• çərşənbə axşamı, 16 aprel, 19:51
  • Baku Bakı 18°C

Heç kimlə dost olmurdum ki, onlar da məni atıb gedərlər... - Fotolar

26.01.17 12:00 4880
Heç kimlə dost olmurdum ki, onlar da məni atıb gedərlər... - Fotolar
"Yaşadıqlarım mənə həyatın uzunluğuna görə yox, mənasına görə ölçüldüyünü öyrətdi. Elə yaşamalısan ki, geriyə dönüb baxa biləsən. Mən əvvəlki həyatla başımı arxaya çevirə bilmirdim. Buna görə dəyişməli idim. İndiyə qədər 100-150 seminara qatıldım, kitablar oxudum. Həyatı dərk etməyə başladım. Dərk etdikcə də yolum açılırdı. Anladım ki, bu həyat mənimdir, mənim əvəzimə heç kim yaşamayacaq. Öz qaydalarımı özüm qoymalı, gələcəyə müsbət baxmalı, həyatımı dəyərli etməliyəm”.

Bu sözləri bizimlə söhbətində 2 yaşından valideynləri tərəfindən tərk edilərək dövlətin himayəsinə verilən Seymur Kazımlı dedi. Seymur uzun müddət davam edən əziyyətlərdən, işgəncələrdən sonra 24 yaşında cəsarətini toplayıb bütün həyatını dəyişib. Tək məqsədi "bacı-qardaşlarım” adlandırdığı, uşaq evində yaşayan digər uşaqları da cəmiyyətə adaptasiya etmək və həyatlarını dəyişməkdir.

Deyirlər ki, körpəlikdən tərk edilən uşaqlar dünyadan xəbərsiz böyüyür, taleyi ilə tez barışırlar. Ailəsini tanıyandan sonra tərk edilən uşaqlar isə gecələr ağlamadan yuxuya getməzlər. Çünki hər uşağın isinmək istədiyi tək yer "soyuq” yataq deyil. İsti ana qucağı, ata nəvazişi hər bir uşağın ən böyük haqqıdır...
Seymurun həyat hekayəsinə nəzər salaq...
"Gözüm darvazada qaldı”
Müsahibimiz həyata 0:1 məğlub başlayıb. 1992-ci ildə Lənkəranda anadan olub. 2 yaşından Lənkəran şəhər 5 saylı uşaq evinə yerləşdirilib: "2 yaşındakı uşağın xatırlaması çox çətindir. Amma o səhnələr gözümün önündən getmir, yuxularımda yaşayır. Atam anama dedi ki, uşaqları apar uşaq evinə. 6 qardaş, 2 bacı idik. Bir qardaşımdan başqa hamımız uşaq evində olmuşuq. Səhər tezdən anam qardaşımla məni uşaq evinə gətirəndə direktor bizi qarşıladı. Nazilə müəllimə (direktor) mənim üçün həm ana, həm də gözümdə düşmən idi. Anama dedi ki, yenə iki uşaq gətirmisən? Anam: "Atası göndərib, gətirmişəm... Baxa bilmirik...” – dedi.

Anadan ayrılmaq çətindir. Onu ancaq yaşayanlar bilər. Çox ağladıq. Xeyri olmadı... Atam içki alüdəçisi olduğu üçün öz həyatını idarə edə bilməyib. Anama deyib ki, apar uşaqları qoy, böyüyəndə götürərik. Bizə dedilər ki, ananız mağazaya gedib, gələcək. Amma anam qayıtmadı... O, məktəbdən çıxana qədər gözüm darvazada qalmışdı. Ayaqyolunun barmaqlıqlı pəncərəsindən məktəbin qapısı görünürdü. Unitazın üstünə taxta qoyurdum, həmin darvazaya hər gün baxırdım ki, kimsə gələcək. Amma gələn olmadı...”
"Cavabsız suallarla ağlayıb yenə yatırdıq”
Seymur deyir ki, valideynləri onun uşaqlığını, gəncliyini alıb apardılar: "Həddindən artıq çox əziyyət çəkdik. Nə uşaqlığımızı, nə də gəncliyimizi yaşaya bildik. Hər yaşın öz gözəlliyi var. Biz o gözəllikləri görmədik. Davranış, aclıq, uşaqların hüquqlarının pozulması, döyülmək... dəhşət idi. Bir dəfə acmışdım, yeməkxanadan çörək götürmək istədim. Çörəyi icazəsiz götürdüyümə görə məni həm müəllimlərim, həm də direktor döydülər. O qədər döyülürdük ki, döyülməyə normal baxırdıq. Döyülmək həyat tərzimiz idi. İncimirdik...”

İllər sonra Seymurun atası uşaqlarını görməyə gəlib. Lakin uzun müddət gözlənilən bu görüş də baş tutmayıb: "Həmin vaxt çimirdik. İçəridə dedilər ki, "Seymur, atan gəlib”. Sevindiyimdən alt paltarında çölə qaçdım. Müəllimə darvazada əlimdən tutdu ki, "atanın yanına olmaz”. Dedim niyə? Dedi atan içkili vəziyyətdə gəlib, buna icazə yoxdur. Mən uşaq idim. İçkili nə deməkdir, bilmirdim. Bizi elə böyüdürdülər ki, 5-ci sinfə qədər pulun nə olduğunu bilmirdik. Hətta bir dəfə əmim gəlmişdi. Mənim və qardaşımın cibinə bir az pul qoydu ki, ürəyiniz istəyəni alarsınız. Əmimə dedim ki, bilmirəm bu nə qədərdir, pul nədir, necə xərclənir? Nə alacaqsansa, özün al. Bəzən bacı-qardaşımızla oturub söhbət edirdik ki, nə üçün valideynlərimiz bizi görməyə gəlmirlər. Cavabsız suallarla ağlayıb yenə yatırdıq”.
"Hiss etmirdik ki, rəhmətə gedib...”
Həmsöhbətimizə görə, həyatda hər şeyin çarəsi var, iki şeydən başqa: "İstəmədiyimiz həyatı yaşayırdıq. Həyatda hər şeyə nail olmaq olar, hər şeyin çarəsi var. Amma iki şeyi seçə bilmirsən – ata və ananı.Valideyn uşağı uşaq evinin qarşısına qoyanda düşünməlidir ki, onun həm gələcəyini əlindən alır, həm də uşaqlığını. Düzdür, evimizdə qalsaydıq da çətinlik görəcəkdik, amma valideynlərinin yanında olduğunu bilmək hər şeyə dəyər. İllər keçirdi, gözüm qapıdan çəkilmir, ümidim qırılmırdı. Bir dəfə balaca qardaşımla qapıya baxırdıq, böyük qardaşım gəlib dedi ki, gözləməyin, gəlməyəcəklər. Amma buna inanmaq istəmirdik. Başqa valideynlər gələndə qabağına qaçırdıq ki, mənim ata-anamı görməmisən?”

Döyülməyin adi bir şey olduğunu deyən Seymur yaddaşından silinməyən xatirələrini də bizimlə bölüşdü: "Bizi döyən direktora "Nazilə ana” deyirdik. Bir dəfə qonşunun həyətindən internatın həyətinə nar ağacı sallanmışdı. 1-ci sinifdə oxuyurdum. Qardaşıma dedim ki, gedək, nar dərək. O nara görə ikimizi də döydülər. Və işgəncə otağına saldılar. O otağa girən uşağa 3 gün ancaq çörək və su verirdilər. Taxtanın üstündə yatırdırdılar. Müəllim dərs verirdi. Əgər tapşırığı tam yerinə yetirə bilmədinsə, axşam yeməyini yemirdin. Belə böyümək də, yaşamaq da istəmirdik. Gözümüzü ac böyütdülər. 4-cü sinifdə əmim atamız rəhmətə getdiyinə görə bizi yasa apardı. Bizim üçün gecəyə qədər icazə aldı. Çadır qurulmuşdu, anam ağlayırdı. Biz yasa girəndə, ağlımıza birinci stolun üstündəki yeməklər gəldi. Hamı da bizə baxırdı. Biz ata nədir, bilmirdik. Hiss etmirdik ki, rəhmətə gedib...”
"Böyüdüm, başa düşə bilmədim...”
Seymur niyə döyüldüyünü soruşmaq üçün məktəbi bitirəndən sonra "Nazilə ana”nı axtarıb: "Məzun olandan sonra direktorumu axtarmağa başladım. Nazilə müəllimənin qapısına gəldim. Qapını açdı, məni görəndə kövrəldi. Məndən halallıq istədi. Dilimdə halallıq verdim, amma ürəyimdə verə bilmədim. Birinci sinif uşağının başına kisə keçirib döyməyə haqq qazandırmaq olmaz. Buna halallıq düşmür. Balaca uşağın dustaq otağına girməyi dəhşətdir. Orada olanda qardaşım meyvə oğurlayıb gətirirdi ki, sən yemək yeməmisən, acsan. Meyvəyə baxanda görürdüm ki, yarısını yeyib, yarısını da mənə verir. O günlər necə yadımdan çıxa bilər?”

Seymurun internatı bitirən qardaşları və anası Lənkərandan Bakıya köçdüyü üçün əmisi onları da məktəbdən çıxarıb Bakıya gətirib: "Anamı görəndə elə qucaqladım ki, qardaşım da sevincindən məni qucaqladı. 15 dəqiqə bir-birimizə sarılı qaldıq. Sanki gördüyüm işgəncələr, ac qaldığım günlər, asılı olduğum vaxtlar 10 dəqiqəlik itdi. Lakin anam yenə bizi istəmədi. Səhəri anam mənimlə qardaşımı Bakı şəhərindəki 10 saylı internat məktəbinə qoydu. Ayrılanda eyni hissləri yenə yaşadıq. Onda ayrılmağı həzm edə bilmədim, ürəyim getdi. Bir tərəfdən müəllimlər yapışıb, bir tərəfdən anamın əlini buraxmıram. Belə bir dəhşətli ayrılığı yaşadıq. Amma Bakı məktəbində bizə elə gözəl baxırdılar ki, o biri ilə müqayisədə cənnət idi. Çox yaxşı münasibət göstərirdilər. Əvvəlki məktəbdəki vərdişlər beynimdə qalmışdı. Bu məktəbdə də valideynlər həftənin axırı uşaqlarını götürüb aparırdılar. Bir il yanımıza heç kim gəlmədi. Sonra iki qardaşımı da gətirib yanımıza qoydular. Biz həyatın gözəlliklərini yavaş-yavaş görməyə başladıq. Müəllim bizə tapşırıq verirdi, sonra yeməyə gedirdik. Mən bir saata bütün dərslərimi cəld edirdim ki, birdən mənə axşam yemək verməzlər. Heç kimlə dost olmurdum ki, birdən onlar da məni atıb gedərlər. İtirməkdən qorxurdum. Hər şeyi başa düşürdüm. Həyat məni böyütmüşdü. Amma bircə valideynin övladını görmək istəməməsini başa düşə bilmədim... Bakı internat məktəbindəki müəllimlərlə ünsiyyətdən sonra həyatda nəsə qazanacağıma ümidim artırdı. Düşünürdüm ki, bəlkə elə mən lazımlı adamam. Çünki müəllimlər bizə stimul verirdilər. Lakin anama verdiyim suallar yenə də cavabsız qalırdı. Böyük qardaşım demişdi ki, böyüyərsən, hər şeyi başa düşərsən. 24 yaşım var, hələ də başa düşə bilmirəm...”
"Valideynlərimin mirası utanmaq hissidir”
İnternatdan sonra Bakı Peşə Liseyinə daxil olan Seymur cəmiyyətə doğru ilk addımını atır: "Həyatımda ilk dəfə idi ki, hansısa atalı-analı uşaqla bir yerdə otururdum. Çox qorxurdum. Qorxurdum ki, alışa bilmərəm. Utanırdım. Birinci gündən sərhədlərimi müəyyənləşdirdim. Müəllimlər, uşaqlar və bizim uşaqlarımızın arasında hasar çəkirdim. Qəbul edə bilmirdim. Onların deyib-güldüklərinə biz gülmürdük. Bizim təbəssümümüzü valideynlərimiz içimizdə boğmuşdu. Hər zəngdə qızlarla oğlanlar bufetdə yeməyə gedirdilər, bizim pulumuz yox idi. Müəllim danışırdı, hamının diqqəti onda olurdu, biz bir-birimizə baxırdıq ki, digər uşaqlar danışıblar ki, hərə iki manat götürsün, çayxanada oturacağıq. Bizim cibimizdə 20 qəpik yolpulu olurdu.

Bir dəfə müəllim bizə bəzi ləvazimatları almağı tapşırdı. Əlimi qaldırdım deyəm ki, bizim uşaqlar sabah gətirə bilməz. Müəllim sözümü ağzımda qoydu, dedi otur... sizi başa düşürəm, narahat olmayın. Atalı-analı uşaqlardan biri dedi ki, onların anaları onları qızıldan doğub ki, onları başa düşürsünüz? Çöldə həmin oğlandan soruşdum ki, nə üçün bizə qarşı belə hərəkət edirsiniz? Mənə dedi ki, gör siz necə insanlarsınız ki, sizdən ata-ananız üz döndərib, siz uşaq evində böyümüsünüz. Mən dondum, yerimdəcə qaldım. Bütün uşaq evində yaşadıqlarım, anadan ayrılmağım gözümün qabağına gəldi. Mən dünyaya uşaq gətirsəm, küçədən butulka yığıb onu saxlayaram, amma kiməsə həvalə etmərəm. Amma bu gün mənə valideynlərim deyə bilməz ki, sənin əziyyətini mən çəkmişəm. Valideynlərimin mənə miras qoyduğu utanmaq hissi ilə hələ də yaşayıram”.
"Cəsarətli olmaq lazımdır”
Sonra usta yanında sənət – gül yığmağı, maşın bəzəməyi öyrəndim. İki il pulsuz getdim, amma hər xırdalığına qədər öyrəndim. Böyük qardaşım ailə qurmuşdu. Bütün kiçiklər onun yanında qalırdı. İşlədim, pul yığdım, ayrıca ev tutub bütün qardaşlarımı himayəmdə saxladım. Səhər-axşam işləyirdim ki, qardaşlarımın problemi olmasın. Artıq qəbul etmişdim ki, taleyimizdən qaça bilmərik. Çörəyim güldən çıxırdı. Bir dəfə eşitdim ki, internat məzunlarının sosial inteqrasiyası adlı bir təşkilat var. Oranın sədri Araz Əhmədov bütün həyatımı dəyişdi. Psixologiya təlimlərinə yönləndirdi, seminarlarda iştirakımı təmin etdi. Hər təlim içimdəki yükü azaldırdı və yük azaldıqca qarşımda yol açılırdı. Komplekslərimin 80 faizini qırdım. Mühitimi dəyişdim, dostlarımı, ətrafımı dəyişdim, amma internat uşaqlarını dəyişə bilmədim. Onların hamısı mənim bacım, qardaşımdır. Çünki onlar mənimlə eyni əziyyəti çəkib, eyni taleyi bölüşüblər. Bəzi uşaqlar var ki, deyir, elə bir travma almışam ki, həyatımı dəyişməyə qorxuram. Həyatı dəyişməyə cəsarət lazımdır. Mən, mənim taleyimi yaşayan insanlara göstərmək istəyirəm ki, insan həyatını dəyişə bilər. Çətinliklərdən dərs çıxarmaq lazımdır. Mən bildiklərimi, gördüklərimi onlarla paylaşıb, onları quyudan dartıb çıxarmalıyam”.
"Elə yaşamalıyam ki, övladım mənə görə utanmasın”
Seymuru dövlətin internat uşaqları üçün tikdiyi yataqxanadan bəy kimi çıxarıblar: "Hər gecə iki saat özüm haqqında fikirləşərdim. Bir dəfə düşündüm ki, əgər mən ailədə sevgi görməmişəmsə, özüm ailə qurum, o sevgini özüm qazanım. Doğulduğum ailəyə verə bilmədiyim o sevgimi öz ailəmə verim. Həm sevgi verməyə, həm də görməyə ehtiyacım var idi. Ailə qurdum. İnternat yataqxanasından bəy kimi çıxdım. İllərlə acı olduğum sevgini indi ailəmdən alıram. Həyat yoldaşım mənim hədiyyəmdir. İndi qarşımda bir prinsip var – həyatımı bundan sonra elə yaşamalıyam ki, övladım bunu hiss etməsin, məndən utanmasın. Ona özüm yaşamadığım, istədiyim həyatı verməliyəm. Bir də valideynlərə səslənirəm – əgər uşaq istəmirsinizsə, dünyaya gətirməyin! Əgər dünyaya gətirmisinizsə, onu saxlamağa borclusunuz!”
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər