AZE | RUS | ENG |


Hekayə yazmaq sənəti

Hekayə yazmaq sənəti
Başlanğıcdan sona kimi: Mətnin ortasında başınızı itirməyin

Bu, hər bir sürücü üçün gecənin kabus qaranlığında səyahət etmək kimidir. Yəqin ki, burada söhbətin yazıçıdan və nəsə yazıldığından getdiyini, səyahətin isə yazı prosesi olduğunu təxmin edirsiniz. Bu başlıq altında başqa şeydən danışmaq da olmazdı. Bir sözlə, eynilə bir sürücü kimi ilk sözü yazmaqla A nöqtəsindən B nöqtəsinə uzanan səyahətiniz başlayır. Amma bu səyahətə heç də sonunda konkret rəqəm alacağınız riyazi məsələ kimi yanaşmayın. Hər an yol ortasında başınızı itirib, aza və ümidsiz bir çarəsizliyə düşərək, başladığınız yerə geri dönə bilərsiniz.
Tamamilə oxşar şəkildə bütün yazarlar hekayənin gedişatını itirə bilərlər. Müəllifi azdırmaq nəsrin təbiətində var. Biz bilirik ki, başlamadan öncə beyninizdə möhtəşəm bir giriş və unudulmaz bir final var. Amma finala çatmamış ona aparan yolu itirmək necə?! Bu halda nə edəcəyinizi bilirsinizmi? Bunun ilk göstəricisi təəccüblənməkdir. Əgər hekayənin gedişatı sizi təəccübləndirirsə, deməli, o artıq yolun tapıb, özüyçün irəliləyir. Dərhal dayanın. Biz isə sizə bu kabusdan xilas olmaq üçün bir neçə işəyarar məsləhət verəcəyik.
Hekayəni başından sonuna necə uğurla izləməli?!
Həyəcan və oxucunu gərginlikdə saxlayacaq hadisələr əlavə edin. Hekayənizin düzgün yöndə irəliləməsini sığortalamağın ilk şərti konflikt yaratmaqdır. Əgər qəhrəmanın səyahəti asan və macərasız davam edərsə, oxucu hekayəyə marağını itirər. Odur ki, amplikatorun şkalasını bir qədər yüksəldin. Hadisələr arasında qarışıqlıq yaradın. Hekayənin ortası müəllifin qəhrəman üçün maneələr yaradaraq, hekayənin süjeti ilə rahatlıqla oynaya bildiyi yerdir. Maneələrlə sınadığınız qəhrəman oxucuda hekayəyə qarşı empatiya duyğusu formalaşdıracaq, çatdırmaq istədiyiniz duyğular daha tez ötürüləcək.
Dəstəbaşınız bütün varlığı ilə romantika gölünü ortalama üzüb keçməyə hazırdır, yoxsa cəsarətini toplayıb gölə yaxınlaşa bilməyəcək qədər utancaq? O, yaxın dostu tərəfindən xəyanətə uğradığını biləndə bir bar küncündə səhərə kimi içən adamdır, yoxsa daima intiqam izində olan qəzəbli bir qılıncoynadan? Təhkiyəçin gözlənilməz çətin vəziyyətlərə düşəndə hekayənin əvvəlindəki alicənab pərdəsini yırtandır, yoxsa vəziyyət nə olur olsun, etik standartlarının altında düşməyən? Qəhrəmanınızın xarakterinə və mübarizə yoluna bağlı olaraq, hekayədə gərginlik zaman-zaman alovlana və ya közərə bilər, amma hadisələrin irəliləməsi üçün onun daimiliyi vacibdir.
Gözlənilməz düyünlər əlavə edin. Həyəcan doğuran hadisələr hekayə boyu davam etsin, bəs onun axıcılığını, sürətini necə təmin etməli? Təsəvvür edək ki, hekayənizin yavaş irəlilədiyini düşünürsünüz. Bu o deməkdir ki, onu bu halda kimsə oxusa, səyahət etdiyi qatarın pəncərəsindən çölə baxmağa, əsnəməyə başlayacaq və ətrafı seyr edərkən yazdıqlarınızın heç biri, hətta qəhrəmanlarınızın nə edəcəyi belə onun marağında olmayacaq. Dərhal gözlənilməz düyünlər və ani dəyişiklik et. Təhkiyəçini öldür! Yeni bir mənfi qəhrəman yarat! Ya da mövcudlardan birini gizli bir səhnə canlandıraraq, anidən mənfi qəhrəmana çevir! Bütün bunları etməkdə sərbəstsən. Sadəcə bir şeyi xatırla ki, bütün bu dəyişiklikləri hekayənin əsas mövzusuna əvvəlcədən düşünülmüş kimi peşəkarlıqla uyğunlaşdırmalısan. Yamaq kimi görünən heç bir əlavə ümid edilən nəticəni vermir. Baş qəhrəmanın əsas xarakter keyfiyyətlərini, kim olduğunu, hekayəsini diqqət mərkəzində saxla və mütləq onun üçün problemdən çıxış yolları düşün. Sənə sadəcə lazım olan yerlərdə oxucunun qiraət sürətini artıracaq xırda yüksəlişlər lazımdır.
Həyəcanlar və sürprizlər yaxşıdır. Amma hər zaman üzüyuxarı irəliləmək olmur. Odur ki, qəhrəmanları dağ keçidlərində üzüyuxarı dırmaşdırmaqdansa, bəzən uduzmuş, yorulmuş kimi göstərin. Obrazın canlılığı üçün bu vacibdir. Surətlərinizə istirahət vaxtı vermək, onları süjetdən uzaqlaşdırıb dincəlməyə göndərmək həm də yeni bir mübarizəyə hazırlamaq üçün yaxşı girişdir. Bunu isə mütləq yaxşı götür-qoy etməlisiniz – o boş vaxtlarında nə ilə məşğul olmaqdan zövq alacaq bir obrazdır? Onların əsl təbiəti bununla razıdırmı? Bu zaman siz təkcə qəhrəmanı yeniləmirsiniz. Eyni zamanda oxucu da onun süjetə necə dönəcəyini, dönüşdə onu nəyin gözlədiyini, mübarizənin necə davam edəcəyini səbirsizliklə gözləyəcək.
Əgər bu xırda məsləhətləri nəzərə alsanız, oxucunun süjetin izi ilə gedəcəyindən, vərəqləri səbirsizliklə çevirəcəyindən, bütün əsər boyu maraq və həyəcan içində qalacağından əmin ola bilərsiniz. Əks halda oxucular qəhrəmanınızdan uzaqlaşıb, tamamilə fərqli yönə gedəcək, təkcə siz yox, oxuyarkən onlar da itəcəklər.
P.S. "Writers’ Relief” ədəbiyyat bloqunda yer almış məqalə
Meddi Kram

Tərcümə etdi: Günel Salmanova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2537
TRY 1 Türk lirəsi 0.4286
KWD 1 Küveyt dinarı 5.6274
SEK 1 İsveç kronu 0.2017
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7162
USD 1 ABŞ dolları 1.7002