• cümə, 19 Aprel, 18:18
  • Baku Bakı 24°C

Haqlı və qalib olmağın üstünlüyü - Fotolar

18.12.20 17:16 781
Haqlı və qalib olmağın üstünlüyü - Fotolar
Ekspertlərin fikrincə, ATƏT-in Minsk Qrupu gələcək mandatının regionda söz sahibinə çevrilən Azərbaycandan asılı olduğunu qəbul etməlidir
ATƏT-in Minsk qrupu (əvvəlki adı ATƏM-in Minsk qrupu) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar çərçivəsində həlli üçün yaradılmış qurumdur. Qrupun tarixi ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub, ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib. 1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis olunub. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilib. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq edib. 1997-ci il yanvarın 1-dən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər.


Bir qədər əvvəl vurğuladığımız kimi, Minsk qrupunun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etmək idi. 1997-1998-ci illərdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən üç təklif tərtib edilib. Bunlardan birincisi 1997-ci ildə edilən təklifdir. Bu təklif münaqişənin "paket” həllini nəzərdə tuturdu. Təklifə görə, Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu. 1997-ci ilin sentyabrında irəli sürülən ikinci təklif münaqişənin "mərhələli” həllindən ibarət idi. Bu iki təklif Ermənistan tərəfindən qəbul edilməyib. 1998-ci il noyabrın 9-da həmsədrlərin beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan üçüncü təklifi dünya təcrübəsində mövcud olmayan "ümumi dövlət” ideyasına əsaslanırdı. Ulu öndər Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən "ümumi dövlət” təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşmanın göstəricisi idi.

Həmin vaxtdan indiyə qədər ötən dövr ərzində ATƏT-in Minsk qrupunun fəaliyyəti, əslində fəaliyyətsizlikdən ibarət olub. Həmsədrlər münaqişənin həlli baxımından üzərilərinə düşən missiyanı yerinə yetirmək əvəzində, regiona protokol xarakterli səfərlər etməklə kifayətləniblər. BMT tərəfindən tanınan Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, mülkiyyət, yaşamaq və sair hüquqlardan məhrum olması, həmsədrləri qəti narahat etməyib. Həmsədrlik institutunda təmsil olunan hər üç dövlət BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Azərbaycan ərazilərinin işğaldan qeyd-şərtsiz azad edilməsinə dair 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsinə də göz yumublar. İşğala, münaqişəyə son qoymaq üçün işğalçı dövlətə hər hansı təzyiq göstərməyiblər. Halbuki, Liviyaya dair BMT Təhlükəsizlik Şurasının qətnaməsi qəbul edilən kimi, sənədin mürəkkəbi qurumamış Fransa hərbi hava qüvvələrinə məxsus təyyarələr Liviyanın paytaxtı Tripolini bombardman etmişdi. Fransa və müttəfiqləri müstəqil dövlətin prezidenti Müəmmar Qəddafinin qətlə yetirilməsi ilə müşayiət olan hakimiyyət çevrilişində əsas rol almışdılar.
Təəssüf ki, bu təzyiq mexanizmi işğalçı Ermənistana qarşı tətbiq edilmədi. Ona görə də, Azərbaycan beynəlxalq hüquqa və öz Ordusunun gücünə arxalanaraq işğal altındakı ərazilərini hərbi yolla azad etdi. 30 ilə yaxın siyasi, diplomatik yolla həllini tapmayan, daha doğrusu Ermənistanın qeyri-konstruktivliyi səbəbindən həlli uzadılan münaqişə 2020-ci il sentyabrın 27-dən başlayan və cəmi 44 gün çəkən Vətən Müharibəsi nəticəsində həllini tapdı, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 30 ilə yaxın bir dövrdə 3 həmsədr dövlətin bacarmadığı bir işi Müzəffər Azərbaycan Ordusu cəmisi 44 günə bacardı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni təkbaşına təmin etdi. Nəticə etibarilə ordusu darmadağın edilən Ermənistan noyabrın 10-da Rusiya və Azərbaycanla birlikdə üçtərəfli bəyanata, təslimçilik aktına imza atmağa məcbur oldu.
Prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransa və ABŞ-dan olan həmsədrləri Stefan Viskontini, Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən Minsk qrupunun fəaliyyətsizliyini, qurumdan narazılığını şəxsən onlara çatdırıb. Təəssüflə qeyd edib ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb: "Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”.

Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev mövzu ilə bağlı deyib ki, 30 ilə yaxın müddət boyunca ATƏT-in Minsk Qrupundan olan gözləntilər özünü doğrultmayıb: "Həmin gözləntilər bundan ibarət idi ki, Ermənistana ciddi təsir edilsin, Azərbaycanın əzəli torpaqları öz sahibinə diplomatiya vasitəsilə ilə qayıtsın. Amma bunlar olmadı, gözləntilər doğrulmadı, ATƏT-in Minsk Qrupu və digər aidiyyəti olan beynəlxalq təsisatlar məsələyə arzuolunan səviyyədə əl qoymadılar. Bu səbəbdən Ermənistan çox arxayınlaşdı, daha da azğınlaşdı, öz təxribatlarına davam elədi və növbəti təxribatların birində artıq Azərbaycanın səbir kasası doldu və əks-hücumla düşməni yerində oturtdu, onun başını əzdi. İndi isə ən çox ünvanlanan suallardan biri budur: ATƏT-in Minsk Qrupu bundan sonra nə edə bilər? Daha dəqiqi, ümumiyyətlə nəsə edə bilərmi? Cavab budur: Hazırda ortalıqda köhnə şərtlər və köhnə tablo yoxdur. Vəziyyət dəyişib. Tam dəyişib. Torpaqlar geri qayıdıb. Azərbaycan müharibəni udub. Ermənistan kapitulyasiya aktını imzalayıb. Doğma Qarabağ işğaldan azad edilib və bu durumda ATƏT-in Minsk Qrupu yalnız və yalnız yeni reallığa uyğun fəaliyyət göstərə, müəyyən işlər görə bilər. Məsələn, xalqların sülhə hazırlanması, etimad mühitinin qurulması, kommunikasiya işlərinin görülməsi və sair istiqamətlərdə. Amma bunun üçün yenə də ədalətli yanaşmaya ehtiyac var. O yanaşmaya riayət olunsa, təbii ki, müzakirə etmək üçün hər zaman mövzu olacaq”.

Milli Məclisin deputatı Pərvin Kərimzadə isə qəzetimizə açıqlamasında deyib ki, 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Onun sözlərinə görə, son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıran, uğurlu diplomatik fəaliyyət həyata keçirən Azərbaycan öz gücü sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olub. Millət vəkili bildirib ki, Dağlıq Qarabağ münaqişəsini nizama salmaq missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu 28 il ərzində iki ölkə arasındakı problemin həllində real addım atmayıb: "Azərbaycan hökuməti dəfələrlə işğalçı Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasəti ilə bağlı ciddi etirazını ATƏT-in Minsk qrupunun həmsədrləri qarşısında qaldırıb, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalına müvafiq olaraq 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını tələb etdi. ATƏT-in Minsk qrupu isə bu illər ərzində susqun müşahidəçiyə çevrildi. Minsk qrupunun həmsədr dövlətlərinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Əgər beynəlxalq mandat daşıyan vasitəçi dövlətlərin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistanı işğalçılıq siyasətindən çəkindirsəydi, bu faşist ideologiyasına köklənmiş ölkənin ərazi iddialarından irəli gələn tarixi ədalətsizliyinə çoxdan son qoymuş olardı. Hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yarandığını etiraf edirlər. Onlar da yaxşı bilirlər ki, 44 günlük Vətən Müharibəsinin nəticələri regionda tamamilə yeni reallığa - yalnız hərbi-siyasi baxımdan deyil, geosiyasi və iqtisadi kontekstdə təhlükəsizlik formatının yaradılmasına təkan verib. Artıq ATƏT-in Minsk Qrupu gələcək mandatının regionda söz sahibinə çevrilən Azərbaycandan asılı olduğu qəbul etməlidir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər