• cümə, 19 Aprel, 21:28
  • Baku Bakı 24°C

“Heç vaxt qızımın adını əzizləyərək çağırmamışam” - Mənim balam

01.05.20 15:00 3621
“Heç vaxt qızımın adını əzizləyərək çağırmamışam” - Mənim balam
Pərvin Əsgərli: Çox istəyirəm ki, ailələrdə övladlarla valideynlər arasında hörülmüş hündür hasarlar yox olsun
Arzularının, istəklərinin ardınca qaçmağı ona həyat öyrədib. İstəklərini gerçəkləşdirmək üçün dəstək olanı, arxasında dayanan heç kimi olmayıb. Öz gücünə, çalışqanlığı hesabına bu gün cəmiyyətdə özünə yer tutmağı bacarıb. Bu baxımdan 8 yaşlı qızı Yağmur daha şanslıdır. Çünki onun arzularını, xəyallarını gerçəyə çevirməyə çalışan anası var. Aparıcı kimi tanıdığımız Pərvin Əsgərlini bu dəfə ana kimi tanımağa çalışdıq.

- Bu gün cəmiyyətə yararlı övlad yetişdirmək üçün valideynlər ilkin olaraq haradan və necə başlamalıdır?
- Bir valideyn olaraq deyə bilərəm ki, qızımı körpə vaxtından tərbiyələndirməyə başlamışam. Təbii ki, onun bir fərd kimi yetişməsində tək ailənin deyil, bağçanın, məktəbin, ətraf mühitin də rolu var. Ancaq hər şey ailədən başlayır. Tərbiyə sistemi uşağa doğulduğu gündən tətbiq edilməlidir ki, mən də elə etmişəm. Qızımın 8 yaşı var, onunla heç zaman uşaq kimi davranmamışam, adını belə əzizləyərək çağırdığımı xatırlamıram. Hər kəsə övladı əzizdir, ancaq bu əzizləmələri anlamıram. Bəzən cəmiyyətimizdə valideynlərin övladlarının adlarını qısaldaraq gülməli təxəllüslər qoymasının tez-tez şahidi oluram. Bunu yanlış hesab edirəm. Çünki uşağın formalaşmasına bu, birbaşa olaraq təsir göstərir.

Bundan başqa, valideynlər mütəxəssis rəyi də almalıdırlar. Belə ki, psixoloqla birbaşa əlaqədə olmaqda fayda var. Övladımız sağlam olsa da, peşəkar rəyi mütləqdir. Mən mütəmadi olaraq psixoloqla əlaqə saxlayıram və üçüncü şəxs kimi onunla məsləhətləşir, qabaqlayıcı tədbirlər görməyə çalışıram. Cəmiyyətə yararlı övlad yetişdirmək üçün bütün bu sadaladıqlarım mütləqdir. Bir valideyn olaraq mütəmadi şəkildə müəllimlərlə əlaqə saxlayır, qızımın hərəkətlərinə, cəmiyyətdə davranış qaydalarına nəzarət edirəm. İnanıram ki, ölkəmiz üçün yararlı bir fərd yetişdirəcəm.

banner

Oxşar Xəbərlər