AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Həftə sonu sərt karantin rejiminin tətbiq edilməsi vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır

Həftə sonu sərt karantin rejiminin tətbiq edilməsi vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır

Cəmiyyət
05 İyun 2020, 09:45 192
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində həftə sonları sərt karantin rejiminin tətbiq edilməsi vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır.
Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı görülən bütün tədbirlərin məqsədi əhalinin sağlamlığını qorumaqdır: "Görülmüş tədbirlər nəticəsində vəziyyət nəzarət altına alınıb, yoluxmalar azalıb. Bunu nəzərə alaraq karantin rejimi mərhələli şəkildə yumşaldılıb, bir çox məhdudiyyətlər aradan qaldırılıb. Lakin vətəndaşların bir qisminin məsələyə kifayət qədər ciddi yanaşmaması son günlər yoluxmaların sayının sürətlə artırmasına səbəb olub.
Ona görə də təcrid tədbirlərinin həyata keçirilməsi zəruridir. Ölkədə əhalinin ərzaq təhlükəsizliyi tam təmin edilib. Amma sağlamlığımız bizim özümüzdən asılıdır. Bu bəlaya qarşı mübarizədə həmrəylik göstərməli, hamı maskadan istifadə etməlidir. Maskadan istifadə həyati zərurətdir!”.
Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir!”.