• cümə, 29 Mart, 17:50
  • Baku Bakı 14°C

“Heç zaman özümə sərhəd qoymamışam”

19.05.16 13:19 2420
“Heç zaman özümə sərhəd qoymamışam”
Yəqin ki, Serenay Sarıkayanı hamınız tanıyırsınız. O, türk dünyasının məşhur ulduzudur. Serenay Sarıkayanın çəkildiyi bütün serial və filmlər reytinqlərdə ən ön sıralarda yer alır.
Azərbaycanda da aktrisanın kifayət qədər izləyicisi və fanatları var. O, mediaya tez-tez çıxan sənətçilərdən olmasa da, ötən gün türk mətbuatına maraqlı bir müsahibə verib. Bu müsahibəsində o, yaradıcılığı və həyatına rənglilik qatan aktyorlardan da danışıb.
-Serenay xanım, uzun müddətdir ki, İstanbulda yaşamırsınız. "İkimizin yerine” adlı film üçün nəhayət ki, buradasınız.
- Mənə təklif olunan "İkimizin yerine” filminin ssenarisini oxuduqda Amerikada idim. Ssenari məni çox cəlb etdi. Film qısa bir müddətdə çəkilib bitəcəyi üçün mən də Türkiyəyə döndüm və bir də gördüm ki, çəkiliş meydanındayam. Özümü çox xoşbəxt hiss edirəm. Burada bir aylıq çox gözəl bir təcrübə yaşadım. Şadam ki, mənə belə bir məsuliyyətli iş verildi. Qarşıma belə bir gözəl ssenari çıxdığı üçün özümü çox şanslı hiss edirəm. Hesab edirəm ki, bu rolumun da öhdəsindən yetərincə gələ bilmişəm.
- Gördüyümüz qədəri ilə oradakı xarakterinizi çox sevmisiniz. Obrazınızda sizi özünə cəlb edən nə oldu?
- Həmin xarakteri özümə çox yaxın hiss etdim. Belə ki, bu, 18 yaşında bir gənc qızın qadına çevrilməsi ilə bağlı bir hekayədir. Orada qızın başına gələn hadisələr, onun zamansız böyüməsi və uzun bir yol hekayəsi yer alıb. Əslində hekayə mənə çox təsir etdi. Obrazım haqqında daha dəqiqliklə danışmağa icazə vermirlər. İstəyirəm ki, film hazır olana qədər bu sürpriz olsun.
- Gənc yaşda Antalyadan İstanbula gələn gözəl gənc qadına baxdığınızda necə bir Serenay görürsünüz?
- Artıq 8 ildir ki, sənətdəyəm. Əslində 8 il uzun bir müddətdir. Bu sənətə gələndə uşaq idim. Şükürlər olsun ki, bu sahədə sağlam şəkildə iri addımlarla irəlilədim. Çox çalışdım, səbirli şəkildə özümü tanıtdım, Serenayı var edə bildim. Hazırda dayandığım mövqedən də çox razıyam.
-Bundan 10 il sonra özünüzü hansı zirvədə görürsünüz?
- Məqsədim müvəqqəti məşhurluğa sahib olmaqdan ibarət deyil. İşimi o qədər çox sevirəm ki, bu sənətdə var ola bilmək və qalıcı, daimi olmaq istəyirəm. Bunun üçün də daima çalışıram, əlimdən gələni edirəm. Hər zaman böyük xəyallar qurmuşam. Misal üçün, 10 il bundan qabaq necə iddialı olmuşamsa, özümə necə güvənmişəmsə, "10 il sonra da zirvələrdə olacağam” demişəm. O mənada hər zaman xəyal gücüm yüksək olub. Heç zaman özümə sərhəd qoymamışam. Çünki özümə çox inanmışam. Bundan əlavə, mənə həddindən artıq inanan bir anam var.
- Amerikaya başqa qapılar açmaq üçünmü getdiniz?
- Bu mənim Amerikada ilk uzun səyahətim idi. Bir az orada da yaşamaq istədim. Çünki kənardan Amerikaya baxanda oralar çox mükəmməl görünür. Ancaq orada yaşamaq tamam başqa bir şeydir. Misal üçün, mən Amerikada yaşayandan sonra anladım ki, oraların insanı deyiləm. Buna görə də Amerikada yaşadığım illər ərzində yaradıcılığımla o qədər də məşğul olmadım.
- Bəs gündəmdən düşsəniz, nə edərsiniz?
- Musiqi dinlədikdə mənim ruhum dincəlir. Gündəmdən düşəndə sevdiyim bir musiqini dinləyərəm, əminəm ki, o mənim ruhumu rahatlaşdırar. Bunun xaricində şokolada böyük sevgim var (gülür). Çox zaman çəkiliş zamanı enerjimin tükəndiyini hiss edəndə bunlardan istifadə edirəm. İdmanla məşğul olmağı xoşlayıram. İdman etmək məni çox sakitləşdirir. Bəzən çox gərgin şəkildə işləyirəm. Bir dəqiqə də olsa vaxtım olmasa belə, bir neçə idman hərəkəti edirəm və özümü çox gümrah hiss edirəm.
- "Medcezir”serialında sizin gözəl mahnı ifa etdiyinizin şahidi olduq. Albom çıxarmaq kimi düşüncələriniz varmı?
- Açığı, musiqi ilə bağlı heç bir şey düşünməmişəm. Mahnı ifa etməyi çox sevirəm. Ancaq hər zaman seriallarda və filmlərdə ifa edirəm. İfaçı kimi səhnəyə çıxmağı isə heç zaman düşünməmişəm. "Medcezir”dən əvvəl çəkildiyim serial olan "Lale devri”ndə də mahnı ifa etmişdim. Tamaşaçılar məni oradan gördü və ifamı bəyəndi. Çəkildiyim hər iki serialda da rejissorlar səsimdən istfadə etdilər. Seriallarda mahnı ifa etməyi sevirəm. Ancaq bunun sonradan ifaçılığa gedən yolunu isə öncədən deyə bilmirəm. Hələlik öz dadında qalmasını istəyirəm.
- Kerem Bürsinlə birlikdə çalışırsınız. İş həyatınızda bir aradaykən bərabərliyiniz necə gedir?
- Çox gözəl. Kerem işinin peşəkarıdır. İkimiz də işi və özəl həyatı doğru, ola biləcəyi şəkildə idarə edirik. Ən əsası, işi və özəl həyatı bir- birindən ayıra bilirik. Onunla işləmək çox rahatdır.
- Sizin üçün də yol yoldaşı olduqdan sonra yəqin ki, Keremi daha yaxından tanıdınız?
- Bəli. Bir də bu müddət ərzində ikimiz də yaradıcılığımıza uzun bir ara verdik. Artıq səkkiz aydır ki, işləmirəm. O da uzun müddətdir ki, işləmir. O zamandan da bir-birimizi daha yaxşı tanıma fürsətimiz oldu.
- Yeni mövsüm üçün nələr düşünürsünüz?
- Bir çox layihələrə dəvət almışam. Ancaq bununla bağlı heç bir qərar verməmişəm. Hələ ki, dəqiq bir şey yoxdur.
- Televiziya məkanında bir çox serialların nümayişini ləğv etdilər. Serial aləminə geri dönsəniz, necə bir layihədə yer alarsınız?
- Biz "Medcezir” serialı ilə çox gözəl layihəyə imza atdıq. Oradakı hekayə həm yaşadığımız dövrü əhatələyir, həm də hər kəsə xitab olunmağı bacarırdı. Serialı izləyən hər kəs orada rahatlıqla özünü görə bilirdi. Bu qədər gözəl başlamış və bitmiş bir işdən sonra daha mükəmməl və yüksək səviyyəli layihədə olmaq istəyərəm. Məhz bu səbəbdəndir ki, seçici davranmağa və səbirli olmağa çalışram.
- Çəkiliş prosesində bədən dilinizdən çox gözəl istfadə edirsiniz.
- Bunun üçün öz üzərimdə işləyirəm. Misal üçün, yoqa ilə məşğul oluram. Daha çox kiçik idman hərəkətləri etməyə - qaçmağa, yeriməyə, üzməyə üstünlük verirəm.
-Kişilərlə bərabər həm də qadınlar sizi çox bəyənir. Kənardan özünüzü necə realizə edirsiniz?
- Fikirləriniz üçün təşəkkürlər. Uşaqlığımdan bəri dərimə qulluq edirəm. Bu mənə anamdan keçib. 15 yaşımdan bəri dərimi təmizləyirəm. Hətta işlərim çox olanda belə, dərimə qulluğu unutmuram. Sağlam bəslənən insanam. Kifayət qədər su içirəm, vitaminli meyvələr yeyirəm. Bu da mənim dərimə təsirsiz ötüşmür.
Tərcümə etdi: Xəyalə Rəis
banner

Oxşar Xəbərlər