• cümə axşamı, 28 mart, 21:21
  • Baku Bakı 13°C

Hamımızın müəllimi

26.06.19 10:00 1805
Hamımızın müəllimi
Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, mətbuat tariximizin qiymətli tədqiqatçısı, nüfuzlu alim Şirməmməd Hüseynov iyunun 24-də 95 yaşında dünyasını dəyişib. Görkəmli alim özündən sonra zəngin bir irs qoyub. Və həm də hər bir ürəkdə xoş xatirə - alicənab insan, əvəzsiz tədqiqatçı, böyük azərbaycanlı kimi. Görkəmli alimin tələbələrindən olmuş Bəxtiyar Qaracanın Şirməmməd Hüseynovun 90 illiyi münasibətilə yazdığı və "Azərbaycan” qəzetinin 2014-cü il, 17 dekabr sayında dərc olunmuş yazısını dəyərli ziyalımızın xatirəsinə ehtiram əlaməti olaraq təkrar çap edirik.
Hamı onu "ustad” adlandırır. Onu "canlı tarix”, "yeriyən əfsanə”, "dövrümüzün Zərdabisi”, "bizim Şirməmməd müəllim” deyə çağıranlar da az deyil. Çünki o, indi də Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Abdulla Şaiq kimi klassik müəllimlərin fəaliyyətini bütün ruhu ilə bir məktəb olaraq yaşatmaqdadır. Bu mənada müasir jurnalistikamızda Şirməmməd Hüseynov məktəbinin mövcudluğunu kimsə inkar edə bilməz. Bu məktəbin müdavimi olmaq da hər jurnalistin gücü çatası bir iş deyil. Çünki bu məktəbin dərs yükü də ağırdır, əməl yükü də!
Riyaziyyatdan jurnalistikaya gələn yolda
O, vaxtilə Şəkidə orta məktəbi qurtarıb, on yeddi yaşında şəhər ikiillik Müəllimlər İnstitutunun Fizika-riyaziyyat fakültəsində təhsil alır. Bir müddət Zaqatalada, Şəkidə bu fənn üzrə müəllim işləyir. Sonradan "Nuxa fəhləsi” qəzeti ilə başlayan əməkdaşlığı, onu jurnalistika aləminə gətirib çıxarır. Amma o vaxtlar qazandığı bu riyazi təfəkkür və riyazi dəqiqlik onun bütün həyatına və tədqiqatlarına güclü təsir göstərdi.

90 illiyini qeyd etdiyimiz Şirməmməd Hüseynovla Şəkidəki evində - Gəncəli məhəlləsində görüşdük. Hər il yay aylarında onu doğma yurda - Şəkiyə çəkib gətirən təkcə bürkülü havalar və isti gecələr deyil. Bəlkə də bir çoxu artıq tarixə qovuşan əqidə, məslək dostları ilə bağlı qəlbində sönməyən isti, əziz xatirələrdir. Hər dəfə böyük azərbaycanlıların - Mirzə Fətəlinin, Rəşid bəy Əfəndiyevin, Bəxtiyar Vahabzadənin neçə vaxtdır ziyarət yerlərinə çevrilən evlərinə baş çəkməklə, Şirməmməd müəllim vaxtı-zamanı bir anlığa da olsa, dayandıra bilir və bir daha böyük ruhların əbədiliyinə və diriliyinə şahidlik edir. Şahidlər varsa, demək yaşayan ruhlar da var. Şirməmməd müəllim o günləri belə xatırlayır: "41-ci ildə müharibə başlandı. Cavan oğlan idim. Rəşid Əfəndiyev də bizim küçədə yaşayırdı. Qoca kişi idi. Çörək növbə ilə satılırdı. Mən onun talonunu götürüb gedib çörəyini alıb verirdim. Həmişə gedib baş çəkirdim ki, görüm nə kömək lazımdı. Çünki bilirdim ki, Rəşid bəy bu millətə xidmət edən bir şəxsdir. Qori Gimnaziyasının müəllimi olmuşdu... Mənim dünya görüşüm burda formalaşıb. Kim idi bizə dərs deyənlər? Cümhuriyyət dövrünün yetirdiyi vətənpərvər, maarifin qədrini bilən müəllimlər, canını bu yolda qoyan insanlar...”

Şirməmməd müəllim böyük azərbaycanlılardan danışmaqdan doymur. Deyir ki, onlar böyük olduqları qədər də hərtərəfli insanlardır. Məsələn, Üzeyir bəy görürdü ki, uşaqlar üçün hesab dərsliyi yoxdur, hesab dərsliyi yazdı. Gördülər ki, rusca-türkcə lüğət yoxdur, Məhəmməd Əminlə birlikdə belə bir lüğət hazırladılar. İndi bəziləri deyir ki, Məhəmməd Əminin ali təhsili yox idi. Deyirəm ki, nə olsun? Mirzə Fətəlinin,Tolstoyun, Üzeyir bəyin, hətta Stalinin, Mao Tsedunun da ali təhsili olmayıb. Amma onların məktəbi tamam başqa idi. Onlar həyat məktəbini keçmişdilər.
"Tarix bir hökmü-ilahidir...”
Şirməmməd müəllim orta məktəbdə oxuyarkən sinif yoldaşları və müəllimləri ilə çəkdirdiyi şəkli göstərib deyir ki, onlardan yalnız mən qalmışam. Elə nəsildə də - qardaş, bacı arasında da qalan təkcə mənəm. Şirməmməd müəllim onu da deyir ki, insan bir qayə, bir məslək, bir məhəbbət və şövqlə yaşayanda, heç bir xəstəlik ona yaxın gəlmir. Deyir ki, bir şairin şeirini oxudum. Yazır ki, nəsil gəlir, nəsil gedir, haradan gəlir, hara gedir, bu məxluqdan bilən varmı niyə gəlir, niyə gedir?.. Hərə gərək bilsin ki, dünyaya niyə gəlib, niyə gedir! Heç kim bu dünyaya könüllü gəlmir, oradan könüllü də getmir... İş görmək lazımdır! Mənə universitetdə elə insanlar dərs deyib ki - Məmməd Arif, Mir Cəlal, Həsən Şirəliyev, Nəsir İmanquliyev, Əli Sultanlı, Cəfər Xəndan, Feyzulla Qasımzadə... Bunlar elə kişilər idi ki, sözün həqiqi mənasında, onlara baxmaq, onlara oxşamaq, onların yolu ilə getmək ən müqəddəs bir iş sayılırdı. Çünki onlar mənfiliklərdən - tanışlıq, rüşvətxorluq, yerlibazlıq kimi xəstəliklərdən kənar idilər. Millətin hər zaman belə insanlara ehtiyacı olub. Bax, mənim də həyatımın, yaşayışımın mənası budur. Çox yaşamaq şərt deyil, çox işləmək şərtdir: nəyi qoyub gedirsən, sənin qoyduğunun bu millətə hansı xeyri var... Yalnız tarix bilir ki, gedəndən sonra kim xatırlanacaq, kim yaddan çıxacaq! Cümhuriyyət dövründə Azərbaycan əhalisi təxminən iki milyon olub. Ancaq Cümhuriyyət ensiklopediyasında cəmi 289 adamın adı var. Deməli, iki milyondan 289 adamın adı tarixə düşüb. Onların içərisində də millətin tanıdığı cəmi 17 adam var. Bizim ilk tariximizi yazan Abbasqulu Ağa Bakıxanov "Gülüstani-İrəm”in birinci cümləsində nə yazsa yaxşıdır: "Tarix bir hökmü-ilahidir.” Tarixin çıxardığı hökmə hələ əl qoyan anadan olmayıb. Tarix hər şeyi yerinə qoyur”.
Belə yerdə düşünürsən ki, o, bu sözləri elə-belə demir. Dostu Famil Mehdinin sözlərilə desək, Şirməmməd müəllim elmdə, siyasətdə havayı güllə atanlardan deyildi. Şirməmməd müəllim deyir ki, A.A.Bakıxanov bizim tariximizi yazdı - "Gülüstani-İrəm”i. M.F.Axundov dramaturgiyamızı yaradıb, ədəbi intibahın, tənqidi təfəkkür tərzinin əsasını qoydu ki, özümüzə baxaq, görək kimdir Hacı Qara, kimdir Dərviş Məstəli şah, kimdir fransız. Zərdabi isə qəzetimizi yaratdı. Bu, siyasi düşüncə, siyasi intibah idi. Daha sonra Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə gəldi və yeni ziyalı nəsli yetişdi. Həm də Azərbaycan sahibkarları formalaşdı: Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Aşurbəyovlar, Murtuza Muxtarov... Həmin sahibkarlar o ziyalıların işini maliyyələşdirdilər. Bütün bunlar dövlət yaratmaq üçün hazırlıqlar idi. Mənə elə gəlir ki, millət üçün ən böyük xidmət onun müstəqil dövlətini yaratmaqdır. Mən ömrümün 50 ilindən çoxunu bu işə həsr etmişəm. Məhəmməd Əminin əsərlərinin 5 cildini buraxmışam, indi isə 6-cı və 7-ci cildini nəşrə hazırlayıram. Fikirləşirəm ki, bundan sonra Nəsib bəy Yusifbəylinin əsərlərini, çıxışlarını yığıb çap etdirim. İnanın ki, onun elə əsərləri var ki, bizə hava-su kimi lazımdır. Ş.Hüseynovun yorulmaz fəaliyyətini AMEA-nın müxbir üzvü, professor, millət vəkili Rafael Hüseynov belə dəyərləndirir: "Üzeyir bəyin və Məhəmməd Əmin Rəsulzadənin məqalələrini transliterasiya edərək həm qəzetlərdə, həm də ayrıca kitablar halında nəşr etdirən Şirməmməd Hüseynov kimi vicdanlı araşdırmaçının işini hazırda bir başqasının belə şövq, səriştə və peşəkarlıqla icra edə biləcəyini ağla gətirə bilmirəm”.

Vaxtın qiymətini bilən adam
Tarixən belə insanların dostları çox olmur. Şirməmməd müəllimin prinsiplərinə, tələblərinə, həyat və düşüncə tərzinə uyğunlaşmaq, doğrudan da hər adamın. hər kişinin işi deyil! Həyat yoldaşı Ülkər xanım deyir ki. kənardan hamıya olduqca tələbkar və sərt insan təsiri bağışlayan Şirməmməd müəllim evdə, ailədə bir o qədər yumşaq və ədalətlidir: "O, mənim müəllimim olub, mənə dərs deyib. 50 ildən çoxdur ki, indi hər gün mən ona imtahan verirəm”. Dostlarından professor Nurəddin Rzayev isə yazırdı: "Əgər məndən xəbər alsaydılar ki, son əsrin ən yüksək bəşəri və milli şüurlu, vicdanlı Azərbaycan jurnalisti kimdir, bir an belə düşünmədən Şirməmməd müəllimin adını çəkərdim”. Bu nüfuzu, bu hörməti Şirməmməd müəllim illərdir ki, zərrə-zərrə toplayır və onu itirməkdən böyük qorxusu yoxdur. Müasir jurnalistikanın dünya şöhrətli nəzəriyyəçilərindən olan professor Zasurskinin xatirələrində maraqlı bir məqam diqqəti cəlb etməkdədir. O, Moskvadakı aspirantura illərini, gənclik dövrünü yada salarkən deyir ki, "Şirməmməd hələ aspirant illərindən Azərbaycanın böyük patriotudur. O, elmi işində də, həyat qaydalarında da, dünyaya baxışında da həmişə azərbaycanlıdır. Biz araq içməyə gedəndə, başqa əyləncələrə sərf etdiyimiz vaxtda Şirməmməd yataqxanada daha bir kitabı oxuyub başa çatdırırdı”.

Şirməmməd müəllim deyir ki. Üzeyir bəy çox nəhəngdir. O yazır ki, gərək hər bir vətəndaş bilə ki, bu Vətən də bizimdir, bu millət də bizimdir, bu dövlət də bizimdir. Üzeyir bəy jurnalistlərin nə ilə məşğul olmağını da göstərir: "Vətən abadlığı, millət səlamətliyi, camaat tərəqqisi, dövlət intizamı, bir də istiqlaliyyət. Kim bu prinsiplərə əməl edərsə, bizim qəzetin səhifəsi bir ananın öz doğma övladına açdığı qucağı kimi ona açıqdır”. Şirməmməd müəllim, Üzeyir bəydən söhbət düşmüşkən bir faktı da vurğulayır: "Mən qızlarımı musiqiyə vermişəm. Niyə? Baxdım ki, Üzeyir bəyin yaratdığı Dövlət Konservatoriyasında musiqişünasların əksəriyyəti ya ruslaşmış azərbaycanlılardır, ya yəhudilər, ya da ermənilərdir. Bizim milli kadrlarımız, musiqişünaslarımız isə azdır. İndi bir qızım sənətşünaslıq doktoru, professor, Mədəniyyət və İncəsənət Universitetinin rektorudur. O biri qızım Bəstəkarlar İttifaqının katibidir. Dədələri kimi namusla, qeyrətlə və düz işləyən insanlardır. Ailəndə gərək sənin əqidəni bölüşən insanlar ola. Mənim nəvələrim də elədi. Gərək birinci ailəndə təmizlik yaradasan və sonra da onu digərlərinə təlqin edəsən. Hərə öz ailəsində yaxşı vətəndaş yetişdirsə, bu millətin işi düzələr”.

Vaxtın qiymətini onun kimi bilən az olar. Xüsusilə, yollarda itən vaxtı Şirməmməd müəllim nə özünə bağışlaya bilir, nə başqalarına. "Səksən-doxsan, bir gün yoxsan” - deyir Şirməmməd müəllim. Hətta bir dəfə sürücünün hər addımbaşı avtobusu saxladığını görən Şirməmməd müəllim ona 2 manat verib: "Saxlama, sür”- deyib. O vaxtdan universitetə maşınla gedib gəlir. Bir qaçqının maşınında. İndi bundan hər ikisi razıdır. O deyir yolda itən vaxtıma heyfim gəlir. Bir də insanları bir-birinə qarşı qoyan münasibətlər onun yaralı yeridir.
Balığı və Xaliqi unutmamaq
Doğmaları deyir ki, bu yaxınlarda Lənkəranda idik. Orada vaxtilə Şəkinin birinci katibi vəzifəsində çalışan Hadi Rəcəbli ilə rastlaşdıq. Hadi müəllim dedi ki, o vaxtlar mənim yanıma gələnlərin hərəsi bir şey xahiş edərdi. Bir Şirməmməd müəllimdən başqa. Onun xahişi ancaq Mirzə Fətəli kimi bu yurdun yetirdiyi insanların evi, irsi ilə bağlı olardı. Şirməmməd müəllim deyir ki, bir dəfə Şəkiyə gələrkən Mirzə Fətəlinin evinin damdığını eşitdim. Getdim mədəniyyət şöbəsinin müdirinin evinə, şəhər sovetinin, rayon sovetinin, birinci katibin evinə, hamısından bir-bir soruşdum ki, eviniz damır, ya yox? Hamısının qapısını açanlar bir ağızdan bildirdi ki, dammır. Sonra getdim birinci katibin kabinetinə, dedim ki, sizin hamınızın evində olub, maraqlanmışam, sizin evlərdə dammır. Bəs niyə Mirzə Fətəlinin evində damır? Sağ olsunlar, dərhal yığışdılar, səhər onun ev muzeyinin qarşısında bir aləm adam vardı...

Şirməmməd müəllim deyir ki, Bəxtiyar dostum idi. Mən onunla yüz yerə getmişəm, yüz yerdə çörək yemişik. Bir dəfə də olsun heç birimizi əlimizi cibimizə salmağa qoymayıb. Deyib siz maaşla dolanırsınız, mən isə qonorar alıram, pulu mən verəcəyəm. O, belə, şəxsiyyət idi. Bir dəfə Bəxtiyargildə oturmuşduq. Gecə saat 11 idi. Qapı döyüldü, üstü-başı dağınıq bir nəfər içəri girdi və dedi ki, mən Kazan tatarıyam, türmədən çıxmışam. İndi Kazana getməliyəm, pulum da yox, qalmağa yerim də. Bəxtiyar onu göndərdi hamama, mehmanxanada yer aldı, əynin-başın təzələtdirdi və sabahı pul da verib yola saldı. Aradan 6 ay keçəndən sonra həmin adam oğlu ilə birlikdə hədiyyə ilə gəldi Bakıya... Ona görə deyiblər ki, yaxşılıq elə, balığı at dəryaya, balıq bilməsə də, Xaliq bilər.

P.S. Bu da "Ömrü boyu vətəninə, millətinə, doğma ana dilinə səcdə qılan, onların taleyini öz taleyi bilən və bu əqidəsi yolunda qələmi ilə çarpışan əsl vətəndaş jurnalist, tarix alimi” haqda deyilənlərə son. Ancaq bu elə sondur ki, Şirməmməd müəllim barədə bundan sonra deyilən hər sözə, görüləcək hər işə başlanğıc da ola bilər. Bu mənada əlli illik əqidə, məslək dostu Bəxtiyar Vahabzadənin Şirməmməd müəllimin kitabına ön söz kimi yazdığı olduqca maraqlı, maraqlı olduğu qədər də ibrətamiz sözlər həm də bu yazıya son söz ola bilər: "Şirməmməd Hüseynovu yaxından tanıyanlar çox yaxşı bilir ki, onu ömrü boyu tutduğu yoldan və tapındığı əqidədən qoparmaq, heç olmasa bir balaca laxlatmaq belə mümkün deyil. O, inandığına inanır, nifrət etdiyinə sona qədər nifrət edir, sevdiyini isə tərəddüdsüz sevir. Bir sözlə, qələmindən çıxan bütün yazılarının arxasından onun sınmaz, dönməz, əyilməz şəxsiyyəti boylanır. Bu isə qələm əhli üçün çox vacib şərtdir. O, ətrafımızda cərəyan edən irili-xırdalı bütün hadisələrə yalnız öz gözləri ilə baxır, öz ağlı ilə də qiymətləndirir. Onun öz yaxınlarına, qohum-qardaşına, dostlarına və hətta övladlarına olan münasibəti də eyni güzəştsiz prinsip və eyni baxış əsasında qurulmuşdur”.

Bir də əziz qardaşım, məndən "Şirməmməd kimdir?” - deyə soruşsalar, iki misra ilə belə cavab verərdim:

Şirməmməd-əxlaqın, haqqın öz səsi,
Ləyaqət, dəyanət mücəssəməsi!
Bəxtiyar QARACA

banner

Oxşar Xəbərlər