Heç vaxt dünyanı vecimə almadan yaşaya bilmədim
Sezare
Pavese italyan şair, ədəbi tənqidçi və tərcüməçidir. Əslində, onun qarışıq,
xaotik xarakterinə bu qədər az təqdimatı çox da uyğun deyil. Lakin Pavese
siyasi baxımdan da olduqca aktiv insan olsa da, əsla başqa sahənin adamı kimi
tanınmaqda maraqlı olmayıb. 1908-ci ildə Kuneo əyalətinin, Santo Stefano
adlanan ərazisində anadan olub. İtaliyada müharibə və böhran illərində sürgünə
və həbsə məruz qalması psixoloji vəziyyəti olduqca həssas olan yazarı daha da
məyuslaşdırır. Dünya ədəbiyyatında saysız-hesabsız ədəbi nümunənin müəllifi
olan məşhur yazar ateist olduğunu iddia etsə də, ədəbi araşdırmaçı Molinari
onun bütün əsərlərinin alt qatında bir Tanrı axtarışı olduğu qənaətindədir.
Pavese 1950-ci ildə intihar edib. İtalyanların nəzərində onun intiharı
əsərlərinin və bütün həyatının məqsədə çatması olub. Müəllifin "Yaşamaq işi”
("The business of living”) əsərindən bir hissəni təqdim edirik:
Mənim
yerimdə, vəziyyətimdə olan istənilən insan üçün vicdanı ilə hesablaşmaq, keçmiş
ilə sorğu-sual aparmaqdan başqa bir məşğuliyyət olmaz. Bir adamın başına gələn
bütün hadisələrin səbəbi keçmişindən canına, ruhuna yapışıb qalmış
vərdişləridirsə, ömrün sonuna az qalmış bu vərdişlərdən qurtulmaq cəhdində bir
məna görmürəm. Bir sözlə, layiq olduğum aqibətdir bu. Belə bir aqibətə layiq
görülmək üçün insan səfeh olmalıdır və görünür, mən də səfehəm. Hər şeydən
əvvəl məsuliyyətsizlik. Vicdanımla məsləhətləşərək, nəyi necə etməli olduğum
haqqında dərindən, ağıllı başla düşünmüşəmmi nə vaxtsa? Yox, hər zaman
duyğularıma, zövqlərimə uyğun davranmağı seçdim. Heç şübhəsiz, belə
davranmışam. Qadınlara düşmən kəsildiyim dönəmlərdə də (1930-1934)
davranışlarım, çıxışlarım bu cür müştəbehlikdən qaynaqlanırdı. İnsanlarla
səmimi, uzunömürlü münasibətlər qurmaqdan qorxurdum, qaçırdım, bu mənə bir
üstünlük oyunu kimi gəlirdi, açığı zövq alırdım.
Bu
münasibətin nə qədər qeyri-səmimi, etibarsız olduğu çox çəkmədi ki, ortaya
çıxdı. Görəsən, heç olmasa sənətim, yazdıqlarım, yaradıcılığım bu qeyri-səmimilikdən,
bu zövq düşkünü bir müəllifə aid olmağın utancından kənarda qala bilibmi? Bəzən
ürəyim yazmaq üçün alovlanırdı, özümü bir arzuya, bir həvəsə həsr edib
günlərlə, aylarla yorulmadan işləyirdim. Amma o günlərdə belə qorxurdum – bir
şeyə bağlanmaqdan, bu yazı da olsa, yaradıcılıq da olsa, qorxurdum. Heç vaxt
düz-əməlli işləmədim, əslində, əlim heç nəyə yatmırdı sanki. Heç vaxt hansı işə
meylli olduğunu, nəyə bacarığım çatdığını anlamadım. Amma bu dünyanın
insanlarından məni fərqləndirən bir əskiyim də var. Mən heç vaxt dünyanı vecinə
almadan, onu görməzdən gələrək yaşayan, həyatdan zövq ala bilən insan ola
bilmədim. Məndə o ürəklilik yoxdur. Hər zaman yüksək əxlaqi hisslərə, dəyərlərə
sahib insan hesab etdim özümü. Nə zaman insanların qayğısız, xoşbəxt anlar
dediyi anlar keçirməyə çalışsam, beynimin bir yerində ilişib qalmış, keçmişə
aid sualları qurdalayıb, bu anların arxasında qalan həyatları sorğulayıram.
Şübhələrin axışına verdim özümü. Bir zamanlar məni dahi olduğuma inandırmış
estetik dəyərlərin yaratdığı, hətta dörd yanımdan ucaltdığı mənəvi məsuliyyətin
dərinliyi qorxusundan qidalanan qeyri-səmimi rahatlığa özümü yenidən
öyrəşdirmək istəmirəm. Hərçənd əvvəlki
vəziyyətin təsirindən də çıxmamışam hələ ki. Mənəvi baxımdan bu tip çöküntülərə
məruz qalanda daha çox qorxuram, mənə elə gəlir ki, bu tip üzüaşağı
yuvarlanmalar özü ilə birgə maddi uğursuzluqları da gətirir. Məsələn, indilərdə
ayaqqabılarımın altı deşikdir. Hər halda bu, vəziyyəti aydınlaşdırar.
Ancaq
belə hadisələrlə içimdəki intihara meyilli qəhrəmana aydınlıq gətirə bilirəm Nə
zaman çətinliklə, ya da məni mənən incidən və çıxışı yolu olmayan bir hadisə ilə qarşılaşsam,
ağlıma gələn ilk şey intihar etmək olur. Hər zaman intiharı çıxış yolu kimi
görməyə meylli olduğumu etiraf edirəm. Məni qorxudan da budur: əsas meylim
intihardır. Reallaşdıra bilmədiyim və heç vaxt reallaşdıra bilməyəcəyim, amma
düşüncəsi belə əsəblərimi, ruhumu dincəldən, oxşayan İNTİHAR!
İşin ən
qorxulu tərəfi isə odur ki, şüurlu şəkildə görürəm, başa düşürəm ki, indi bu
vəziyyəti düzəltmək üçün əlimdən heç nə gəlmir. Nə etsəm, faydası olmayacaq.
Çünki əvvəllər də özümü yenə belə situasiyada tapmışam dönə-dönə və heç birində
işəyarayan bir çıxış yolu olmayıb. Və yenə eyni yerdəyəm və durmadan intiharı
düşünürəm. Və yenə də bu addımı atacaq gücü, cəsarəti hiss etmirəm özümdə.
Tamamilə əmin olduğum bircə budur. Bununla yanaşı, bu halda sadəcə nəyəsə və ya
kiməsə olduqca dərin duyğularla bağlı olmağın insan üçün bir qurtuluş, xilas
yolu olduğu qənaətindəyəm. Bütün qeyri-dəqiqliyimə, qərarsızlığıma,
məsuliyyətsizliyimə baxmayaraq, o adam sadəcə özünü sonsuz və təmənnasız
şəkildə özünü mənə həsr etməklə, məni nizam-intizama salmağın, özümü
cəmiyyətdən insanlardan əsirgəməməyi öyrətməyin yolunu bilirdi. Bunun sadəcə
Pierinoya xas xüsusiyyət olduğunu düşünmürəm. Çünki onun özünü mənə həsr etməyi
mənə yeni imtahanlara hazırlaşmaq kimi duyğu aşılayır, məni gözləyən sınaqların
gözümdə daha da dəqiqləşməsini təmin edir. Əgər öz başıma qalsam, ən yüngül
sınaqdan belə keçə bilməyəcəyim, ilk tramplində büdrəyəcəyim illər ərzində
yaşanmış saysız-hesabsız təcrübələrlə sabitliyini sübut edib. Yalnız Pierino
kimi biri ilə cismani və ruhi birgəlik, tale yoldaşlığı yaratmaqla nəsə uğur
qazana bilərdim. Tamamilə əmin olduğum bir digər şey də budur. Əgər belə bir
adam olmasaydı, öz qorxularım, şübhələrim böyürlərimdən sancılan mahmız
olacaqdı.
Amma o
bunun əvəzinə neylədi! Bəlkə heç nə elədiyini özü də bilmir, ya da bilir sadəcə
eyninə almır. Əslində, bu ona görə olduqca təbiidir, onunçün yaşadığı keçmişdə
də, xəyalını qurduğu gələcəkdə də o özüdür. Mənim kimi ikiləşmir, üçləşmir,
çoxalmır.
Amma bir
dəfə elədi bunu. Mən bir məhəbbət, könül bağı qurdum və bu münasibətin sonunda
lüzumsuz ittihamlara məruz qaldım. Bu münasibəti davam etdirməyə layiq
olmadığıma qərar verildi. Bu elə bir uğursuzluq ki, mənim nəzərimdə... Sizə
məlum olan o "aşiqin iztirabları, gündüzsüz gecələri”, ya da olduqca nüfuzlu
bir adamın cəmi bir anın içində "bütün etibarını itirmə”si bu duyğunun yanında
olduqca cüzi, xırda, əhəmiyyətsizdir.
Bu
uğursuzluq duyğusu ilə əlbəyaxa olduğum azmış kimi 1934-cü ildə heç vaxt laqeyd
qalmadığım dünyanın da problemləri, üsyanları başladı, nizamı pozuldu. Bütün bu
qarışıqlığın içində mənim əlimdən gələnlər bir səfehin, əbləhin edə
biləcəklərindən artıq deyildi. Nə edə bilərdim ki? Mən ömrüm boyu təkbaşına nə
edə bilmişdim ki?
Nə qədər
zərif don geyindirirəmsə, olmur. Sözün əsl mənasında bir səfeh, saf, əfəl, yaramazam
mən. Necə yaşayacağını bilməyən, özünü həddindən artıq etik görsə də, əslində,
əxlaqi yetkinliyə çatmamış, adamların sırasına qatıla bildiyi üçün özünü adam
hesab edən, intihar fikrindən kömək gözləyən, intiharı düşünməkdən bir addım
irəli ata bilməyən və əsla xəyalını qurduğu günləri yaşaya bilməyəcək biriyəm.
İngilis
dilindən tərcümə edən: Elcan SALMANQIZI