• cümə axşamı, 28 mart, 19:16
  • Baku Bakı 13°C

"Heç nəyə heyfsilənmək lazım deyil"

01.02.17 11:30 2617
"Heç nəyə heyfsilənmək lazım deyil"
Reqimantas Adomaytis - bu, sadəcə hansısa musiqidir. Sovet musiqisi deyil. Amma o, ömrünün çox hissəsini SSRİ-yə həsr edib. O, bu məkanda çox sevimli olub və onu həmişə gözləyiblər. Onsuz sovet kinosunu təsəvvür etmək mümkün deyil. Rus mühitində dahi Qərb aktyoru - bu, Hötenin «Faust»undakından da güclü zarafatdır. Sevgi ötüb keçirmi? Heç vaxt. Ancaq Reqimantas tamamilə başqa ölkədə yaşayır, indi o, xarici vətəndaş sayılır. Ola bilər ki, hətta, uzun illər yaşayacaq. O, xaraktercə filosof olsa da, bununla o qədər razılaşmır, "həyatı olduğu kimi qəbul etmək lazımdır” deyir. O, haqlıdır. Ancaq aktyorla bizim söhbətimizin təəssüratı bir qədər qəmli alındı. Bu günlərdə böyük aktyorun 80 yaşı tamam olub.
Bir çoxları səhnədə ölür, amma mən onlardan deyiləm
- Zəhmət olmasa deyin, sizi təqaüdçü adlandırmaq olarmı?
- Hə, əlbəttə, çoxdan.
- Axı, artistlər üçün belə kateqoriya yoxdur. Onlar ömürlərinin axırına qədər oynayırlar.
- Bu fikir hamısına aid edilmir. Bu, bir çox dahi şəxsiyyətlərə aiddir. Qalanları əlbəttə, qocalırlar, əvvəlki kimi gücləri yoxdur. Oynamaq isə hesab edirəm ki, yalnız gücdən asılıdır. Hərdən bəzilərinin də səhhəti hətta 100 yaşına qədər səhnəyə çıxmağa imkan verir. Ancaq mən onlardan deyiləm.
- Amma "sağlam bədəndə sağlam ruh olur” sözlərini də eşitmisiniz. Əksini də demək olar: Aktyor səhnədə oynayır və bu, onun ömrünü uzadır, hətta, səhnədə ölməyi arzulayan artistlər də var.
- Bu nə arzudur? Bu, cəfəngiyatdır. Belə arzu ola bilməz. Bir çoxları həqiqətən səhnədə ölürlər, ancaq mən o aktyorlardan deyiləm.
- Siz Andrey Mironovun həyatdan getməsini xatırlayırsınızmı? 87-ci ildə Riqada qastrolda olarkən «Fiqaro»nu oynayırdılar.
- Hə, belə də olur. Mən də bir aktyorun səhnədə ölməsinin şahidi olmuşam, ancaq bu, məni qorxutmur. Çünki mən artıq səhnədə oynamıram.
- Bəs siz özünüzü teatr və kinosuz necə hiss edirsiniz?
- Çox gözəl. Həmişə olduğu kimi. Nə qədər ki, cavansan, nə qədər ki, gücün, enerjin var, oynamaq lazımdır. Enerji azalanda isə hesab edirəm ki, dayanmaq lazımdır.
- Bu yaxınlarda Leninqrad teatrında Leonid Bronovoyu səhnəyə əlil arabasında gətirdilər. Onun kiçik bir rolu vardı. Burada sadəcə Bronovoyu görmək lazım idi.
- Ola bilər. Şükür Allaha ki, o, öz rolunu kresloda da oturaraq oynaya bilib. Amma mənim fikrimcə, bu cür səhnəyə çıxmaq lazım deyil.
Heç nəyi dəyişə bilmərəm
- Reqimantas, günləriniz necə keçir, məsələn, siz səhər yuxudan oyanırsınız…
- Səhər Litva jurnallarından birindən bir jurnalist qız gəldi və mən ona müsahibə verdim. Bu, kifayət qədər vaxt apardı. Ondan sonra dərhal siz zəng vurdunuz. Sonra mən mağazaya yollandım, bazarlıq etdim, nahar hazırladım və sizin zənginizi gözlədim.
- Bəs bu gün axşam nə edəcəksiniz?
- Yanıma Kiçik Teatrdan adam gələcək. Bu teatrda mənim yubileyimi deyil, ad günümü keçirəcəklər.
- Maraqlıdır, siz bu rəqəmə - 80 yaşınıza necə yanaşırsınız?
- Normal yanaşıram. Hər şeyin öz vaxtı var. İndi mənim 80 yaşım var. Nə etmək olar, heç nəyi dəyişə bilmərəm. Yəqin ki, mən özüm də tədbirlə bağlı teatra gedəcəyəm. Orada haqqımda yazılan kitabın təqdimatı olacaq. Mən hansısa arxiv kağızlarını bir teatrşünasa vermişəm və o, bu barədə kitab yazıb.
- Bütün bunlar yubileyqabağı tədbirlərdir. Bəs adi günlərdə. Siz tənhasınız?
- Yox, mən belə deməzdim, kiçik oğlum mənimlə yaşayır. O, işləyir, mən hərdən ona yemək hazırlayıram. O işdən sonra evə gec, yorğun gəlir. Mən də ona yemək hazırlayıb verirəm. Beləcə, zaman keçir.
- Vilnüsun küçələrində sizi tanıyırlar?
- Yaşlı nəslin nümayəndələri tanıya bilər. Bu da az hallarda olur. Tanıyanda da litvalılar öz emosiyalarını tez göstərmirlər. Tanısalar da, hisslərini göstərmirlər.
- Amma Moskvaya gələndə orada sizi hər addımda tanıyırlar.
- Yox, elə deyil. Ancaq mən Banionislə tez-tez gələndə hamı onu tanıyırdı, məni yox. «Maraqlıdır, Banionisin yanındakı kimdir?» - deyə maraqlanırdılar.
- Bilirsiniz ki, sizi Moskvada necə sevirlər?
- Hə, bilirəm, bu, çox xoşdur.
- Bilirsiniz niyə? Təkcə ona görə yox ki, siz görkəmli aktyorsunuz, filmlərinizi xatırlayırlar. Həm də ruslar nostalgiya kimi xəstəliyə yoluxublar.
- Nəyin nostalgiyasına?
- Keçib gedən illərin. O ölkənin ki, daha o, yoxdur. O mühit və münasibətlərin ki, daha insanlar arasında hiss olunmur…
- Ola bilər... Amma mən başqa baxışlara üstünlük verirəm. Mən hesab edirəm ki, Edit Piafın oxuduğu kimi heç nəyə heyfslənmək lazım deyil. Bu mahnını xatırlayırsınız? Fikrimcə, ümumiyyətlə, heç nəyə heyfslənmək lazım deyil.
- Bu, çox sağlam mövqedir. Ancaq mən eşitmişəm ki, siz bir ittifaqdan başqa bir ölkəyə düşməyinizə, Litvanın Avropa İttifaqının törəməsi olmasına görə təəssüflənmisiniz. Bu, sizi doğrudan ağrıdır?
- Mən bu məsələni ümumiyyətlə, müzakirə etmirəm. Siyasətlə maraqlanmıram. Belə mənim üçün daha rahatdır. Bilirsinizmi, dünya get-gedə dəlixanaya çevrilir. Yəqin bütün qocalara belə gəlir.
- Siz vətəndaş müharibəsinin qəhrəmanını - Sergey Lazonu oynayanda cavan idiniz. İndi bu qəhrəmana necə yanaşırsınız?
- O vaxtdan çox sular axıb. Hətta, indi Rusiyanın özündə belə bu qəhrəmana münasibət fərqlidir. İndi onun taleyini birmənalı çəkmirlər. Bu artıq uzaq keçmişdir və o zamana qayıtmıram.
- Sizin Rusiyada dostlarınız qalıbmı?
- Vardı... İndi mən çox az hallarda Rusiyada oluram. Çünki mənə oralarda filmlərə çəkilməyi təklif etmirlər. Yəqin ki, rejissorlar məni Şaxta Baba kimi təsəvvür etmirlər. Baxmayaraq ki, mən ona bir qədər oxşayıram. Ona görə də məni dəvət etmirlər. Mən çoxdan Moskvada olmuşam. Çünki dostlarla əlaqələrim, münasibətlərim zəifləyib.
- Siz oğlanlarınızdan razısınızmı, onlarla münasibətiniz necədir?
- Əlbəttə, valideynlər həmişə istəyirlər ki, oğulları tanınmış adam olsunlar, hansısa mövqeni tutsunlar və ya prezident olsunlar. Mən isə buna mənasız baxıram. Onların məşğul olduqları işdən razıyam. Əsas odur ki, özlərinin xoşuna gəlsin. Mənim xoşumun gəlib-gəlməməyi heç bir əhəmiyyət kəsb etmir. Bizim müxtəlif məsələlərlə bağlı fikir ayrılıqlarımız olur. Onların öz həyatları ilə bağlı hüquqları və fikirləri var. Öz davranışlarını da istədikləri formada müəyyənləşdirirlər. Oğlanlarımın ikisi Vilnüsda, biri isə Londonda yaşayır. Onlar hamısı mənim ad günümdə iştirak edəcəklər.
- Sizinlə yaşayan kiçik oğlunuzun peşəsi nədir?
- O, avtomobil ustasıdır, maşınların təmiri ilə məşğul olur.
- Onun hələ ailəsi yoxdur?
- Arvadı var, amma hələlik uşaqları yoxdur.
- Bəs üçlükdə necə yaşayırsınız: siz, oğlunuz və gəlininiz?
- Onlar ümumiyyətlə, qəribə yaşayırlar (gülümsəyir). İş günləri onlar ayrı yaşayırlar. Oğlum mənimlə qalır, arvadının isə öz mənzili var. Şənbə və bazar günləri onlar görüşürlər. Maşınla bağa, kəndə gedir və həftənin sonlarını orada keçirirlər.
- Müdrik bir insan kimi onlara həyatı başa salmağa cəhd göstərmirsiniz?
- Heç bir halda. Düzdür, hərdən bunlar ağlımdan keçir, amma başa düşürəm ki, mənim əxlaq dərslərimin bir qəpik qiyməti olmayacaq. Onlar hər şeyə özləri qərar verirlər.
- Bu yaxınlarda faciə yaşadınız: həyat yoldaşınız həyatdan köçdü. Bu, xoşbəxt nikah idi?
- Əlbəttə. Ancaq mən öz həyatımı gənclərə nümunə göstərmək fikrində deyiləm.
- Siz filmlərə çəkildiyiniz vaxtlarda qastrollara gedirdiniz. Həyat yoldaşınız bununla barışırdı?
- Demək olar ki, tamamilə başa düşürdü. Çünki o özü də kinoaktrisa və müğənni idi.
- Neçə il bir yerdə yaşadınız?
- Hesablamaq lazımdır. Qızıl toyumuzu qarşılaya bilmədik.
- Xahiş edirəm, həyatda ən xoşbəxt gününüzü xatırlayasınız. Əlbəttə, əgər həyatınızda belə gün olubsa?
- Xoşbəxt günlər çox olub. Aktyor rol alanda, tamaşaçılar onu alqışlayanda həmişə xoşbəxtdir. Amma həmişə bu, belə olmur. Oynadığımız bütün rolları özümüz də bəzən bəyənmirik və bunlar da həmişə tamaşaçıya təsir etmir. Ona görə də aktyor asılıdır. O, rollarını özü seçmir.
- Tamaşaçıların ən çox sevdiyi filmlərdən biri «Miraj»dır. Siz orada Frenk Morqanı oynayırsınız.
- Ah, mən artıq bunu unutmuşam. Lap azca xatırlayıram.
- Siz ki, Litva filmlərinin hamısında bütün Qərbli rollarını oynamısınız.
- Rejissorlar tez-tez mənə Qərb vətəndaşlarının rolunu verərdilər. Sadəcə, biz litvalılar Şərqlə Qərbin sərhədində yerləşdiyimizdən bizdə hər ikisinin xьsusiyyətlərindən var.
- Sizə heç zahirən və oyununuza görə Cek Nikolsona oxşadığınızı deyənlər olub?
- İlk dəfədir eşidirəm (gülür).
- Sizin baxışlarınız çox oxşardır. Gözlərinizin dərinliyində, üzünüzün cizgilərində keçmiş həyatın izləri var. Ona görə də Amerika aktyorluq məktəbi ilə sovet, Litva və Rusiya məktəblərini müqayisə edin.
- Sadəcə, amerikalılar çox azad insanlardır. Bu, onlar oynayanda dərhal görünür. Bu, məktəbin nəticəsi deyil, sadəcə həyat tərzidir. Amma buna baxmayaraq, onların həqiqətən gözəl məktəbləri var və bunu yaratmaq üçün böyük qüvvə sərf ediblər.
- Sizin ürəyinizdən heç Amerikaya, Almaniyaya getmək, orada yaşamaq və filmlərə çəkilmək arzusu keçməyib?
- Heç vaxt. Ona görə yox ki, mən öz dövlətimin vətənpərvəriyəm. Aktyorluq işi dillə bağlıdır. Əgər dili bilmirsəns,ə səni ora heç nə apara bilməz. Mən Almaniyada çox çəkilmişəm və bu, əvvəllər çox asan idi. İstədiyin dildə danışırdın. Sonra isə hər şey dəyişdi.
- Bununla belə siz dünya görmüsünüz.
- Hə, kifayət qədər. Ancaq məndə harasa getməklə bağlı nostalgiya yoxdur. Ola bilər ki, istinin olmasını arzulayım. Qışın soyuğu adamın zəhləsini tökür. Ancaq indi qış nisbətən yumşaq keçir. Ölkələr var ki, orada yay heç qurtarmır. Əlbəttə, oralarda olmaq istərdim, ancaq indi səhhətim harasa getmək üçün əl vermir.
- Yəqin ki, yubileyinizdə sizi mükafatlandıracaqlar?
- Yox… Heç bir mükafat, hədiyyə lazım deyil. Igər hansısa dostlar, tanışlar, qohumlar gələcəksə bu, mənim üçün xoş olacaq. Ancaq mən daha heç vaxt heç nə oynamayacağam, heç vaxt…
Rus mətbuatından çevirdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər