• şənbə, 20 Aprel, 11:40
  • Baku Bakı 14°C

Хarici investorların Azərbaycana diqqəti artacaq

10.09.13 10:58 1605
Хarici investorların Azərbaycana diqqəti artacaq
Məlum olduğu kimi, Dünya İqtisadi Forumunun illik “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” (QRQİ) hesabatına görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb. Beləliklə də, son bir il ərzində Azərbaycanın rəqabət qabiliyyəti indeksi 4.41-dən 4.51-ə qalxmış və bununla da, ölkəmiz dünya sıralamasında 7 pillə irəliləyib. Sözügedən hesabatda ölkəmiz bəzi göstəricilər üzrə xüsusilə yaxşı nəticələr əldə edib. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradovla “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatında tutduğumuz yer və gözləntilər barədə danışdıq.
- Azərbaycan Ümumdünya İqtisadi Forumu (UİF) tərəfindən hazırlanan rəqabətə davamlılıq reytinqində 39-cu yerə çıxıb. Bu, Azərbaycan üçün nə deməkdir?
- Azərbaycanın bu reytinqdə mövqeyi keçən illə müqayisədə 7 pillə yaxşılaşıb və Azərbaycan əvvəlki illərdə olduğu kimi MDB məkanında birincidir. Ümumiyyətlə, son illərdə Azərbaycanın Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış hesabatlarda nəticələri yaxşılaşıb. Artıq 5 ildir ki, Azərbaycan MDB məkanında öz lider mövqeyini qoruyub saxlayır. Amma bir sıra göstəricilər üzrə Azərbaycan dünyanın ilk onluğuna daxil olub. Məsələn, iqtisadi mühit, iqtisadi sabitlik baxımından Azərbaycan dünyada 8-cidir. Əmək bazarının səmərəliliyi göstəricisinə görə, ölkəmiz dünyanın 30-cu ölkəsidir. Bu, ilk növbədə onu göstərir ki, Azərbaycanda həyata keçirilən iqtisadi siyasət öz müsbət nəticələrini verir. Əldə olunmuş bu nəticələr ilk növbədə xarici investorların Azərbaycana diqqətini artırır. Bu ciddi bir mesajdır ki, Azərbaycanda rəqabət mühiti var və rəqabət mühitindən bəhrələnməklə biznes qurmaq olar. Bu hesabatın növbəti üstünlüyü ondan ibarətdir ki, təkcə DAVOS iqtisadi forumu yox, digər beynəlxalq təşkilatlar da Azərbaycana dair sosial-iqtisadi inkişafın qiymətləndirilməsini həyata keçirir və mütəmadi olaraq hesabatlarını açıqlayırlar. Həmin o hesabatların hazırlanmasında DAVOS iqtisadi forumunun qiymətləndirilməsi öz əksini tapacaq. Rəqabət qabiliyyəti indeksinə görə Azərbaycanın əldə etdiyi nailiyyətin yüksək qiymətləndirilməsi o biri hesabatlara öz təsirini göstərəcək. Bilirsiniz ki, ötən ilin sonunda ölkəmizdə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını konsepsiyası qəbul edilib. Həmin konsepsiyanın əsas hədəfi ondan ibarətdir ki, 2020-ci ildə adambaşına düşən ümumi daxili məhsul 13 min dollara, qeyri-neft ixracının adambaşına düşən həcmi isə 200 dollardan 1000 dollara qədər artırılsın. Buna nail olmaq üçün ən yaxşı, ən asan və dünya iqtisadiyyatında praktikadan çıxmış vasitə ölkədə rəqabət mühitinin olmasıdır. Bu hesabat onu göstərir ki, Azərbaycanın müəyyən etdiyi hədəflərə nail olmaq üçün əlverişli mühit var və hədəflərə nail olunacaq. Ölkə prezidenti cənab İlham Əliyev Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasını qarşıya əsas strateji məqsəd kimi qoyub. Bu onu göstərir ki, bir sıra göstəricilər, o cümlədən rəqabət qabiliyyətlilik indeksinə görə, Azərbaycan demək olar ki, artıq inkişaf etmiş ölkələr səviyyəsinə çatıb, hətta inkişaf etmiş ölkələrdən yeddiliyə daxil olan İtaliyanı belə üstələyib. Bütövlükdə bu Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətə və əldə olunmuş nəticələrə verilmiş çox yüksək bir qiymətdir. Bu siyasətin davamı Azərbaycanın gələcəkdə də yeni-yeni uğurlar əldə etməsinə şərait yaradacaq.
- Ədalət müəllim, hesabat nəyə əsasən hazırlanıb?
- Ümumiyyətlə, hesabatın hazırlanmasında statistik məlumatlardan və şirkət rəhbərlərinin sorğusunun nəticələrindən istifadə edilir. “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatının hazırlanmasında dünyanın 148 ölkəsində fəaliyyət göstərən iş adamları sorğu edilib. Hesabatda hər bir ölkə üzrə rəqabət qabiliyyətliliyin həm güclü, həm də zəif tərəfləri işıqlandırılır. Dünya İqtisadi Forumu QRQİ-nin hesablanması üçün 12 göstəricidən istifadə edir – institutların keyfiyyəti, infrastruktur, makroiqtisadi sabitlik, sağlamlıq və ilkin təhsil, ali təhsil və peşəkar hazırlıq, əmtəə və xidmətlər bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, texnoloji səviyyə, daxili bazarın həcmi, şirkətlərin rəqabət qabiliyyəti və innovasiya potensialı.
- Əmək bazarının effektivliyinə görə Azərbaycan dünyanın 148 ölkəsi arasında ilk onluğa düşüb. Ölkəmizin əmək bazarını necə xarakterizə edərdiniz?
- Əmək bazarının səmərəlilik göstəricisi onu əks etdirir ki, işə qəbul etmə və işdən azad olmada, işdən çıxmaqda ölkəmizdə nə qədər sərbəstlik var. Azərbaycanın əmək bazarının səmərəlilik göstəricisinə görə ölkəmizdə liberal bir mühit formalaşıb. İşə girməklə bağlı Azərbaycandakı vəziyyət DAVOS iqtisadi forumu tərəfindən çox yüksək qiymətləndirilib və burada inzibati maneələrin minimum səviyyədə olduğu qabardılıb. Şübhəsiz ki, əmək bazarının təkmilləşdirilməsi, əmək bazarında ehtiyaclı kadrlara olan tələb və təklifin uzlaşdırılması istiqamətində əvvəlki illərdə də həyata keçirilmiş tədbirlər davam etdiriləcək və bu da ən azından onu göstərir və bizdə əminlik yaradır ki, bu göstərici üzrə də Azərbaycanın mövqeyi yaxşılaşacaq.
- Ədalət müəllim, növbəti illərdə Azərbaycanı rəqabətə davamlılıq reytinqində neçənci yerdə görürsünüz? Konkret olaraq gələn il üçün proqnozunuz necədir?
- Bu hesabat 2005-ci ildən hazırlanır. Son 9 ildə ölkəmiz “Qlobal rəqabət qabiliyyəti indeksi” hesabatları üzrə 30 pillə - 2005-ci ildə 117-ci ölkə arasında 69-cu yerdən 2013-cü ildə 39-cu yerədək irəliləyib. Azərbaycanın mövqeyinin gələcəkdə daha da yaxşılaşması proqnozlaşdırılandır. Çünki Azərbaycanda həyata keçirilən mövcud siyasət bu hesabatla əhatə olunmuş 114 göstəricinin demək olar ki, hamısı nəzərə alınmaqla gerçəkləşdirilir. İnstitutların inkişafı, infrastruktur, makro-iqtisadi sabitliyin qorunub saxlanması və daha da möhkəmlənməsi, sağlamlıq və təhsil, əmək, əmtəə, maliyyə bazarının, texnoloji inkişaf, bazar infrastrukturunun bütövlükdə inkişafı, innovasiyaların tətbiqi – bütün bunlar Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsidir. Mən bir fikri qeyd etmək istəyirəm ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkəmizin innovativ inkişaf proyektoriyasına çıxarılmasını hədəflənir. Bu da yuxarıda sadaladığım bütün digər parametrlərin də inkişafını zəruri edir. Ölkəmizdə həyata keçirilən iqtisadi siyasət bu zərurəti nəzərə alır.
Lalə
banner

Oxşar Xəbərlər