Hava limanlarında qiymətlər niyə bahadır?
Hansı
ölkənin hava limanında alış-veriş etsən, hansısa xidmət növündən istifadə etmək
istəsən, qiymətlərin adi yerlərlə müqayisədə çox baha olduğunu görürsən.
Düzdür, dünyanın hər yerində belədir, amma yenə də istər-istəməz sual yaranır:
Niyə hava limanlarında qiymətlər bu qədər bahadır?
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, hava limanları kimi qapalı müəssisələrdə
əksər hallarda rəqabət imkanı məhdud olur. Ümumilikdə isə burada qiymətlərə təsir
göstərən digər faktorlar da var: "İcarə haqqı yüksək olur, mal və xidmətlərə
çıxış imkanları məhduddur. Çünki seçim də məhduddur. Bu fakt özlüyündə mal və
xidmətlərin daha yüksək qiymətə olmasını şərtləndirir. Əlçatanlıq aşağı olması
və məcburilik amilləri də var. Bu baxımdan da təkcə fundamental, iqtisadi
faktorlar deyil, eyni zamanda qapalı sahələrdə fəaliyyət göstərən sahibkarların
situasiyadan istifadəsi halları da müşahidə olunur. Ona görə, adətən təklif
olunan qiymətlər yüksək olur”.
Turistlər aviabiletin qiymətinə baxırlar
İqtisadçı
deyir ki, Azərbaycanda da situasiya dünya təcrübəsinə bənzərdir: "Ölkəmizin
hava limanlarındakı qiymətləri adi yerlərlə müqayisə etsək, bəzən 2, bəzən 2,5,
bəzən isə 3 dəfə baha olduğunu görərik. Bu da qeyd etdiyim səbəblərdən
qaynaqlanır. Böyük hava yolları ilə müqayisə etsək, tutaq ki, Türk Hava
Yollarına məxsus aeroportların bəzilərində rəqabət nisbətən daha genişdir.
Bizim aeroportlarda infrastruktur digərləri - xüsusilə digər böyük
aeroportlarla müqayisədə daha kiçikdir və müvafiq xidmətlərə ayrılmış sahələrin
özü də azdır deyə, burada fəaliyyət göstərən subyektlərin sayı da az olur. Təklif
olunan xidmətlərin çeşidi də azdır. Bu da bir sıra hallarda bizdəki hava
limanlarında qiymətlərin digər ölkələrlə müqayisədə daha baha olmasına gətirib
çıxarır”.
R.Həsənov
bildirdi ki, adətən turistlər səfər edərkən xərclərinin həcminə baxırlar. Amma
bu xərclərə aeroportun daxilində göstərilən xidmətlərdən çox aviabilet, otel və
getdikləri ölkədəki digər mal və xidmətlərin qiymətləri təsir göstərir:
"Aeroportlarda bir neçə saat ərzində zəruri tələbat mallarının istehlakı üçün
mövcud olan qiymətləri çox da hesaba almırlar. Çünki ümumi xərcdə bu, o qədər də
güclü paya malik olmur. Turistlər əsas aviabiletin qiymətinə baxırlar, nəinki
burda təklif olunan xidmətlərin qiymətlərinə”.
Situasiyaya uyğun qərar qəbul edirlər
İqtisadçı
qeyd etdi ki, aeroportlar da özlüyündə kiçik bir bazardır. Burada qiymətlərin
formalaşmasına müəyyən faktorlar təsir göstərir: "Xüsusilə hansı çeşid məhsullara
tələbat daha yüksək olursa, onların qiymətləri daha yüksək səviyyədə təyin
edirlər. Bura su və ya digər içkiləri, bu kimi məhsulları aid edə bilərik.
Hansı məhsul növünə tələbat aşağıdırsa, deməli, bu, sahibkarların qəbul etdiyi
qərardır. Situasiyaya uyğun qərar qəbul edirlər. Çünki qiymətin üzərində hər
hansı təsir, məhdudlaşdırma mexanizmi deyilən anlayış yoxdur. Bu, bazar
iqtisadiyyatının əsaslarına da uyğun deyil. Buna görə də burada qiymətlər sadəcə
sahibkarın mövcud situasiyaya uyğun olaraq qəbul etdiyi qərardan və onun
ümumiyyətlə biznes strategiyasından asılıdır. Bəzi sahibkarlar qısamüddətli
dövrdə daha çox gəlir götürməyə hədəflənmiş siyasət aparırlarsa, digərləri
uzunmüddətli dövrdə biznesini inkişaf etdirməyə, strategiyanı bunun üzərində
qurmağa çalışırlar, onların təklif etdiyi qiymətlər nisbətən daha aşağı olur”.
Aeroportlar yerləri çox baha qiymətə satırlar
Radio aparıcı Teymur Əliyevin yaxşı səyahət təcrübəsi var. Bu mövzu ilə bağlı
onun da fikirlərini öyrəndik. O, dünyanın müxtəlif yerlərində hava limanlarında
olub və hər yerdə ümumilikdə qiymətlərin baha olduğunu deyir. İlk olaraq bunun
səbəbləri haqqında danışdı: "Bütün dünyada hava limanında nəzarət məntəqələrini
keçəndən sonra artıq baha qiymətlərlə rastlaşırsan. Nəzarət məntəqəsinə qədər
qiymətlər şəhərlə eyni olur, ancaq o məntəqəni keçəndən sonra – harda ki 100
qramlıq sularını əlindən alırlar, orda artıq baha qiymətlər başlayır. Bunun rəsmi
izahı adətən bu olur ki, necə ki biz həmin əraziyə keçərkən 100 qramdan artıq
su, kəsici, deşici alətlər apara bilmirik, xüsusi yoxlanırıq və s. Təsəvvür
edin ki, həmin ərazidəki kafelər hansı şərtlər daxilində işləyirlər. Onların əməkdaşları
bizim səyahət edərkən keçdiyimiz yoxlanışları hər gün keçirlər. Onların da üzərində
içəri nəsə daşımaq ixtiyarları yoxdur. Həmin kafelər satmaq üçün gətirdikləri məhsulları
avtomobillə hava limanı ərazisinə salmaq üçün xüsusi təlim keçmiş, xüsusi icazəsi
olan sürücüləri işə götürürlər. Yeni işçi götürəndə hava limanı qaydalarına
riayət etməklə bağlı təlim keçməlidir. Oradakı kafenin özünü saxlama xərcləri şəhərdəki
adi kafelərlə müqayisədə xeyli artıqdır. İşçinin təlimindən tutmuş, digər
detallara qədər, daha çox pul xərclənir. Üstəlik də aeroportlarda icarə haqqı
yüksəkdir. Çünki həmin ərazi alver üçün yaxşı nöqtədir. Şəhərdə insan axının
daha çox olduğu yerdə kafe açmaq istəsəniz onun icarə haqqı baha olacaq. Çünki
müştəri çox olur. Hava limanlarında nəzarəti keçəndən sonrakı ərazi kafe açmaq
üçün istənilən şəhərin ən qəşəng nöqtəsidir. Çünki insan boldur. Ona görə
aeroportlar yerləri çox baha qiymətə satırlar. O kafelərin xərci şəhərdəki
kafelərlə müqayisədə xeyli artıqdır. Ona görə də onlar marjanı yüksək götürməlidirlər.
Bu, biznesdir, heç bir biznesmeni nəyisə baha satdığına görə ittiham etmək
olmaz. Alternativ verməyən monopolis biznesmenləri demirəm. Kim ki, fərqli
resurslardan istifadə edir, baha satır, səni də ucuz satana yaxın durmağa
qoymur, bu, artıq ədalətsizlikdir”.
Az səyahət edənlər buna fikir vermirlər
T.Əliyev
bildirdi ki, bəzən hava limanlarında kartel sövdələşməsi də olur: "4-5 mağaza
sözləşir, qiymətləri istədikləri kimi təyin edirlər. Tutaq ki, hamısı su satır,
deyirlər ki, suyu iki manatdan aşağı satmırıq. Bu ilin əvvəlində Rusiyada belə
bir hadisə baş vermişdi. Rusiya Federal Antiinhisar Xidməti Moskva ətrafındakı Jukovo və
Domodedovo aeroportlarındakı bir neçə kafeyə qarşı cinayət işi açmışdı. Səbəb o
idi ki, onlar antiinhisar qaydalarını pozublar, sövdələşərək məqsədli şəkildə hər
şeyi baha satırlar. Orada kifayət qədər sanballı brendlərin adları çəkilirdi.
Cinayət işi açıb onları qiymətləri endirməyə məcbur etdilər. Bu, olsa-olsa elə
Rusiyada olardı, çünki inanmıram ki, bir Qərb ölkəsində biznesmeni qiymətləri
endirməyə məcbur etmək olsun. Ümumiyyətlə, sübut etmək olmaz ki, onlar belə bir
razılığa getmişdilər. Böyük ehtimalla heç onlar buna getməzlər də”.
T.Əliyev
bildirdi ki, aeroportlar bəzən özləri ədalətsizlik edirlər. Aeroport düşünməlidir
ki, kirayə haqlarını artırdıqca, şərtləri ağırlaşdırdıqca, sahibkarlar da qiymətləri
artıracaqlar: "Bu, o, deməkdir ki, həmin aeroportla uçan insanlar diskomfort
yaşayacaqlar. İnsanların seçim imkanı olanda düşünəcək ki, bu aeroportda mən
beş saat gözləyəsi olsam, daha çox pul xərcləyirəm, nəinki o birində. Ona görə
də aeroportlar elə vəziyyət yaratmağa çalışmalıdırlar ki, insanlar qaçmasın”.
T.Əliyevin
sözlərinə görə, az səyahət edən insanlar əslində buna çox da fikir vermirlər:
"Çünki o qədər az gedir ki, hər dəfə ötəndəfəki yadından çıxır. Mütəmadi səfər
edən insanlar var ki, onlar çox gördükcə təcrübələri artır. İldə bir dəfə gedəndə
fikirləşirsən ki, əşi ildə bir dəfə gedirəm, eybi yox. Ayda iki dəfə səfər
edirsənsə, artıq bu, sənin büdcənə zərbədir”.
Fərq 5 dəfəyə qədərə çatır
T.Əliyev
ən baha qiymətlərin daha çox adamın səfər etdiyi hava limanlarında olduğunu
deyir: "Hansı hava limanlarında axın çoxdursa, onlar özlərinə əmindirlər ki,
burada onsuz da həmişə adam var. Bura İstanbul, Moskva, Frankfurt
aeroportlarını daxil edə bilərik. Moldovada Kişinyov Hava Limanına getsəniz,
orada qiymətlər heç də baha deyil. Bilirlər ki, ora gələn əsasən özləridir. Ona
görə də qiymətləri xüsusi baha etməyin mənası yoxdur. Bizim aeroportda da qiymətlər
nisbətən ucuzdur. Elə də bahalı deyil. Amma aeroportlarda sui-istifadə
hallarına da rast gəlinir. Məsələn, İstanbul aeroportları çox ayıb şəkildə
internetlə alver edirlər. Aeroportda heç kimə açıq internet verilmir. Orada
yerləşən kafelərin qarşısına yazılıb ki, məsələn, məndən 50 lirəlik nəsə al, sənə
bir saatlıq internet şifrəsi verim. Bunu İstanbul aeroportlarından başqa heç
yerdə görməmişəm. Ya internet tamamilə açıq olur, ya da deyilir ki, bir, ya iki
saatlıq açıq internetin var, sonrasını pulla ala bilərsən”.
T.Əliyev
son illər Madridə çox getdiyi üçün ordakı hava limanı ilə şəhərdəki qiyməti
müqayisə etdi: "Orada yarım litrlik qazsız adi suyu şəhərdəki supermarketdən
30-35 sentə alarsınızsa, aeroportdakı aparatlarda onu 1,5 avrodan ucuz ala bilməzsiniz. Fərq 5 dəfəyə qədərə
çatır. Amma şəhərlə hava limanında yerləşən kafeni müqayisə etsək, orada uzağı
iki dəfə fərq olur”.
T.Əliyev
sonda bu cəhətdən təcrübəsi olmayanlara tövsiyələrini də verdi: "Az səyahət edən
adamlar bunu kompleks edə bilər ki, kimsə ona baxar, utanar. Ancaq belə düşünmək
lazım deyil. Əgər bir səfərə gedirsinizsə, 4-5 saatlıq hansısa aeroportda gözləyəcəksinizsə,
özünüzlə əl çantanızda yeməli bir şey götürməyi ayıb bilməyin. Bunu bütün dünya
edir. Evdən rahat şəkildə buterbrod götürə bilərsiniz. Bəzi Avropa
aeroportlarında bir az insaflı variant da var. İçmək üçün suya pul verməyəsiniz
deyə, içməli su kranları qoyurlar. Bəzi sanitar qovşaqlarda da yazırlar ki,
burada su içməlidir. Təcrübəli və məlumatlı olsanız, əslində, çox pul xərcləməzsiniz”.
Aygün
Asimqızı