• cümə, 26 Aprel, 03:38
  • Baku Bakı 16°C

Haqqın məni göndərəcəyi yer - Qızıl Alma!

08.07.14 10:57 2421
Haqqın məni göndərəcəyi yer - Qızıl Alma!
“Kızılelma yok mu? Şübhəsiz vardır,
Fəqət onun səmti başqa diyardır…
Zəmini məfkurə, səması hayal,
Bir gün gerçək, fəqət şimdilik masal...”

Ziya Gökalp
...alaçıqların arasından rüzgarın gətirdiyi yovşan qoxusunun ətri ruhunu oxşayırdı. Qapalı gözlərinin bəbəklərindən damlalar süzülürdü üzüşağı. Nəyə ağlayırdı bu qərib? Nəydi ruhunu ovuclarına alıb sıxan? Bilinmirdi...
...günlərdir məkan eyləmişdi bu çölü özünə. Səhər obaşdan ovuc ayası boyda çörəklə bir sərnic suyunu alıb bardaş qurduğu yerdən Günəşi qarşılar, axşam yola salardı. Onun baxışlarının zilləndiyi yol da yoxuydu. Gözləri yol çəkmirdi, çünki baxmırdı. Hey qapalıydı kirpikləri. Onu kor zənn edənlər də vardı amma kor olmadığı yanağı boyu süzülən yaşlarından bəlliydi.
Eyni yolu gəlib eyni yerə oturmaq, eyni ağacın dibinə çöməlib eyni vəziyyəti almaq korluqdan xəbər vermirdi. Paltarları yamalıydı, uzun çomağı vardı əlində, qəribə başlıqlı.
...bu obada gün doğumuna az qalmış bir qurd ulartısı eşidilirdi. Hər kəs duyar, dinlər, sonra günə başlardı. Onunla yaşayardaılar amma onu yaşayan deyəsən sadəcə bizim qəribdi. Yalnızdı... Möhtac deyildi!
Heybətliydi, qorxutmurdu!
Üzündə ilahi bir nur vardı. Xəyalındakı səhnənin təsirindəniydi, deyəsən:
“Dövrünün padişahı Süleyman, qəflətən kükrəyib fırtına kimi üstünə gələn nərələrə yerindən atıldı. Alaçığında yalnızdı. Yarım saat əvvəl dağılan Divanın cəng həvəsini, səfər ehtirasını düşünürdü. Bu gün, sadəcə vəzirləri deyil, dəftərdarları, nişançıları, sərdarları, ağa, kəndxuda, yayabaşı, bölükbaşı, yeniçəri başlarını, bir sözlə kim varsa. Hər kəsi çağırıb, hüzurunda toplamışdı. Onlar da səfər əmrini duyunca “Qaf dağına qədər arxanca gəlməyə hazırıq, padişahım” deyə ayaqlarına döşənmişdilər. Gözlərdən sevinc yaşları axmışdı.
İndicə qərar bütün orduya yayılacaqdı. Alaçığından bir az uzaqda, balaca ormanın nəhayətindəki məhşərdə bir az əvvəlki Divanın sevinci, ümman kimi qaynayır, qabarır, bu ümmanın görünməz, səssiz hayqırtıları yaxın üfüqlərin buludlu sahillərinə deyil, bütün cahanın tavanına çırpılırdı:
-Qızıl Almaya...
-Qızıl Almaya...
-Qızıl Almaya...
Padişah, taxtından ehmalca qalxdı. Sağ əlini altın taxtına söykədi. Göydən enən, mənası aydın olmayan bir səsə qulaq verər kimi boynunu bükdü. Bütün varlığıyla uğultuya qulaq kəsildi:
"Qızıl Alma,
Qızıl Alma..."
Bu adı şahzadəliyindən bəri minlərcə kəs duymuşdu. Qulaqları bu kəlməyə aşinaydı. Sonra... təkrar taxta oturdu. Gözlərinin üstünə qədər əyilmiş yusufiyəsini (çalma) geri itələdi. Çox çıxıq, geniş alnını, əsmər, uzun barmaqlarıyla ovxaladı.
Düşündü.
Düşündü...
- Qızıl Alma haradır?
Dodaqaltı deyindi. Şərqdə və ya Qərbdə, səfərə çıxarkən ehtizaza gələn əsgər həmişə "Qızıl Almaya!.." deyə bağırırdı. Bu nərəni, hayqırtını yeniçəri qışlalalarında, sipahi ocaqlarında, rəsmi keçidlərdə, hətta İstanbulda, sarayın gizli bağçalarında belə eşitmişdi.
Qızıl Alma haraydı? Üvəz rəngi sırıqlı pərdənin arxasında keşikdə duran Mahmudu çağırdı:
- Sədrəzəmə söylə, vəzirlərlə bəylərbəyini, kazaskəri toplasın. Dərhal qulluğa gəlsinlər!”
Yarım saat əvvəlki böyük Divandan çıxan vəzirlər, dincliyə niyə çağırıldıqlarına təəccüb etdilər. Əhməd Paşayla Hadim Əli Paşanın arxasından Kazasker (Osmanlı Dövlətində əsgəri hakim. “Kadı” və “asker” sözlərinin birləşməsidir. Bizim bugünkü ifadə ilə desək hərbi məhkəmə, hərbi məhkəmənin hakimi) Sokullu Mehmet Paşa, Heydər Paşa, Ayaz Paşa, İskəndər Paşa, gözləri yerlərdə, otağa girdilər. Bir-bir ətək öpüb bilək bükdülər. Padşah, ağ tənzif sarılı, ikili Tuğlu yusufiyəsini (çalma) yenə çox önə əymişdi. Qaşları demək olar ki, görünmürdü, üzü hər zamankından daha sərt idi. İncə dirəklər üstünə qurulmuş donuq zümrüddən bir qübbəni xatırladan alaçığın həzin sakitliyini:
- "Qızıl Alma" haradır? İçinizdən bilən var mı?
sualı pozdu...
-?...
-!...
-?...
. . .
Kimsə cavab verə bilmədi. Hər kəs önünə baxırdı.
Padşah:
- Bunu soruşmaq üçün sizi çağırdım, alaçığımın ətrafında durmadan bu nərələri eşidirik. Baxın yenə də "qızıl Almaya, Qızıl Almaya..." deyə bağırışırlar.
Bura haradır? Minlərcə dəfə adını eşitdiyim bu məmləkətin hara olduğunu öyrənmək istəyirəm.
Tamışvar Fatih Əhməd Paşa kəkələdi:
- Vyana olsa gərək, padşahım ....
Padşah, o biri vəzirinə tərəf döndü:
- Eləmi?
- ...
- ...
- ...
Nə "bəli" nə "xeyr" deyə bilirdilər, susaraq önlərinə baxırdılar. Padşah, orduya gətirdiyi "pələng postlu, qurd taçlı, nüvə mahmuzlu, gəmi qalxanlı, təpədən dırnağa qədər dəmirə bələnmiş, al qırmızı bayraqlı, bənzəri görülməmiş mükəmməl alayı ilə iki gün əvvəl etimadını qazanan Rumeli Bəylərbəyinə sordu:
- Sokullu! Sən söylə, Qızıl Alma haradır?
- "Roma" olsa gərək, padşahım!
- Nə bilirsən?
- Elə zənn edirəm,
- Zənn eləmək bilmək deyil...
Padşah, üzünü alim Kadaskerə tutdu. Qızıl Alma üçün kimi "Çin", kimi "Maçin" deyirdi. Ayaz Paşa:
- Hinddir!
Heydər Paşa:
- Sinddir!
İskəndər Paşa:
- Səhv eləmirəmsə, Qaf dağının arxası olmalıdır”...
Böyük hökmdarın eşitmək istədiyi cavab bu deyildi. Qanı qaraldı. Taxtın kənarlarını hirslə sıxdı. Ona xas olmayan bir hikkəylə kadaskerə dönüb, acı - acı gülümsədi,
- “Yazıq sizin elminizə!”
- ...
. . . . . .
"Hər şeyi bildiyini zənn eləyən bu "Xorasani" başlar uğradıqları təhqir altında xəfifcə titrədilər. Onlar, hər şeyi qəbul edə bilərdilər. Lakin cahilliyi, əsla!
İçlərindən codsaqqallı, əyriqıç, kök bir fəqih, bir addım irəlilədi. Bu onların həm də ən alimləri, ən cəsurlarıydı:
- Padşahım! dedi, bu "Qızıl Alma", xalq qullarının uydurduğu bir əfsanədir. Əsli yoxdur. Bir həqiqət deyil ki, biz bilək. Xalqsa, padşahım, bilməz, söyləyər.
Zamanın hakim Süleymanı altın taxta dayadığı əlini qaldıraraq hayqırdı:
- "Xalqın dediyi! Haqqın dediyi!"
- ...
Bəstəboy şeyx bu sözdən bir şey anlamadı.
Padşah davam etdi:
-
Bu bir həqiqətdir! Madam ki, xalq söyləyir, xalqdan gələn səs, Haqqın səsidir! Ona əfsanə deyilməz! Mütləq bir əsli vardır. Lakin siz bilmirsiniz...
- Nə şəriətdə, nə elmdə belə bir ad yoxdur ki, müsəmması (izahı) olsun ...
- Nə şəriətdə, nə elmdə belə bir ad yox, deyirsən...
- Bəli, padşahım.
- Adət-ənənədə də yoxdurmu?
- ...
Şeyx düşündü. Önünə baxdı. "Yox!" deyəcəkdi. Lakin, cıqqırını çıxarmağa macal tapmamış, səfər həyəcanına qapılan böyük ordunun vəlvələsi içində "Qızıl Alma" nərələri dalbadal çaxan şimşəklər kimi gurladı. Əsgər təkcə səfərə gedəcəyi, müharibəyə girəcəyi zaman deyil, hətta sevindiyi, üsyan etdiyi vaxtlarda belə bu nərəni çəkirdi. Bu, daima coşan, qabaran bir qüvvətin nə olduğu bilinməyən məqsədiydi. Yaxşı yadındaydı, hələ mədrəsədə balaca bir çöməzkən sipahi, yeniçəri bölüklərinin bu kəlməni hayqırdıqlarını eşidirdi. Bunu yaxşıca xatırlayırdı. Amma, sözün düzü, nə olduğunu maraqlanıb öyrənməmiş, oxuduğu mətnlərdə bu ada dair bir şeyə rast gəlməmişdi. Udqundu. Önündə halqaladığı əllərini sıxdı. Burda susacaqdı, çünki “Qızıl Alma” ənənədə yoxdur deyə bilməzdi. Çünki, vardı və eşidirdi...
Var, padişahım!
- Elə isə müsəmması da var.
- ...
Şeyx susdu. Qızardı. Bir addım gerilədi. Yenə önünə baxdı. Ənənənin həqiqətini şəriət də təsdiq etmirdimi? Padşah, bunu bilən fazillərdəndi. Qarşısında cəfəngiyyata imkan yoxdu. O biri qazıəsgərlər yoldaşlarının məğlubiyyətinə baxaraq, ağızlarını açmadıqlarına görə sevinirdilər, "sükut sözdən xeyirlidir" hikmətinə əməl edirdilər.
Padşah yenə acı-acı güldü:
- Dünya nə qəribədir, siz bu xalqın başbilənləri, bu xalqı idarə edənlərdənsiniz amma onun istədiyinin nə olduğunu bilmirsiniz!
-...
-...
-...
-...
. . .
Sevinməli ki, hakim padşah, qəhrəman, arif, fazil, şair olduğu qədər də insaflıydı! Hər şeyi, əvvəlcə öz nəfsində mühakimə edər, hər hökmü, hər qərarı verməzdən əvvəl bir dəfə öz vicdanının ələyindən keçirərdi. Hüzurundakı qulları sualına bir cavab tapa bilmədiklərindən yerlərindəcə qıvrılırdılar. Bu hal onu da sıxdı.
Dəruni dillə öz-özünə soruşdu:
"Ey Süleyman! Bunlara sorduğun şeyin nə olduğunu görəsən özün bilərsənmi?"
"Bilməm amma .."
"Amma?"
"... Sezərim!"
Ürəyinə su sərpildi. Sakitləşdi. Sezdiyini düşünməyə başladı. Bu, təbiətdən, elmdən, mədəniyyətdən üstün bir həqiqətiydi. Bəli, məhz "Qızıl Alma".
Nə olduğunu sanki bilir, lakin söyləyə bilmirdi. Halbuki bu vəzirlər, kadasker, bəylərbəyləri...
Xeyr, heç bir şey sezmirdilər. Birinin sözü o birininkinə uyğun gəlmirdi. Kimi Çin, kimi Hind, kimi Sind, kimi Vyana, kimi Roma deyirdi. Halbuki Qızıl Alma bunların heç biri deyildi!
İçindən:
"Bəlkə hamısından daha qiymətli bir yerdir...!"
Sonra, utandıqlarından qızaran qullarına sordu:
- Qızıl Almanın hara olduğunu kimdən öyrənə bilərik?
- ...
Hər kəs önünə baxır, yanlış bir şey söyləməmək üçün kimsə ağzını açmırdı. Təkcə İskəndər Paşa:
- Padşahım! dedi, Kadasker qullarının elmləri kitabdandır! Vəzir qullarınla, biz qullarına gəlincə... Elə dərin alimlərdən deyilik! Nə qədər məlumatsız olduğumuz suali hümayununuzla meydana çıxdı. "Min alimin bilmədiyini bir arif bilir" deyərlər. İradə buyurun, bir arif tapaq. Ondan istəyək bu sirrin cavabını...
- Arif kimdir?
- Bilməyib sezən, padşahım ...
...
İskəndər Paşa, bir saf əsgərin sadə məntiqi ilə "Qızıl Alma, Qızıl Alma!" deyən xalqın mütləq bir şey murad etdiyini, quşların ötüşündə belə öz dillərində bir məna olduğunu söylədi. Qısa boylu, inadçı Şeyx xalqın nə söylədiyini, nə istədiyini əsla bilməyəcəyini təkrar iddia elədi. Padşah, İskəndər Paşaya, çıxıb gizlicə ordunun içinə girməsini, nümayiş alayında bağıranlardan tam təsadüfi üç adam tutub hüzuruna gətirməsini əmr etdi. İskəndər Paşa çıxınca padşah Şeyxə şəriətə dair ayrı-ayrı suallar verməyə başladı. Vəzirlərlə bəylərbəyləri anlamadan, qulaq asırdı.
İskəndər Paşa, bir az sonra alaçığa girdi:
- Üç adam gətirdim, padişahım!
- Əvvəla bir dənəsini gətir, baxaq.
İskəndər Paşa, alaçığın hökmündən sapsarı kəsilmiş, başındakı börüsü dağılmış, tirtir titrəyən bir adamı içəri soxdu. Bu, uzun boylu, pala bığlı, heybətli bir adamdı. Orduda ayaqqabıçılıq edən avaranın biriydi. Alaçıq qapısının çölündəkilərin öyrətdiyi kimi, qorxa-qorxa taxta doğru getdi. Yeri öpdü. Ayağa qalxmadı. Qolları sinəsində bağlı, dizüstü qaldı. Padşah soruşdu:
- "Qızıl Alma, Qızıl Alma" deyə hayqırarsınız, bəs, ora haradır, əsgər?!
Yazıq əsgər işlədiyi günahına bəraət üçün:
- Hər kəs bağırır, padşahım. Mən də onlara qoşuldum” dedi.
- Nəyə bağırdığını sormam. Qızıl Alma haradır? Onu söylə!
Əsgər heç tərəddüd etmədən:
- Padişahımızın bizi aparacağı yer!
- Ora haradır?
- Padişahımız bilir.
Padşah, İskəndər Paşaya döndü:
- İkincisini gətir!
Dizüstə çökən əsgər vəzirin işarəsiylə qalxdı. Geri-geri getdi. Pərdənin yanında quruyub qaldı. Bu səfər hüzura gətirilən, əsmər, ağ keçəli, dəcəl bir yeniçəri nəfəriydi. Sərbəstcəsinə irəli getdi. Padişahın ətəyini öpdü. Qalxdı, əl bağladı. Padşahın "Qızıl Alma haradır?" sualına, heç düşünmədən:
- Önümüzə düşüb bizi aparacağın yer... Padişahım! cavabını verdi.
- Ora haradır?
- Sən bilərsən, padişahım!
İskəndər Paşa, üçüncünü hüzura gətirdi. Bu, geniş çiyinlərinə batarasının ucları düşən gənc bir bostancıydı.
-...
- Qızıl Alma haradır?!
- Atınızın getdiyi yer... Padişahım!
- Ora haradır?
- Hara olduğunu ancaq padişahım bilir ...
. . . . .
Bəli ... Ora nə Hind, nə Sind, nə Çin, nə Maçin, nə Vyana, nə də Romaydı. Padişah, hüzurundakılara:
- Gördünüzmü, dedi, üçünün də cavabında bir fərq yoxdur. Həqiqət birdir!
"Qızıl Alma" mənim getmək istədiyim yer ...
Haqqın məni göndərdiyi yer!!!
Doğrunu söyləyən bu üç adama dərhal üç yüz kisə axça lütf etdi.
Artıq "Qızıl Almaya, Qızıl Almaya, Qızıl Almaya..." nərələri çoxalır, gedərək daha çox yaxınlaşırdı. Padşah, birdən-birə, Haqqın özünü göndərəcəyi yeri düşündü. Nəhayəti tapılmaz Haqq yolunun, həqiqət yolunun getdiyi "Qızıl Alma” deyilən bu cənnət qarşısında, Vyana, Roma, Hind, Sind, Çin, Maçin bəzi fani xarabaların nə dəyəri vardı ki?! Başını yellədi. Arxasına söykəndi. İri qara gözlərini yığdı. İlahi, mənəvi bir zövqə varmış kimiydi! Əmrinə amadə vəzirlərinin, alim kadaskerlərinin, qəhrəman bəylərbəylərinin ətəyini öpüb çıxdıqlarını görmədi belə...
Çölə çıxanlar, alaçığın qapısında indiyə qədər əsla ülviyyətinin, məhəbbətinin fərqində olmadıqları böyük bir mənzərə qarşısında donub qaldılar, səfər sevinciylə hayqırışan yüz minlərlə əsgər, qol-qol olmuş, halay çəkərək, qaynaşaraq alaçıq ətrafında sip olmuşdular:
- Qızıl Almaya...
- Qızıl Almaya...
- Qızıl Almaya...
...nərələriylə, sanki xəyalın belə gedib çata bilməyəcəyi yüksək, çox yüksək bir ərşə doğru,
...qalxanlardan qanadlarıyla uçmağa hazırlaşırdılar! “
Bakılı, varlı bir ailənin qızı olan Ay xanım...
(ardı var)
Nigar İsfəndiyarqızı
banner

Oxşar Xəbərlər