abbasova deyir ki, sanksiyaların sərtləşdirilməsi müsbət məqamdır: "Təcrübə göstərir ki, tibb işçiləri belə məqamlarla tez-tez rastlaşırlar. Düzdür, öz təcrübəmdə belə halla qarşılaşmasam da, belə neqativ halların olduğunu heç kim inkar etmir. Çünki cəmiyyətdəki insanların hər biri müxtəlif düşüncəyə və intellekt səviyyəsinə malikdir. Ona görə də həkimlər və tibb işçiləri ilə xəstə və xəstə yaxınları arasında bəzən gərginliklər yaşanır. Bəzən isə insanlar həkimlərin dediyini aydınlaşdıra bilmir və tam fərqli anlamda qəbul edirlər. Ona görə də təklif edilən dəyişikliyə müsbət yanaşıram. Düşünürəm ki, bu dəyişikliyin qəbul edilməsi müsbət nəticələrə gətirib çıxaracaq. Əgər həkimlər və digər tibb işçiləri haqsız yerə döyülür və təhqir olunursa, deməli, belə bir qanuna ehtiyac var. Qanunvericiliyin sərtləşdirilməsi həm də bir çox neqativ halların qarşısını almış olacaq. Çünki sanksiyaların ağırlaşdırılması insanların düşüncəsinə birmənalı olaraq təsir edir. Belə hərəkət edənlərin müvafiq qaydada cəzalandırılması lazımdır. Düzdür, xəstə və xəstə yaxınlarını müəyyən mənada başa düşmək olar. Çünki onlar da psixoloji gərginlik altında olurlar. Amma hər şeydən ötrü həkimi günahlandırmaq və onu təhqir etmək, döymək də düzgün deyil. Xuliqanlıqla bağlı qanunvericilikdə xüsusi maddə olsa belə, təklif edilən əlavəyə ehtiyac olduğunu fikirləşirəm”.
Həkim-terapevt Elnur Rəhimovda dəyişikliyin tərəfdardır: "Mən Türkiyədə işlədiyim zaman orada da belə problemlərin olduğunun şahidi olurdum. Təəssüflər olsun ki, son illər ərzində bizdə də belə məqamlara rast gəlinir. Xüsusilə də təcili yardım işçilərinə qarşı xəstə yaxınları tərəfindən daha çox təzyiqlər müşahidə olunur. Ona görə də düşünürəm ki, belə bir dəyişikliyə ehtiyac var. Çünki qanunvericilikdə boşluq olduğu zaman daha çox sui-istifadə hallarına rast gəlinir. Bəzən hətta xəstə yaxınlarının həkimlərə qarşı etdiyi təzyiqlərdən qürurla bəhs etdiyinin şahidi oluruq. Belə cəza tədbirlərindən dünyanın bir çox ölkələrində istifadə edilir. Qeyd edim ki, təcili yardım maşını gecikdiyi təqdirdə, reanimasiya şöbəsində belə hallara daha çox rast gəlinir. Reanimasiya şöbəsində ən ağır vəziyyətdə olan xəstələr olur. Koma vəziyyətində olan xəstə həyata dönə də bilər, dönməyə də. Bu zaman həkimi döyməklə xəstə dirilmir. Ona görə də qanunvericiliyin sərtləşdirilməsinin tərəfdarıyam”.
Hüquqşünas Xəyal Bəşirov dəyişikliyə ehtiyac olmadığını deyir: "Təhqir, döymə, yüngül, az, ağır və ağır xəsarət yetirmə zamanı cəza kateqoriyasından asılı olmayaraq cəmiyyətin bütün üzvlərinə qarşı nəzərdə tutulub. Təhqir olunan zaman şəxs özü xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməlidir. Qalan hallarda qanunla cinayət işi qaldırılır və həmin şəxs cinayət məsuliyyətinə cəlb olunur. Yeni dəyişiklikdə həkimlərin polis işçiləri ilə müqayisə olunması düşünürəm ki, uyğun olmayan müqayisədir. Ona görə ki, polis işçisi ictimai asayişi qoruyur. Ona qarşı hansısa qanunsuz hərəkət etmə və xəsarət yetirmə ümumilikdə dövlətin mənafelərinə zidd gələn bir məqamdır. İctimai asayişin pozulması gələcəkdə böyük fəsadlara gətirib çıxara bilir. Amma həkimlərə qarşı belə bir əməllərin törədilməsi ilə bağlı inzibati Xətalar Məcəlləsində döymə maddəsi var. Eyni zamanda, yüngül, az ağır və ağır xəsarətlə bağlı cinayət məsuliyyəti nəzərdə tutulub. Eynilə təhqir maddəsi ilə bağlı olaraq da xüsusi bənd var. Ona görə də xüsusi olaraq belə bir dəyişikliyə bir o qədər də ehtiyac olmadığını düşünürəm”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər