• cümə axşamı, 18 aprel, 20:49
  • Baku Bakı 21°C

Hansı teatrın mətbuat xidməti bu mövsüm daha yaxşı çalışıb? - sorğu

19.07.14 15:20 1610
Hansı teatrın mətbuat xidməti bu mövsüm daha yaxşı çalışıb? - sorğu
Bir mövsüm də beləcə başa çatdı - qalmaqalları, problemləri, sürprizləri, təqdimatları, maraqlı və maraqsız premyeraları ilə bir mövsümə də beləcə əlvida dedik. İl ərzində teatrlardakı ən son məlumatları mediaya ötürən, teatrlarla media qurumları arasında əlaqə yaradan mətbuat xidmətləri də rahat nəfəs almağa başladı. Teatrdakı ən son tamaşalar, hadisələr haqqında mətbuatı agah edən teatrların mətbuat xidmətlərinin əməkləri elə də göz önündə dayanmır.
Biz də mövsümün sonunda bu dəfə mediada çalışan mədəniyyət yazarları arasında sorğu keçirdik. Onlardan mətbuatla ən yaxşı münasibət quran, onların suallarına zamanında cavab verən, teatrda baş verən hadisələrə həmin an cavab verməyi bacaran mətbuat xidməti rəhbərinin kimliyini xəbər aldıq.
Press-reliz göndərməklə kifayətlənmirlər
APA-nın mədəniyyət müxbiri Cavid Zeynallı
bizimlə söhbətində teatrların mətbuat xidmətlərindən kifayət qədər razı olduğunu, ehtiyac olan zaman əldə etmək istədiyi məlumatları zamanında onlardan ala bildiyini dedi: “Demək olar ki, saytımıza bütün teatrlardan press-relizlər qəbul olunur. Daha çox aktiv işləyən teatrların mətbuat xidmətləri-Akademik Milli Dram Teatrı, Opera və Balet Teatrı, Gənc Tamaşaçılar Teatrı və Musiqili Komediya Teatrıdır. Belə ki, həmin teatrlardan mütəmadi olaraq xəbərlər alırıq. Premyeraların hamısında iştirak edə bilməsək də, bizə daxil olan xəbərləri yayırıq. Teatrların mətbuat xidmətləri yalnız press-reliz göndərməklə kifayətlənmirlər, sosial şəbəkədən bizi tamaşalara dəvət edirlər. İndiyə kimi teatrdan hər hansı bir informasiya almaqdan ötrü heç bir problem yaşamamışam. Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri ilə birbaşa əlaqə saxlayıram və əldə etmək istədiyim məlumatı ondan alıram. Digər teatrlardan isə press-reliz göndəriləndə o xəbər mahiyyəti kəsb edirsə biz onu saytda yerləşdiririk. Xəbər əhəmiyyətli deyilsə ondan istifadə etmirik. Bölgə teatrları ilə isə bizim bölgə müxbirlərimiz maraqlanırlar. Bizim saytımız çox oxunduğu üçün teatrların xəbərlərinin bu saytda olması onlar üçün əlverişlidir”.
Kukla Teatrı bizi məyus etdi
Lent.az saytının mədəniyyət müxbiri Ləman Mustafaqızının
sözlərinə görə, onların saytlarının bütün teatrlarla münasibəti yaxşıdır: “Yekunlaşmaqda olan teatr mövsümündə demək olar ki, teatrların hamısı ilə əməkdaşlığımız yaxşı oldu. Xüsusi adını qeyd etmək istədiyim şəxslər var ki, onlara ayrıca minnətdaram. Başda Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə xanımın, Azərbaycan Dövlət Dram Teatrının mətbuat katibi və “YUĞ” Teatrının ədəbi hissə müdiri Elçin Cəfərovun, Azərbaycan Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mürsəquliyevaynın, Opera və Balet Teatrının mətbuat katibi İradə Qaraçayevanın işindən razıyam. Bu mövsümdə teatrlar sırasına Kukla Teatrının mətbuat xidməti mətbuatla əməkdaşlıq etmədi. Bir- neçə dəfə əlaqə saxlasam da, Aydın Xan Əbilov mənə teatrın yetərincə tamaşaçısı olduğunu, bu üzdən də hər hansı bir yazının yazılmasına gərək duymadığını bildirdi. Azərbaycan Dövlət Filarmoniyasıyla də eləcə, əməkdaşlıq alınmadı. Əsas narazılığım isə Heydər Əliyev adına Sarayın mətbuat xidməti Anar Fərəczadədəndir. Onunla əməkdaşlıq etmək mümkün deyil. Paytaxt teatrları ilə əməkdaşlığımızda böyük bir çətinliyim olmadı. Lakin bunu bölgələr haqqında deyə bilmərəm. Ötən bir il ərzində bölgə teatrlarının mətbuat xidmətləri çox passiv fəaliyyət göstərdilər. Ümid edirəm ki, yeni mövsümdə onların da fəaliyyəti aktivləşəcək”.
Simsar.az xəbər agentliyinin mədəniyyət şöbəsinin rəhbəri Gunel Musa teatrların mətbuat xidmətlərinin jurnalistlərlə çox yaxşı münasibətdə olduğunu, onların bu ilki fəaliyyətini yüksək qiymətləndirdiyini dedi: “Ümumilikdə teatrların mətbuat xidmətin fəaliyyəti pis sayılmaz, amma jurnalistlərlə ən çox əlaqə saxlayan istənilən an telefona cavab verən, birinci zəngdən sonra beş nömrə yığmaq məcburiyyətində qalmadığım mətbuat xidməti Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquluyevadır. Akademik Milli Dram Teatrına isə artıq 2 ildir ki getmirəm. Çünki jurnalistləri dəvət edib çox vaxt ayaq üstdə saxlayırlar. Ona görə də həmin teatrdan yalnız email vasitəsi ilə əlaqə saxlamaqla kifayətlənirəm”.
Kulis.az saytının mədəniyyət yazarı Aliyə Dadaşova bütün teatrlarla yaxşı münasibətdə olduğunu dedi: “Mətbuat katibinin işi jurnalistlərlə əlaqə saxlamaq, məlumatı ötürməkdir. Teatrların mətbuat xidmətlərinə nə zaman müraciət etmişəmsə məndən köməklərini əsirgəməyiblər. Mənə elə gəlir ki, bu mövsüm Hüsniyyə Mursqaquluyeva daha fəal oldu. Onu da qeyd edim ki, digər teatrların mətbuat katibləri həm də teatrşünasdırlar deyə onlara dil tapmaq asan olur”.
Zənnimcə bu il də hər ilki kimi teatrların mətbuat xidmətinin rolu, əməyi əvəzsiz oldu. Təkcə Azərbaycan Dövlət Kukla Teatrından başqa. Belə ki, həmin teatrla bağlı hər hansı məlumatı əldə etmək istəyəndə ya mətbuat xidməti yerində olmur, ya da sualımıza tam olaraq cavab ala bilmirik. Teatrda hazırlanan yeni tamaşalar və ya qastrol səfərləri ilə bağlı məlumatı yalnız teatrın aktyorlarının sosial şəbəkədə paylaşdığı şəkillərlə ala bilirik. Müraciət etdikdə isə hər bir məlumatın saytda olduğu söylənilsə də, ancaq nə premyeralar, nə də qastrollar barədə saytdan heç bir məlumat əldə etmək olmur. Mövsümü başa vursaq da ümid edirik ki, növbəti mövsümdə Kukla Teatrı ilə mətbuat arasında bu kimi hallara bir daha rast gəlinməyəcək.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər