• cümə, 29 Mart, 09:19
  • Baku Bakı 5°C

“Hədəfim Amerikanın top-10 universitetində təhsil almaqdır” – Təhsil

09.05.14 10:48 5238
“Hədəfim Amerikanın top-10 universitetində təhsil almaqdır” – Təhsil
17 yaşı olmasına baxmayaraq yaşıdlarından fərqli olaraq xeyli uğura imza atıb. İddialıdır. Amerikanın top-10 universitetinə qəbul olmağı qarşısına məqsəd qoyub. Dilinə görə dilçəyi də var. Hələ XI sinfi bitirməmiş Türkiyə, Şimali Kipr, İndoneziya universitetlərindən oxumaq üçün təkliflər alıb. Müsahibimiz Əminə Əmirxanlıdır. Onu Azərbaycan cəmiyyətinə bu ilin əvvəlində “Sabahın alimləri” respublika yarışmasından sonra tanıdılar. Kəşfi plagiat adlandırılaraq müsabiqədən kənarlaşdırılandan sonra balaca qızcığaz kömək üçün Təhsil nazirinə müraciət etdi. Müraciətdən sonra aparılan araşdırmada bəlli oldu ki, kəşf plagiat deyilmiş. Əminə ilə yaxından tanış olaq...
-1997-ci ildə Bakıda anadan olmuşam. Hazırda 7 saylı orta məktəbin 11-ci sinfində təhsil alıram. İbtidai təhsilimi Tahir Həsənov adına 23 saylı orta məktəbdə almışam. IV sinfi bitirəndə imtahanla Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk liseyinə qəbul oldum. Orada bir il təhsil aldım. Əla qiymətlərlə oxuyurdum. VI sinfə keçəndə özümü sınamaq üçün BDU-nun nəzdində yeni açılan Gənc İstedadlar liseyinə imtahan verdim. Bu liseyə də yüksək göstərici ilə qəbul oldum. X sinfin yarısınadək orada oxudum. Vaxt itkisini ortadan qaldırmaq üçün X sinifdə elmi olimpiadalarla bağlı yaşadığım ünvana yaxın məktəbə - 7 saylı orta məktəbə getməli oldum. Mən IX sinifdə AMEA-nın 2 elmi institut - Radiasiya Problemləri və Zoologiya institutları ilə əməkdaşlıq edirdim. X sinifdə AMEA-nın Fizika İnstitutu ilə işlədim. XI sinifdə elmi rəhbərim Lissabon Texniki Universitetində elmi tədqiqat işi aparan kimya elmləri doktoru alimlik dərəcəsi olan dünyaca məşhur azərbaycanlı Kamran Mahmudov idi.
- Elmi işə bu qədər marağının olması yəqin səni elm dalınca aparar...

- Əslində elm ardınca getmək fikrim yoxdu. Bakalavr təhsilimi Amerikada top-10 universitetlərdən birində almaq istəyirəm. Bunun üçün öz üzərimdə işləyirəm. Universitetin öz təqaüd proqramını qazanmaq istəyirəm. Amerikada abituriyentlər SAT imtahanları verir. Mən bu imtahanı noyabr ayında verəcəm. Çünki orada universitetlərə qəbul noyabrda başlayır. Kecən ilki TOEFL nəticəmə görə Amerikanın Kilgore collegi məni qəbul etdi. İstanbul olimpiadasında dünyanın 90 ölkəsindən 100 elmi layihə yarışırdı. Orada cəmi bir nominasıya olur. Birinci yerdən sonra qalan yerlər aldığı səs coxluğuna görə sıralanır. Bizim proyekt 10-cu yerdə qərarlaşmışdı. Orada onluğa düşə bilən layihələr ən güclü proyekt hesab edilir. Bu uğurumdan sonra Türkiyədə də bir çox universitetlər mənə onların tələbəsi olmaq üçün təkliflər etdilər. MEF universiteti, İstanbul Texnik, Boğaziçi, Hacəttəpə universitetlərinin təkliflərini dəyərləndirsəm də, hədəfim Amerikanın universitetlərindən birini qazanmaq idi. Bundan başqa, “Gələçəyə Baxış” ABŞ-Azərbaycan Forumuna SOCAR-dan əmək haqqı alan volontyor kimi qatılmışdım. Nümayəndə heyətinə Barak Obamanın müşaviri, ABŞ-ın hava hücumundan müdafiə və güc nazirləri, konqresmenlər, senatorlar, yüksək vəzifəli məmurlar, tanınmış ekspertlər toplanmışdı. Forumun gedişində mənə Filippin Universitetinin rektoru tərəfindən onların universitetində oxumaq təklifi gəldi. Şimalı Kipr Türk Cumhuriyyətində Doğu Akdeniz Universitetində də 2 dəfə təlimlərdə olmuşam. Hər iki təlimdə Kiprin prezidenti Derviş Eroğlu ilə görüşümüz oldu. Görüşdə prezidentlə söhbəti “Sabahın alimləri”qrupu adından mən aparırdım. Orada da mənə Kipr universitetlərində tələbə olmaq təklifləri oldu. Amma dediyim kimi, mən öz arzularımı reallaşdırmaq və ABŞ universitetlərindən birinə qəbul olunmaq istəyirəm.
-O zaman TQDK-nın imtahanlarında iştirak etməyəcəksən?

- Azərbaycanda təhsil almaq üçün deyil, ən azından özümü yoxlamaq üçün iştirak edəcəyəm.
- Hansı ixtisası seçmək fikrindəsən?

- Marketinq ixtisasına yiyələnmək istəyirəm. Sözün doğrusu, ixtisas seçimi üçün çox axtarış etdim. İnsanlarla ünsiyyət bacarığım və insanlarla işləməyi sevdiyimə görə, həm də ölkəmizdə bu sahəyə ehtiyac olduğuna görə marketoloq olmağa qərar verdim. Ümumiyyətlə, Azərbaycanda marketinq sahəsi çox güclü inkişaf etməyib, bu sahədə boşluq çoxdur, yaxşı mütəxəssislərə ehtiyac var.
- Respublika üzrə keçirilən “Sabahın alimləri” müsabiqəsində 2012 və 2013-cü illərdə ekologiya sahəsi üzrə 1-ci yerə çıxmısan. Nəyi kəşf etmişdin ki?

- Müsabiqənin şərtlərinə görə, təbiəti qorumaq üçün layihə işlədim. Həmin layihənin əsas məğzi ondan ibarətdir ki, təbiəti qorumağın yolu sənin tərəfindən yenilik olmalıdır, yəni yeni metod kəşf etməlisən. Mən də 2012-ci ildə bio-indikator tapdım. Bu, bir növ bitkidir. Zərərli maddələr olan yerə getdikdə, orada bitkilərin, bar ağaclarının nə dərəcədə zərərli olduğunu, onun meyvələrindən yeyə biləcəyinizi bilmirsiniz. Bu indikatorlar torpağın, deməli, meyvənin zərərli olub olmadığını müəyyənləşdirir. 2013-cü ildəki yeniliyim isə ətraf mühitə buraxılan tüstülərələ bağlı idi. Xüsusi növ və ölçüdə maddələr düzəltmişdim. Həmin maddə zavodlarda buraxılan tüstünün zəhərli hissəsini özünə çəkib, təmiz hissəsini havaya buraxır.
- Bu il də kimya fənni üzrə “Sabahın alimləri” müsabiqəsinə qatıldın. Amma münsiflər oraya təqdim etdiyin yeniliyin plagiat olduğunu dedilər. Yalnız sənin təhsil nazirinə müraciətindən və nazirliyin araşdırmasından sonra bəlli oldu ki, təqdim etdiyin yenilik plagiat deyilmiş. Bu barədə nə deyə bilərsən?

- Bir az anlaşılmazlıq oldu. Mənim əsas məqsədim o idi ki, kəşfin plagiat olmadığını sübut etdim. Bunu da etdim.
- Ekologiya və kimya üzrə “Sabahın alimləri” müsabiqəsinə qatılsan da, marketoloq olmaq istəyirsən. Marketoloq, ekologiya, kimya arasında o qədər də uyğunluq yoxdur. Bu qədər maraqları bir araya necə sığışdırırsan?

- Azərbaycanda ali məktəblərə qəbul zamanı yalnız topladığın bal önəmlidir. Amerikada isə universitetlər abituriyentləri onların əldə etdiyi uğurlara, şəxsiyyətlərinə görə seçirlər. Hansısa imtahanda çox yüksək bal toplaya bilərsən. Amma özünə inamsızlığını hiss etsələr, yüksək ranqlı universitetlər səni seçməyəcəklər. Çünki özünə inamsız adamın həyatda yer tutması, yaxşı təhsil aldıqdan sonra yaxşı işdə çalışması çətindir. Buna görə də sən daha çox sosial aktivlik göstərməlisən, ali məktəbə sənəd verənə qədər uğurların olmalıdır. Həm ekologiya, həm kimya sahəsinə marağım olduğuna, həm də Amerikada top-10 universitetlərdən birinə qəbul olmağı qarşıma məqsəd qoyduğuma görə müsabiqələrə qatılmışam.
- Marketoloq olmağa nə zaman qərar verdin?

- Son bir ildə. Düzdür, insanlarla ünsiyyət bacarığım yüksək olduğuna, həm də atam, əmim, xalam jurnalistikanı bitirdiyinə, anam bir müddət jurnalist işlədiyinə görə ailəm çox istəyirdi ki, jurnalist olum. Amma mən özümü daha çox marketinq sahəsində, biznesdə görürəm.
- Həm də ABŞ-ın Arizona Universitetində liderlik dərsləri almısan. Hansı xətlə getdin?

- 9-cu sinifi bitirəndə yay aylarında xalam qızı internetdə belə bir şansım olduğunu yazdı və elanı mənə yolladı. Mən də müraciət edərək şansımı sınadım. İngilis dili, psixologiya, məntiq də daxil olmaqla 5 imtahan verdim və Amerikada liderlik kursları keçmək şansı əldə edən 15 azərbaycanlıdan biri oldum. Proqram 1 ay davam etdi. Bu müddətdə amerikan ailəsində qaldıq.
- Liderlik kurslarında nə öyrəndin?

- Layihənin düzgün yazılması, özünü düzgün təqdim etmək, insanlarla işləmək bacarığı, lider necə olmalıdır, vaxtın səmərəli təşkili, Amerikadakı hüquq sistemi və s. Hətta Dövlət Departamentində də olduq, deputatlarla görüşdük.
- Amerikada təhsil alandan sonrakı hədəfin nədir?

- Çoxlu pul qazanıb kimsəsiz uşaqlara yardım etmək əsas hədəfimdir. Məsələn, mənim ailəm həmişə mənim arxamda durub, mənə uğur qazanmağım üçün istiqamət veriblər. Amma küçələrdəki uşaqlar valideynlərindən dəstək almayıblar, çoxu heç valideynlərinin üzünü də görməyiblər. Bu cür uşaqlara təhsil almalarında kömək etmək istəyirəm. Düşünürəm ki, bu, məni rahatladacaq və etdiklərimin bir mənası olacaq.
- Yalnız marketoloq kimi işləyib bütün bu işləri görmək istəyirsən?

- Xeyr, gələcəkdə Avropa standartlarına uyğun hotel açmaq və oranı işlətmək istəyirəm. Ümumiyyətlə, başqalarından əmr almaq istəmirəm, daha çox özüm idarə etmək, yönəltməyi xoşlayıram.
- Amerikada təhsil alandan sonra Azərbaycana qayıdıb işləmək, ya orada qalmaq istəyirsən?

- Təhsilimi başa vurandan sonra bir müddət Amerikada işləyəcəyəm. Çünki Azərbaycanda işləmək üçün təcrübə tələb olunur.
- Həmyaşıdlarından fərqli olaraq 17 yaşında xeyli uğura imza atmısan. Səncə, bunun səbəbi nədədir?

- Uşaqlıqdan qarşıma məqsədlər qoyurdum və o məqsədlərə çatmaq üçün müəyyən punktlar icra edirdim. Vaxtımı düzgün bölüşdürür, vaxtdan səmərəli istifadə edirdim. Qarşıma qoyduğum məqsədlərə çatmayanda çalışıb daha yaxşısını əldə edirdim. Valideynlərim də uğur qazanmağımda səbəbkardırlar. Çünki məni həmişə düzgün istiqamətləndiriblər. Bir də özünə inam əsasdır. Nəsə əldə etmək istəyirəmsə, düşünürəm ki, ya mənim olmalıdır, ya da mənim. Özümə qarşı çox tələbkaram.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər