Hədəfi düzgün seçək, Azərbaycana gətirək
Azərbaycanda
hədəf ölkələr üçün xüsusi turizm xidmət paketləri hazırlanacaq. Trend-in
məlumatına görə, bu, 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini
tapıb. Layihədə cəlbedici turizm məkanlarına dair məlumatlar və turizm xidmət
paketlərinin yenilənməsi büdcə zərfində nəzərdə tutulan prioritet kimi qeyd
edilib. Layihəyə əsasən, dövlət hədəf ölkələrlə birbaşa uçuşların sayının
artırılması, uyğun qiymətə ("lou-kost") xidmətlər təklif edən özəl
şirkətlərin və milli aviaşirkətlərin formalaşdırılmasına dəstək göstərəcək.
Qeyd
edək ki, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov
Azərbaycan üçün hədəf ölkələrin ilk növbədə Rusiya, Gürcüstan, İran, Türkiyə və
ərəb ölkələri olduğunu söyləmişdi.
Xatırladaq
ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə,
Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10
dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.
Bu
ilin ötən dövründə Azərbaycana ərəb ölkələrindən səfər edənlərin sayında böyük
artım nəzərə çarpır. 2016-cı ilin ilk altı ayı ilə müqayisədə, bu ilin ilk
yarısında ölkəmizə Omandan 16, Küveytdən 8, Səudiyyə Ərəbistanı - 6, Qətər - 5,
Mərakeş - 5, BƏƏ - 4,4, Pakistan - 3,5, Əlcəzair - 3,5, İordaniya - 2,2,
Türkmənistan - 2 və İraqdan təxminən 1,5 dəfə çox turist gəlib.
Qeyd
edək ki, ötən ilin 9 ayı ilə müqayisədə, bu ilin müvafiq dövründə ölkəmizə
gələn xarici turistlərin sayı 20,9 faiz artıb. Bu müddətdə Azərbaycana səfər
edən xarici turistlərin sayı 2 milyon 71 min 918 nəfər olub. Hazırlanan
turpaketlərin növbəti mərhələdə turizmin inkişafına necə təsir göstərəcəyini
öyrənməyə çalışdıq.
"Luna Travel” turizm
agentliyinin direktoru Rəhman Quliyev deyir ki, ucuz
qiymətlərlə uçuş şəraiti yaratmalıyıq ki, turizm sahəsini inkişaf etdirə bilək:
"Əgər bu gün turizm sahəsinin inkişafını istəyiriksə, dövlət səviyyəsində
investisiya yatırmalıyıq. İlk növbədə aşağı büdcəli uçuşlar təşkil etməliyik.
Şərt deyil ki, bunu Azərbaycan hava yolları təşkil etsin. Əgər onun imkanları
daxilində olmasa belə, biz çalışarıq ki, Azərbaycana marağı olan başqa ölkələrin də uçuşunu təşkil
edək. Misal üçün, Macarıstan, Qazaxıstan, Özbəkistan kimi ölkələrə də ucuz
qiymətlərlə uçuş şəraiti yaratmalıyıq ki, turizm sahəsini inkişaf etdirə bilək.
İlk növbədə çalışmalıyıq ki, bunu öz
aviakompaniyamız etsin. Beləcə, bir
güllə ilə iki quş vurmuş oluruq. Çünki həm Azərbaycana turist gətiririk, həm də
ölkəmizdə sanki bir şəbəkə yaradırıq.
Həmin turisti ikinci və ya üçüncü ölkəyə ötürürük. Tutaq ki, biz bu gün
Dohaya və ya İordaniyaya Azərbaycandan uçuşlar təşkil etsək, orada yaşayanlar ölkəmizə səyahət edəcək və
onların bir qismi də bizim hava yollarından istifadə edib, Avropa ölkələrinə
uça biləcək. Biz aviauçuşları beynəlxalq
səviyyədə çox yaxşı həyata keçiririk”.
Müsahibimiz
mərhələli şəkildə bu işin genişləndiriləcəyini deyir: "Biz birdən-birə 50 uçuş
həyata keçirmək istəsək, burada bir az çaşqınlıq yaranar. Bilirsiniz, demək istədiyim odur ki, 10 nəfər
tutumu olan evə 50 nəfərlik qonaq çağıra bilmərik. Əgər bu gün 10 milyon turistin qarşısına
keyfiyyətli xidmətlə çıxa bilmiriksə, bunun üçün zaman lazımdır. Bu iş mərhələli şəkildə həyata
keçirilməlidir. Yəni əsas olan çox turistin gəlməsi deyil. 10 turistin gəlib
xidmətdən narazı getməyindənsə, 5 turistin gəlib razı getməyi daha
məqsədəuyğundur. Yaxşı xidmət görən həmin 5 turist də bizi ölkəsində təbliğ
edib, gələcəkdə 15 turist göndərəcək.
Amma təbii ki, hədəflərimizdə daha çox ölkəyə uçuş təşkil etmək var.
Ümummilli lider Heydər Əliyevin dediyi kimi, Azərbaycan dünyaya bir günəş kimi
doğacaq. Biz bu sözü deviz kimi daim xatırlamalı, bu sözə əməl etməliyik. Həqiqətən
də Azərbaycan dünyaya günəş kimi doğacaq”.
"Millenium” turizm şirkətinin
rəhbəri Ruslan
Quliyev bunun turizm sahəsi üçün gözlənilən
qərarlardan olduğunu deyir: "Bu addım Azərbaycanda turizmin fəaliyyətinin
genişlənməsinə müsbət təsir edəcək. Bunu
mərhələli şəkildə turizmin
inkişafına yönəlmiş fəaliyyətlərin davamı kimi qiymətləndirmək olar. Növbəti mərhələdə artıq digər ölkələrdə də Azərbaycana maraq
yaranacaq. Əgər turizmin fəaliyyətini seqmentləşdirsək, yəni sağlamlıq turizmi ilə bağlı konkret bəlli
ölkələr, işgüzar turizmlə bağlı isə başqa ölkələr var, düşünürəm ki, bu proses
davam etdiriləcək. Həmçinin buraa büdcədə nəzərdə tutulmuş vəsaitin ayrılması
ölkə turizimçilərinin və xarici ölkələrdə turizm əməkdaşlarının cəlbi, müxtəlif
tanıtım turlarının təşkilində, paketlərin hazırlanmasında bir növ təzahür
edəcəkdir. Turpaketlərin xarici
bazarlarda təklifi zamanı onların rəqabət qabiliyyətini artıracaq”.
Azərbaycan Turizm və Menecment
Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov bu
qərarın turizmin inkişafına çox əhəmiyyətli təsir göstərəcəyini
bildirir: "Strateji Yol xəritəsində bu məsələlər xüsusi olaraq nəzərə
alınıb. Bizim üçün qonşu ölkələrdən
gələn turistlər əsasdır. Adı çəkilən dövlətlər həm turist ixrac etmə tutumu,
həm Azərbaycanla olan tarixi-mədəni əlaqələr baxımından bizim üçün hədəf
ölkələrdir. Həmin ölkələrdən gələn turistlərin sayı ildən ilə artır. Buna
baxmayaraq, biz daha intensiv nəticələr əldə etmək üçün turistlərin maraq
dairəsinə uyğun turpaketlər təklif etməliyik. Həmin paketlərin marketinqi
aparılsın ki, sadalanan ölkələrlə turizm əlaqələrimiz daha da canlansın.
Düşünürəm ki, yalnız yay və qış turizmi deyil, şoppinq, ov, eko, tarixi-mədəni,
sağlamlıq və s. bu kimi turizm növlərini inkişaf etdirməliyik. Əminəm ki, bu
turpaketləri turizmin inkişafına çox əhəmiyyətli təsir göstərəcək”.
Günel Azadə