AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Heç vaxt işdən və öyrənməkdən qorxmamışam – Uğur hekayəsi

Heç vaxt işdən və öyrənməkdən qorxmamışam – Uğur hekayəsi

Gənclik qəzeti
15 Sentyabr 2014, 10:32 2613
Heç vaxt işdən qorxmadığını deyir. Hətta çətin işləri görməkdən xüsusi zövq alır. Deyir ki, gənc olanda insan gərək özü üçün baryerlər çəkməsin, daha çox iş görsün, nailiyyətlər qazansın, daha çox üfiqləri fəth etsin ki, bir az yaşlanandan sonra enerjisi azalır, bəzən maraqları dəyişir, fərqli işlərlə məşğul olmağa başlayır. Müsahibimiz “Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevlə həyat yolu və uğurunun sirləri barədə söhbətləşdik.

- İki müxtəlif ixtisası - beynəlxalq münasibətlər və iqtisadiyyatı bitirmisiniz. Necə oldu ki, beynəlxalq münasibətlərdən sonra iqtisadiyyatı seçdiniz?
- Beynəlxalq münasibətlərdə oxuya-oxuya başa düşdüm ki, iqtisadiyyat bəlkə də həyatımızın ayrılmaz hissəsidir. İqtisadiyyatı istənilən halda hər kəs bilməlidir. Beynəlxalq münasibətləri, diplomatiyanı, bir sıra digər ixtisasları bilmədən insan həyatını qura bilər, amma iqtisadiyyatı bilmədən, düşünürəm ki, bir az çətinliklərlə qarşılaşacaq. Çünki ailə işlərini qurarkən belə insan öz iqtisadi planlarını cızır. Bir sözlə, belə qənaətə gəldim ki, iqtisadiyyat, biznesin idarəedilməsi həyatda çox vacibdir. Hərçənd ki, mən biznesmen ola bilmədim.

- Biznesmen olmaq istəyirdiniz?
- Nə vaxtsa olmaq istəmişəm, amma sonra başa düşdüm ki, biznes mənlik deyil, mən bizneslə məşğul ola bilmərəm. Amma hər halda bu sahəni bilməyimin heç bir mənfi tərəfi olmadı, əksinə, iqtisadi biliklər əldə etməyim mənim qazancım oldu.

- Hələ universitetdə oxuyarkən Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasına da qoşulmusunuz, bu qurumda məclis sədri, baş katib kimi vəzifələri icra etmisiniz. Demək, ictimai fəal tələbə olmusunuz. İctimai işlərə sizdə maraq hardan yarandı?
- Digər universitetlərdə tədbirlərə gedirdim, çıxış edən gəncləri, nazirlikdən universitetlərə gələn nümayəndələri görürdüm və hər zaman istəyirdim ki, bir gün mən də bu formada çıxış edim, özümü təqdim edim. Uğur modeli kimi insanları görərək mən də fikirləşdim ki, bu, çox maraqlı sahədir. Ələlxüsus, Bakıda keçirilən beynəlxalq tədbirlərin iştirakçısı olanda xaricdən gələn gənclərələ görüşür, fikirlərimizi bölüşür, onların təcrübəsini dinləyirdim və bu, mənim üçün çox cəlbedici idi. İndi gənclərimizin inkişafı üçün hər cür imkan var. Son dövrlər cənab Prezident tərəfindən gənclərin hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. Bir neçə fond təsis edilib ki, hər biri gənclərin təşəbbüslərini dəstəkləyir. Gənclər və İdman Nazirliyi il ərzində nə qədər maraqlı təşəbbüslərlə çıxış edir. Bunlar hamısı bizim gənclər üçündür. Amma mənim dövrümdə bir az çətinlik idi. Onda hər bir kiçik imkandan yararlanmağa çalışırdıq. Gənclər təşkilatlarında fəaliyyət bizim üçün böyük imkan sayılırdı və biz çalışırdıq ki, həmişə gənclər təşkilatlarının fəaliyyətindən yararlanaraq beynəlxalq tədbirlərdə iştirak edək, layihələr icra edək, bölgələrə gedib görüşlər keçirək, kurslar, təlimlər, seminarlar təşkil edək, xarici qonaqları bölgələrimizlə tanış edək. Bu işlər bizə o qədər böyük iş kimi gəlirdi ki, onları yüksək səviyyədə həyata keçirməyə cəhd edirdik.

- Gənc yaşınızdan Gənclər və İdman Nazirliyinə işə dəvət almısınız. Sizcə, hansı bacarıqlarınıza görə sizə nazirlikdən iş təklifi gəldi?
- Magistratura pilləsində təhsil alanda Gənclər və İdman Nazirliyinə işə dəvət aldım, ondan sonra mənim bürokrat həyatım başladı. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, məncə, işgüzarlığıma görə bu təklifi aldım. Nazirlikdə beynəlxalq təşkilatlarla iş sektorunun müdiri vəzifəsinə təyin edildim. Xarici dili bilirdim, beynəlxalq aləmdə iş təcrübəm var idi. Belə ki, Avropa Şurasının hökumətlərarası komissiyasına gedir, orada nazirlik adından iştirak edirdim. Bundan başqa, Avropa Gənclər Forumunun tədbirlərini təşkil edirdik. Keçmiş gənclər və idman naziri Əbülfəz Qarayev məni görürdü və beləliklə, işə dəvət etdi. O zamandan da nazirlikdə fəaliyyətim başladı. Qısa müddətdən sonra hərbi xidmətə getdim. Qayıdanda yenidən sözügedən nazirlikdə fəaliyyətimi davam etdirdim. Bu dəfə nazirliyin Gənclərlə iş şöbəsinə idarə rəisi vəzifəsinə təyin olundum. 2011-ci ilə qədər orada çalışdım.

- Avropa Şurasının (AŞ) Gənclərlə İş üzrə Daimi Komitəsinin üzvü və sədri də olmusunuz. Bu hansı dövrləri əhatə edir?
- Avropa Şurasının Gənclərlə İş üzrə Daimi Komitəsində Azərbaycan Gənclər və İdman Nazirliyini mütəmadi olaraq təmsil edrdim. Bu etimad və dəstəyi mənə göstərdiyi üçün gənclər və idman nazirimiz Azad Rəhimova təşəkkürümü bildirmək istərdim. 2006-cı ilin iyununda məni Avropa Şurasının Gənclərlə iş üzrə Komitəsinin alt komitəsi olan proqram komitəsinə sədr seçdilər. Bu komitə AŞ-nın gənclər sahəsi üzrə maliyyə yardımı, layihələrin maliyyələşdirilməsi, ümumiyyətlə, gənclər mərkəzinin fəaliyyətinə nəzarət edilməsi ilə məşğul idi. 3 il sədr vəzifəsində çalışdım. Sonrakı 3 dövr ərzində həmin komitənin üzvü oldum. Komitənin üzvü olduğum dövrdə eyni zamanda hökumətlərarası daimi komitənin büro üzvü seçildim. 2 dövr də büro üzvü oldum. Hesab edirəm ki, bu, mənim həyatımda çox böyük uğur idi.

- Gənc yaşınızdan idarəetmə sistemində çalışmısınız. Çətin olmadı ki?
- İşə təzə başlayanda bir az çətin idi. Çünki mən Gənclər və İdman Nazirliyinə gələndə yerli idarələrin rəisləri ilə aramızda bir az çox yaş fərqi var idi. Yaxud bəzi gənclər təşkilatlarının rəhbərləri məndən daha yaşlı idilər. Əvvəlcə bir az çətin olsa da, sonradan hər şey düzəldi.

- Nazirlikdəki vəzifənizdən sonra Prezident yanında Gənclər Fonduna icraçı direktor təyin olundunuz. Belə bir vəzifəyə təyin olunacağınız ağlınıza gəlirdi?
- 2011-ci ildə cənab Prezident tərəfindən yeni dövlət proqramı təsdiq edildi. Proqramın müzakirəsi üçün prezidentlə gənclərin görüşü olanda cənab prezident təklif etdi ki, Azərbaycanda Gənclər Fondu yaradılsın. Bu, hamı üçün gözlənilməz idi. Təklif öz əksini proqramda tapdı və 2011-ci ilin dekabrında artıq Gənclər Fondu təsis edildi. Cənab Prezidentə mənə göstərdiyi etimada görə təşəkkürümü bildirirəm. Çünki gənc bir insanın böyük arzusudur ki, ölkəsinin başçısı tərəfindən bu cür yüksək diqqətə layiq görülsün. Ölkəmizdə gənclərə bu cür diqqət və qayğı ulu öndər Heydər Əliyev tərəfindən başlanmışdır. Hələ ulu öndərin hakimiyyəti dövründə hər zaman gənc kadrlara xüsusi diqqət göstərilirdi. Bu siyasət indi də davam edir. Bir məsələni qeyd edim. Deyirlər, Amerika arzular, imkanlar ölkəsidir. Mən hesab edirəm ki, Azərbaycan arzuların gerçəkləşdiyi, imkanların reallaşdığı bir ölkədir. Sumqayıtda sıravi həkim ailəsində böyümüş gənc olsam da, artıq 31 yaşımda cənab Prezident tərəfindən yüksək vəzifəyə təyin olundum. Hesab edirəm ki, öz arzumu öz ölkəmdə reallaşdırmışam. 10 il əvvəl belə bir şey mənim heç ağlıma da gəlməzdi. Əminəm ki, bu gün istənilən gənc öz üzərində çaışsa, ona göstərilən etimadı doğrultsa, ən yüksəklərə layiq görüləcək.

- Hələ tələbəykən gənclərlə işləməyə başlamısınız və bu fəaliyyətiniz davam edir. Gənclərlə işləmək necə bir hissdir?
- Daha çox proqressiv gənc gördükcə çox sevinirəm. Çalışıram onlarla mütəmadi olaraq görüşüm, söhbət edim, onlardan yeni nəsə götürüm. Gənclərimiz həmişə innovativ, yenilik gətirən, yeniliyə meyllidirlər. Artıq gəncliyimiz başa düşür ki, onlar daha çox çalışmalı, öz üzərlərində işləməlidirlər ki, həyatda uğur qazansınlar. Əminliklə deyə bilərəm ki, öz üzərində çalışmayan, yaxşı təhsil almayan, ictimai fəaliyyətlə arası olmayan insanlar çox nadir hallarda uğur qazanırlar. Bu, ola bilsin onlar üçün hər hansı bir şans olur. Demək olar, hər həftə 100-lərlə gənclə görüşürük. Müşahidələrimdən görünür ki, gənclərimizin dünyagörüşü yaxşı mənada dəyişib. Müsbət haldır ki, gənclərimizdə vətənə bağlılıq hissi də çox güclü inkişaf edib.

- Bu yaşınızda ölkə prezidentinin birbaşa təyin etdiyi vəzifədə çalışırsınız. Uğurunuzun sirri nədədir?
- İlk növbədə, heç vaxt işdən qorxmamışam. Hətta çətin işləri görməkdən xüsusi zövq alıram. Gənc olanda insan gərək özü üçün baryerlər çəkməsin, daha çox iş görsün, nailiyyətlər qazansın, daha çox üfüqləri fəth etsin ki, bir az yaşlananda enerjisi azalır, bəzən maraqları dəyişir, fərqli işlərlə məşğul olmağa başlayır. Bundan başqa, hər zaman mütaliə etmək lazımdır. Kitablar bizə çox şey öyrədir. Ələlxüsus, bədii ədəbiyyatı çox oxumaq lazımdır. Hesab edirəm ki, bədii ədəbiyyat insan ömrünün ayrılmaz bir hissəsi olmalıdır. Üçüncüsü, heç vaxt inkişafdan, öyrənməkdən qorxmaq lazım deyil. Elə kompyuter proqramları var ki, onları bilmirəm, amma qorxmadan, çəkinmədən bizimlə çalışan İT mütəxəssisindən soruşuram. Çalışıram ki, ondan geridə qalmayım, proqramları necə yazdığını, ümumiyyətlə, proqramların necə tərtib olunduğunu öyrənim. İşdən qorxmamaq, məsuliyyətli olmaq lazımdır. Bir də insanlara əlimdən gələn köməyi etməyə çalışıram. Çünki vaxtilə mənə də çox kömək edən, məsləhət verən, yol göstərən insan olub. Düşünürəm ki, kiməsə kömək etməyi bacarırsansa, çalışıb o köməyi etməlisən.

Lalə MUSAQIZI Uğur hekayəsi"> Uğur hekayəsi"> Uğur hekayəsi"> Uğur hekayəsi">