• cümə, 19 Aprel, 10:45
  • Baku Bakı 13°C

Hansı oğlan mənə sponsorluq edəcək?

07.02.15 06:44 3148
Hansı oğlan mənə sponsorluq edəcək?
Fevralın 20-də Heydər Əliyev Sarayında Elnarə Abdullayevanın “Biz Zəfər çalacağıq” adlı ilk böyük solo konserti keçiriləcək. İfaçı konsert öncəsi təəssüratlarını bizimlə bölüşdü.
Onun sözlərinə görə, konsert 2 saata yaxın davam edəcək. Konsertdə xanəndəni iki böyük ansambl müşayiət edəcək. Xalq Çalğı Alətləri Ansamblı müğənni muğam, instrumental ansambl isə bəstəkar mahnıları ifa edərkən səhnəyə çıxacaq.
- Uzun müddətdən sonra nəhayət ki, siz də konsert proqramı ilə çıxış edəcəksiniz. Bu işdə sizə kimlər dəstək olur?

- Mən konserti öz şəxsi vəsaitim hesabına təşkil edirəm. Sarayda konsert vermək mənim uşaqlıqdan ən böyük arzum olub. Hər dəfə sarayın yaxınlığından keçərkən bunu arzulamışam. Allah qismət etsə, inşallah, bu arzumu həyata keçirəcəm. Hələ çox gənc ikən konsertimi verdikdən sonra qurban kəsdirəcəm - demişdim. Arzulayırdım ki, əgər sarayda konsert versəm, qurban kəsdirərəm. İnşallah, bu arzumu da elə media nümayəndələri ilə birgə Şamaxıda gerçəkləşdirəcəm. Qaldı vəsaitə, heç kimə elə-belə gətirib pul vermirlər. Mənə də heç kim bu günə qədər gətirib bir manat pul verməyib ki, götür bunu xərclə. Öz gücümə bu yerə gəlib çatmışam. Konsertə də nə deyim, hələ ki bir maşının pulunu xərcləmişəm. İndi kim necə istəyir, elə başa düşsün. Neçə illərdir bu sənətdə külüng çalıram. Bu günə kimi də heç kim mənə yardım etməyib. Hər şeyi Allahın izni ilə özüm etmişəm. Bu konsertdən xeyir gözləmirəm. Allah bizə güc versin. Mən, sadəcə, içimdə olan musiqiyə sevgimi tamaşaçımla bölüşmək istəyirəm. Bu konserti xalqım üçün verirəm.
- Əgər konserti xalq üçün verirsinizsə, yayda açıq konsert salonlarının birində pulsuz olaraq çıxış edə də bilərdiniz.

- Bizə kömək edən olsaydı, deyərdik ki, kim gəlir-gəlsin, təki zalımız dolsun. Allah bizə o imkanı nəsib etsin ki, mən də elə bir konsert verim. İndi gücümüz buna çatır. Gücümüz çatandan artıq heç nə edə bilmərik.
- Konsertinizin repertuar seçimi necə olacaq?

- Mən çərçivəyə sığan adam deyiləm. Repertuar xalq mahnılarından və klassik estrada musiqilərindən ibarət olacaq. Ola bilsin, duetlərimiz də olsun. Bütün bu işlərlə Asif Kərimov məşğul olur. Asiflə sözümüz üst-üstə düşür deyə onun fikirlərinə hörmətlə yanaşıram. Konsertə gələn tamaşaçılar darıxmayacaqlar. İki saatlıq konsert olacaq. Ansamblda 27-28 nəfərə yaxın iştirakçımız olacaq. Mənim işim yalnız oxumaqdır. Bütün işləri Asif müəllim həll edəcək.
- Nə üçün konsertinizə “Biz Zəfər çalacağıq” adını seçdiniz?

- Konsertə hazırlıqlar gedəndə Qarabağ şikəstəsini oxudum. Bu mənə çox təsir etdi. Düşündüm ki, konsertimin adı yüksək əhval-ruhiyyə oyatsın. Bu ad hər kəsdə ümid oyadır.
- Səkkiz ildən sonra konsert verirsiniz. Həyəcan hissi keçirirsinizmi?

- Əlbəttə keçirirəm. Həyəcansız səhnəyə çıxmaq mümkün deyil. Üzərimdə böyük məsuliyyət var. Məsuliyyətdən doğan həyəcan isə həmişə olur. Zala daxil olanda gözlərimi yumub mahnını ifa edəcəm və öz aləmimdə mahnımı oxuyacam. Bir də zalı tərk edəndə gözlərimi açacağam.
- Ötən il sizin səsinizi eşidən erməni yazıçısı Lyubik Çibuxçyan “Elnarə” adlı kitab yazmışdı. O kitabı oxumusunuz?

- O kitabı əldə edə bilməmişəm. Onun yazdığı dili də başa düşmürəm. Yəqin ki, həmin yazıçı mənim səsimi internetdən və ya televiziyadan eşidib. Ermənilər Azərbaycan musiqisini, mədəniyyətini mənimsəməkdən yorulublar, indi də sənətçilərimiz barədə yazı yazmağa başlayıblar. Ermənilər özləri haqda böyük fikirdə ola bilərlər. Düşünürlər ki, haqqımızda yazdıqları kitab Azərbaycanda maraq doğurub. Məncə, hər bir azərbaycanlı üçün ermənilərin kimliyi qətiyyən maraqlı deyil. Ona görə onların qondarma kitabları, yazıları heç bir əhəmiyyət kəsb etmir. Əgər bunu rus, Qərb yazıçısı yazsaydı, biz maraqlı tərəf olaraq bunun təbliğatında iştirak edərdik. Kimliyi, mənsəbi bəlli olmayan bir millətin nümayəndələrinin bizim haqqımızda nəsə yazmaları əhəmiyyətsizdir.
- Elnarə xanım şou-biznesdə özünü harada görür?

- Siz məni şou-biznes nümayəndəsi hesab edirsiniz? Əgər mənim bu fikirlərim qalmaqaldırsa, yazın, heç kimdən çəkinmirəm. Heç kimlə işim yoxdur və heç kimin işinə də qarışmıram. Mədəniyyətim və tərbiyəm də ona icazə vermir. Hər zaman özümə aid olan sözü deyirəm. Heç kimdən də soruşmuram ki, niyə belə dedin. Amma mənim fikrim kiminsə xoşuna gələ də bilər, gəlməyə də bilər və bu çox normaldır. İstəyirsən eşit, istəmirsən eşitmə. Heç kimə qarşı heç bir qeyri-etik söz işlətmərəm. Mənim xarakterim həmişə belə olub. Və mən dəyişməmişəm. Sadəcə, əvvəllər məni diqqətə almırdınız, ona görə də danışmırdım. Mən siz dediyiniz söz –söhbətləri qalmaqal hesab etmirəm. Qalmaqal hesab etmədiyimə görə də bu mənim yaradıcılığıma təsir etmir.
- Son zamanlar televiziya verilişlərində çox iştirak edirsiniz.
- Mən verilişlərə gedərkən seçim etmirəm. Hara dəvət edirlərsə, ora da gedirəm. İştirak etdiyim verilişlərin mövzusu məni maraqlandırmır. Məni çağırıblarsa, mənə verilən sualı cavablandırıb çıxıb gedirəm. Başqa şeylər məni maraqlandırmır.
- Mikayılın verilişində sizi tez-tez görürük. Hazırda onun verilişi ən çox tənqid olunan verilişlərdəndir.

- Niyə tənqid edirlər ki? Burada nə var? Guya başqa verilişlərdə nə gedir ki? Xahiş edirəm, gülməli-gülməli danışmayın. Bu gün hamı toya gedir. Sənətkarlarımızın hamısı da toya gedir. Bizim sənət aləmində toydan başqa hansısa bir biznes varmı? Bu gün sinəsinə döyüb “mənəm-mənəm” deyən müğənnilər də toya gedir. Ağzını hansı tərəfə fırlasan da yenə toydur. O verilişə hər adam da getmir. Çünki səsləri yoxdur. Mən verilişlərə tanınmaq üçün çıxmıram. Onsuz da kifayət qədər tanınıram. Heç kim lovğa-lovğa danışmasın. Hamı toya gedir. O adam lovğalansın ki, toya getmir. Özünə sığışdırmayanlar toya getməsinlər, bu, məcburi deyil.
- Bu aləmdə sponsorsuz duruş gətirmək mümkün deyil. Siz isə deyirsiniz ki, sponsorunuz yoxdur...

- Yox ay bala, sponsor nədir? Bu boyda konsert verirəm, bir nəfər çıxarıb bir manat vermir. Siz isə sponsordan danışırsınız. Neyləyirlər Elnarəni? Mən özüm hamıya sponsorluq edirəm. Hansı oğlan mənə sponsorluq edəcək? Nə kimsə mənə pul verəndi, nə də mən kiməsə ağız açanam. Bayaq da dedim, heç kim kiməsə xoşluqla gətirib pul vermir. Kimsə kimsəyə qarşılıqsız pul verməz. İndi çox çətin bir zamanda yaşayırıq.
- Elnarə xanım, bir müddət öncə Şamaxıda bulaq çəkdirməyinizlə gündəmə gəldiniz. Dediniz ki, bulaq üçün 200 min manatdan çox pul xərcləmisiniz.

- Bəli, elədir. Onu da deyim ki, proses hələ qurtarmayıb, davam edir. Qəlbimə gəldi ki, xeyriyyə işi görüm. Ona görə də bunu etdim. Bulağı anamın-atamın ehsanı olsun deyə çəkdirdim. Çox pul xərclədim. 200 min manatdan çox xərcim çıxdı. Bu işə hətta yarım milyon manat pul sərf oluna bilərdi. Mənə müəyyən köməklik olmasaydı, çox pul xərcləməli olacaqdım. Texnika işi həddindən artıq çox pul aparırdı. Onda da mənə yardım etdilər. Bizim kəndə yol çəkirdilər, asfalt döşəyirdilər. Əgər nəyinsə qiyməti 650 manat idisə, mənə 600-ə satırdılar. Düzdür, heç kimdən 1 manat almamışam. Amma bu cür endirimlər də böyük kömək idi. Əgər bu, baş verməsəydi, yarım milyon xərcim çıxardı. Allahımdan razıyam ki, bu imkanı mənə nəsib etdi. Azdan-çoxdan yaşayışım var. Canım sağkən, Allah imkan vermişkən, yardım etmək istədim.
- Qorxmursunuz ki, gözə gələrsiniz?
- Bu, Allah rizası üçün görülən işdir. Mən özümə malikanə tikdirib, göstərməmişəm ki, gözə, nəzərə gəlim. Heç kimin ağlına gəlməyən bir evdə, balaca bir komada yaşayıram. Binəqədidə böyük, ikimərtəbəli evim var idi. Onu da satıb, pulunu bulağın çəkilməsi üçün xərcləmişəm. Əslində, məndə 200 min manat pul ola bilməzdi. Bir az pul toplamışdım, həm də evi satıb, bu işi gördüm. Sevərək, Allah rizası üçün etdim.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər