• çərşənbə, 17 Aprel, 02:55
  • Baku Bakı 14°C

“Heç kim boşanmaq üçün evlənmir” - Fotolar

08.06.17 09:30 1591
“Heç kim boşanmaq üçün evlənmir” - Fotolar
Türkiyənin tanınmış ifaçısı Mustafa Cecelinin həyat yoldaşından boşanma xəbəri gündəmin əsas mövzusuna çevrilmişdi. Məsələ isə onun həyat yoldaşından boşanması deyil, boşandıqdan sonra bunu mətbuatdan və tamaşaçılarından gizlətməsi böyük ajiotaj doğurmuşdu. Nəhayət ki, "Sabah” qəzetinə müsahibə verən ifaçı, bunu övladı naminə etdiyini deyib.

- Mustafa bəy, sizin Sinəm xanımla 9 illik bir evliliyiniz və Arın adında oğlunuz var. Sizi bu nöqtəyə gətirən nə oldu?
- Əlbəttə ki, heç kim boşanmaq üçün evlənmir. Boşanmağı da heç kimə tövsiyə etmirəm. Ancaq bəzi anlarda övladınızın sakit bir vəziyyətdə böyüməsi üçün bu addımı atmaq məcburiyyətində qalırsınız. Biz də oturub məsləhətləşib, bu qərara gəldik. Bu xəbər mətbuatda sanki hər şey bir həftədə olub-bitmiş kimi göstərildi. Ancaq bu, son iki ildə yığılıb qalan bir hadisənin nəticəsi idi. Ötən il çıxılmaz bir vəziyyətə gəldik və oktyabr ayında boşanmağa qərar verdik. Evli olmağımıza baxmayaraq, uzun müddət idi ki, ikimiz də nişan üzüklərindən imtina etmişdik. Köhnə həyat yoldaşım sosial mediadakı səhifələrini bağlamışdı. Onunla bərabər heç bir şəkil paylaşmamışdıq. Dəvət edildiyim məclislərə onunla qatılmamışdım. Bütün bunlar mənim tamaşaçılarımın diqqətindən qaçmadı. Ancaq insan inanmaq istəmədiyi şeyə görməzdən gələr. Məndə də onun kimi.
- Boşanma səbəbi olaraq demişdiniz ki, həyat yoldaşınızla xasiyyətiniz düz gəlmir. Bu da mətbuatda və sosial şəbəkədə böyük müzakirələrə səbəb oldu.
- Əgər iki insan ideal və qüsursuzdursa, məcbur deyil ki, onların arasında olan münasibət uzun müddət davam etsin. Bir də ki, mən qüsursuz insan deyiləm. Bizim həyata baxışımız dünyagörüşümüz fərqlidir. Bu da eyni evin altında rahat şəkildə yaşaya bilməyimizə maneçilik törədirdi. Mənim üçün xarici gözəllik o qədər də önəm daşımır.

- Ailələrinizin sizin boşanma xəbərinizi mətbuatdan eşitdiyi doğrudurmu?
- Xeyr. Ancaq bu müddətdə onları da kədərləndirmək və məyus etmək istəmədik. Ailələrimizə xəbər vermək üçün məhkəmənin nəticəsini gözlədik.
- Normalda boşanın insanlar bir az rahatlanmaq və bir müddət sakitliyə qapılmaq istəyirlər. Ancaq siz boşanandan 5 gün sonra yenidən evlənməyə qərar verdiniz. Deyəsən, evlilik həyatını çox sevirsiniz?
- Bəli, evlilik həyatını sevirəm. Sonu rəsmi bir evliliyə getməyəcək bir münasibəti sevmirəm. Bu, mənim tərzim deyil.

- Toy nə zaman olacaq?
- Toyu bayramdan sonra etməyi planlaşdırırıq. Təntənəli toy mərasiminə qarşıyam.
- Selin xanım bu xəbərlərə görə çevrəsindəki insanlardan neqativ reaksiya gördümü?
- Selinin çox yaxın və möhkəm dostları var. Çox əvvəllər tanış olduğu, münasibətləri sağlam təməllər üzərində qurulan dostlardırlar. Onun arxasında durmayan və ona qarşı çıxan bir insan belə olmadı. Çünki sosial mediada və bəzi mətbuat orqanlarında qeyd olunduğu kimi, o, bir ailənin dağılmağına səbəb olmadı. Buna görə də ona çevrəsindən heç bir pis münasibət göstərmədilər.

- Sinəm xanımla evliliyiniz nə zaman bitdi?
- İki il idi ki, münasibətlərimiz pis vəziyyətdə idi. Buradakı ən böyük qəbahət mənim bunu sevənlərimdən gizlətməyim oldu. Bəlkə də özümdən belə gizlətdiyim üçün səhv etdim. İlk olaraq boşanma məsələsini isə əvvəlki həyat yoldaşım gündəmə gətirdi. Doğru bildiyiniz, inandığınız bir şeyi sildiyinizdə, özünüzdən başqa açıqlaya biləcəyiniz milyonlarca insan olanda, hadisələrlə üzləşmək təxmin etdiyinizdən daha çətindir. Bunu yaşamayan birinin də sizi anlamasını gözləmirsiniz. Bu, haradasa imkansız olan bir şeydir. Ailələrin və dostlarının fikirlərinin o qədər də önəm daşımadığı bir vəziyyətə gəlib düşmüşdük. Bıçaq sümüyə dirənmişdi artıq. Heç kimsədən bir fikir öyrənmədən, iki mədəni insan arasında verdiyimiz bir qərar idi.
- Hər bir məşhur boşananda bənzər misallar gündəmə gətirilir – pul və şöhrət. Siz buna nə deyəcəksiniz?
- Kimsənin məni müzakirə edə biləcək səlahiyyətə sahib olduğuna inanmıram. Kimin kimdən xoşu gəlmirsə, onun haqqında yalan və qara xəbərlər söyləyir. Xüsusən də tanımadığımız insanlar sizin içində olmadığınız məsələlərlə bağlı səhv məlumatlar bildirirlər. Bunun o biri dünyada cəzası çox ağırdır. Bu məsuliyyətin altına girmək də çox yüklüdür.
- Sizcə, pərəstişkarlarınız sizdən bunu gözləmədiyi üçün məsələyə pis reaksiya verdilər?
- Mənə elə gəlir ki, məhz tamaşaçılar məndən belə hərəkət gözləmədikləri üçün məyus oldular. Onlar da gözləmirdilər. Mən də boşandığımı gizlədirdim, istəyirdim ki, sona qədər tamaşaçılara heç nə deməyim. Boşanma xəbərinin səsi isə çox böyük çıxdı. İnsanların da reaksiyasını gözəl anlayıram. Bu, normaldır. Ancaq artıq hər şey insanlara bəllidir. Bu da sanki qara bir kampaniya kimi davam edir. Evlənməyə qarşı deyiləm. Əgər qarşı olsaydım bu qədər tez yenidən evlənmək istəməzdim. Pərəstişkarlarımın reaksiyasını da normal qarşılayıram. Onlar məni ailələrindən biri kimi qəbul etdikləri üçün boşanma xəbərinə məyus oldular və mənə minlərlə mesaj göndərdilər. Bu mövzu sanki onlarda bir zədə yaratdı. Əminəm ki, zaman içində bu kədəri və şok xəbəri unudacaqlar və məni anlayacaqlar. Uşaqlarımızın inkişafı və psixoloji vəziyyətləri üçün boşanma ilə əlaqədar xəbər vermədik. Nəticədə, ən sonuncu onlar xəbər tutdular. Onların kədərləri və təəccübləri daha böyük oldu. Onlar mənim daxilimdən daha yaxşı xəbərdardırlar. Zamanla hər şey yerinə oturacaq.
Qeyd edək ki, Mustafa Cecelinin sosial şəbəkə hesabından yazdığı bu şərh türk mətbuatında böyük qıcıq oyatmışdı: "Susdum. Bəlkə bir gün həqiqət üzə çıxar deyə, gözlədim. Ancaq mən susduqca daha da böyüdü… İllərdir sürən fikir ayrılıqları evliliyimə kölgə saldı. Ardı-arası kəsilməyən davalar da qaçılmaz sona gətirdi bizi. Oktyabr ayında başlayan boşanma prosesi sanki bir həftədə olub-bitmiş kimi sona çatdı. Boşanma qərarımızdan çox sonra başlayan münasibətim sanki boşanma səbəbi kimi göstərildi. Bu şəkilləri mətbuata kimin verdiyi aydındır. Məqsəd isə mənə qarşı yaradılan qara piardır. Gizlicə kompüterimə girib adresimdən şəkillər götürülüb. Nədənsə, anlaşmalı boşanma protokolunda istəkləri yerinə gətirilənə qədər gözlənildi. Bundan da artığı var. Amma oğlumun gələcək həyatındakı psixoloji durumunu daha üstün tutduğum üçün susacağam və bundan sonra baş verəcəkləri öz qayda-qanunum ilə həll edəcəyəm. Bu münasibətə qalmaqalla son qoyulmasına könlüm razı olmadı. Bu açıqlamanı da daha acı şeylər yaşamamaq üçün deyirəm. İnsanların vicdanlarının səsinə qalib gələcəyinə də inanıram”.
Tərcümə etdi: Xəyalə Rəis

banner

Oxşar Xəbərlər