• çərşənbə, 24 Aprel, 00:18
  • Baku Bakı 14°C

Hamıya eyni başdaşı?

22.04.17 11:00 1134
Hamıya eyni başdaşı?
Azərbaycanda qəbiristanlıqlar, məzar yerlərinin qiymətləri barədə yeni sənəd hazırlanıb. Bu barədə modern.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib. Komitə sədri deyib ki, yaxın günlərdə nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı ölkə prezidentinin ya sərəncamı olacaq, ya da sənəd qanun layihəsi şəklində Milli Məclisdə müzakirəyə çıxarılacaq.
"Bu sənəddə müxtəlif məsələlər nəzərdə tutulub. Sənədə görə, böyük yerlərdə qəbiristanlıqlar dövlətin balansında olacaq. Müəyyən yerlərdə isə, məsələn, kəndlərdə bələdiyyələrin balansına veilməsi nəzərdə tutulur. Sənəd tam hazırdır, bütün yerlərdən də rəylər alınıb. Yaxın günlərdə ya Milli Məclisdə müzakirəyə çıxarılacaq, ya da cənab prezidentin bununla bağlı sərəncamı olacaq” - deyə deputat bildirib.
Siyavuş Novruzovun sözlərinə görə, sənəddə göstərilib ki, qəbiristanlıqlar, məzar yerləri, başdaşları hər yerdə eyni cür və eyni qiymətə olmalıdır: "Qiymət elə də yüksək deyil. Sənəddə nümunəvi qəbiristanlıqların idarə olunmasına, onların qorunmasına, təmiz saxlanılmasına diqqət ayrılıb. Ritualların yerinə yetirilməsi üçün qəbiristanlıqlar təhsilli şəxslərlə təmin olunacaq. Bilirsiniz ki, bu gün qəbiristanlıqlarda mollaların çoxu heç ərəb dilini bilmir”. Deputat onu da əlavə edib ki, nümunəvi qəbiristanlıqlar bütün respublikanı əhatə edəcək.
Hələ qədim dövrlərdə Misir fironları dünyadan köçdükdən sonra özlərini sərdabələrdə dəfn etməyi tapşırırdılar. Həmin sərdabələrin içinə fironun az qala, bütün var-dövləti də yığılırdı. Cah-cəlallı sərdabələr sanki böyük qüdrətin göstəricisi kimi qəbul olunurdu. İllər keçdikcə, dünya inkişaf etdikcə, bu patriarxal düşüncə tərzi və adət-ənənə dünyanın əksər ölkələrində sıradan çıxsa da, təəssüflər olsun ki, Azərbaycanda bu adət hələ də qalmaqdadır. Göstərmək xatirinə, borca da olsa pul tapıb ölüsünə heykəl qoyan kim, sərdabə tikdirən kim. Hətta iş o yerə çatıb ki, cəmiyyətdə, insanlar arasında sadə başdaşı qoyulan məzarlarla bağlı "yəqin bunun övladı, ya da maraqlananı yoxdur” kimi düşüncə tərzi formalaşıb. Düzdür, ictimai qınaq müəyyən qədər olsa da, cəmiyyətdə buna bir o qədər də əhəmiyyət verilmir. Hər kəs istədiyi özbaşınalığı etməkdə sərbəstdir. Bu baxımdan, belə bir qanunvericilik aktının qəbul edilməsi təbii ki, müsbət haldır. Bəs görəsən administrartiv yolla bu məsələni həll etmək mümkündürmü?
Şərqşünas Seyid Camal Əzimbəyli bizimlə söhbətində belə bir qərarın verilməsinin təqdirəlayiq hal olduğunu bildirdi: "Hər bir ölkə vətəndaşının milli mənafeyinə, birlik və bərabərliyinə xidmət edə biləcək bir qərardır. Hətta mən deyərdim ki, bunun üçün bir qədər gecikmişik də. Çünki bu günə kimi Azərbaycanda məzar yerləri ilə bağlı xüsusi standart yox idi. Hər kəs yaxınlarının məzarını kefi istədiyi kimi, ölçü vahidi baxımından həddini aşan səviyyədə və şöhrətpərəstliyə dayanan formada hazırlatdırır. Bu isə İslamın gətirdiyi qaydalarla ziddiyyət təşkil edir və həmin insanların günah işləməsinə səbəb olur. Dövlətimiz bu qərarla bu kimi məsələləri tənzimləyəcək. Bu tənzimlənmə həm milli mənafeyimiz, həm də dinimiz baxımından müsbət haldır. Təəssüflər olsun ki, 10 illər ərzində çoxsaylı məzarlıqlarda başdaşları həddi aşan formada, əndazədən çıxmış şəkildə hazırlanırdı. Bununla bağlı dəfələrlə aidiyyəti qurumlarla söhbət etmişik. Hesab edirəm ki, məsələnin həllinin kökündə dövlətin inzibati metodlarla qoyduğu qadağalar dayanmalıdır. Məsələn, Türkiyədə Diyanet İşleri Bakanlığı ilə yerli bələdiyyələr proqramlı şəkildə işləyərək bu problemlərin vaxtında qarşısını alırlar. Hətta standartlardan kənara çıxma hallarında qadağalar, cərimələr qoyulur. Bu məsələ dövlət səviyyəsində gündəmə gətirilərsə insanlar da maariflənər. Hesab edirəm ki, bu, maariflənmə işindən də asılıdır. İnsanları maarifləndirə bilsək, məsələnin ciddiyyətinə vara bilərik. Bu əslində həm də mənəvi məsələdir. İnsanın mənəviyyatı olmalıdır ki, bu kimi işlərdən çəkinsin. Bəziləri borca pul alaraq vəfat edən yaxınının məzarı üstündə 50, 30, 20 minlik başdaşları qoyurlar. Bu isə nə dinə, nə də milli mentalitetimizə uyğundur. Heç vəfat edən şəxsə də bu "abidə”lər heç bir halda xeyir gətirmir. Əksinə, həmin şəxsin günaha girməsinə səbəb olur. Ona görə də dövlətin bu məsələlərə inzibati metodlarla müdaxilə etməsinin tərəfdarıyam”.
Sosiloq Əhməd Qəşəmoğlu ilk növbədə sosioloji bərabərliyin pozulduğunu vurğuladı: "İlk olaraq məsələyə dini aspektdən yanaşsaq, görərik ki, İslamda qəbrin üstündə allı-güllü, böyük çardaqların, sərdabələrin qurulması düzgün deyil. Digər tərəfdən, məsələyə sosial aspektdən yanaşdıqda da, bu, bərabərliyin pozulmasına gətirib çıxarır. Belə sərdabələr cəmiyyətdə sadəcə olaraq özünü göstərməyin, meşşanlığın əlamətlərindən biridir. Bizdə kiməsə təmtəraqlı qəbirüstü, başdaşı hazırlatmaqla kompleks düzəldirlər, digərinin isə qəbri ümumiyyətlə itib-batır. İnkişaf etmiş ölkələrə baxsaq, görərik ki, hər birində qəbristanlıqlar çox səliqəlidir. Bütün məzarlarda başdaşları bir-birinə oxşar olur. Azərbaycanda isə qəbirlərin bir-birindən nümayişkəranə şəkildə fərqləndirilməsi qüsurlu bir hal hesab olunmalıdır. Bu, əslində çox utandırıcıdır. Bu baxımdan da, belə bir qərarın verilməsinin tərəfdarıyam”.
Sosioloq deyir ki, belə bir qərarla problemi həll etmək çətin deyil: "Naxçıvanda bununla bağlı işlər görülüb. Bu yaxınlarda mən Naxçıvanda oldum və hətta kənd qəbristanlıqlarında da fərqləndirilməyə son qoyulduğunun şahidi oldum. Orada bütün qəbirlərin üzərindən həmin tikintilər götürülüb. Əhali ilə söhbətdən aydın oldu ki, böyük əksəriyyət bundan çox razıdır. Düzdür, kimlərsə, bir neçə adam belə bir qərara etiraz edə bilər. Həmin insanlar cəmiyyətdə özünü digərlərindən üstün görən və özünü fərqləndirməyi sevən insanlardır. Görünür ki, adminstrativ tədbirlərə ehtiyac var. Aidiyyəti qurumlar bu işdə qətiyyətlilik göstərsələr, belə neqativ halların qarşısı asanlıqla alına bilər. Yenə də qeyd edim ki, Naxçıvan təcrübəsi göz önündədir. Orda da belə bir tələb qoyulub və heç kim o tələbdən kənara çıxmır. Hesab edirəm ki, bu problemi həll etmək heç də çətin məsələ deyil”.
Sonda onu da qeyd edək ki, məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etsək də, iş günü ərzində sualımıza cavab ala bilmədik.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər