“Haqq səsimizi hər zaman yəhudi xalqına çatdırırıq” - Fotolar
Ölkədən kənarda
yaşayan həmyerlilərimizdəndir. Deyir ki, ölkəmizdən kənarda olsa da, onun və
digər ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan üçün edə biləcəkləri çox
şeylər var. Onun haqqında danışanda bildirmişdilər ki, vətəndən uzaqda olsa da,
ürəyi Azərbaycanla döyünür, ölkəsinin adı gələndə hər bir işdə can-başla
iştirak edir. Biz də onunla əlaqə saxlayıb, söhbət etmək qərarına gəldik.
Müsahibimiz İsrailin Təl-Əviv şəhərində yaşayan həmyerlimiz Rövşən Yarıyevdir. Hərbi
xidmətdən sonra İsrailə gəlib. Azərbaycanda 3 il hərbi xidmət edib, tərxis
olunduqdan sonra, 1999-cu ildə valideynləri ilə birgə İsrailə köçüblər. Elə o
vaxtdan bu ölkədə yaşayır.
- Yəhudilər spesifik bir xalqdır. Düşdüyünüz mühitə
necə öyrəşdiniz?
- Düzdür, yəhudilərin
spesifik xüsusiyyətləri çoxdur. Onlardan ən yaxşısı bura gələn xalqları çox
yaxşı qarşılayıb, köməklik göstərmələridir. Hansısa bir iş quranda dəstək
verirlər. Məsələn, başqa ölkədən gələnlərə kömək edirlər, mane olmurlar.
Onların bu xüsusiyyətləri bizə mühitə uyğunlaşmada problemi yaşatmadı.
- Azərbaycanlılar o ölkənin sosial həyatına, mədəniyyətinə
necə uyğunlaşıblar?
- Bu dövlətdə mədəniyyət
çox yüksək səviyyədədir. İnsanlarla davranışları çox yaxşıdır. Buna görə də,
biz azərbaycanlılarla onlar arasında heç bir çətinlik olmadı. Ümumiyyətlə, yəhudi
xalqı azərbaycanlılara çox böyük hörmət bəsləyir.
- Bəs Azərbaycanla
bağlı nə dərəcədə məlumatlıdırlar?
- Azərbaycanlılara
qarşı yəhudı xalqının çox müsbət fikirləri var. Bunu onlarla söhbət edəndə,
ümumi yanaşmalarında aydın şəkildə hiss etmək olur. Onlar azərbaycanlılarla sıx
təmasda olurlar. Azərbaycanda gedən inkişafla daim maraqlanırlar. Ölkəmiz
haqqında kifayət qədər məlumatları var. Amma buna baxmayaraq, yenə də biz burda
yaşayan azərbaycanlılar olaraq vətənimizdə gedən yenilikləri onların diqqətinə
çatdırmağa çalışırıq. Ölkədə görülən işlər, keçirilən böyük layihələrlə bağlı
yeri gəldikcə məlumat veririk. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dövlətimizin
dünyada daha da tanınmasına şərait yaradıb. Hər il burdan xeyli sayda yəhudi Azərbaycana
istirahətə gedir. Quba, İsmayıllı, Qəbələ, Oğuz, Şəki və digər bölgələrimizə
gedirlər, gələndə də xoş təəssüratla qayıdırlar.
- Sizin haqqınızda danışanda, dostlarınızdan biri
dedi ki, Azərbaycanla bağlı İsraildə nə isə olsa, mümkün qədər orda olacaq...
- Ölkədən uzaqda
yaşamağım mənim azərbaycanlı olmağımı dəyişmir, Azərbaycanla bağlı təbii ki, nə
lazımdırsa, orda olmağa çalışıram. Ola bilsin ki, bunu kimsə görsün, bilsin,
amma mənim üçün daha önəmli olan Azərbaycan adına gücüm çatan qədər işlər görməkdir,
bunu özümə borc bilirəm. Burdakı diasporumuzla bir yerdə hər il Xocalı
soyqırımını, 20 Yanvar hadisəsini İsrail xalqına tanıtmaq üçün nümayişlər
edirik. Torpaqlarımızın ermənilər tərəfindən işğalı haqqında dəfələrlə məlumatlandırıcı
toplantılar keçiririk. Burada güclü erməni lobbilərinin olmasına baxmayaraq,
haqq səsimizi hər zaman yəhudi xalqına çatdırırıq. Bəzən ermənilər mitinqlər
etmək istədikdə, buna imkan vermirik. Azərbaycan üçün ölkədə yaşayanlarla
yanaşı, digər ölkələrdə olanların edə biləcəkləri çox şey var, ölkəmizin
tanıdılması, həqiqətlərimizin çatdırılması baxımından, xaricdə yaşayan biri
olaraq aktiv olmalıyıq.
- Orda öz işinizi qurmağa da nail olubsunuz. Başqa
ölkədə iş qurmaq çətin olmadı?
- Əlbəttə, hər
bir işdə olduğu kimi, bu işdə də çətinlik olub. İstənilən halda hər hansı işi ərsəyə
gətirmək üçün çətin və uzun yol keçirsən. Amma nəyəsə nail olmaq üçün daim məqsədlər
olmalı, mübarizə aparılmalıdır. Məqsədim olduğu üçün çətinlikləri keçib, istədiklərimə
nail oldum.
- Cəmiyyətimiz, insanlarımızı heç müqayisə
edirsinizmi? Hansı fərqlər ortaya çıxır?
- Hər bir xalqın
mədəniyyəti, adət-ənənələri olduğu kimi, yəhudi xalqının da özünəməxsus adət-ənənələri
və gözəl mədəniyyəti var. İnsanlara qarşı səmimi və çox mehribandırlar. Müqayisəyə
gəldikdə, heç bir fərq görmürəm. Burada dediklərim Azərbaycan xalqına da aiddir.
Bunu tək biz demirik, yəhudilər Azərbaycana istirahətə gəlib qayıdarkən, ölkəmizdəki
qonaqpərvərlikdən, mehribanlıqdan söz açırlar. Bu xoş sözlərə görə, biz hər
zaman qürur hissi duyuruq.
- Yəhudilərdə bəyəndiyiniz xüsusi cəhətlər varmı?
- Bəli, bunu
xüsusi vurğulamaq istərdim. Kiminsə çətinliyi olarsa, kömək əsirgəməzlər.
Birinin çətin anı olursa, yanında olurlar, lazım olan köməyi edirlər. Yalanı
sevmirlər və kim üçünsə nəsə bir yaxşılıq edirlərsə, bunu bildirməzlər. Söz
verdikləri işi edərlər. Məncə, bunlar insanda ən böyük müsbət cəhətdir. İşdə
düzgünlüyü, dəqiqliyi çox sevirlər. Bu kimi xüsusiyyətlərini bəyənirəm.
- Yəqin ki, bu kimi xüsusiyyətləri olan adamlarla
dostlaşmaq cəhətdən də problem olmaz. Artıq xeyli vaxtdır ordasınız,
dostlarınız çoxdurmu?
- Əlbəttə,
düzgün, dəqiq xarakterli insanlarla dost olmaq heç bir problem yaratmaz. Mənim
də burda bir neçə yaxın dostum var. Yaxın dostlarım arasında yəhudilər də var,
azərbaycanlılar da. Amma azərbaycanlılar bir az üstünlük təşkil edir. Burda bizim
eyni xalqın nümayəndəsi olmağımızın rolu da ola bilər, amma azərbaycanlılar da
yaxşı dost ola biləcək yüksək keyfiyyətlərə malikdirlər. Burdakı dostlarım da
Azərbaycanı təbliğ etmək üçün daim çalışırlar, nəsə lazım olanda geri çəkilmirlər.
- Dünyanın ən sağlam mətbəxi siyahısında İsrailin də
adı var. İstəyərdim bir az oranın mətbəxindən danışasınız. Necə qidalanırlar?
- Hər ölkənin
özünəməxsus mətbəxi olur, hərəsi də fərqli xüsusiyyətlərlə seçilir. İsraili bu
cəhətdən zəngin mətbəxi olan ölkələrdən hesab edə bilərik. Mətbəxlərinin böyük
hissəsini balıqdan hazırlanmış yeməklər, tərəvəzlər və italyan yeməkləri tutur.
Bu da, artıq onların mətbəxinin sağlam olması haqqında fikir formalaşdırmış olur,
yəqin ki.
- Siz orda əsasən, hansı mətbəxin nümunələrinə üstünlük
verirsiniz? Azərbaycan, yoxsa İsrail?
- Biz Azərbaycanda
doğulmuşuq, oranın yeməkləri ilə böyümüşük. Artıq bizim uşaqlıqdan öyrəşdiyimiz
ağız dadı var. Ona görə də, əsasən, Azərbaycan
mətbəxinin yeməklərindən istifadə edirik. Süfrələrin şahı olan plovu, yarpaq
dolmasını, xəngəli və s. sevirik və burda da bişiririk.
- Yemək məsələsindən belə başa düşdüm ki, xanımınız
da azərbaycanlıdır...
- Bəli, mənim həyat
yoldaşım öz elimdən-obamdan – Azərbaycandandır.
- Orda insanların yaşamı necədir? Günləri necə
keçir?
- Ümumi mənzərədən
danışsaq, burda həyat çox gözəldir. İnsanların həyat tərzi, yaşamı yaxşıdır. Gərgin
bir mühit deyil. Hər kəs öz işinə sərbəst gedib-gəlir.
- İsraildə tibb sahəsi yüksək səviyyədədir, müalicə
üçün bu ölkəyə üz tutanların sayı çoxdur. Bəs bunu təhsil sahəsində də aid etmək
olarmı?
- Tibbin inkişaf
etməsinin məncə, elə əsas səbəbi təhsilin inkişafından xəbər verir. Təhsil
güclü olduğu üçün bu, özünü tibdə də göstərib. Burda vətəndaşların sağlamlığına
çox diqqət yetirilir, tibbi sığorta çox aktualdır.
- Ölü dənizin möcüzəsinə inanırsınız?
- Bəli, inanıram.
Ölü dənizə hər il çoxlu sayda turist gəlir və bunun da müsbət nəticəsini görürlər.
Hətta Ölü dənizin suyundan, duzundan Azərbaycana müalicə üçün paketlənmiş
formada göndərirlər.
- Uzaqda yaşasanız da, vətənə bağlı olduğunuz hiss
olunur. Yəqin ki, tez-tez gələrsiniz Azərbaycana...
- Təbii ki, hər
il gəlirəm. Azərbaycanın dilbər guşələrindən olan İsmayıllı rayonundan olduğum
üçün hər il ora gedirəm. İsmayıllının çox gözəl təbiəti var, mən oranın
vurğunuyam.
- Nə vaxtsa birdəfəlik ölkəyə qayıtmaq fikriniz
var?
- Əlbəttə,
sağlıq olsun. Nə vaxtsa gəlmək fikrim var. Çünki orda qohumlarım, yaxşı
dostlarım var. Yaxın dostlarımdan biri Nadir Adilovdur. Bu günlərdə işıq üzü
görən ,”Gəncsən? Başla!” kitabının təqdimatı oldu. Ona uğurlar arzu edirəm. Orda
yaşamasam da, proseslərdən xəbərdaram, baş verənlərdən uzaq deyiləm.
Aygün Asimqızı