• cümə, 19 Aprel, 21:24
  • Baku Bakı 24°C

Hardan gəlib, hara getdi bu illər...

10.06.20 18:15 2452
Hardan gəlib, hara getdi bu illər...
O, özünə bir dostluq dünyası yaratmışdı

"Yazıçı-dramaturq, əməkdar jurnalistAqşin Babayev vəfat edib. Yazıçı bu gün (dünən) 83 yaşında dünyasını dəyişib”. Səhər-səhər xəbər saytlarında, sosial şəbəkələrdəilk qarşılaşdığım xəbər bu oldu. Aqşin müəllimin ölümü ilə bağlı böyük kədərlə paylaşılan xəbərləri təəssüf hissi ilə oxudum. "Sizi heç vaxt unutmayacağam, Ustad! Məzarınız nurlu olsun, nurlu İNSAN!”- deyə filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynovanın sözləri, "O vaxt Milli Məclisdən tanımışam. yaxşı adam idi. İntellektual və kübar”- deyə qeyd edən Azpost.info internet qəzetinin baş redaktoru Xaqani Səfəroglunun fikirləri, "Nazim Hikməti görən, dostluq edən daha bir insan dünyamızdan getdi. Aqşin Babayev. Mənə dərs deyib. Onun mühazirəsini dinləmək üçün təkcə bizim qrupun uşaqları deyil, digər qruplardan da gəlirdilər. Özü də könülü şəkildə. Aqşin müəllim mənim üçün çox dəyərli idi. Məkanın cənnət olsun, əziz müəllimim!” yazan jurnalist Ülviyyə Heydərovanın paylaşımları... yazıçını gözəl aydın, işıqlı ziyalı, əsil vətənpərvər insan kimi xatırlatdı.

Onun dostluq dünyası

Təxminən 2005-ci ilin əvvəllərində Aqşin Babayevlə tanış olmuşdum. Əliağa Kürçaylı haqqında yazdığım bir məqalədən sonra redaksiyamıza telefon açaraq yazının müəllifi ilə maraqlanmış, təşəkkürünü bildirmişdi: "Yazını böyük məhəbbətlə oxudum” sözləri indi də qulağımdadır. Onda Milli Məclisin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyirdi. Nüfuzlu bir söz adamının yazdığım məqaləni məhəbbətlə oxuması, dəyərləndirməsi əlbəttə, məni xeyli ruhlandırdı.
Bir il sonra qəzetimizin "Bizim qonaq” rubrikası üçün Aqşin müəllimi redaksiyamıza dəvət etdim. Məmnuniyyətlə gəldi. "Mən bir dostluq dünyası yaratmışam” adlı maraqlı müsahibəmiz qəzetimizdə (2006- cı ilin 20-22 may tarixində) dərc olundu. Aqşin müəllim yenə də ağayana davranışı ilə telefon açdı, təşəkkür etdi.
Sonralar da Aqşin Babayevlə işlə bağlı əlaqə saxlamaqda davam etdim. Hər dəfə də səbirlə, təmkinlə danışdı, münasibət bildirdi, dəstəyini əsirgəmədi...
Bir də onu teatr tamaşalarında, salonun ilk cərgələrində görməyə adət etmişdim. Demək olar ki, teatrların əksər tamaşalarına baxmağa gəlirdi.
Aqşin Babayev "Özümü xoşbəxt hesab edirəm ki, ömrümü yazı-pozuya həsr etmişəm” deyirdi. İllərini həsr etdiyi yaradıcılığında çoxsaylı nəsr əsərləri, poeziya nümunələri, publisistik məqalələr, povest və hekayələr, oçerklər, resenziyalar, tərcümələr, müsahibələr... yer alsa da, təvazökar insan idi: "40-dan artıq kitabım çıxıb. Rusiyada, Almaniyada, Türkiyədə əsərlərim tərcümə olunub. Hələ də yazıram. Demək istədiklərim yenə dediklərimdən çoxdur. Həyat, həyatdan aldığımız təəssüratlar ümmandır, kitaba sığmaz...” deyirdi. Həqiqətən Aqşin müəllimin qalın-qalın kitablara sığmayacaq yaradıcılıq erudisiyası, həyat eşqi, insanlara sevgi dolu qəlbi, məsələlərə ziyalı, vətəndaş mövqeyi vardı... Ağır yerişi, təmkinli davranışı, ağayana rəftarı ilə hər bir kəsə örnək olacaq mənəviyyat adamı idi Aqşin Babayev.
Aqşin Babayev haqqında müasirlərinin, həmkarlarının fikirləri, xatirələri işıqlı bir insanın ömür yolundan, onu tanımayanlara da maraqlı məlumatlar verir.
Aqşin Babayev II dərəcəli dövlət müşaviri , Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor idi, "Yusif Məmmədəliyev”, "Həsən bəy Zərdabi”, "Humay”, "Qızıl Qələm” mükafatlarına layiq görülmüşdü. Ancaq o, həmkarları, dost-tanışları, tələbələri üçün sadə və səmimi İNSAN idi.

Yaxşılar sırasında dayanmaq üçün

"Mən Aqşini çoxdan tanıyıram” deyən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar həmkarını görkəmli yazıçı kimi dəyərləndirir: "Onun nəsr əsərlərini həvəslə oxuyurlar. Pyeslərini, teletamaşalarını seyr edirlər, maraqlanırlar. Çox uzaq gənclik illərimizdə biz radioda bərabər işləyirdik. 2005-ci ilə qədər də Milli Məclisdə birlikdə işləyirdik. Aqşini öz işinə səriştə ilə yanaşan peşəkar, ziyalı bir adam kimi tanıyıram. Aqşinlə məni yaxınlaşdıran bir cəhət də hər ikimizin Nazim Hikmətə olan böyük məhəbbətimizdir. Aqşin Nazim Hikmət haqqında bir çox tədqiqat əsərləri yazıb. Nazim Hikmətin Azərbaycanla əlaqəsini araşdırıb. Türkiyədə olanda mən çox zaman İstanbulda Nazim Hikmət Vəqfinə gedirəm və hər dəfə orda Aqşini soruşurlar. Bildiyimə görə, o, burda Vəqfin mükafatını da alıb. Onun haqqında həmişə böyük hörmətlə danışırlar”.
Xalq şairi Nəriman Həsənzadə "Mən Aqşini görəndə elə bilirdim ən yaxın dostumu, qohumumu, əzizimi görürdüm” deyir: "Bu da bir vergidir, bu da insani keyfiyyətdir. Əlbəttə, yazıçının belə olması, bu təbiətdə olması, ümumiyyətlə, yazıçı adına nüfuz gətirir, ədəbiyyatımıza, cəmiyyətimizə hörmət gətirir. Aqşin müəllim cəmiyyətimizdə, bax, belə bir mövqe qazanan qələm sahiblərindəndir. Dünyasını dəyişən qələm dostlarımız haqqında Aqşin müəllim nəinki yazır, onları eyni zamanda təbliğ edir. Aqşin onlar haqqında gözəl faktlar tapır. Tədqiqat işi aparır. Demək olar ki, Aqşində tədqiqatçılıq, onun alimliyindən də, yazıçılığından da irəli gəlir. Ümumiyyətlə, yazıçı həm də tədqiqatçıdır. Aqşin nə qazanıbsa həyatda, öz halal haqqını qazanıb. Aqşin yazıçılar haqqında, öz dostları haqqında danışanda da istər dünyasını dəyişsin, istər sağ olsun, həmişə elə tərəfini götürüb danışır ki, elə tərəfdən məsələyə yanaşır ki, həmin insanı ucaldır. Bəlkə də Aqşin buna görə gəlib dünyaya. Yaxşılar sırasında dayanmaq üçün gəlib Aqşin dünyaya. Aqşin Babayevin təbiəti yazıçı təbiətidir. Aqşin müəllim çoxşaxəli yaradıcılıqla məşğuldur. Hansı sahədə yaradırsa, işləyirsə o, həmişə hörmət qazanır, həmişə nüfuz qazanır. Aqşin haradadırsa, orda dostluq var, orda hörmət var...”
Tanınmış rejissor Ramiz Həsənoğlu ilə Aqşin Babayevi yaradıcılıq məqamlar birləşdirib: "Bizim bir yerdə yaratdığımız tamaşalarımız, filmlərimiz var. Amma hər şeydən əvvəl, Aqşin Babayevin adı gələndə 60-cı illərin axırlarını xatırlayıram. Azərbaycan Teleradiosunun həyətinə və binasına daxil olan insanların arasında Aqşinin siması olduğu kimi gözümün qabağındadır. Çox qəribə geyim tərzi var idi. Aqşin şux geyinərdi. Başında bereti, gözündə iri eynəyi və ayağında platforma deyilən ayaqqabı olardı. Baxardım onun geyiminə, həsəd aparardım. Sonra Aqşinlə yaxından tanış olandan sonra başladım başqa keyfiyyətlərinə həsəd aparmağa. Mən Aqşinin mütaliəsinə həsəd aparırdım. Onun ədəbiyyat haqqında, poeziya haqqında uzun-uzun söhbətlərinə məftun oldum, vuruldum. Və əsas şeylərdən birini deyə bilərəm ki, mən Nazim Hikməti Aqşin vasitəsilə sevdim. Sonralar Aqşinin mənə verdiyi kitablardan onun hekayələrini oxudum. O illərdə yazdığı hekayələri, povestləri indi də yadımdadır. Povestlərindən birinin adı "Bir parça həyat” idi. Aqşin onu mənə verəndə hər ikimizin ürəyindən keçdi ki, ola bilsin, bu, bir televiziya tamaşasına çevrilsin. Mən gənc bir rejissor idim. Cəmi üç il idi televiziyada çalışırdım və hələ rejissor dərəcəsini almamışdım. Assistent dərəcəsində idim. Amma artıq cəhd edirdim ki, özüm də bir şey hazırlayım, təkcə assistentlik etməyim. Aqşin Babayevin bu əsəri mənim qoyduğum ilk tamaşa oldu. "Bir parça həyat” mənim çox yaxşı yadımdadır. Gözəl sənətkarımız Ağasadıq Gəraybəyli, Müxlis Canızadə, Əminə Yusifqızı o vaxt orda çəkildi. Mən də məcbur olub bir-iki dəfə özüm də çəkildim. Çünki epizoda çəkilən aktyor gəlməmişdi. O aktyorun şinelini mən geyindim. "Uzun leytenant” rolunda çəkildim. Aqşin bundan sonra mənə uzun müddət "mənim uzun leytenantım” deyərdi. Hətta kitablarının birinin üstündə də elə-beləcə yazmışdı. Sonralar Aqşin Babayevin "Nekroloq”, "Dəvətnamə”, "Mükafat” telessenariləri əsasında filmlər çəkdim. Çox gözəl qarşılandı”.
Əməkdar İncəsənət xadimi Natiq Rəsulzadə təxminən 30 il əvvəl Aqşin Babayevin "40-cı illərin uşaqları” adlı povestini rus dilinə tərcümə edib: "Bu povestdə yeniyetmələrin, uşaqların elə canlı obrazları yaradılıb ki, həmin əsər, baxmayaraq ki, o vaxtdan bu qədər illər keçib, amma indiyədək mənim yadımdadır. O əsərdəki uşaqlar ağır müharibə illərində burda, Azərbaycanda, Bakıda yaşayıblar. Onların bir-birinə münasibəti, hərəkətləri, o ağır vəziyyətdən çıxış yolu axtarmaları... Bunların hamısı mənim yadımda çox yaxşı qalıb. Və güman edirəm ki, oxucuda da elədir. Aqşin müəllimin bütün əsərləri istər nəsr, dramaturgiya, yaxud poeziya olsun, orda olan obrazlar, orda olan personajlar çox yaddaqalan xarakterlərdir. Aqşin Babayev çox gözəl əsərlər yaradır və güman edirəm ki, bu əsərlər həmişə yaşayacaq”.
Bəstəkar Oqtay Rəcəbovla Aqşin Babayev arasında hələ 80-ci illərin əvvəllərindən dostluq əlaqəsi olub: "O, Azərbaycan Dövlət Televiziyası və Radiosunda Bədii şuraya rəhbərlik edirdi. Biz ayda bir dəfə həmin şurada yeni mahnıları müzakirə edirdik. Bir gün mən Aqşin müəllimə müraciət etdim ki, siz bəstəkarların, şairlərin əlindən əsərlərini qəbul edirsiniz, amma özünüz heç o sahədə bir fəallıq göstərmirsiniz. Dedi nə istəyirsən, ay Oqtay. Dedim, istəyirəm ki, biz sizinlə bir musiqili komediya yazaq. Bu, görünür, onun fikrində qalıb və ordan başqa vəzifəyə keçəndən sonra bir gün mənə zəng elədi ki, sənin o vaxt mənə dediyin məsələ, deyəsən, həyata keçir. Beləliklə, görkəmli sənətkarımız, eyni zamanda yaxın dostum Aqşin Babayevlə mənim müştərək işimiz olan "Əlin cibində olsun” adlı əsər yarandı. Onu da deyim ki, ondan sonra biz ikinci əsər də yazdıq. 2006-cı ilin aprel ayında "Şeytanın yubileyi” adlı komediyamız tamaşaya qoyuldu. 2009-cu ildə isə Aqşin müəllimin təklifi ilə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevə həsr olunmuş oratoriya yazdım. Əsərin sözləri Aqşin Babayevindir”.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova təəssüf hissi ilə "Ədəbiyyatımız və jurnalistikamız itirdi. Son mogikanlardan biri idi Aqşin müəllim”- deyə elmi rəhbərinin vəfatından kədərini ifadə edir: "2001-2002-cü illər idi. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dissertantı idim, həm də televiziya jurnalistikası fənnini tədris edirdim. Elmi rəhbərim təyin olunanda kafedra müdirimiz Yalçın Əlizadə Aqşin Babayevi məsləhət gördü. O vaxtlar yaradıcılığından xəbərim olsa da, şəxsən tanımırdım Aqşin müəllimi, sadəcə eşitmişdim ki, Milli Məclisin Mətbuat xidmətinin rəhbəridir. Qəbuluna getdim, 24 yaşlı bir az utancaq, bir az qorxaq, bir az da zəif qız idim (o vaxt "tapşırıqsız” gənclərin əksəriyyətində belə komplekslər vardı). Qorxa-qorxa içəri girdim, adətən görməyə alışdığım qaşqabaqlı, acıdil, eynəyinin üstündən qaşlarını çatıb zəhmlə baxan bir məmur obrazı görəcəyimi düşünürdüm.
Məni elə gözəl qarşıladı ki... Ayağa qalxdı, əlini uzatdı, özümü itirdiyimi görüb - "Gəl, qızım, keç otur”- dedi. Dərhal da əlavə elədi ki, bakalavr, magistr işinə rəhbərlik etmir, sadəcə vaxtı məhduddur. Eşidəndə ki, namizədlik dissertasiyası üzərində işləyirəm, mövzum da "Televiziya tənqidi”dir, təəccübünü gizlətmədi, "axı hələ çox cavansan” dedi. 10-15 dəqiqə söhbətdən sonra deyəsən, professoru inandıra bilmişdim. Köməyini əsirgəmədi.
İllər sonra hazır dissertasiya ilə təkrar yanına getdim, çox məşğul idi. Dedi ki, işi burda qoy, tam halda oxuyum, rəyimi bildirərəm. Düşündüm ki, bu qədər işin içində yəqin 150 səhifəlik dissertasiyaya ancaq bir aya rəy ala bilərəm. Bəzən hazır rəy tələb edənlərin olduğunu bildiyimdən, Aqşin müəllimin də məndən hazır rəy istəyəcəyini ehtimal edirdim. Düz iki həftə sonra məni yanına çağırdı. Rəhbərim işimdən razı qalmışdı. Gözəl rəy yazmışdı, kalkalardan, hər cür basmaqəlib ifadələrdən kənar, səmimi bir rəy. Heç vaxt unutmayacağım sözlər söylədi. Dedi ki, əsl ziyalı savadlı gənclərə əngəl ola bilməz, əksinə, yol açar, dəstək durar.
Sonralar dərc olunan eyni adlı dərs vəsaitimin də rəyçisi Aqşin müəllim oldu.
Bəzi "diribaş”ların mənə xəbərdarlıq etdiyi kimi, heç bir təmənna güdmədi, heç bir tapşırıq gözləmədi, kimin kimi olduğumu, haralı olduğumu da bilmədi, sadəcə, dəstək oldu, yol göstərdi, müdafiə etdi. Gerçək ziyalı, əsl vətənpərvər, gözəl alim, böyük aydın idi Aqşin müəllim”.

Əlvida!
Aqşin müəllim təvazökar insan idi. "Əsərlərim təkcə Bakıda yox, Ankarada, Berlində, Moskvada, Tbilisidə, Kişinyovda və başqa yerlərdə çap olunsa da, oxucu rəğbətini qazansa da, haqqımda xoş sözlər deyilsə də, mən özümü həmişə ədəbiyyatımızın, elmimizin və jurnalistikamızın sıra nəfəri hesab etmişəm” deyirdi. Aqşin Babayev hələ 75 illiyinə həsr olunan kitabının "Hardan gəldi, hara getdi bu illər” adlı müəllif sözündə ”Ömür vəfasızdır. İnsanın sabaha ümidi yoxdur. İstəyirəm ki, ailəm, yaxınlarım bu kitabı vərəqləsinlər və mənim ədəbiyyat, elm və jurnalistika sahəsində nə işlər gördüyümlə tanış olsunlar” yazırdı. O, faniliyinə bələd olduğu dünyaya "Bu gün saat 10-43-də Allahımın hüzuruna qovuşdum. Artıq ağrı hiss etmirəm. Əlvida!” desə də, özündən sonra Azərbaycan ədəbiyyatı, publisistikası, jurnalistikası, teatrı üçün zəngin bir irs qoydu. Bundan sonra təkcə ailə üzvləri və yaxınlarının deyil, minlərlə oxucuların, tələbə və dissertantların, jurnalistlərin, gənc yazarların vərəqləyib örnək götürəcəyi, bilgi əldə edə biləcəyi bir irs...
Allah rəhmət eləsin!

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər