• cümə, 29 Mart, 17:21
  • Baku Bakı 14°C

Haqqı axtaran şair

27.05.19 10:00 1969
Haqqı axtaran şair
2019-cu il Azərbaycanda "Nəsimi ili” kimi qeyd edilir. Ölkə başçısının böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq verdiyi sərəncam, xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şairin zəngin irsinin tədqiqatına, təbliğatına və dünyada tanıdılmasına diqqət yönəldib.
"Müzakirə”mizdə iştirak edən ədəbiyyat adamları böyük şairin Azərbaycan poeziyasında, elmi-ədəbi fikir tarixində tutduğu yerdən, insanların mənəvi-əxlaqi kamilləşməsində rolundan danışıblar.

İdeya adamı
"Nəsimi intibah ədəbiyyatının görkəmli nümayəndəsidir” deyən filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli hesab edir ki, bu ilin "Nəsimi ili” elan olunması şairin yaradıcılığını dünya səviyyəsinə çıxarmağımız üçün böyük imkanlar yaradır: "Bu istiqamətdə müəyyən cəhdlər də var. Ancaq il yarıya çatsa da, Nəsimi haqqında aparılan araşdırmalarda kəmiyyətdən keyfiyyətə keçid baş vermir. Sosrealizm ədəbiyyatşünaslığında bunu bəlkə də başa düşmək olardı, qarşısında ideoloji baryerlər var idi. Çağdaş ədəbiyyatşünaslığın qarşısında isə bu cür maneələr yoxdur... Mən Nəsimişünas deyiləm, ancaq Nəsimi tədqiqatçılarından gözləntilərim var. İmadəddin Nəsiminin faciəli həyatı sanki onun yaradıcılığını kölgədə qoyub; tədqiqatçılar daha çox onun həyatının son anları, burada isə öldürülüb dərisinin soyulması, yaxud dərisinin soyulub sonra öldürülməsi ətrafında bitməyən araşdırmalar aparırlar. Əlbəttə, burada şairin ölümündən sonra əfsanələşməsi və yaradıcılığının şəxsiyyətinin kölgəsində qalmasının nədən olmasını da nəzərdən qaçırmaq olmaz. Ancaq bütün hallarda, Nəsimi yaradıcılığının araşdırılmasında yeni mərhələnin zəruriliyini qeyd etmək olar”. Ədəbiyyatşünas alim hesab edir ki, Nəsimi dünyada öz prinsipləri uğrunda canından keçən mücadiləçi bir ideya adamı olmaqla yanaşı, zəngin bədii yaradıcılığı ilə tanınmalıdır. Bel ki, onun ölməzliyi, ölümü ilə bərabər, ictimai-fəlsəfi məzmunlu əsərlərindədir: "Nəsimi yaradıcılığı, hər şeydən əvvəl, dünya ədəbiyyatı kontekstində təhlil edilməlidir. Nəsimi irsinin mükəmməl elmi-tənqidi mətni bir neçə dildə yaradılmalı, təhrifə uğrayan şeirləri bərpa edilməlidir. Nizami Gəncəvi kimi Nəsimini də dünyaya intibah ədəbiyyatının görkəmli simalarından biri kimi təqdim etməyin zamanıdır. Onun poeziyası özünü və dünyanı dəyişməyə qadir insan konsepsiyası ilə intibah ədəbiyyatının bütün mahiyyətini özündə əks etdirir. Avropa intibah mədəniyyətindən öncə Nəsimi insanın azad düşüncəsini hər cür buxovdan azad etməyə və onun düşüncəsi qarşısındakı bütün bağları qırmağa çalışmışdır. Nəsimi insanı, təbiətlə daim harmoniya təşkil edir. Kamil insan faktoru isə şairin insan konsepsiyasının fəlsəfi özünəməxsusluğunu özündə ehtiva edir. İnsan qüdrətinin və gözəlliyinin vəsfi Nəsimi şeirlərinin başlıca mövzusudur”. Filoloqun fikrincə, intibah mədəniyyətinin başqa bir konsepti - humanizm ideyaları da Nəsimi əsərlərinin ana xəttini təşkil edir. Nəsimi poeziyasının təkamül sistemi humanist konsepsiyasına və ideyalara xidmət edir. Onun humanizmi Şekspir və Servantes humanizminin sələfi kimi səslənir: "Şairin əsərlərində təzahür edən şəxsi və ideoloji mücadilə humanist dəyərlər uğrundadır. O, daim bəşəriyyətə, insana üz tutur və xitab edir:
Kafilə nun əzəldə çün illətimizdir, ey bəşər,
Gövhəri-laməkan biziz, kim bilisər hüdudumuz”.
B.Əhmədli qeyd etdi ki, Nəsimi həm də intibah ədəbiyyatının başqa bir xüsusiyyəti poetik cəhətdən bütöv və universal bədii nümunələr müəllifidir. Onun poeziyası orijinal poetik sistemi, bədii təsvir və ifadə vasitələrinin zənginliyi ilə intibah düşüncəsini tamamlayır: "İntibah düşüncəsinin başqa bir faktoru xalq satirası, kinayəli, istehzalı dil Nəsimi poetikasını zənginləşdirən faktorlardandır. Al ilə ala gözlərin aldadı aldı könlümü, Alını gör nə al еdər, kimsə irişməz alinə”. Nəsimi poeziyası dil faktoru baxımından da zəngindir; xalq danışıq dili ilə elmi poetik dil sintez şəklindədir. Poetik dil semantik struktur, ritm, intonasiya, ahəng ilə yeni bir poetik sistemi əhatə edir. Onun poeziyasının zənginliyi forma (qəzəl, qəsidə, tuyuğ və s.) müxtəlifliyi ilə davam edir. Şairin müraciət etdiyi mövzular xalq həyatından alınmaqla, bütün varlığı ilə xalq ruhunu təmsil edir, xalq düşüncə tərzini, təsəvvür və inanclarını əks etdirir: "Hеç kimsə Nəsimi sözünü kəşf еdə bilməz, Bu, quş dilidir, bunu Sülеyman bilir ancaq”.
Filoloq vurğuladı ki, Nəsimi şeirləri hürufizmin, panteizmin poetik məcmusudur, bu poetik şifrələri, dövrünə, gələcəyə və insan faktoruna yönəlik mesajları açmaq çağdaş ədəbiyyatşünaslığın əsas vəzifələrindən biridir.
Təriqət adamı
İmadəddin Nəsimini Azərbaycan ədəbiyyatı tarixində bir hadisə, qeyri-adi ədəbiyyat adamı, fenomen, böyük düşüncə sahibi, filosof adlandıran filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun fikrincə, o, hər şeydən əvvəl təriqət adamıdır. Belə ki, böyük şairin təriqət sahibi kimi gördüyü işləri aydınlaşdırmaq, onun həyat və yaradıcılığının mahiyyətinə varmaq üçün yaşadığı dövrün reallıqlarına varmaq lazımdır: "Nəsiminin yaşadığı dövr orta əsr türk dövrüdür. Bu dövr bir sıra özəl xüsusiyyətləri ilə seçilib. Orta əsr türk dövründə türk xalqlarının yaşadıqları ərazilərə fikir versək, görərik ki, həmin ərazilərdə türkoloji düşüncə inkişaf etməyə başlayıb. Türk xalqları yarandığı gündən müasir türk dövrünə qədərki düşüncə, fəlsəfə, həyat, insanlara münasibətlə dinə münasibət daha qabiliyyətli, düşüncəli ədiblər, fikir sahibləri tərəfindən ümumiləşdirilə bilib: "Həmin fikir sahiblərindən biri də İmadəddin Nəsimi olub. Şair orta türk dövründə fəlsəfi fikirlərin ədəbi-bədii zövqünü oxşayırdı, eyni zamanda, insanları maarifləndirirdi. Həmin dövrdə sufilik və hürufilik nəzəriyyəsi ilə yanaşı, türklərin yaşadıqları ərazilərdə təriqət sahiblərinin də fəaliyyətini görmək olur. Məsələn, Orta Asiya ərazisində Xoca Əhməd Yasəvinin yasəvilik təriqəti aparıcı rol oynayırdı. Bu təriqət insanların maariflənməyində, dini biliklərinin artmasında böyük təsirə malik idi. Bu təriqətin mahiyyəti ondan ibarət idi ki, insanlar Yaradanın varlığını qəbul edə, Tanrının dərgahına çata, özlərini İlahinin qulu kimi qəbul edə bilsinlər. Həyatda nəyi edirlərsə, etdiklərinin Allah rizası üçün həyata keçdiyini başa düşsünlər. Bunun üçün islamı dəyərləri güclü bilmək, islamla bağlı bilgiləri düzgün dərk etmək lazım idi”. Filoloqun sözlərinə görə, belə bir dövrdə Xoca Əhməd Yasəvi Orta Asiya ərazisində öz təriqəti ilə hansı işi görürdüsə, İmadəddin Nəsimi də türk dünyası üçün həmin işləri görürdü: "Xoca Əhməd Yasəvi öz fikirlərini doğma ana dilində şeir vasitəsilə böyük türk dünyasına çatdırırdı. O, daha çox islamın mahiyyətini, məzmununu, ulu Tanrının yeri, göyü yaratmasını, Məhəmməd Peyğəmbərin həyatı, tərcümeyi-halını, Əlinin, Osmanın və digərlərinin tərcümeyi-halını oxuculara çatdırırdı. Əslində Yasəvinin dini təriqətinin mahiyyəti insanlara və geniş mənada türk dünyasına İslamı çatdırmaq, bu dinin mahiyyətini başa salmaq idi. Çünki türk dünyasının hamısı o dövrdə ərəb dilini bilmirdi. Ona görə də İslamın tarixini, məzmununu, mahiyyətini bəşəriyyətin tarixində və digər dinlər tarixində oynadığı rolu doğma ana dilində başa salmaq lazım idi. Xoca Əhməd bunları başa salırdı.
Belə bir mühitdə İmadəddin Nəsimi kimi böyük bir filosofun yetişməsi təbii qəbul olunmalıdır. Çünki İmadəddin Nəsimi də özünəqədərki fikir və düşüncələri, ədəbiyyatla, mənəviyyatla bağlı görüşləri ümumiləşdirib çatdırmalı idi. Bu ümumiləşdirmədə müəyyən bir təriqət sahibi olmaqla, o təriqətin ideyalarını insanlara çatdırmalı idi və bu sufilik təriqətinin özü də dörd yoldan keçirdi. Onlardan biri təriqət sahibi olmaq idi. Təriqətdən sonra həqiqət, sonra mərifət sahibi olmaq gəlirdi. Sonuncu mərhələ isə kamillik mərhələsi idi. Kamillik dərəcəsi artıq Allahın dərgahında olmaq, Tanrının qəbul etdiyi bir varlığa çevrilmək idi ki, bunun üçün mərhələləri keçmək vacib şərtlərdən idi. İmadəddin Nəsimi də bu mərhələləri keçirdi”. B.Xəlilovun fikrincə, uzun müddət – sovetlər dönəmində İmadəddin Nəsiminin dini fəlsəfəsinin mahiyyətini başa düşə bilmirdilər. Belə ki, İmadəddin Nəsiminin sufilik və hürifilik təriqətinin mahiyyətində, Allahın dərgahına pənah aparmağın mahiyyəti sovet ideologiyası tərəfindən düzgün anlaşılmayıb: "Onlar İmadəddin Nəsimini ədəbiyyat aləmində geniş mənada elə təqdim ediblər ki, o, özünü Allah simasında təqdim edib: "Mən Allaham” – deyib. Əslində bu, keçmiş sovet ideologiyasının, xüsusilə mollaların yeritdiyi bir siyasətdir. Hansı ki, o mollalar sovet ideologiyasının dəst-xəttinə xidmət edirdilər. Maarifsiz mollalar İmadəddin Nəsiminin «Ənəl-həqq» kəlməsinin mahiyyətini düzgün başa düşməyiblər. Əslində «ənəl-həqq» kəlməsi ilə Nəsimi «Mən haqqam, haqqı axtaranam» demək istəyib. Onlar Nəsiminin fikirlərini düzgün çatdırmayıblar və şairin haqqında təhrifli fikirləri geniş kütlələrə təbliğ ediblər”. Filoloq hesab edir ki, İmadəddin Nəsimi əslində müasir dünyanın - haqq-ədalət istəyində olan dünyanın maraq dairəsindədir. Belə ki, harada haqq-ədalət axtarışı varsa, orada Nəsimi var. Harada insanlıq axtarışı varsa, orada Nəsimi var. Harada kamillik axtarışı varsa, orada Nəsimi var: "Çünki Nəsimi yaradıcılığı – haqq-ədalət axtarışı, kamillik axtarışından ibarət olub. Bu gün bəşəriyyətin saydığım keyfiyyətlərə çox böyük ehtiyacı var. Bəşəriyyət öz tarazlığını, öz ölçü tərəzisini bu istiqamətdə itirib. Açıq etiraf edək: bəşəriyyət kamillik, insana diqqət və qayğı, haqq-ədalət axtarışı istiqamətində dəyərləri itirib. Ona görə də, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili” elan olunması dünyaya bir mesajdır. Dünyanı haqq-ədalətə, insanlığa, kamilliyə çağırmaqdır. Azərbaycan xalqının kamilliyə meyillilik istəyində olan, insansevən xalq olduğunu yada salmaqdır. Təbii ki, bunu Nəsimi simasında yada salır”.
Alim hesab edir ki, biz bu ili bir sıra görüləcək işlərin gündəmdə olduğunu nəzərə çatdırmalıyıq: "Mənə elə gəlir ki, artıq orta və ali məktəblərdə Nəsimi ilə bağlı tədbirlərin keçirilməsi bir daha onu təsdiq edir ki, böyük filosofun yaradıcılığı ilə bağlı disklər çap olunmalı, şeirləri şərhlərlə öz əksini tapmalıdır. Eyni zamanda, Nəsimi yaradıcılığının motivləri əsasında cizgi filmləri çəkilməlidir. Çünki Nəsimi yaradıcılığı uşaqlara, yeniyetmələrə, gənclərə çox çətin çatır. Ona görə ki, onun fəlsəfəsi nisbətən uzaq bir tarixi dövrə gedib çıxır. O dövrün fəlsəfəsini başa salmaq üçün Nəsimi yaradıcılığının motivləri əsasında çox sadə və aydın dildə cizgi filmləri çəkilməlidir. Nəsiminin yaradıcılığının motivləri əsasında sadə hekayələr yazılmalıdır. Necə ki, vaxtilə türklər Cəlaləddin Rumini türk dünyasına başa salmaq üçün onun yaradıcılığının motivləri əsasında hekayələr yaratdılar. Biz də Nəsiminin yaradıcılığının motivləri əsasında belə hekayələri yaratmaqla, bir daha insanlığın, həqiqətə bağlılığın, insanpərvərliyin, kamilliyin nə olduğunu dünyaya ilə bərabər, öz oxucularımıza, xüsusən də gənclərə, uşaqlara çatdırmalıyıq. İmadəddin Nəsimi həm də bizim müasirimizdir. O, bu gün bizimlədir. Biz onun yaradıcılığını oxumaqla insanlaşırıq, humanistləşirik, dünyanı sevirik, insanları sevirik. Ona görə, Nəsimi bizi düşündürür. Biz Nəsimi yaradıcılığını oxumaqla düşünürük. Klassiklərimiz barədə, bu günümüz və gələcəyimiz barədə düşünürük. Nəsimi yaradıcılığı bizi birləşdirir. Bu gün Azərbaycan dövlətçiliyi, azərbaycançılıq ideologiyası ətrafında xalqımızın birləşməsi daha vacib və əhəmiyyətlidir. Nəsimi yaradıcılığı isə sağlam bir ruh, sağlam bir ideya və ideologiya olmaqla, bizi birləşdirir və millət olaraq bütövləşdirir».
Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər