• çərşənbə axşamı, 16 aprel, 21:22
  • Baku Bakı 18°C

Havalar soyuduqca ehtiyat tədbirlərini gücləndirək ki…

28.08.20 19:12 2684
Havalar soyuduqca ehtiyat tədbirlərini gücləndirək ki…
Günəşli havadan yararlanaraq immunitetimizi artırmağımız, payızda virusa yoluxmanın qarşısını ala bilər


COVID-19 pandemiyası ilə bağlı son günlərin statistikası ümidvericidir. Statistika epidemioloji vəziyyətin yaxşıya doğru dəyişdiyini göstərir. Ancaq qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış fəsilləri gəldiyinə görə, mütəxəssislər daha diqqətli olmağı tövsiyə edirlər. Payız-qış ayları ilə bağlı narahatlıq yaradan durum nədir? Maraqlıdır, virusla mübarizədə əldə olunmuş nəticənin payız-qış aylarında qorunub saxlanması və möhkəmləndirilməsi nə dərəcədə mümkün olacaq?
İnfeksionist Mərdan Əliyev bildirdi ki, temperaturun düşməsi, ümumilikdə virus infeksiyalarına yoluxma sayına mənfi təsirini göstərir: "Təəssüf ki, bu cür xəstəliklər payız və qış mövsümündə artmağa başlayır. Çünki infeksiyalar hava-damcı yolu ilə yoluxur. Yay aylarında bir ailə üzvü yoluxubsa, digərlərində yoluxmamaq kimi hallara çox rast gəldik. Çünki hava istidir, qapı-pəncərə çox vaxt açıq qalır. Havanın soyuq olduğu aylarda evlərin və otaqların havalandırılması yaydakı kimi aparılmadığı üçün yoluxmaların sayı artır. Beləliklə, əgər ailə üzvlərindən biri yoluxubsa, digərlərinə də sürətlə yayılır. Payız və qış aylarında yoluxmaların artması, həm də günəş şüalarının azlığına görə olur, çünki günəş şüaları virusu tez məhv edə bilir. Yay aylarında keçirdiyimiz dövr payız-qış aylarına düşsəydi, yoluxma sayını 2-3 dəfə çox görə bilərdik. Yəni soyuq hava müşahidə olunan fəsillərdə virusa yoluxma sayı da çox olur. Amma əgər vaksinlər istifadə olunmağa başlanarsa, kollektiv immunitet yaransa, yoluxma sayına çox da təsir göstərməyə bilər”.
Yaz-yay aylarını, demək olar ki, çox insan evdə, karantin şəraitində keçirdi. Bu da təbii ki, immun sisteminə təsirini göstərdi. M.Əliyev deyir ki, immun sisteminin də bu mövsümdə yoluxma sayına təsiri ola bilər: "Region olaraq bizim insanlarda vitamin D-nin səviyyəsi aşağı olur. Yoxlayanda, əhalinin 90 faizində D vitamininin faizinin aşağı olduğunu görürük. Sübut olunub ki, virusa qarşı güclü immunitetimizin olmasında D vitamini böyük rol oynayır. Ancaq xüsusi karantin rejimi oldu, insanlar açıq havada və ya dənizdə çox ola bilmədilər və D vitamininin səviyyəsi bir az da aşağı düşdü. Bu da payız-qış aylarında öz təsirini göstərəcək. Bu təsir təkcə koronavirus infeksiyasında görünməyəcək, eyni zamanda vərəm kimi infeksiyaların da artmasına gətirib çıxara bilər. Hələ ki, günəşli havalar var, virusa qarşı immunitetimizi gücləndirmək üçün açıq havada bacardığımız qədər çox qalmalıyıq. Qidalanmağımıza da fikir verməli, mövsümü meyvələrdən faydalanmalı və çoxlu maye qəbul etməliyik”.
M.Əliyev qeyd etdi ki, payız aylarında COVİD-19-u qrip və ya başqa xəstəlik zənn edib vaxtında həkimə müraciət etməyənlər çox ola bilər: "Biz yay aylarında müşahidə etdik ki, insanlar qızdırma olanda, qrip zənn edirlər və həkimə vaxtında müraciət etmirlər. Vəziyyətləri ağırlaşandan sonra COVİD-19 olduğuna inanırlar və gəlirlər. Qış aylarında qızdırma ilə müşayiət olunan başqa xəstəliklər də olduğuna görə, onları koronavirusdan fərqləndirmək çətin ola bilər. Amma bilməliyik ki, qızdırma, daha çox COVID-19 virusunun əlamətidir. Məsələn, qrip kimi xəstəliklərdə daha çox burun axması və halsızlıq müşahidə olunur. Amma koronavirusun əsas əlamətləri bunlar yox, təngnəfəslik və boğulmadır. Təbii ki, daha dəqiq fərqləndirmə və hansı xəstəlik olduğunu müəyyən etmək üçün tibbi analiz aparılmalıdır. Əks halda insanlar COVID-19 olduqları halda, bunu başqa xəstəlik zənn edə və lazımı tədbirləri görməyə bilərlər”.
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayevanın sözlərinə görə, havalar soyuduqca ehtiyat tədbirlərimizi gücləndirməliyik: "Bildiyimiz kimi soyuq aylarda kəskin respirator xəstəliklərin rastgəlmə tezliyi artmış olur. Bunun səbəbi soyuq hava şəraiti ilə əlaqədər insanların qapalı məkanlarda daha çox toplaşması, insan sıxlığının, kontaktların artması, məkanların daha az intensivliklə havalandırılması və sairə bu kimi səbəblərdir. COVID-19 da resipator yolla yoluxan xəstəlik olduğuna görə, eyni şərtlər bu xəstəliyin də artmasına gətirib çıxa bilər. Bu səbəbdən soyuq fəsilə doğru getdikcə, ehtiyat tədbirlərimizi gücləndirməli, daha diqqətli olmağa çalışmalıyıq. Soyuq hava qorxulu deyil, heç bir xəstəliyin etiologiyasında soyuq yoxdur, olduğumuz məkanların havasını tez-tez dəyişdirməkdən çəkinməməliyik. Qorxulu olan, yuxarıda sadaladığım faktorlardır”.
N.Mustafayeva deyir ki, insanlar payız və qış fəslində pandemiya dövründə yaşadıqlarını unutmamalıdırlar: "Təbii ki, hazırda pandemiya dövrünü yaşayırıq. Unutmamalıyıq ki COVİD-19 əlamətləri də mövsümi qrip əlamətləri ilə bənzərdir. Xəstələrdə qızdırma, öskürək, halsızlıq, boğaz ağrısı kimi qeyri-spesifik əlamətlər yaranan zaman bunun hansı infeksiya olduğu, törədicinin nə olduğunu təxmin etmək çətin olur”.
N.Mustafayeva qeyd etdi ki, əhali arasında özünüqoruma tədbirlərinə riayət etmək halları əhəmiyyətli dərəcədə artıb. Bu da payız mövsümündə virusla mübarizədə öz effektini göstərəcək: "Artıq maskalardan istifadə, əllərin gigiyenasına diqqət edilməsi, qapalı məkanlarda uzun müddət toplanmaqdan çəkinmək kimi halların sayı artıb. Bunu müsbət və ümidverici hal kimi dəyərləndirə bilərik. Bu davranışlar respirator yolla yoluxan bütün infeksiyalardan bizi qorumuş olacaq”.
Aygün

banner

Oxşar Xəbərlər