Hədəf - Azərbaycan brendi, yerli yun və Azərbaycan xalçaları... - Fotolar
"Xalçaçılıq sənəti bizim milli sərvətimizdir. Əsrlər
boyu Azərbaycan xalçaçılığı inkişaf etdirilib. Ancaq əfsuslar olsun ki, müasir
dövrdə xalçaçılıq sənaye kimi Azərbaycanda az inkişaf edib. Ancaq fərdi qaydada
bu sahə ilə məşğul olanlar xalça toxuyurlar və bunu həm ölkə daxilində, həm də
xaricə sata bilirlər”. Bu sözlər Prezident İlham Əliyev Nazirlər Kabinetinin
2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında bildirib. Xalçaçılıq
sahəsinə ətraflı toxunan dövlət başçısı qeyd edib ki, bu sahədə ölkəmizin böyük
ənənələri mövcuddur. Xalça sənəti Azərbaycan xalqının böyük sərvətidir və dünya
miqyasında biz qabaqcıl yerlərdəyik. Azərbaycan xalçaları məktəblərə, rəng və
naxışlarına görə bənzərsizdir. Hər xalça, demək olar ki, bir sənət əsəridir. Məhz
bu amilləri nəzərə alan dövlətimiz belə qərar qəbul edib ki, xalçaçılıq ölkəmizdə
kortəbii yox, məqsədyönlü şəkildə inkişaf etsin. Gündəmə çıxan problemlər həllini
sürətlə tapsın. Cənab Prezident regionların 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda bir
daha bu məsələyə toxunub: "Xalçaçılıq
sənətini yaşatmaq, iş yerlərini yaratmaq və ixrac imkanlarını
genişləndirmək üçün "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Artıq
"Azərxalça”nın ilk filialı Horadiz şəhərində açıldı. Mən özüm orada iştirak
etmişəm. Bu il bu filialların sayı 10-a çatdırılmalıdır. Biz həm ənənəvi sənətimizi yaşatmalıyıq,
eyni zamanda, xalçaçılıq sənayesini də yaratmalıyıq. Həm əl ilə, həm maşınlarla toxunan
xalçalar Azərbaycanı dünyada təbliğ etməlidir və bu da böyük bir gəlir mənbəyinə çevrilməlidir”.
"İtə ataram,
yada satmaram”
Xalçaçılıq Azərbaycan xalqının rəmzlərindən
sayılır. Xalçalarımıza verdiyimiz qiymət barədə danışarkən yazıçı Mir Cəlal
Paşayevin "Bir gəncin manifesti” əsəri yada düşür. Həmin əsərdə Sona xalanının
dili ilə deyilən "İtə ataram, yada satmaram” məsəli xalçanın və xalçaçılığın azərbaycanlılar
üçün necə qiymətli olduğunun bariz nümunəsidir. Bəs xalçaçılıq sahəsində hazırkı
vəziyyət necədir? Azərbaycan xalçaçılıq sənayesini əvvəlki vəziyyətinə gətirmək
üçün nə etməliyik? Azərbaycan xalçasını brendə çevirmək, ölkəyə gələn turistlərinin
hər birinin xalça almasını təmin etmək üçün hansı addımlar atılmalıdır? Təbii
ki, turistlərin maraqlarını təmin etmək üçün bir sıra aspektləri nəzərə almaq
lazımdır. Kiçik ölçülü, üzərində Azərbaycanın milli ornamentləri yer almış,
qiyməti münasib olan xalçaları hansı turist Azərbaycandan xatirə kimi ölkəsinə
aparmaz?
Suallarımıza cavab tapmaq üçün yolumuzu Bakının ən qədim məkanından - İçərişəhərdən saldıq.
Rəngarəng, müxtəlif naxışlı xalçalar gözlərimizi "boyayır”. Dükanlarda hər
ölçüdə xalçaya rast gəlmək mümkündür. Lakin alıcı gözümüzə dəymir. Xalçanı qiymətlərini
soruşduqda, satıcılar həvəslə hamısı haqqında məlumat verir, hər biri öz
malının keyfiyyətindən fərəhlə danışırlar. Kiçik suvenir şəklində olan
xalçaların qiyməti 25 manatdan, 100 manata qədər dəyişir. Satıcılar deyir ki,
Azərbaycan xalçalarını ən çox ərəblər alır.
"Yaxşı xalça
bükülü qalmır”
Qiymətlərə gəldikdə isə adının açıqlanmasını istəməyən
xalçaçı deyir ki, 30 ildir bu sənətdədir. Xalçanın qiymətləri ilmələrinin
sıxlığına görə dəyişir: "Mağazamızda xalçaların qiymətləri 200 manatdan
başlayır 2000 manata qədər davam edir. İçərişəhərdə elə mağazalar var ki, 20000
manata da xalçaya rast gəlmək olar. Lakin qiymətdən asılı olmayaraq, alıcılarımız
yoxdur. Xalçalar yığılıb dükanlarda qalır. Heç qoyduğumuz maya dəyərini çıxara
bilmirik. Xalça alan yoxdur. Əvvəllər çox yaxşı satılırdı. Lakin indi vəziyyət
yaxşı deyil. Turistlər də daha çox suvenirlərə üstünlük verirlər”.
Digər satıcı, Xaləddin dayı da həmkarını dəstəkləyir: "Hər gün xalçaların
üzünə baxıb evə gedirik. Xalçalar alınmadığı üçün toxucular da toxumaqdan
imtina edir. Əvvəllər hər evdə analarımız, nənələrimiz xalça toxuyardı. İndi
hansı evdə bu ənənələr davam edir?”
Xaləddin dayı deyir ki, ümumi müştəri az olsa da,
yaxşı xalçanın müştərisi hər zaman var: " Yaxşı xalça heç vaxt bükülü qalmır.
Mütləq kiminsə diqqətini cəlb edir və lazımı dəyər verilir. Xalçanı daha çox öz
vətəndaşlarımız alır. Əcnəbilər isə daha çox suvenirlərlə maraqlanırlar”.
Hamı öz xalçasının əntiq olduğunu desə də, belə
xalçalar barmaqla sayılacaq qədər azdır: "Əntiq xalçalar baha olduğu üçün öz vətəndaşlarımız
almır. Turistlər isə tarixi əhəmiyyət daşıyan xalçaları apara bilmirlər.
Turistlərin aldığı hər xalçaya tarixi əhəmiyyət daşımadığını göstərən
sertifikat verilir”.
"Filiallarda
160 toxucu çalışacaq”
Məlumat üçün bildirək ki, xalçaçılıq sənayesinin
inkişafı üçün 2016-cı ilin may ayının 5-də prezidentin sərəncamı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. "Azərxalça”
ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bizimlə söhbətində xalçaçılıq sahəsində
son vəziyyəti dəyərləndirdi. Mütəxəssis deyir ki, xalçalara tələbatın
azalmasının səbəbi son illər təmiz Azərbaycan xalçasının istehsal edilməməsi ilə
bağlıdır: "Vaxtilə Azərbaycan xalçaları məşhurluğu, gözəlliyi ilə bütün dünyada
seçilib. Xalça xalqımızın məişətində təkcə qiymətli əşya yox, sənət əsəri,
istilik, gözəllik, hədiyyə vasitəsi kimi sayılıb. Lakin son illər bu sahədə müəyyən
durğunluq var idi. Cənab prezidentin sərəncamı bu durğunluğu aradan qaldıracaq.
"Azərxalça” Səhmdar Cəmiyyəti yarandığı gündən qısa müddət keçməsinə baxmayaraq,
çox işlər görüb. İlkin mərhələdə Azərbaycanın 10 rayonunda - Füzuli,
Quzanlı-Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Qəbələ, İsmayıllı, Quba və Xaçmazda
xalça sexləri yaradılır. Onların hər birində 160 nəfər toxucu çalışacaq. Artıq biz həmin
rayonlarda 5 aydır ki, tədris kursları təşkil etmişik. O kurslara xalça toxumaq
istəyənləri öyrədirik. Orada müxtəlif ədəbiyyatlar var ki, onları tədris
edirik, iplə, sapla, xanalarla, müəyyən alətlərlə, şəkillərlə toxumağı öyrədirik
. Filiallar açılanda biz onları işlə təmin
edəcəyik. Filiallardan biri prezidentin iştirakı ilə noyabrın 12-də Horadizdə
açıldı. Artıq Horadizdə 20-yə yaxın xalça kəsilib, yuyulub. Bu ilin yanvar
ayının 14-17- də Almaniyada beynəlxalq
xalça satış mərkəzində iştirak etdik. Avropalıların Azərbaycan xalçasına olan
marağını gördük. Onlarla əlaqələrimiz var və bu ilin sonunda Azərbaycandan
xalça alacaqlar”.
"Nəticə qənaətbəxşdir”
Şəmkir rayonunda fəaliyyət göstərən tədris-hazırlıq
kursundan söhbət açan mütəxəssis vurğuladı ki, 120-yə yaxın toxucu hazırlıqdan
keçib: "Ötən ilin avqust ayında fəaliyyət başlamış kursda indiyədək rayonun
müxtəlif kəndlərindən, həmçinin Şəmkir şəhərindən olan 120-ə yaxın toxucu
hazırlıq keçib. Onlar Azərbaycan xalçaçılıq sənətinə dair nəzəri və praktiki
biliklər qazanıb, qədim xalça çeşniləri əsasında xalça toxumaq vərdişlərinə yiyələniblər.
Şəmkir Gəncəbasar bölgəsinin zəngin xalçaçılıq ənənələrinə malik rayonlarından
biridir. Burada bir çox kəndlərdə tarixən xalçaçılıqla yanaşı, boyaqçılıq sənəti,
xalça ticarəti işi də geniş miqyas alıb. "Azərxalça”nın Şəmkir rayon filialının,
o cümlədən burada tədris-hazırlıq kurslarının təşkili də bu ənənələrin uğurlu
davamı olacaq. Kurslarda peşəkar xalçaçılar, xalça rəssamları toxuculara Azərbaycanın
xalçalarının bütün qruplarına aid nümunələr, xüsusilə qədim Gəncəbasar çeşniləri
əsasında xalçaların rəng, naxış xüsusiyyətlərini, toxuma texnologiyasını tədris
ediblər. Nəticə qənaətbəxşdir. Hazırda "Azərxalça”nın Şəmkir filialının
tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Hesab edirik ki, bu toxucular
mart ayının sonlarında fəaliyyətə başlaması nəzərdə tutulan Şəmkir filialında
uğurla fəaliyyət göstərə biləcəklər”.
"Xalça
toxuyan işsiz qalmayacaq”
Mütəxəssisin sözlərinə görə, 2018-19-cu ildə Azərbaycanda
heç bir xalça toxuyan işsiz qalmayacaq: "Sumqayıtda Kimya sənaye parkında əyirici
boya kombinatı zavodu tikiləcək. Orada da Azərbaycan yunundan, təbii boyalardan
istifadə olunmaqla iplər istehsal olunacaq və xalça müəssisələri iplərlə təmin
olunacaq. Əsas məqsədimiz keyfiyyətli xalça istehsal etməkdir. Dünya
bazarlarında bizim araşdırmalarımıza görə, çoxlu sayda müştəri var. Nə qədər
keyfiyyətli xalça istehsal olunsa, müştərimiz o qədər çox olar. Sadəcə düzgün,
qayda-qanuna uyğun toxumaq lazımdır ki,
beynəlxalq satış mərkəzlərində müştəriləri cəlb edək. Xalçalar çox gəlirli sahə olduğu üçün
respublikaya da, valyuta çox gələcək. Yetər ki, gözəl, keyfiyyətli xalçalar
toxunsun. Bizim qurum yeni yaradılmış qurumdur və az müddətdə çox işlər
görmüşük. 2018-19-cu illərdə sexlərin filiallarının sayı artacaq və Azərbaycanda
heç bir xalça toxuyan işsiz qalmayacaq . Yerli yun, Azərbaycan brendi, Azərbaycan
xalçaları ... hədəfimiz budur”.
Araşdırmamızdan aydın oldu ki, xalçaçılığı inkişaf
etdirmək üçün böyük layihələr gerçəkləşdirilir. Ancaq sabahı da düşünmək
lazımdır. Xalçaların əlimizdə qalmaması üçün onun marketinq yönü də nəzərə
alınmalıdır. Ölkəmizə gələn turistlərə Azərbaycan xalçalarının özünəməxsusluğu
barədə məlumatlar verilməlidir. Verilməlidir ki, hər bir turist xalçalarımıza
maraq göstərsin. Bəs bu iş necə həyata keçirilməlidir? Bu haqda növbəti
saylarımızda...
Aygün ƏZİZ