AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hansı qidalar kökəlməyə səbəb olur? – həkim məsləhəti

Hansı qidalar kökəlməyə səbəb olur? – həkim məsləhəti

Müsahibə
04 Aprel 2013, 10:20 13427
Bu gün artıq çəkini qlobal problemlər sırasına daxil edə bilərik. Çünki hər ailədə bir və ya bir neçə adam bu problemdən əziyyət çəkir. Yaşa dolduqca isə demək olar ki, hər 100 adamdan 95-i piylənmə problemi yaşayır. Mövzunun aktuallığını nəzərə alıb Azərbaycandakı Mərkəzi Klinika ilə əməkdaşlıq edən kardioloq-həkim, professor Osman Karakaya ilə söhbətləşdik.

«Coca-cola»nın və «fast-fud»un bağışladığı piy

- Həkim, piylənmənin əsas səbəbləri hansılardır?
- Piylənmənin ilk və əsas səbəbi düzgün olmayan qidalanmadır. Digər tərəfdən insanların yaşam tərzinin dəyişməsi, zənginləşməsi ilə əlaqədar yüksək karbohidrat və enerji ehtiva edən qidalara əlçatanlığının artmasıdır ki, bu da kökəlmənin səbəbləri sırasındadır. Üçüncüsü, insanların yemək-içmək mövzusunda istək və iştahalarının da artmış olması çəkidə problem yaradır. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə piylənmə artıq millətin sağlamlıq probleminə çevrilib. Türkiyədə piylənmə nəinki gəncləşib, hətta uşaqlar belə bu problemdən əziyyət çəkməyə başlayıblar. Bir ildən çoxdur ki, Azərbaycanda da kökəlmədən əziyyət çəkənlərlə işlədiyimdən əminliklə deyə bilərəm ki, sizin ölkədə də vəziyyət bizdəki kimidir. Türkiyədə bir yaşına qədər uşaqların fast-fud (ayaqüstü yemək- L.M.) tərzində qidalarla bəslənməsi alışqanlıq halına gəlib. Türkiyədə, xüsusilə də İstanbulda bir yaşına çatmış hər yüz uşaqdan altısı “coca-cola” ilə tanışdırlar, marketlərdən alınan hazır qidalarla qidalandırılırlar. Bunlar da birbaşa orqanizmin metobolik balansının (orqanizmin çalışma sistemi- L.M.) pozulmasına və kökəlməyə yol açır.

- Uşaqlarını fast-fud verilən restoranlara aparan valideynlər bunu həftədə bir dəfə etdiklərini deyir və bununla özlərinə haqq qazandırırlar. Həftədə bir dəfə uşaqların McDonalds kimi fast-fud yeməklərinin təklif edildiyi restoranlara aparılması nə dərəcədə düzgündür?
- Mən heç zaman nə həftədə, nə də ayda bir dəfə bu cür restoran və kafelərə gedilməsini məsləhət görmürəm. Çünki bu, sağlıqlı qiadalanma tərzi deyil. Fast-fud yeməklərinin tərkibindəki karbohidratlar, yağlar səbəbindən, içki kimi təklif edilən “coca-cola”ya görə bu cür yerləri məsləhət görə bilmərəm. Ayaqüstü yeməklər çox ləzzətli hazırlandığına görə insanlarda alışqanlıq yaradır və istər-istəməz həmin restoranlara tez-tez gedirsən. Biz heç bir zaman yüksək karbohidrat və yağ olan qidaların hamısını birlikdə yeməyi məsləhət görmürük. Bunlar bədənin metobolik balansını pozur. Bu cür qidalar çox gözəl paketlənir, çox təmiz hazırlanır. Amma vücudumuz fast-fud yeməklərinə bizim etibar etdiyimiz qədər etibar etmir. Bu cür qidalar karbohidratın yüksəkliyi səbəbindən şəkər yüksəlməsinə yol açır, şəkəri balanslaşdırmaq üçün bədən atıq miqdarda insulin ifraz edir. Bu insulin də fast-fud yeməklərini qəbul etməyimizin üzərindən bir saat keçməmiş yenidən acmamıza səbəb olur.

Artıq çəkinin gətirdiyi xəstəliklər
- Günümüzdə insanlar fiziki işlə çox məşğul olmurlar. Əvvəllər əlimizlə etdiyimiz işləri indi elektron cihazlar görür. Sizcə, bu da kökəlmənin səbəbləri sırasındadırmı?

- Əlbəttə. Əvvəllər paltar, qab-qaşıq əllə yuyulur, ət əllə çəkilirdisə, indi bütün bunları elektron cihazlar edir. Kiçik yolu belə avtomobillə getməyə üstünlük veririk. Bir sözlə, texnologiyanın verdiyi imkanlar səbəbindən az hərəkət etdiyimizdən gün ərzində qidalarla yığdığımız enerji bədənimizdə toplanıb qalır. Bu enerji də sərf olunmadığı, bədəndən hansısa formada çıxmadığı üçün çəkimizin üstünə gəlir.

- Stress necə, kökəlməyə gətirib çıxaran səbəblər içərisindədirmi?
- Stress kökəlməyə, kökəlmə isə stressə yol açır. Depressiyaya düşmək bəzi insanlarda kilo almağa, bəzilərində isə kilo verməyə səbəb olur. Bir sözlə, stress hormonu bədənin enerji balansını, metabolik balansı pozduğu üçün piylənməylə nəticələnə bilər.

- Yuxu pozğunluğunun piylənmə ilə əlaqəsi varmı?
- İnsanda piylənmə varsa, yuxu pozğunluğu da ortaya çıxır. Kilo almağa başlayan insanlar yatarkən xoruldamağa başlayırlar. Xoruldayarkən yuxunun dərin yerində yuxu periodu dayanır və insan nəfəs almır. Bu, beyin iflici, yaxud ürək infarktı keçirmək kimi ani ölümlərə gətirib çıxara bilər.

- Həkim, kökəlmənin insan orqanizminə ziyanları hansılardır?
- İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə ən sıx ölüm səbəbi ürək-damar xəstəliklərdir. İnkişaf etmiş ölkələrdə hər il 2,4 milyon insan koronar ürək xəstəlikləri səbəbindən dünyasını dəyişir. Piylənmə isə ürək-damar xəstəliklərinin, ürək infarktının, beyin iflicinin, damarlarda kirəcləşmənin yaranmasında böyük risk faktoru olmaqla yanaşı, həm də yüksək təzyiq, şəkər diabeti kimi xəstəliklərin artmasına yol açır. Hətta bəzi elm adamları xərçəng xəstəliklərinin bəzi növlərinin piylənmə ilə əlaqəli olduğunu deyirlər. Eyni zamanda artıq çəki səbəbindən bel əyilməyə başlayır, diz ağrıları ortaya çıxır, bel yırtığı olur, boyun ağrıları yaranır.

- Deməli, insanların piylənmədən qurtulması sizin sadaladığınız xəstəliklərdən də qurtulması deməkdir?
- Elədir. Məsələn, 100 kq çəkisi olan insanın 90 kiloqrama düşməsi onun ürək infarktı riskini, iflic riskini və kökəlmə ilə bağlı qarşılaşdığı və daha da şiddətlənən xəstəliklərinin azalmasına gətirib çıxarır.

Köklük cinsi zəiflik yaradır
- Siz artıq çəkili insanlarla çalışırsınız. Artıq çəkinin insan psixologiyasına hansı təsirləri var?
- Artıq çəkisinə görə insan özünü sosial həyatdan təcrid olunmuş hiss edir, dostların çevrəsindən uzaqlaşır və yalnız qalmağa çalışır. Hətta artıq çəkidən dolayı depressiyaya düşən insanlar intihar da edə bilərlər. Bu cür insanların bəziləri özlərinə qapanmış olurlar. Onlar başqaları tərəfindən kənarlaşdırılır, lağ məngənəsinə çevrilirlər. Kökəlmə zamanı insanlarda özünə baxım azalır, cinsi zəiflik yaranması səbəbindən ər-arvad arasında uyğunsuzluq və ailə həyatının dağılması kimi problemlər ortaya çıxır. Artıq çəkili insanlarda piy toxuması hormon istehsal edən toxumaya çevrilə bilir. Yağ toxuması qadın hormonu olan ostrojen hormonunu ifraz edir. Bu hormonun çoxluğu qadınlar üçün riskli olmasa da, kişilər üçün təbii ki, arzuolunan deyil. Çünki ostrojen hormonunun ifrazından sonra kişilərdə zəiflik yaranır.

- İdmanla məşğul olan insanlar buna ara verdikdə onlarda kökəlmə baş verir. Bunun səbəbi nədir?
- Əzələlər hərəkət edərək qlükozanı insulinə çevirmədən bədəndən çıxarma gücünə malikdir. Bu cür insanlar idmanı buraxdıqdan sonra orqanizmdə artan qlükoza əzələlər tərəfindən bədəndən çıxmadığı üçün vücud onu tez bir zamanda yağa çevirir və piy qatı əmələ gəlir.

- Qara ciyər yağlanması da kökəlməyə səbəb olurmu?
- Əksinə, piylənmə və düzgün olmayan qidalanma qaraciyərdə yağlanmaya yol açır. Yəni qaraciyər yağlanması kökəlmənin nəticələrindən biridir. Vücudumuzdakı artıq enerjini toplayan və onu yağa çevirən orqan qaraciyərdir.

Yaşla piylənmənin əlaqəsi
- Həkim, yaşla piylənmə arasında hansı əlaqə var?
- Uşaqlıq və yaxud gənclik yaşlarında orqanizmimizdəki proseslər çox sürətli gedir, orqanizmimiz sürətli işləyir. Yaşa dolduqca isə yaralarımız gec sağaldığı kimi hərəkətlərimiz də buna bənzər şəkildə yavaşıyır. Bunların hamısı metobolizmanın, yəni orqanizmimizdə gedən proseslərin yavaşıması ilə əlaqədardır. Etiraf edək ki, yaşlananda da gənc yaşlarımızda olduğu qədər qidalanırıq, ancaq gəncliyimizdən fərqli olaraq hərəkət edərək həmin enerjini bədəndən çıxarmağımız mümkün olmur. Nəticədə bu da kökəlməyə gətirib çıxarır.

- İki qardaş evdə eyni miqdarda və eyni cür yemək yediyi halda biri kökəlir, digəri isə arıq qalır. Bunun səbəbi nədir?
- Bədənimizin özünə məxsus qida hafizəsi və qida ehtiyacı var. Göz, dəri rəngi, barmaq izi bir-birindən fərqli olduğu kimi bədənin qidalara verdiyi təsir də müxtəlifdir.

Göz çıxaran arıqlama dərmanları
- Arıqlamaq üçün istifadə edilən həblərin ziyanı varmı?
- Bu həblər təbii olmadığı üçün sağlamlıq üçün zərərlidir. Belə dərmanlar orqanizmin balansını pozur. Onsuz da kökəlmənin səbəbi orqanizmdə balansın pozulmasıdır. Bu həblər həmin balansı daha çox pozaraq problem yaradır. İnsanların bir müddət arıqlamasına səbəb olsa da, orqanizmdə balans pozulduğundan onların yenidən kökəlməsinə, əvvəlki hala gəlməsinə səbəb olur. Bir sözlə, bu dərmanlar qaş düzələn yerdə, gözü də çıxarırlar.

Nələri yemək olmaz?
-Həkim, artıq kilo almamaq üçün hansı qidaların az yeyilməsini tövsiyə edirsiniz?
- Yüksək karbonhidrat tərkibli qidalardan mümkün qədər uzaq durmaq lazımdır. Qidaların kalorisi nə qədər yüksək olsa, artıq çəki verməsi ehtimalı da bir o qədər çoxdur. Bunlar un məmulatlarından hazırlanan şirniyyatlar, kekslər, peçenyelər, ekstra dadlandırılmış meyvə suları və s.dir.

- Ağ undan hazırlanmış çörək yemək də kilo almamıza səbəb olurmu?
- Ağ undan hazırlanmış çörəklər son dərəcə sağlıqsızdır. Eyni zamanda düyü də bizim yeməkdə üstünlük vermədiyimiz qidadır. Daha çox kəpəkli un və qabığı ayrılmamış düyü istifadə etmək məsləhətdir. Çörəyə gəlincə, çovdar unundan hazırlanan çörək yemək məsləhətdir. Çünki ağ çörəyin kalorisi çox yüksək olduğundan yedikcə acdığımızı hiss edirik.

- Əhalinin piylənmədən ən çox əziyyət çəkdiyi ölkələr hansılardır?
- Qatar, Küveyt, Şotlandiya, Meksika və Amerikadır. İnsanlarda piylənmənin az olduğu ölkələr isə İndoneziya və Sinqapurdur.

Lalə Musaqızı

Qeyd: Qəzetimizin növbəti sayında professor-həkim Osman Qaraqaya arıqlamağın sirlərindən, düzgün qidalanmadan danışacaq. Həkim ət, yağ, meyvə, ağartı məhsullarının da daxil olduğu qidaları yeməklə necə arıq qalmağın yollarını da göstərəcək.