• cümə, 19 Aprel, 12:29
  • Baku Bakı 25°C

“Öhdəliklərin müddəti uzadılmasa, neft ölkələrinin gəlirləri aşağı düşəcək”

02.03.17 09:30 1171
“Öhdəliklərin müddəti uzadılmasa, neft ölkələrinin gəlirləri aşağı düşəcək”
OPEC-in neft hasilatının sutkalıq 1,8 milyon barrel azaldılması qərarından sonra bazarda qiymətlərdəki sabitləşmə tendensiyası davam edir. Bir az da dəqiq olsaq, deyə bilərik ki, qərardan sonra qiymətlər 14 faiz artaraq 55-60 dollar arasında dəyişir. Bu stabilləşmə və 60 dollara yaxın qiymət demək olar ki, OPEC və qeyri-OPEC ölkələrini qane edir. Bu günlərdə OPEC-in əsas üzvlərindən biri hesab olunan Səudiyyə Ərəbistanı da 2017-ci ildə qiymətləri 60 dollar civarında saxlamaqda maraqlı olduğunu bildirib. Lakin sözügedən razılaşma 2017-ci iln iyun ayına qədər qüvvədədir. Belə demək olarsa, müddətin bitməsinə az bir zaman qalıb. Bəs görəsən gələcəkdə də bu tendensiya davam etdiriləcəkmi? Praktik olaraq buna nail olmaq mümkündürmü? Səudiyyənin bu planı perspektivdə nə dərcədə realdır? Mövzu ilə bağlı ekspertlərin rəyini öyrəndik.
İqtisadçı-alim Vüqar Bayramov deyir ki, 60 dollara yaxın stabilləşmə birmənalı şəkildə təqdirəlayiqdir: "Nəticə etibarilə bu qiymət tərəflərin gəlirlərinin artmasına xeyli müsbət təsir göstərib. Nəzərə alsaq ki, neftin qiymətlərinin aşağı düşməsindən təqribən 3 ilə yaxın müddət keçib, artıq 100 dollara öyrəşmiş neft ölkələri neftin aşağı qiymətlərinə adaptasiya olunub. Bu baxımdan mövcud qiymət indiki halda neft ölkələrinin maraqlarına xidmət edir. Ona görə də indiki məqamda neft ölkələri çalışmalıdırlar ki, bu qiyməti qoruyub saxlaya bilsinlər. Burada vacib məqamlardan biri məhz OPEC-ə üzv ölkələrin hasilatın azaldılması ilə bağlı imzaladığı öhdəliklərə əməl etməsidir. Bildiyiniz kimi, öhdəliklərin müddəti artıq bu ilin yayında başa çatacaq. Hesab edirəm ki, bu halda həmin öhdəliklərə əməl edilməsi və uzadılması çox vacibdir. Əgər bu müddət uzadılarsa, nəticə etibarilə imkan verəcək ki, artıq 2017-ci ilin ikinci yarımilində də mövcud qiymətləri saxlamaq mümkün olsun.
İqtisadçı hesab edir ki, növbəti aylarda da bazarda formalaşan və özünə yer tapan qiyməti saxlamaq mümkün olacaq: "Bu xeyli dərcədə real görünür. Əgər növbəti dövrdə xüsusən, ABŞ kəskin ixracatı artırmazsa və hər hansı bir siyasi faktor olmazsa, növbəti aylarda mövcud qiymət qorunub saxlanıla bilər. İlin ikinci yarısında isə qiymətlər birbaşa olaraq OPEC-in hasilatın azaldılması ilə bağlı öhdəliyini uzadıb-uzatmamasından asılı olacaq. Yəni əgər hasilatın azaldılması ilə bağlı yeni qərar qəbul edilərsə, o zaman 2017-ci ilin ikinci yarısında da artıq mövcud qiymət səviyyəsini saxlamaq mümkün olacaq. OPEC və qeyri-OPEC ölkələri hasilatın azaldılması ilə bağlı qərarı dəstəkləməzsə, bu halda ilin ikinci yarısında qiymət azalmaları qaçılmazdır. Artıq 2017-ci ilin ikinci yarısında qiymətin dəyişməsi və necə formalaşması birbaşa OPEC-in hansı qərar qəbul etməsindən asılı olacaq. Məntiqlə götürsək, tərəflər özləri də bu öhdəliyi saxlamaqda maraqlı olmalıdırlar. Əgər tərəflər bu öhdəliklərə əməl etməyəcəklərsə, bu amil onların gəlirlilik səviyyəsinin aşağı düşməsinə səbəb olacaq. Çünki öhdəliklərin uzadılmaması qiymətin yenidən aşağı düşməsinə birbaşa təsir edəcək”.
İq­ti­sa­diy­yat Na­zir­li­yi İq­ti­sa­di İs­la­hat­lar El­mi-Təd­qi­qat İnsti­tu­tu­nun apa­rı­cı el­mi iş­çi­si Pər­viz Hey­də­rovqəzetimizə açıqlamasında bildirdi ki, qiymətlər 48-58 dollar arasında dəyişəcək: "Məsələ bundadır ki, Amerika dünya bazarlarına satış üçün xam neft çıxarışı həcmini getdikcə artırır. Bir tərəfdən də OPEC və ona üzv olmayan ölkələr hasilatı məlum olduğu kimi azaldır. Məhz bunun müqabilində ABŞ-ın ixracı getdikcə artırması sözsüz ki, heç də təsadüfi xarakter daşımır. Deməli, bu, qiymətləri ya ucuzlaşdırmaq məqsədi daşıyır, ya da ki, OPEC-i və onu dəstəkləyənləri qərarlarından vaz keçməyə çağırır. Məsələn, ötən həftələrin birində adı çəkilən ölkə tərəfindən dünya bazarlarına düz 7 milyon barrel həcmində xam neft çıxarıldığı deyildi. Eyni zamanda isə OPEC-in bazarda məhz göstərilən həcmdə "azaldılmaya və yaxud ixtisara" getdiyi bildirilir. Odur ki, maraqlı situasiya yaranır. Bir tərəfdən, neftin bahalaşması ABŞ-a bu sahədə öz ixracını (şist hasilatını canlandırmaq yolu ilə) əslində, genişləndirməyə imkan açır, digər tərəfdən isə bu, adı çəkilən tərəfə bazarda təklifi açıq-aşkar yüksəltməyə imkan yaratmaqla, belə çıxır ki, bahalaşmanı əngəlləməyə meydan açır. Bəli, aydın məsələdir ki, ABŞ neftin dünya bazar qiymətlərinin çox da yüksəlməsini istəmir. Lakin iş ondadır ki, bu sahədə çox ucuzlaşma da Amerika üçün sərfəli deyil. Belə ki, neft 40 ABŞ dolları həndəvərində olanda Amerikada şist sənayesi durğun vəziyyətlə üzləşir. Odur ki, neftin 1 barelinin qiymətinin hələ uzun müddət 48-58 dollar arasında rəqs edəcəyi gözlənilir. Buna isə qarşılıqlı olaraq, həm OPEC-in istəyi, həm də ABŞ-ın siyasəti şərait yaradacaq”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər