• çərşənbə axşamı, 16 aprel, 18:53
  • Baku Bakı 18°C

“Həkim olmasaydım, yəqin ki, yaxşı riyaziyyatçı olardım” – Keçmişdəki mən

13.04.17 13:15 2297
“Həkim olmasaydım, yəqin ki, yaxşı riyaziyyatçı olardım” – Keçmişdəki mən


Vaxtilə SSRİ-də əfsanə sayılan "Neftçi” klubunun futbolçularının sağlamlığının qeydinə qalıb. Futbolçuların yalnız sağlamlığına nəzarət etməklə işi bitməyib, həm də onlarla yaxın dost, sirdaş olub. Müsahibimiz 40 ilə yaxın "Neftçi” futbol klubunun həkimi olmuş Boris Xetaqurovdur. Qeyd edək ki, B.Xetaqurov idman tibbi üzrə ali kateqoriyalı həkimdir. Eyni zamanda, idman tibbi üzrə Azərbaycanın yeganə əməkdar həkimidir.

Həkim olmasaydım...

1940-cı ildə Bakıda dünyaya göz açıb. Atası Cənubi Osetiyada səhiyyə naziri olub və 1922-ci ildə Azərbaycan Sovet hökumətinin dəvəti ilə Bakıya gəlib, o vaxtdan Bakıda işləyib, keçmiş Respublika Xəstəxanasının baş həkimi olub. Anası isə diş həkimi kimi çalışıb.
Uşaqlığı Çəmbərəkənddə keçib. Zirək, diribaş uşaq olduğunu deyir. Orta məktəbdə də yaxşı oxuyan şagirdlərdən olub: "O vaxt qızlar ayrı, oğlanlar ayrı məktəbdə oxuyurdular. 6 saylı məktəb oğlanlar, 134 saylı məktəb qızlar üçün idi. 1955-ci ildə oğlanlar və qızlar bir yerdə oxumağa başladılar. Mən 6 saylı məktəbdə təhsil alırdım. Yaxşı oxuduğuma görə məktəb tərəfindən tərifnamələr alırdım. İdmanla bərabər riyaziyyat, kimya fənlərini çox sevirdim. Əgər həkim olmasaydım, yəqin ki, yaxşı riyaziyyatçı olardım”.

"O saat atama xəbər verirdilər”

Artıq 8-9-cu siniflərdə həkim olmağa qərar verir. Daha doğrusu, başqa ixtisas arxasınca getməyi heç ağlına da gətirmir. Valideynləri, bacısı, bir neçə yaxın qohumu həkim olduğundan başqa ixtisas seçməyi düşünmür. Atası oğlunun cərrah olmasını istəsə də, tələbə vaxtı onu özü ilə əməliyyatlara aparsa da, B.Xetaqurov idman tibbini seçir: "Ətrafımdakıların əksəriyyəti həkim olduğu üçün mənim də həkim olacağım bəlli idi”.
Beləliklə, 1958-ci ildə Tibb Universitetinə daxil olur. Deyir ki, tələbəlik illərində qrup yoldaşlarından fərqli olaraq, dərslərinə daha məsuliyyətli yanaşmalı olub: "İnstitutda hamı bilirdi ki, atam Respublika Xəstəxanasının baş həkimidir. Bizi əməliyyat otaqlarına aparırdılar. Hamımıza da eyni paltarlar verir, tərliklər geyindirirdilər. Kimin kim olduğu bilinmirdi. Amma arada həkimlər soruşurdu ki, Xetaqurov buradasan? Deyirdim ki, bəli. Deyirdilər ki, buradasansa, gəl tik. Hamı dərsdən yayınıb qaça bilirdi, amma mən heç cür gedə bilmirdim, çünki o saat atama xəbər verirdilər”.

Qara Qarayev, Lütfiyar İmanov, Rəşid Behbudov, Polad Bülbüloğlu bizi izləyirdi

Həmsöhbətimiz idman tibbini seçməyinin səbəblərindən də söz açdı: "Üçüncü kursda bəxtim gətirdi, professor Kamal Axundov o zaman bizim kafedra müdirimiz idi. O, məndə idman tibbinə maraq oyatdı. İnstitutda hər şeyim idmanla bağlı idi. Yüngül atletika ilə məşğul olurdum. 1961-ci ildə Azərbaycan Tibb İnstitutunun idmançı tələbələrinin tərkibində Moskvaya spartakiadaya getmişəm. Tibb İnstitutunu bitirəndə idmana olan marağımı bildikləri üçün dedilər ki, hansı sahədə həkim işləmək istəyirsənsə, oranı seç. Onu da qeyd edim ki, 1965-ci ildə əməkdar idman xadimi Ələkbər Məmmədov "Neftçi”nin baş məşqçisi idi. Biz onunla qonşu idik. Bundan başqa, futbolçu Kazbek Tulayev mənim qohumum idi. Beləcə, tale özü məni futbol sahəsinə yönəltdi. 1965-ci ildə Ələkbər Məmmədov mənə gənclər üçün komandada işləməyi təklif etdi. O vaxtdan işləməyə başladım. 1966-cı ilin yanvarında isə məni "Neftçi”nin baş komandasına dəvət etdilər. 2003-cü ilə kimi fasiləsiz olaraq "Neftçi”də işlədim. Bu komanda ilə həm dərdli, həm qəmli, həm də sevincli günlərimiz olub... "Neftçi” mənim doğma ailəm kimi idi. Bu komandada həkim kimi işə başlayanda 24 yaşım var idi. Yeni işə başlayannda "Neftçi”dəki uşaqlar mənimlə həmyaşıd idilər. Anatoli Banişevski, Adil Babayev, Kazbek Tulayev... Və birdən mən onların arasında göründüm. Bu, mənim üçün çox maraqlı idi. "Neftçi”nin əsas və dubl komandasının yeganə həkimi var idi. Masajçısı yox idi. Demək, mən əsas tərkibin də, dubl tərkibin də həm həkimi, həm də masajçısı olmalı idim. Biz oyunlara gedəndə, yaxud Bakıda iş başında 42 nəfər olurduq. 1 həkim, 3 məşqçi, administrator və futbolçular. Bir yerdə yaşayır, yeyib-içir, geyinirdik. İlk gündən belə yükün altına girmək mənim üçün çox yaxşı idi. Hazırda 3 həkim, 2 fizioterapevt, 3 masajçı, 1 dubl olur – nə gözəl. O vaxt "Neftçi” Azərbaycanda, sovet ölkələrində məşhur idi. Azarkeşlər də başqa idi. "Neftçi”ni daim izləyən Qara Qarayev, Lütfiyar İmanov, Rəşid Behbudov, Polad Bülbüloğlu və başqaları ilə ünsiyyətdə olurduq. 1966-cı ildə SSRİ-də 3-cü yeri tutanda Polad Bülbüloğlu "Neftçi”nin şərəfinə mahnı yazıb hədiyyə etdi. O vaxtlar komandanın adı "Neftçilər” idi.

Heydər Əliyev: "Otur, Boris, mən səni tanıyıram”


Ümummilli lider Heydər Əliyevin də "Neftçi”yə xüsusi münasibətinin olduğunu bildirir: "O, Kommunist Partiyasının birinci katibi olanda "Neftçi”ni həmişə müdafiə edərdi. Məni adımla çağırardı. 1979-cu ildə Heydər Əliyev bizi qəbul etmişdi. Əhməd Lətifoviç komanda üzvlərini bir-bir təqdim edirdi. Məni təqdim edəndə, Heydər Əliyev dedi ki, "otur, Boris, mən səni tanıyıram”. O, futbolu çox sevirdi. İldə minimum iki dəfə komandanı qəbul edər və ildə bir dəfə bazaya gələr, dərdimizi dinləyər, bütün problemlərimizi həll edərdi”.

"Nə "Ararat”, adam az qala ölürdü”


40 ilini həsr etdiyi "Neftçi” ilə bağlı xatirələri bitib tükənmir. Deyir ki, sözügedən futbol komandası ilə bağlı başlarına o qədər maraqlı əhvalat gəlib ki...: "1967-ci ildə "Ararat”la oynayırdıq. Oyun Bakıda keçirilməli idi. Bütün komanda bazada yaşayır və hazırlaşırdıq. Haradasa saat 5 radələrində gördüm ki, Anatoli Banişevskinin rəngi ağarıb, qarnını tutub dayanıb. Müayinə edib gördüm ki, kor bağırsağıdır. Təcili yardıma zəng edib Banişesvkinin kor bağırsağından sancı tutduğunu dedim. "Zarafat edirsiniz?” deyib dəstəyi yerindən asdılar. Yenidən zəng vurdum və çağırışı qəbul etmələrini xahiş etdim. Dəstəyin o başındakı xanım "bəsdirin, məni ələ saldınız, indi polisə zəng vuracağam” deyib yenə dəstəyi asdı. Nəhayət, üçüncü cəhddə onları birtəhər inandırdım və Banişevskini "Semaşko”ya apardıq. Cərrah Məmməd Əliyev dostum idi. Banişevskini təcili stola uzadıb əməliyyat etdi. Sonra mən "Neftçi”yə rəhbərlik edən Əhməd Ələsgərova zəng vurub dedim ki, "Əhməd, qorxma, ancaq Banişevskini əməliyyat etdilər”. "Sən dəli olmusan, biz bu gün "Ararat”la oynayırıq axı”,- dedi. "Nə "Ararat”, adam az qala ölürdü”, - dedim. Bax, belə bir hadisə olmuşdu”.
50 ildir futbol sahəsində çalışan həmsöhbətimiz sonda özünü futbolsuz hiss edə bilmədiyini, futbolla nəfəs aldığını dedi.

Azər NURİYEV
Lalə MUSAQIZI


banner

Oxşar Xəbərlər