Hamiləlik zamanı venoz problemlər və onların həlli

Hamiləlik zamanı venoz problemlər və onların həlli

Təfsilat
09 Noyabr 2019, 09:15 417
Hamiləlik qadın orqanizmində dərin dəyişikliklərlə müşahidə olunur. Hamiləlik zamanı ilk əlamətlərindən biri çanaq və aşağı ətraf venalarında ağırlıq yükünün artmasıdır. Buna görə də bir çox hamilələrdə venaların varikoz genişlənməsi baş verir, hansi ki, bəzən doğuşdan sonra keçib gedə bilir.
Hamiləlik zamanı varikoz xəstəliyinin səbəbləri:
-Mexaniki faktor. Böyümüş uşaqlıq qanın mikrosirkulyasiyası üçün maneə yaradır, belə ki, aşağı boş venaya təzyiq edərək onurğa sütununa və əzələ tərəfə sıxır.
-Sirkulyator faktor. Qanın həcminin və ürəkdən qan axınının artması damarların, xüsusilə də venaların genişlənməsinə səbəb olur.
-Hormonal faktor. Progesteron saya əzələlərə təsir göstərərək venoz divarların tonusunun azalmasına gətirib çıxardır.
-Hemostatik faktor. Hemostazda baş verən dəyişikliklər laxtalanmanın artmasına səbəb olur.
-Digər faktorlar. Yuxarıda qeyd olunan hamiləliklə bağlı olan faktorlardan əlavə ailə anamnezində olan meyillilik, azhərəkətli həyat tərzi, iş zamanı hərəkətsizlik, qısa müddətli fasilələrlə hamiləliklər də təkanverici faktorlar hesab edilir.
Hamiləlik zamanı varikoz xəstəliyinin əlamətləri praktiki olaraq hamilə olmayanlarda olduğu kimidir: dərialtı venaların genişlənməsi, ulduzcuqların yaranması, ayaqlarda ağırlıq hissi, şişkinlik, qıcolmalar, ağrı, ayaq dərisində göynəmə, genişlənmiş venaların piqmentasiyası. İlk mərhələdə qadınları daha çox kosmetik defekt narahat edir. Gecikmiş mərhələlərdə isə ağrı və qıcolmalar müşahidə olunur. Əgər qadın hamiləlik zamanı venalarda ağrıdan şikayət edirsə, həkim fleboloqa müraciət etməlidir.
Hamiləlik zamanı varikoz xəstəliyinin profilaktikası. Hamilə qadınlar risk faktorlarından və venoz görüntülərindən asılı olmayaraq həmişə həyat tərzini korreksiya etməlidir: ayaqüstə hərəkətsiz vəziyyətlərdən qaçınmalı, isti və günəş vannalarının qəbulundan uzaq durmalı, yüngül gəzinti, kontrast duş, istirahət zamanı ayaqları yuxarı qaldırmaq kimi adaptasiyaedici məşqlər etməli və venotonik tərkibli yerli krem və gellərdən istifadə etməlidir.