“Heç bir ölkə Azərbaycan kimi qonaqpərvər deyil” - Səyyah
20 yaşı
var. Yaşı qədər ölkələri səyahət edib. Məktəbdə və universitetdə aktiv fəaliyyəti
onu bütün arzularına sürətlə qovuşdurub. İstəyi, əzmi və məqsədi ona 20 yaşında
Gənc Avropa Səfiri olmağı qazandırıb. Hətta aktiv səfirlik fəaliyyətinə görə,
Avropada mükafatlandırılıb.
Müsahibimiz
20 yaşlı səyahətçi Sara Rəcəblidir. Sara Azərbaycan Turizm və Menecment
Universitetində turizm və qonaqpərvərlik ixtisası üzrə təhsil alıb. Birinci
kursdan Mədəniyyət və Turizm Nazirliyi,
Avropa İttifaqı səfirliyi, Fairmont oteli, "Fireflies” turizm şirkətində
könüllü və təcrübə proqramlarında iştirak edib. Hazırda "Free to Travel” və
"Buta Art & Sweets” layihəsinin təsisçisi, NAYORA-nın Gənc elçilər proqramının
üzvü, "EU Neighbours East” layihəsinin gənc avropalı səfiri kimi fəaliyyət göstərir.
- Sara, 20 yaşında 18 ölkədə səfərdə olubsan. Səyahət
etmək sənin üçün nə vaxtdan hobbiyə çevrilib?
-
Uşaqlıqdan səyahət etmək istəyirdim, lakin beynimə səyahətlərin çox pul tələb
etdiyi yeridilmişdi. Əgər imkanlı deyilsənsə, dünyanı kəşf edə bilməzsən. Amma
universitetdə oxuyarkən maraqlandım və xaricdə təqaüd proqramlarına müraciət
etdim. Xaricdə isə aşağı büdcəli səyahətləri araşdırırdım. İnsan bir dəfə səyahət
edirsə, artıq bu tələbata çevrilir. Hər fürsətdə səyahət etmək istəyirsən.
Birinci kursda oxuyarkən Almaniyada təqaüd proqramı qazandım. Orada gənclər
5-ci gün dərsə çantalarla gəlirdilər, dərsdən çıxıb həftəsonu başqa ölkəyə səyahət
edirdilər. 18 yaşım var idi və bu mənə təəccüblü gəldi. Mən də tək səyahət etmək
qərarına gəldim. Onlayn turlarla maraqlandım. Hətta bir xidmət var idi ki, şəhər
adı yazmaqla sizi evində qonaq edəcək insanları tapırsan. Avstriyada və
Lüksemburqda həmin xidmətdən istifadə etdim. Çünki orada hostellərin qiyməti
çox bahadır.
-18 yaşında başqa ölkədə tək və tanımadığınız şəxsin
evində qalmaq çətin deyildi ki?
- Tək səyahətimdə
çox böyük risklər etdim. Bu turu təşkil edəndə valideynlərimə deməmişdim. 18
yaşım var idi və əmin idim ki, valideynlərim bilsəydi, icazə verməzdi. Onlar
düşünürlər ki, qarşıma manyak çıxa bilər (gülür-A.Ə). Almaniyada onlayn şəkildə
səyahəti planlaşdıranda hər dəfə fikirləşirdim ki, bəlkə imtina edim. Sonra
dedim ki, yox, bu mənim arzumdur və mütləq getməliyəm. Bir daha belə şansım
olmayacaq. Əlbəttə valideynlərim bilsəydi ki, mən tək səyahət edirəm, icazə
verməzdilər. Amma ehtiyat edirdim və çalışırdım ki, 6-dan sonra çölə çıxmayım.
8 Avropa ölkəsini 16 günə tək gəzdim. Hər birində 1-2 gün qaldım, ancaq gəzirdim.
Çox insanlarla tanış oldum. Almaniyaya başqa bir insan kimi qayıtdım. Tək getməsəydim,
o qədər insan tanımazdım. Rastlaşdığım bütün turistlərə Azərbaycan haqqında danışırdım.
İndiyə kimi də əlaqə saxlayıb, səfərlər haqqında məlumatlar alırıq.
- Səfərlərdə
gecələməyə yer tapmadığınız olubmu?
- Belə
hadisə ilə bir dəfə rastlaşdım. Biletimi səhər 4-5 üçün götürürdüm və ucuz başa
gəldiyindən kiçik aeroportlardan istifadə edirdim. Hər dəfə də 2 saat tez gəlirdim.
Hava limanının tək problemi 12-yə kimi bağlanması idi. Gecə saat on iki olan
kimi bağlanırdı və heç kimi içəri buraxmırdılar. Elə bilirdim ki, uçuş vaxtım çatana
kimi orada gözləyə bilərəm. Amma polislər icazə vermədilər. Məni qovdular və cibimdə də
pulum az idi. Ətrafdakı otellər isə 5 ulduzlu idi. Orada balaca kottec
kimi evlər var idi. Yanvar ayı idi.
Bir-bir camaatın qapısını döyüb evlərində qalmaq istədiyimi bildirirdim. 15
qapını döydüm, məni qovdular. Axırıncı qapını döyəndə yaşlı bir kişi açdı və
dedi ki bir şərtlə səni evimə qəbul edəcəyəm, mənimlə ingilis dilində
danışacaqsan. Təsəvvür edin, kişi tək idi. Ailəsi harasa istirahətə getmişdi. Mənə
qızının gecə paltarlarını və yemək verdi. Kişi dedi ki çox xahiş edirəm sən mənim
evimi çox tez tərk elə, çünki mənim həyat yoldaşım gəlsə, pis başa düşəcək. (gülür-A.Ə)
- Tək səyahət
etmək necə hissdir, darıxdırıcı deyil ki?
- Əvəzolunmazdır.
Mən hamıya tövsiyə edərdim ki, heç olmasa bir şəhərə tək səyahət etsinlər. Həqiqətən,
inanılmaz təəssüratlar olur . Düzdür, xüsusən qadınlar üçün çox risklidir, hər
şeyə diqqət etmək lazımdır. Amma onun təcrübəsi əvəzolunmazdır. Etdiyim risklər
mənə gələcək həyatımda da kömək etdi. Özümü həqiqətən güclü hiss edirəm və hər
maneə ilə mübarizə apara biləcəyimə inanıram.
- Mühafizəkar ailəniz var. Bəs onları xaricdə təhsil
üçün necə razı saldınız?
- Ailəmlə
aramda xaricdə təhsillə bağlı çox problemlər olub. Amma sonda mənə inanıblar.
Qohumlar, qonşular onlara psixoloji və emosional təsir göstərirlər ki, sən necə
olur ki, qızını xaricə göndərirsən. Mənim istəklərim, məqsədlərim onlar üçün
qohum-qonşudan önəmlidir. Öz ailəmə buna görə təşəkkür edirəm. Güvəni ailədə
yaratmaq lazımdır. İnsanlar özlərini ölkələrində aktiv göstərmirlərsə, başqa
ölkələrdə mütləq çətinlik çəkərlər. Ailən problemlərini həll edə bilmək
qabiliyyətində olduğunu mütləq görməlidir ki, sənə də inansınlar.
- Gənclər
pulsuz və aşağı büdcəli səyahətləri necə reallaşdıra bilər?
- "Free to travel" layihəsində
sosial şəbəkələrdə bütün proqramları və ucuz səyahət imkanlarını paylaşıram.
Layihəm 1 il ərzində Avropa İttifaqının müəyyən proqramlarında da təmsil
olunub. Layihə məhz maarifləndirmə xarakteri daşıyır və heç bir qazanc yoxdur. Heç
bir investisiya qoyulmadan "Facebook”da 55 ölkədən 1900-dan çox izləyici
toplaya bilib. Əsas məqsəd gəncləri pulsuz və aşağı büdcəli səyahətlərə
ruhlandırmaqdır. Bu günə qədər 40 şəhərdə pulsuz səyahət imkanları haqqında
postlar paylaşılıb və 20-dən çox gəncə imkanların və proqramların tapılmasına
kömək edilib.
- Səni hansı
ölkələr daha çox təəccübləndirdi?
- Avropa
ölkələri bir-birinə çox oxşayır. İspaniya daha çox qayğıkeşdir. İsveç bizim
ağlımıza çox soyuq ölkə kimi gəlir. Amma onlar məncə, çox qonaqpərvərdirlər. Məni
ən çox Mərakeş təəccübləndirmişdi. "Klon” serialındakı kimi Mərakeş gözləyirdim.
Amma çox müasirləşib və dəyişib. Mərakeşin Aqadir şəhəri Bakıya çox oxşayır.
Bakının dağüstü parkdan görüntüsünü mərakeşlilərə göstərəndə çox təəccüblənmişdilər.
- Səncə, hər bir insanın mütləq görməsi lazım olan
şəhər hansıdır?
-
Barselona. Mütləq hamı ora getmlidir. Mən orada elə bilirdim nağıllar aləmindəyəm.
Elə bir formada yaradılıb ki, insan özünü nağıllarda hiss edir. Bütün dizayn fərqlidir.
Üstəlik, Azərbaycan orada çox məşhurdur. Məncə, ən dadlı yeməklər
Hindistandadır. Hər kəs Hindistan və Mərakeşin yeməklərini dadmalıdır.
- Azərbaycanlılara məxsus hansı xüsusiyyətlər
Avropada təəccüblə qarşılanır?
- Heç
bir ölkə Azərbaycan kimi qonaqpərvər deyil. Qadına, uşaqlara, hətta hamilə qadınlara
belə ictimai nəqliyyatda yer vermək Avropada yaxşı qarşılanmır. Orada feminizm
kampaniyası çox sərtdir. Bir də restoranlarda hesabı ödəmək məsələsi fərqlidir.
Bizdə əksər hallarda masada oğlanlar varsa, mütləq hesabı onlar ödəyirlər. Amma
onlarda hər kəs öz hesabını ödəyir.
- Sonda həmyaşıdlarınıza
nə demək istərdiniz?
- Gənclərə
demək istəyirəm ki, "yox” cavabı almaqdan qorxmasınlar və mütləq bütün
proqramlara müraciət etsinlər. Seçilməmək sizin güclü-gücsüz olduğunuzu göstərmir.
"Yox”dan qorxmayın və heç vaxt təslim olmayın. Mən indiyə qədər 60-a yaxın
"yox” cavabı almışam və bu, məni qoxutmayıb. Düzdür, səyahətlərdə neqativ
hallarla da rastlaşırsan. Amma mən səyahətlərin
neqativlərini də sevirəm çünki onlar mənə kritik düşünməyi də öyrədirlər. Komfort
zonadan çıxmaqdan və yeni insanları tanımaqdan qorxmayın.
Aygün ƏZİZ