AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Heç kim həyatıma qarışmasın” – Şou-biznes

“Heç kim həyatıma qarışmasın” – Şou-biznes

Gənclik qəzeti
04 Noyabr 2014, 11:10 5526
“Gənclik qəzeti”nin bu həftəki qonağı aktrisa, aparıcı Zümrüd Qasımovadır. O, “Gecə yarı”, “Gəlin danışaq”, “Elin adamı” və sair verilişlərin aparıcısıdır. Bundan başqa “Labirint”, “Məkanın melodiyası”, “Qala” filmlərində müxtəlif obrazların müəllifidir. Aktrisa hazırda aparıcılıqla yanaşı həm də Azərbaycan Dövlət Yuğ teatrında çalışır. Aktrisa ilə elə ilk söhbətimiz də teatrın 25 illik yubileyi ilə başladı.

- Bu il teatrın yaranmasının 25 illiyi və Vaqif İbrahimoğlunun 65 illik yubileyini qeyd etdik. Bu münasibətlə böyük tədbir keçirildi. Tədbirdə “Yuğ” teatrının simaları, işçiləri iştirak edirdilər. Eyni zamanda teatrda Fərhad İsrafilovun ifasında 25 il bundan qabaq Vaqif İbrahimoğlunun quruluşunda hazırlanmış tamaşa oynanıldı. Vaqif İbrahimoğlu mənim üçün əvəzolunmaz ustad və unudulmaz insandır.

- Bir müddət sizi Mingəçevir Teatrının aktrisası kimi də gördük. Hazırda həmin teatrda da çalışırsınızmı?
- Hazırda “Yuğ” Teatrında çalışıram. Bir müddət Mingəçevir Teatrının aktrisası kimi də işlədim və onlarla da işləmək çox maraqlı idi. Mingəçevir teatrı çox uzaq olsa da mənim üçün məsafə o qədər də önəmli deyildi. Daima yeniliklər axtarır, fərqli teatrlarda iştirak etmək istəyirdim. Mingəçevir Teatrının səhnəsi böyük idi və orada tamaşa oynamaq mənə maraqlı gəlirdi. O zaman Mingəçevir Teatrının baş rejissoru Vaqif müəllimin tələbəsi Günay Səttar idi.

- Əsas sənətiniz aktrisa olduğu halda tamaşaçılar sizi aparıcı kimi tanıyır.
- Teatrı çox sevirəm. Aktrisa bütün sahələrdə işləyə bilər. Ancaq heç vaxt unutmuram ki, mən aktrisayam. Efirdə insanlar məni daha çox verilişlərimlə tanıyır. Bəlkə də bu mənim qazancımdır. Hazırda Yevlax kanalında “Elin adamı” verilişinin aparıcısıyam. Bu veriliş regionlarla bağlıdır. Regionlara gedib, tanınmış, nüfuzlu ailələrin qonağı oluram. Beləliklə elimizin adamlarını ekran vasitəsi ilə tamaşaçılara tanıdıram. Hər kəs bilir ki, efirlərdə çox fərqli verilişlərin aparıcısı olmuşam. Çəkiliş əsnasında elə insanlarla tanış oluram ki, hər dəfə onlardan yeni nələrsə öyrənirəm.

- Paytaxtda bu qədər televiziyalar var ikən, nə üçün siz bölgə televiziyalarında çalışmağa üstünlük verirsiniz?
- Bölgə televiziyalarından o qədər çox şey qazanmışam ki, bunu izah edə bilmərəm. Hər dəfə verilişi bitirəndən sonra iştirakçılar belə insanları işıqlandırdığımız üçün bizə təşəkkürlərini bildirirlər. Bölgələrdə yaşayan tamaşaçılar da söyləyirlər ki, biz bayağı şou-verilişlərindən bezmişik. Tamaşaçıların belə verilişlərə ehtiyacı var. Mənə paytaxt televiziyalardan iş təklif olunsa da, mən onları qəbul etmirəm. Çünki hələlik bu veriliş mənə sərf edir.

- Biz sizi hər zaman fərqli imicdə, fərqli layihələrlə görmüşük. İndi hansı layihələrinizlə tamaşaçıları təəccübləndirəcəksiniz?
- İndi özümü şıltaq qız kimi deyil, yetkinləşmiş insan kimi hiss edirəm. Mən qısa geyinməyi xoşlayıram. Qısa geyimlə efirə gələndə hər kəs məni qınadı. O zaman 2007-ci il idi. Cəmiyyətimiz bunu heç də yaxşı qarşılamırdı. Gecəyarı apardığım veriliş söz-söhbətə səbəb olmuşdu. İndi hər kəs qısa geyinir. İndiki aparıcıların geyimlərinin yanında mən şükürlü idim. Mən indi də qısa geyimlər geyinə bilərəm, ancaq istəmirəm. İndi teatrda işləyirəm, fərqli verilişlər aparıram. Hər il fərqli layihələrlə aparıcılıq edirəm. Bu il isə eli üçün nələrsə etmiş insanlarla tanış oluram. Çox istərdim ki, bundan sonrakı fəaliyyətimdə aktrisa kimi özümü təsdiq edim. İstərdim ki, seriallar və filmlər çəkilsin. Mənə serialda çəkilməyə təklif gəlsə də, çəkiliş məkanına getdim, özümü orada görmədim. İstəyirəm ki, daha peşəkar seriallar çəkilsin və mən də orada iştirak edim. Nə qədər ki, cavanam, gəncəm, bədii filmlərdə çəkilmək istəyirəm.

- Qeyd etdiniz ki, siz indi də qısa geyimlər geyinə bilərsiniz. Həyat yoldaşınız buna necə baxır?
- Həyat yoldaşım qısqanc insandır. Qısqanclığının da səbəbi məni itirmək qorxusudur. O hiss məndə də var. İndi qısa geyinəndə özümü narahat hiss edirəm. Hazırda daha çox rahatçılığa üstünlük verirəm. Mən gənc xanımam, indi qısa geyinməsəm, nə zaman geyinəcəyəm? Nə üçün bu yaşımda mən qısa paltar geyinməməliyəm? İlk növbədə mən sənət adamıyam. Sənət adamı çox şaxəli geyinməli, düşünməli və dünyaya açıq olmalıdır. Mənim peşəmin öz tələbləri var.

- Tamaşaçılar daha çox sizin ailə həyatınız və geyiminizdə maraqlanırlar. Aktrisalıq və aparıcılıq sənətiniz onların gözündə ikinci planda durur.
- Mən onları qınamıram. Teatra axın çox azdır. Bir aktrisanı kəşf etmək çox çətindir. Onun üçün gərçək aktrisanı ya teatrda, ya da serialda görsünlər. Ona görə də mən tamaşaçıların yaddaşında aparıcı kimi qalmışam.

- Siz “Yuğ” Teatrında 10 il bundan qabaq intim səhnələr canlandırmısınız. Bu həmin dövr üçün cəsarətli addım idi.
- Mənim üçün heç kəsin fikri önəmli deyil. Həyatda öz fikrimdən önəmli heç nə yoxdur. O zaman Yuğ Teatrında Annateraso obrazını yaradan aktrisa tələb olunurdu. Mən də bu rolu qəbul etdim və oynadım. Hər kəsin düşüncə tərzi fərqlidir. Gecəyarı verilişində qısa geyinirdim, o zaman elə geyinmək lazım idi. Əgər gecəyarı verilişinə uzun paltar geyinsəydim, o zaman o verilişə heç kim baxmazdı. O zaman bədənim, vücudum gözəl idi, mən də onu göstərirdim.

- İndi intim səhnələrə çəkilərsinizmi?
- Bu, mənim peşəmdir. Hər kəsin özünəməxsus işi var. Düzdür, indi insanlar öz sahələrindən kənar sahələrdə də çalışırlar. Yaxşı ssenari və gözəl komanda olarsa elə səhnələr oynayaram. Nə üçün oynamayım? Ancaq qarşımda seçim olsa ki, ailəm buna qarşıdır, o zaman düşünərəm. Böyük qonorara görə də belə səhnələrə çəkilmərəm. Çünki mənim pula ehtiyacım yoxdur. Yoldaşımın qazancı ilə dolanıram. Gözəl əsər, böyük iş olarsa, 10 kilo arıqlayıb, o səhnələrə çəkilərəm. Yaşadığım hadisələrdən sonra bir az kökəldim və yaxşı filmə görə arıqlayaram da.

- Bir neçə il bundan öncə başınıza bədbəxt bir hadisə gəldi. Sizə yanlış diaqnoz qoyulmuşdu. Sizi müayinə edən həkim xərçəng xəstəliyinə tutulduğunuz halda heç nəyinizin olmadığını söyləmişdi. İndi sağlamlığınızda vəziyyət necədir?
- İndi sağlamlığımda hər şey yaxşıdır. 6 aydan bir müayinə olunuram. Əslində mən o klinikanı məhkəməyə vermək fikrindəyəm. Mənim problemim klinika ilə deyil, həkimlə bağlıdır. Əgər sən savadsızsansa, xəstənin probleminin nə olduğunu bilmirsənsə onu başqa həkimlərə məsləhət görməli idi. Halbuki məndə ikinci, üçüncü dərəcəli xərçəng xəstəliyi var idi. Həmin həkimin ucbatından mən 6 ay gecikmişdim. Bir sıra işlərim var ki, onları yoluna qoyduğumdan sonra bu işlərin arxasınca düşəcəm. Hər kəs öz cəzasını çəkməlidir. Mən biləndə ki, bu xəstəliyə tutulmuşam, gedib həkimə mənə səhv diaqnoz qoyduğunu söylədim. Analizə baxan həkim məndə bu şişi görmədiyini söylədi. O deyir ki, bu onun gözündən qaçıb. Xəstəxanada özümü güclə saxladım, elə oradaca həkimi boğmaq istəyirdim.

- Həkimlər sizdə belə bir xəstəliyin olduğunu söylədikdə, nə hisslər keçirdiniz?
- Onkologiya Xəstəxanasında belə bir xəstəliyə tutulduğumu öyrəndim. Analizin cavabını açdım, yazılanları oxuyanda şok yaşadım. Yoldaşıma zəng etdim, o isə mənə təsəlli verdi. Həkimə söylədim ki, nə varsa, onu da deyin. Mən nə qədər yaşayacam? Yaşamağıma ümid varmı? Sonra Türkiyəyə getdim. Əməliyyatda yanımda duran, mənə dəstək olan insan həyat yoldaşım oldu. Hətta mənim anam belə əməliyyat olunduğumu bilmədi. Hər şeyi insanlardan gizlətdim. Həyat yoldaşım hər zaman mənim yanımda oldu.

- Və siz xərçəngə qalib gəldiniz.
- Elə deyirlər. Heç mən xəstə insana oxşayıram? (gülürük) Bir şeyi anladım ki, həyatda hər şey boşdur. İnsan özü üçün yaşamalıdır. Mənim pis anımda o hissləri özüm çəkdim. Ona görə həyatıma qarışma haqqını heç kimə vermirəm. Anladım ki, bu həyat mənimdir. Həyatıma bir dəfə gəlmişəm və mən tək olaraq da gedəcəm. Mən olmayanda da həyat davam edəcək. Mən kimlərə və nəyə görəsə niyə bu qədər parçalanmalıyam. Sadə yaşamağa öyrənmək lazımdır. Gördüm ki, məni sevənlərim çox imiş. Rəfiqəm belə məhz mənə görə işdən çıxıb, 10 gün yanımda oturdu. Yəni, belə fədakar dostlarım var.

- Zümrüd xanım bu gün bu sənətə gəlmək istəyən gənclərə nələri məsləhət görürsünüz?
- Televiziyada gənc kadrları görəndə çox sevinirəm. İndi mənim 18 yaşım olsaydı, çox şeylər edərdim. Gənclərin bəxti onda gətirəcək ki, filmlərin çəkilən vaxtı onlar efirə gələcəklər. İndiki zamanda gənclərə daha çox şərait yaradılıb. Mən səhnəyə 1999-cu ildə çıxmışam. O zaman hər şey başqa cür idi. Mənim üçün çox çətin idi. Hərdən düşünürəm ki, indiki ağlımla o şeylər olsaydı hər şey çox yaxşı olardım. Gənclərə tövsiyəm odur ki, hər zaman öz üzərilərində işləsinlər. Şərt gözəl, müasir olmaq deyil. Əsas odur ki, intellektual səviyyən yüksək olsun. Gözəllik, geyim bunlar gəldi keçərdi. Elə gözəl qadınlarımız olub ki, indi yada da düşmürlər. İnsan nə istəsə əldə edə bilər. Yetər ki, istəsin.
Ötən il İstanbulda magistraturaya qəbul olundum. Oxumağa başladım, hətta teatrda işləməyə başladım. Elə məqam gəldi ki, yoldaşım geri qayıtmaq istədi və mən fikrimdən daşındım. Deməyim odur ki, hər zaman həyatınızı sıfırdan başlaya bilərsiniz. Heç vaxt gec deyil. Bu sənətin çərçivəsi yoxdur. Hər an hər şey baş verə bilər.

Xəyalə Rəis Şou-biznes"> Şou-biznes"> Şou-biznes"> Şou-biznes"> Şou-biznes"> Şou-biznes">